Hacı Hacılı: "Qərbin Azərbaycandakı demokratik proseslərə ögey münasibəti göz qabağındadır"

img

26-07-2009 [03:04]


[b]"Qərbin Azərbaycandakı demokratik proseslərə ögey münasibəti göz qabağındadır" [/b] [b]Hacı Hacılı: "Bununla belə, Azərbaycanın demokratik müxalifəti kifayət qədər təcrübəli və güclüdür. Bu güc gec-tez reaksiyaya qalib gələcək və ölkədə demokratik yönlü dəyişikliklərin baş verməsinə səbəb olacaqdır" [/b] Bir müddət öncə "Livan" restoranında baş vermiş davaya görə həbs olunan gənc fəallar Emin Milli və Adnan Hacızadənin məsələsi ətrafındakı müzakirələr davam edir. Gənclərin həbsi həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən sərt təpki ilə qarşılanıb. Xüsusiylə də Qərbin gənclərin həbsinə münasibəti daha sərt oldu. İlk gündən isə bu həbsin siyasi motiv daşıdığı gündəmə gətirildi. Hazırda İsveçdə mühacir həyatı yaşayan, təbiət elmləri doktoru Hacı Hacılı ilə Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı söhbətimizə də bu mövzu ilə başladıq. - Adnan Hacızadə və Emin Millinin həbsini heç bir məntiqə sığmayan hərəkət kimi qiymətləndirirəm. Əgər onlar birbaşa birincinin göstəriş ilə həbs ediliblərsə, bu, olduqca pis əlamətdir. Bununla demək isteyir ki, hakimiyyət əlimdədir, pulum var, ölkə mənimdir və burada istədiyimi edə bilərəm. Yox əgər onun bu işlərdən xəbəri yoxdursa bu daha da pisdir. Deməli kimlərsə ona badalaq vurur və o, bunun qarşısını ala bilmir. [b]- Bu gənclərin həbsinə Qərb daha sərt reaksiya verdi. Hətta Qərb mediasında "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə də bu qədər maraq göstərilməmişdi... [/b] - Qənimət bəyin həbsində də Qərbin mövqeyi sərt idi. Lakin konkret bu iki gəncin həbsi məsələsində hədəflər daha aydın göstərildi. Bunun da öz izahı var. Hər iki gənc ölkəyə ictimai mübarizənin yeni, əvvəlkilərdən daha fərqli metodologiyasını gətirib. Bu metodologiya Qərb demokratik düşüncəsinə daha yaxın olması ilə yanaşı hakimiyyəti daha çox qorxudurdu. Bu iki gənc dərin intellektual səviyyəyə, hadisələri operativ qiymətləndirməyə imkan verən güclü məntiqi təfəkkürə, müasir texniki imkanlardan bacarıqla yararlanmaq imkanlarına malik olan yeni nəsil nümayəndələridir. Belələrinin qarşısında durmaq o qədər də asan deyildir. Üstəlik, onların ABŞ və Avropanın liberal dəyərləri təbliğ edən mərkəzlərlə də kifayət qədər sıx əlaqələri vardır və ictimai fikrə təqdim etdikləri ictimai dəyərləndirmələr də maarifçilik xətti üzərində köklənmişdir. Bütün bunların qarşısında iqtidar onları o qədər primitiv şəkildə həbs etdi ki, bunun arxasında məhz siyasi motivlərin gizlənməsi heç kimdə şübhə yeri qoymadı. Təbii ki, məsələyə Qərbin münasibəti belə olacaqdı. [b]- Bu həbslərin fonunda müxalifət kütləni iqtidara qarşı təşkilatlandıra bilmir. Ölkədə hökm sürən durğunluqdan xilas olmaq üçün müxalifət hansı mübarizə taktikasını seçməlidir?[/b] - Burada oturub müxalifətə ağıl öyrətmək etik cəhətdən bir qədər düzgün olmazdı. Lakin bəzi məqamları xatırlamaq istərdim. Mənə elə gəlir ki, müxalifət təkcə taktika deyil, həm də strategiya, həmin strategiyanın reallaşdırılması üçün operativ addımlar planı üzərində düşünməlidir. Taktika haqqında: burada "kiçik və gözlənilməz addımlar" taktikası özünü daha yaxşı doğrulda bilərdi. Məsələn, həbs edilən bloqqerlərin küçəyə üzərinə "A", "D" və "R" yazılmış ağ rəngli maykalarda çıxması kimi. Əlbəttə, əgər belə gözlənilməzliklər intensiv hal alarsa, öz təsirini tez bir zamanda göstərə biləcəkdir. [b]- Müxalifət partiyaları hətta ekstremal situasiyalarda belə bir araya gələ bilmir. Sizcə, bunun səbəbi nədir? [/b] - Müxalifətçilər də insandırlar və onlar da bir çox hallarda insani hisslərdən qaça bilmirlər. Məncə, burada birləşib, birləşə bilməmək məsələsi deyil, demokratik hədəflərin identikləşməsi məsələsi əsas yer tutmalıdır. Digər tərəfdən, hakimiyyətə müxalif mövqedə duranların içərisində elələri var ki, onları heç bir halda demokrat adlandırmaq mümkün deyil. [b]- Son vaxtlar Azərbaycan hakimiyyəti dini qurumlara qarşı mövqeyini sərtləşdirib. Sizcə, bu, əks-reaksiya verə bilərmi? [/b] - Bu gün bu mümkün deyildir. Xoşbəxtlikdən Azərbaycanda dini hisslər hələ fanatizm səviyyəsinə çatmayıb. Amma belə davam edərsə, çox qorxulu şeylər baş verə bilər. [b]- Demokratik müxalifətin sıxışdırılmasına paralel olaraq radikal islamın güclənməsi ehtimalı varm? [/b] - Əgər müxalifətin tamamilə məhv edilməsi yolu tutulacaqsa, dini sahədə radikallaşmanın baş verməsi ehtimalı xeyli güclənir. Hələliksə indicə dediyim kimi, bunun əlamətlərini görmürəm. [b]- Necə düşünürsünüz, Qərbin dəstəyi olmadan Azərbaycanda demokratik cəmiyyət qurmaq imkanları varmı? [/b] - Demokratik dəyərlər universal dəyərlərdir. Amma Qərbin Azərbaycandakı demokratik proseslərə ögey münasibəti də göz qabağındadır. Bununla belə, Azərbaycanın demokratik müxalifəti kifayət qədər təcrübəli və güclüdür. Bu güc gec-tez reaksiyaya qalib gələcək və ölkədə demokratik yönlü dəyişikliklərin baş verməsinə səbəb olacaqdır. [b]- Gürcüstan istisna olmaqla, Azəbaycanın antidemokratik ölkələrlə əhatə olunması demokratik proseslerin inkişafına mənfi təsir göstərirmi? [/b] - "Antidemokratik ölkələrlə əhatə olunmaq",- anlayışı daha çox Gürcüstanın özünə aiddir. Biz isə ən azı iki demokratik ölkə ilə həmsərhədik. Amma bizim vəziyyətin paradoksallığı ondadır ki, seçkidən seçkiyə həmin ölkələr də daxil olmaqla, dünyanın bütün demokratik mərkəzləri demokratik dəyərləri öz cari maraqlarına qurban verirlər. [b]- Sizcə, İranda baş verən proseslərin Cənubi Qafqaz regionuna təsiri gözlənilirmi? [/b] - Biz qloballaşmanın əlamətlərini hər addımda hiss edirik. Bu əlamətlərdən biri də "qonşuluq" anlayışının öz ilkin məna yükünü itirməsindən ibarətdir. Əgər bu gün Azərbaycanla heç bir bağlılığı olmayan Hondurasda hər hansı hadisə baş verirsə, onun da nəticələri burada öz təsirini göstərir. İran hadisələri də bu baxımdan istisna deyildir. [b]- Totalitar rejimin mövcud olduğu