ADP hakimiyyətdən Qarabağ danızıqları ilə bağlı qəti mövqe sərgiləməyi tələb edir

img

10-08-2009 [01:58]


Azərbaycan Demokrat Partiyası ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayzanın Yerevanda verdiyi son bəyanatla bağlı bəyanat qəbul edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP-nin mətbuat xidmətindən daxil olub. Bəyanatda qeyd olunur ki, ADP Minsk Qrupunun ABŞ-dan olan həmsədri M.Brayzanın Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həllinə dair Yerevanda verdiyi son bəyanatı qətiyyətlə pisləyib və bunu vasitəçilik missiyası ilə uzlaşmayan, ədalətsiz və beynəlxalq hüquqa zidd mövqe kimi qiymətləndirib: ?Belə ki, M.Brayza bu bəyanatında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın ətrafında yerləşən beş rayonun, daha sonra isə Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müqabilində, faktiki olaraq Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi planından söz açıb?. ADP hesab edir ki, münaqişənin həlli dedikdə Azərbaycanın bütün işğal olunmuş ərazilərinin, xüsusilə də Dağlıq Qarabağın işğaldan tam azad edilməsi, həmin ərazilərdə Azərbaycanın suverenliyinin tam bərpası nəzərdə tutulmalıdır. Yalnız bu şərt çərçivəsində Azərbaycan beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş qaydada Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı status vermək öhdəliyini üzərinə götürə bilər. ADP bildirir ki, M.Brayza dəfələrlə münaqişənin həlli ilə bağlı verdiyi bəyanatları sonradan təkzib etmək məcburiyyətində qalıb ki, bu da onun diplomat kimi uğursuz fəaliyyətini sübut edib və onun nüfuzunu hec endirib. Bununla yanaşı ABŞ adminstrasiyası son zamanlar Azərbaycanla bağlı siyasətində M.Brayzanın timsalında kobud səhvlərə yol verməyə başlayıb və Azərbaycan ictimaiyyəti bundan çox ciddi şəkildə narahatdır. ADP bir daha bildirir ki, Azərbaycan xalqı özünün maraqlarına zidd olan heç bir siyasəti qəbul etməyəcək və işğal olunmuş ərazilərinin bir hissəsinin faktiki olaraq başqa bir dövlətə verilməsinə və ya ərazisində yeni dövlətin yaradılmasına heç vaxt razı ola bilməz. ADP eyni zamanda Azərbaycan hökumətini M.Brayzanın bəyanatına dərhal reaksiya verməyə, ABŞ adminstrasiyasından onun bəyanatı ilə əlaqədar rəsmi izahat tələb etməyə və danışıqların hazırda hansı prinsiplər çərçivəsində aparıldığı haqda xalqa ətraflı məlumat verməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA