ADP tikintidə baz verən faciələrlə bağlı aidiyyatı qurumların cəzalandırılmasını istəyir

img

27-07-2009 [05:03]


Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncaqda ötən həftə ərzində ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr müzakirə predmeti olub. Gündəlikdə duran məsələ kimi ilk öncə ötən həftə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin yığıncağı ətrafinda müzakirələr aparılıb. İdarə Heyəti belə hesab edib ki, Nazirlər Kabinetinin yığıncağında ölkənin sosial-iqtisadi həyatı ilə bağli səslənən fikirlər Azərbaycan reallığını əks etdirməyib, müzakirələr səthi, özünütənqid ruhunun olmaması şəraitində aparıldığından bu cür müzakirələr ölkədə mövcud olan ağır sosial-iqtisadi vəziyyətin pərdələnməsi cəhdidir və hökumət real vəziyyətlə bağlı islahatlar həyata keçirməlidir. İdarə Heyəti son vaxtlar Azərbaycanda insan haqlarının pozulması və bu sahədə mövcud olan problemlərin nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müzakirəyə çıxarılması məsələsini də müzakirə edib. BMT-nin İnsan Haqları Komitəsində Azərbaycanda insan haqlarının vəziyyəti məsələsinin müzakirəsi zamanı Azərbaycanı təmsil edən Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun ölkədə insan haqları sahəsində yaşanan problemlərin əsaslandırılması üçün səsləndirdiyi arqumentlər əsassız hesab edilib. Belə ki, Azərbaycanla eyni vaxtda keçmiş SSRİ-nin siyasi şinelindən çıxmış Pribaltika respublikalarında demokratikləşmə prosesinin demək olar ki, tam başa çatdığını, Ukrayna və Gürcüstanda isə bu prosesin çox uğurla getdiyini nəzərə alaraq Azərbaycandakı vəziyyətin iqtidarın daxili siyasətı ilə bağlı olduğu vurğulanıb. Ölkədəki sosial problemlərə toxunan toplantı iştirakçıları son vaxtlar ölkədə qazın əhaliyə satışında SMART KARTA keçidlə bağlı yaranan problemlərə diqqət çəkməyi də vacib bilib. İdarə Heyəti üzvləri belə hesab edir ki, yeni sayğacların əhalinin öz hesabına quraşdırılması onsuz da ağır sosial şəraitdə yaşayan xalq üçün ciddi problemlər yaradır. İdarə Heyəti hökuməti əhalinin sosial-iqtisadi vəziyyətini nəzərə alaraq yeni qaz sayğaclarının dövlətin hesabına quraşdırılması ilə bağlı tədbirlər görməyə çağırıb. İdarə Heyəti həmçinin son vaxtlar tikinti sektorunda baş verən insan tələfatı ilə nəticələnən faciəli hadisələrə də münasibət bildirib. Bu cür hadisələrin baş verməsini iş yerlərində təhlükəsizlik qaydalarına əməl edilməməsinin, məsuliyyətsizliyin və əməyin mühafizəsi ilə məşğul olan aidiyyati orqanların yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Cari məsələlərin müzakirəsi zamanı partiyanın İdarə Heyətinin qarşıdan gələn avqust ayının 1-dən sentyabr ayının 1-nə kimi yay məzuniyyətinə çıxması ilə bağlı qərar qəbul edib. İdarə Heyətinin bu müddətdə səlahiyyətləri Nizamnaməyə uyğun olaraq müvvəqqəti olaraq partiya sədrinə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA