Zərdüzt Əlizadə:"Türkmənistan rəsmi Bakını Beynəlxalq Məhkəməyə versə də, prosesi uda bilməyəcək"

img

26-07-2009 [07:48]


Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekov bildirib ki, Xəzər dənizinin dibi və təkinin bölünməsi ilə bağlı ötən həftə Bakıda aparılan müzakirələrdə Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov isə deyib ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması mübahisəli "Ömər" və "Osman" ("Azəri" və "Çıraq") yataqlarının birtərəfli istismarına başlayan Azərbaycanın xüsusi mövqeyinə görə gecikir. O, həmçinin, Azərbaycanın "Sərdar" ("Kəpəz") yatağına iddiaları olduğunu da bildirib. Prezident deyib ki, SSRİ vaxtından mövcud olan normativ aktlara əsasən, bu yataqlar Türkmənistan ərazisinin hüdudundadır və birmənalı olaraq ona məxsusdur: "Türkmənistan üçün Xəzər dənizində belə birtərəfli fəaliyyət qəbuledilməzdir". Türkmənistan prezidenti baş nazirin müavini R.Mərədova Azərbaycanın iradlarının, habelə xarici neft-qaz şirkətlərinin yataqların işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün beynəlxalq ekspertlərlə məsləhətləşməyi və sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi tapşırıb. Məsələyə münasibət bildirən politoloq İlqar Məmmədov Azərbaycan-Türkmənistan münasibətlərinin normal olduğunu əsas gətirərək, tərəflər arasında hər hansı problem yaranacağına inanmadığını deyib: "Avropa ilə Türkmənistan arasında davam edən dialoq bu ölkənin Azərbaycanla konfliktə girməyəcəyini deməyə əsas verir. Amma buna baxmayaraq, tərəflər arasında müəyyən anlaşılmazlığın yaranması da istisna deyil. Bəzi böyük dövlətlər iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlıdır". Politoloq Zərdüşt Əlizadə də Türkmənistanın Azərbaycana hər hansı təhlükə yarada bilməyəcəyinin deyib: "Təbii ki, neft yataqları mübahisə mövzusudur. Türkmənistanın bu məsələdə öz dəlilləri var. Deyirlər ki, neft yataqları onların ərazilərinə düşür. Azərbaycanla Türkmənistan arasında mübahisəli yataqlarla bağlı heç bir rəsmi müqavilə imzalanmayıb. Türkmənistan rəsmi Bakını beynəlxalq məhkəmə ilə hədələyir. Birincisi, məhkəmə o vaxt ola bilər ki, Azərbaycan buna razılıq versin. Ən əsası isə bu sular beynəlxalq sular sayılır. Beynəlxalq qanunlar isə bizim tərəfimizdədir. Mübahisəli yataqlar sovet dövründə aşkarlanıb. O zaman Türkmənistanın geologiyası demək olar ki, yox səviyyəsində idi. SSRİ-də ən güclü neft geologiyası Azərbaycanda idi. Azərbaycan geoloqları nəinki Xəzər dənizində, Kipr, Volqaboyunda, Əlcəzairdə, Vyetnamda, İraqda, Suriyada, bir sözlə, hər yerdə neft yataqları tapırdılar. Ona görə Türkmənistan bizi məhkəməyə versə də, bu prosesi uda bilməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA