02-08-2009 [06:15]
[b]"Vaqif Mahmudov Mozambikdən, ya hardan gəlib, mən bilmirəm, amma o, özbaşına müavin çıxarıb, yenisini təyin edə bilməz" [/b]
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) daxilindəki gərginliklər hələ də davam edir. Akif Şahbazovun sədr postundan gedəcəyi təqdirdə intriqaların səngiyəcəyi gözlənilsə də, əksinə, ACP-də daxili qarşıdurma daha da artıb. Hazırda qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı partiya daxilində vahid mövqe yoxdur. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən, ACP-də hər zaman kəskin müxalif mövqedə dayanan Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva yenə də sərt danışdı.
[b]- Zəminə xanım, bir müddət əvvəl ACP-nin seçkidə iştirak etmək üçün heç bir resursunun olmadığını deyirdiniz. Amma hazırda partiyanın seçkidə iştirak edəcəyi bildirilir...[/b]
- Bəli, mən demişdim ki, ACP elə vəziyyətdədir ki, onun seçkidə iştirak etmək imkanı yoxdur. Eyni zamanda ACP-nin nəinki seçkiyə getməyə imkanı, heç belə bir şansı da yoxdur. Ancaq ondan sonra İdarə Heyəti qərar qəbul etdi ki, guya ACP seçkidə iştirak edəcək. Partiyanın sədr müavini Nizami bəy də demişdi ki, ACP-nin vəziyyəti seçkilərdə iştirak etməyə imkan vermir. Yəni sözümün canı ondadır ki, qərar verən də, təkzib edən də onlardır. Açığı, onlardan kim nə deyir, məni maraqlandırmır. Sadəcə olaraq, gözləyirəm ki, ACP-nin Ali Məclisi nə vaxt çağırılacaq və bu boş-boş sözlərə son qoulacaq.
[b]- Hazırkı sədr əvəzi Vaqif Mahmudov isə deyir ki, partiyanın kifayət qədər gücü var...[/b]
- Bilirsiniz, Zəminə Dünyamalıyeva belə deyir, Vaqif Mahmudov isə başqa cür danışır. Zaman göstərəcək ki, kim ağlına gələni danışır, kim siyasi proqnozla danışır. Əgər Vaqif Mahmudovun partiyanın durumu ilə bağlı düşüncəsi odursa, ona mən nə dey bilərəm? İndi görək, nəticədə onun dediyi isbat olunacaqmı? Yəni partiya doğrudan da o gücü göstərəcəkmi? İnsan gərək, söz deyəndə bir az fikirləşsin. Sözü deməzdən qabaq onun ağasısan, ancaq dedinsə, o sözün qulu olursan. Özü də elə çox vaxt qalmayıb, görək nə olacaq. Siz də, mən də prosesləri müşahidə edib, hər şeyi görəcəyik.
[b]- Akif Şahbazovun və digərlərin rəhbərlikdən gedəcəyi təqdirdə partiyanın durumunda dəyişiklik olacağını deyirdiniz. Hansısa dəyişiklik hiss edirsinizmi? [/b]
- Əzizim, nə dəyişib ki? Akif Şahbazovun istefa verməsi partiyada vəziyyətin dəyişilməsi demək deyil. Bəli, ACP-nin fəaliyyətsiz vəziyyətə gətirib çıxaran, Akif Şahbazov və o komanda olub. Akif Şahbazovun getməsi nəyi dəyişdirdi ki?
[b]- Niyə ki, müavinlər dəyişdi? [/b]
- Bunu Ali Məclis toplanmamış, qərar verməmiş, kim dəyişə bilər ki?
[b]- Vaqif Mahmudov sədr səlahiyyətlərinin icrasına başlayan kimi müavinləri çıxardı, yeni müavin təyin etdi... [/b]
- [i](Gülür)[/i] Vaqif Mahmudov Mozambikdən, ya hardan gəlib, mən bilmirəm, amma o, özbaşına müavin çıxarıb, yenisini təyin edə bilməz. Partiyanın Nizamnaməsi, Məramnaməsi olur. Akif Şahbazov da həmişə guya onun nöqtəsi, vergülü ilə işləyirdi. İndi onun kadrları da necə gəldi işləyirlər. Müavini dəyişmək üçün ən azından 4-5 stul olmalıdır ki, oturub müzakirə aparıb, kimisə çıxarıb, kimisə təyin edəsən. Bunların heç oturmağa yerləri yoxdur. Bunlar iclası harda keçirdilər ki, kimisə də vəzifədən çıxardırlar? Hər kəs oturub evində bir bəyanat verir... Yəni bütün bunların hamısı dedi-qodudan başqa bir şey deyil. Mənim üçün önəmli olanı odur ki, Ali Məclis çağırılsın, səlahiyyətini bilən, bilməyən, səlahiyyətini aşanlar, bütün bunlara son qoyulsun. O partiya haqqında ayrı heç nə eşitmək istəmirəm. Bilmirsən, rəhbər kimdir, müavin kim. Hər yerindən duran öz bildiyi kimi hərəkət edir.
[b]- Hazırda ACP-nin rəhbəri kimdir? [/b]
- ACP-nin rəhbəri yoxdur. Bu dəqiqə rəhbərlik bir nəfərə həvalə olunub. O da Vaqif Mahmudovdu, kimdi... Yəni hazırda ACP-nin sədri olmadığı, Ali Məclis də heç kimi sədrliyə təsdiq etmədiyi üçün, partiyanın sədri yoxdur.
[b]- Ancaq Vaqif Mahmudov özünü sədr kimi təqdim edir... [/b]
- Onun olanı nədir, özünü də elə aparır.
[b]- Bəs, onun sədrliyi Ali Məclis tərəfindən təsdiqlənərsə, necə olacaq? [/b]
- Bu cür məsələlər məni düşündürmür. Partiya haqqında məni düşündürən odur ki, Ali Məclis çağırılsın və dedi-qoduya, partiyanın fəaliyyətsizliyinə yekun qərar verilsin. Sədrliyə gəldikdə isə, siz də deyəsən, heç nədən siyasətçi düzəltmək istəyirsiniz.
[b]- Biz heç kimdən siyasətçi düzəltmək istəmirik... [/b]
- Mən də onu deyirəm ki, bu adamları zorla siyasətçi eləmək olmaz. Siyasət adamın qanında olmalıdır. Ümumiyyətlə, bundan sonra ACP-dən partiya olmaz. Düşünürəm ki, Ali Məclis partiyanın fəaliyyətinə xitam verəcək. Çünki bu cür davam etmək olmaz.
[b]- Rəsul Quliyev isə belə düşünmür... [/b]
- Bəs necə düşünür?
[b]- Müsahibəsində bildirmişdi ki, "fəaliyyət göstərmək lazımdır. Sədrliyə namizədi də özünüz müəyyənləşdirin, mənim namizədim yoxdur"... [/b]
- Rəsul Quliyev deyirsə ki, mənim sədrliyə namizədim yoxdur, bu, partiyanın olmaması deməkdir. Əgər partiyanın Nizamnaməsinə görə sədrin namizədliyini lider irəli sürməlidirsə, o da deyirsə ki, mənim namizədim yoxdur, görünür, Rəsul Quliyev də ACP-nin perspektivini görmür. Məncə, hər kəs vəziyyətin necə olduğunu yaxşı bilir, Ali Məclisdə də bütün bu söz-söhbətlərə son qoyulacaq.
[b]- Zəminə xanım, Ali Məclisdə partiyanın fəaliyyətinə xitam verilməsə, hansı addımı atacaqsınız? [/b]
- Xahiş edirəm, zamanı qabaqlamayaq. Onda Zəminə Dünyamalıyevanın nə edəcəyini görəcəksiniz. Mənim adım olduğu yerdə olmalıyam, nə lazımdırsa, mövqeyimi bildirməliyəm. Bir partiyanın ki, yarandığı gündən bu günə kimi qeydiyyat məsələsi həll olunmayıbsa, qərargahı, maliyyə dəstəyi yoxdursa, deməli, həmin partiya yox kimi bir şeydir. Vaqif Mahmudov isə ortaya dünən çıxıb, hələ əlinə səlahiyyət keçməyib, amma ağlına gələn "nağılı" danışır. Belə bir qurumda nə etmək olar?
Mən obyektiv adamam, özü də xəyallarla yaşamıram. Mövqeyim də odur ki, bu şəkildə fəaliyyət göstərmək olmaz.
[b]- Maliyyə, qərargah problemlərini də əsas gətirirsiniz, bunları lider həll etməməlidirmi?[/b]
- Lider qərargah alıb vermişdi də, bunlar gedib oturmadılar. İndi buna Rəsul müəllim nə etsin? Məgər lider bunların hər birinin əvəzinə işləməlidir? Onda bunlar nəyə lazımdır? Bir sözlə, bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Yəqin ki, Ali Məclisin iclasında hər şeyə qiymət veriləcək.