Qarabağ və Respublika Uğrunda Hərəkat liderləri bir araya gəliblər

img

13-08-2009 [06:25]


Bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların liderləri Ümid Partiyasının qərargahında bir araya gəliblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda Qarabağ məsələsi, Hökməli qəsəbəsinin sakinlərinin evlərinin zorakılıqla sökülməsi və qanunvericilik təşəbbüsü ilə hərəkatın işçi qrupunun yaradılması məsələləri müzakirə edilib. Qarabağ məsələsi ilə bağlı hərəkat əvvəlki mövqeyində qaldığını bir daha bəyan edib. Hərəkatın bəyanatında deyilir: ?Bu münaqişənin sülh yolu ilə tənzimlənməsini bizlər də arzulayırıq və bu istiqamətdə yardımımızı əsirgəmirik. Lakin heç bir halda torpaqları işğal altında olan bir dövlət kimi heç bir sazişdə işğal olunmuş ərazilərin yalnız sülh yolu ilə azad olunacağı öhdəliyini üzərimizə götürməməliyik. Bu, beynəlxalq hüquqa ziddir, Azərbaycana münasibətdə ədalətsizlikdir. O cümlədən hesab edirik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda heç bir halda, heç bir vaxt referendum keçirilməsi müzakirə predmeti ola bilməz və bu, danışıqlar masasında Azərbaycan tərəfinə şərt kimi irəli sürülə bilməz, Azərbaycan hökuməti birmənalı şəkildə əsas prinsiplərin içərisində Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən olunmasını qəti şəkildə rədd etməli, Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşların təhlükəsizliyinə təminat verməli və Dağlıq Qarabağın özünüidarə statusunu Azərbaycanın Konstitusiyası ilə müəyyən etməlidir. Bəyan edirik ki, heç bir hakimiyyət nümayəndəsi milli maraqlarımıza zidd olan hər hansı təklifə xalqdan gizli razılıq verə bilməz?. Bəyanatda Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı baş verən hadisələr və aparılan danışıqlar barədə ictimaiyyətə, vətəndaş cəmiyyətlərinə, siyasi partiyalara ətraflı məlumat verilməsini mövcud iqtidardan tələb edir. Hərəkat Bakının Hökməli qəsəbəsində sakinlərin evlərinin zorakılıqla sökülməsinə etirazını bildirib. Qeyd edilib ki, hansısa dövlət məmurunun və ya bələdiyyə rəhbərliyinin qanunsuz fəaliyyətinin nəticəsi olaraq insanların min-bir əziyyətlə tikdikləri evlərinin sökülməsi yolverilməzdir. Hökməli qəsəbəsində yaşayan insanların haqları tanınmalı, onlara əmlaklarının qanuniləşdirilməsi üçün lazımi dövlət dəstəyi göstərilməlidir. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Müsavat, AXCP, ALP, Ümid, VİP, ADP təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA