09-08-2009 [05:50]
[b]"Çünki hakimiyyətin bu millətə münasibəti birmənalıdır, xalqın da bunlara dərin nifrətinin olması təbiidir" [/b]
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, vitse-spiker Bahar Muradovanın Milli Məclisin payız sessiyasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirənin aparılmayacağını, bu məcəllə ilə də normal seçki keçirməyin mümkünlüyü barədə fikirləri narazılıq yaradıb. Belə ki, müxalifət, bu Seçki Məcəlləsi ilə demokratik seçki keçirməyin mümkün olmadığını və qanunvericilikdə dəyişikliklər etməyin vacibliyində israrlıdır. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli isə B.Muradovanın fikirləri ilə razılaşmır:
- Biz dəfələrlə seçki prosesi ilə bağlı təkliflərimizi vermişik. Azərbaycanda seçki məsələsinə iki aspektdən yanaşmaq olar. Birincisi, qanunvericilik bazası seçkinin demokratik keçirilməsinə imkan vermir. Bizimlə eyni vəziyyətdə olan ölkələrin əksəriyyətində parlament bir qayda olaraq, proporsional seçki sisteminə görə formalaşır. Bəzi ölkələrdə isə qarışıq tipli seçki sistemidir. Ona görə də mən hesab edirəm ki, cidi islahatlara ehtiyac var. Digər tərəfdən, Azərbaycanda normal demokratik seçki keçirmək mümkünsüzdür. Çünki ən azı seçki komissiyaları hakimiyyətin monopoliyası altındadır. Artıq Azərbaycan xalqı seçkinin demokratik keçirilməsinə inamını itirib. Bu rejim demokratik seçki keçirmək üçün ortaya iradə ortaya qoymur. Çünki demokratik seçkidə bu hakimiyyət heç zaman qalib gələ bilməz. İstər parlament, istər bələdiyyə, istərsə də prezident seçkilərində hakimiyyətin qələbə şansı yoxdur.
[b]- Hakimiyyət demokratik seçki keçirmək istəmir, komissiyaların tərkibini dəyişmir. Bəs, müxalifət bunların həyata keçməsi üçün hansı addımları atmalıdır? [/b]
- Təbii ki, müxalifət müəyyən addımlar atmalıdır. Onu da deyim ki, biz bu istiqamətində kifayət qədər fəaliyyət göstərmişik. Əgər xatırlayırsınızsa, "AQO" Qrupu dəfələrlə bizim təklifləri əsas götürərək, seçki qanunvericiliyinin dəyişməsi və ölkədə demokratik seçkilərin keçirilməsi ilə bağlı təzyiqlər edib. Avropa Birliyi də, Avropa Şurası da, başqa beynəlxalq təşkilatlar da bu təyziqləri edir. Bəli, bu bunu məcbur etməliyik, çünki bu reallıqla barışmaq mümkün deyil. Biz hesab edirik ki, Azərbaycanla beynəlxalq münasibətlər tamamiylə başqa səpkidə qurulmalıdır. Azərbaycan hakimiyyətinin Avropa düşüncə tərzi olmadığına görə, bunlardan Avropanın bu gün mövcud olan standartları səviyyəsində nəsə gözləmək düzgün deyil.
[b]- Seçki Məcəlləsi dəyişməyəcəyi təqdirdə qarşıdan gələn bələdiyyə seçkilərindən nə gözləyirsiniz? [/b]
- Bələdiyyə seçkisi çox spesifikdir. Çünki bu, yüz minlərlə insanın seçilmək hüququ ilə bağlı məsələdir. Ona görə də qanunvericiliyin necə olmasından asılı olmayaraq, mütləq bələdiyyə seçkilərində iştirak etmək lazımdır. Burada çox adamın marağı olur və siyasi fəallıq artır. Digər tərəfdən, bələdiyyə seçkisi siyasiləşmə prosesinə ciddi təkan verir. Yəni burada tayfa maraqları qismən siyasi maraqlarla əvəzlənir. Ona görə də hesab edirəm ki, qanunun necə olmasından asılı olmayaraq, biz bələdiyyə seçkisində iştirak etməliyik.
[b]- Sadaladığınız prinsipləri parlament və bələdiyyə seçkilərinə şamil etmək olmazmı? [/b]
- Təbii ki, bu seçkilər arasında paralel aparmaq olar. Bələdiyyə seçkilərində yüz minlərlə insanın seçilməyindən söhbət gedir, amma parlament seçkisində maksimum yüzlərlə adamın seçilmək iddiası ortada olur. Yəni siyasi maraq baxımından bunlar tamamiylə fərqli situasiyalardır.
[b]- Nurəddin bəy, son dövrlər gənclərə qarşı təzyiqlər, onların həbsi intensivləşib. Bu prosesi necə dəyərləndirirsiniz? [/b]
- Sözün həqiqi mənasında bu gün hakimiyyət təşviş içərisindədir. Çünki hakimiyyətin bu millətə münasibəti birmənalıdır, xalqın da bunlara dərin nifrətinin olması təbiidir. Belə bir şəraitdə bunlar özlərinə yönəlmiş istənilən prosesə qarşı çox amansız davranış nümayiş etdirirlər. Etiraf etmək lazımdır ki, əvvəllər belə demək mümkündürsə, müxalifət ruhlu adamlarla mübarizənin bir metodu var idi. İnsanlara qarşı zorakılıq edirdilər, həbsə atırdılar. Amma bu gün kompüterin arxasında oturmaqla bu rejimə qarşı çox ciddi mübarizə aparmaq mümkündür. Bu gün bir ideya ortaya çıxır, hansısa bir portal yaradırlar, cəmi 10-15 gündən sonra bu ideyanın ətrafında on minlərlə gənc toplaşır. Sonra da hakimiyyətə meydan oxuyurlar. Bu, kütləvi aksiyadan daha qorxulu, daha populyar və daha geniş spektrin mübarizə formasıdır. Ona görə də fəal gənclərin həbs olunması, əsgərlik bəhanələri və s. metodlara əl atırlar. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti çox ciddi problemlərlə üz-üzədir. Bu proseslərin davamı Azərbaycanın demokratikləşməsinə səbəb olacaq.
[b]- Məsələ ondadır ki, son dövrlər hakimiyyətin təzyiqi mətbuat nümayəndələrinə və gənclərə yönəlib. Müxalifət partiyalarının nümayəndələri sanki hakimiyyətin maraq dairəsindən kənarda qalıb, onları təhlükə kimi qəbul etmir. Bunu nə ilə əlaqələndirirsiniz? [/b]
- Sizin fikirlərinizlə qismən razılaşmaq mümkündür. Amma bu fikirləri Xalq Cəbhəsi Partiyasına aid etmək olmaz. Parlament seçkisindən bu yana faktik olaraq, təzyiq altında olan yeganə siyasi güc Xalq Cəbhəsi Partiyasıdır. Bizim buraxılmış və buraxılmamış 16 siyasi məhbusumuz var. Digər siyasi partiyalardan heç kim həbs olunmayıb, mülkiyyəti əlindən alınmayıb. Əgər 16 siyasi məhbusumuzu, partiyanın qərargahdan çıxarılmasını, Əli Kərimliyə pasport verilməməsini nəzərə alsanız, etiraf eləməliyəm ki, dediyiniz məsələni AXCP-yə aid etmək olmaz. Amma bütövlükdə götürdükdə qəbul etmək olar.
[b]- Sizcə, hakimiyyət AXCP-yə qarşı nəyə görə bu qədər aqressiya nümayiş etdirir? [/b]
- Bu sualın cavabı özündədir. Cəbhənin daha böyük potensiala malik olması, bu hakimiyyətə problem yaratması və partiya liderlərinin dönməzliyi, daha ciddi mübarizə aparmasıdır. Bunu başqa cür izah etmək mümkün deyil.
[b]- Müsavat, ADP, ALP zəif mübarizə aparır ki, hakimiyyət onlara qarşı təzyiq göstərmir? [/b]
- Mən ad çəkmədən demək istəyirəm ki, bu hakimiyyət özünə daha ciddi rəqib hesab etdiyi daha barışmaz, prinsipial mövqe nümayiş etdirənlərə qarşı amansızdır. Dünən Cəbhə daha təhlükəli rəqib kimi görünürdü, bu gün isə etiraf olunmalıdır ki, hədəfə həm də gənclər götürülüb. Hakimiyyət isə şübhəsiz ki, fəal olanları cəzalandırmağa çalışır.
[b]- Gəlin obyektiv danışaq, bu gün AXCP hakimiyyətə qarşı hansı ardıcıl mübarizə aparır? Partiyanın qərargahı yox, funksionerlər bir araya gəlmir, liderin fəaliyyəti görünmür. Nə etmisiniz ki, hakimiyyət Sizə təzyiq göstərsin? [/b]
- Bizim çəkdiyimiz əzab və işgəncələr əvvəlki mübarizə ilə bağlıdır. Əgər xatırlayırsınızsa, ilyarım, iki il bundan qabaq daim piketlər keçirirdik. Eyni zamanda bizim intellektual müstəvidə apardığımız mübarizə daha radikal görünürdü. Ona görə də bu gün həmin mübarizənin əzablarını yaşayırıq. İndi kütləvi aksiya keçirməyə icazə verilmir, hətta hakimiyyətin özünə sərf edənlərin də mitinqinə imkan yaratmırlar. Çünki kütləvi aksiya deyəndə bunlarda qorxu yaranır. Bu gün bizə insanlarla görüşə icazə vermirlərsə, təbilağıtımızın qarşısını almağa çalışırlarsa, nə edə bilərik? Şəxsən mən bir neçə dəfə bölgələrdə olmuşam, dəfələrlə mənim yerlərdə görüş keçirməyimə imkan verilməyib. Ancaq bu o demək deyil ki, biz mübarizədən yayınmışıq. Düzdür, bu gün mübarizə aparmağa imkan vermirlər, amma cəbhəçilər yerindədir, normal şəraitin yaranacağı halda yenidən mütəşəkkil təşkilat kimi fəaliyyət göstərəcək.
Bir məsələni qeyd etmək lazımdır. Bir neçə il bundan əvvəl 100-150 min müxalifətçi kontingenti var idisə, bu gün bu rəqəm 10-15 minə enib. Əvəzində bütöv Azərbaycan xalqı müxalifət ruhuna köklənib.
[b]- Dediyiniz o müxalifət ruhu ortada deyil... [/b]
- Hakimiyyəti qorxudan odur ki, iqtidarda oturub milyonlarla rüşvət alan da bu rejimə müxalifətdir. Həm Azərbaycan xalqı, həm beynəlxalq təşkilatlar, həm də hakimiyyətin özü bunun fərqində olmalıdır. Bu gün hər hansı stimul yaransa, milyonlarla insanın bu rejimdən təngə gəldiyinin nəticəsi olaraq kütləvi aksiyalara qoşulacağına şübhə etmirəm. Ona görə də hakimiyyət qorxur, demokratiyanı bacardığı qədər məhdudlaşdırmağa çalışır, beynəlxalq təşkilatların tövsiyyələrini qulaqardına vurur. Hakimiyyət faktiki olaraq, bütün dünya ilə vuruşur ki, onu gözləyən təhlükələrdən özünü qorusun. Amma bu hakimiyyətin resursları tükənib. Həmin o sizin gözlədiyiniz narazılığın da meydana çıxacağına şübhə yoxdur.
[b]Zaur ƏHMƏD [/b]