İranda xalqın ayağa qalxması Azərbaycanda hansı effekti doğura bilər? Qonşu ölkədə cərəyan edən hadisələrin Azərbaycanda da təkrarlanması mümkündürmü? [/b] - İranda dini ideologiyaya söykənən totalitar bir rejim hökm sürür. Həmin ideologiyaya qarşı edilən hər bir hərəkətin qarşısı amansızcasına alınır. Bu baxımdan son hadisələri bizim bir qədər kobud səslənən "pazı pazla çıxararlar",- məsəli ilə daha yaxşı izah etmək olar. Bununla belə, İrandakı hadisələrin hadisədən öncəki dəyərləndirməsi politoloqların çoxunda belə bir qənaət yaratmışdır ki: Əvvəla, bu ölkədə "kumulyativ" gücə malik olan etiraz potensialı həmişə mövcud olmuşdur. İkincisi, teokratik rejimin terkibi heç də yekcins deyildir və əmələ gələn "çatlar" özünü daha aydın büruzə verir. Üçüncüsü, İranda "yuxarılar"la "aşağılar" arasında kifayət qədər ciddi əks-əlaqə mövcuddur ki, bu da lazım gələn anda hərəkətə keçmək imkanı yaradır. Sualınızın birbaşa mahiyyətinə gəldikdə, konkret onu deyə bilərəm ki, birincinin bəzi məqamları istisna olunmaqla sadalanan üç əlamətin heç biri bizdə yoxdur. [b]- Hacı bəy, son vaxtlar yenidən Rusiyanın ölkəmizə təsir gücünün artdığını müşahidə edirik. Rusiya Azərbaycan qazını çox baha qiymətə satın almağa qərar verdi. Sizcə, rəsmi Moskva bununla hansı mesajı vermək istəyir? [/b] - Bu, Rusiyanın atdığı çoxsaylı addımlardan biridir. İqtisadi baxımdan onun üçün sərfəli olmasa da, böhran girdabından çıxa bilməyən bir ölkə üçün qeyd olunan şərtlər altında qaz almaq işin arxasında çox ciddi siyasi niyyətlərin gizlənməsindən xəbər verir. Təbii ki, bununla Rusiya Qafqazda əsas söz və hərəkət sahibi olması mesajını ötürür və bunu real həyatda sübut edir. Son iki il ərzində bölgədə baş verən hadisələrin xronologiyası da bunu göstərir. [b]- Rusiyanın NABUKKO layihəsinin reallaşmaması istiqamətində göstərdiyi səylər nəticə verə bilərmi? [/b] - NABUKKO - Rusiyanın maraqları ilə daban-dabana zidd olan bir layihədir. Onun əsas məqsədlərindən biri təbii qaza olan ehtiyacların bir deyil, çoxlu digər mənbələr hesabına ödənilməsini təmin etməkdir. Ötən qış baş verən hadisələrə diqqət yetirsəniz görərsiniz ki, qaz ixracı sahəsində monopolist kimi çıxış edən Rusiya özünə lazım gələndə bu məsələdən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edə bilir. Bunun qarşısı hər hansı yolla alınmalıdır və Avropa Birliyi həmin motiv əsasında hərəkətə keçib. [b]- Rəsmi Bakının Rusiyaya bu şəkildə yaxınlaşmasına Qərb dövlətlərinin münasibəti necə ola bilər? [/b] - Əlbəttə, Rusiya istərdi ki, qazı daha ucuz qiymətə alsın. Lakin görünür, rəsmi Bakının dirənişi nəticəsində buna nail ola bilməyib. O üzdən də deyə bilmərik ki, qaz razılaşması birmənalı şəkildə hakimiyyətin Rusiya tərəfindən dəstəklənməsi anlamına gəlir. Əksinə, mən düşünürəm ki, zamanı gəldikdə ruslar özlərinin bu təşəbbüslərindən əsəbləşəcək və vəziyyəti dəyişməyə çalışacaqlar. Qərbə gəldikdə isə, ortada təkcə enerji ehtiyatları ilə bağlı olmayan çoxsaylı digər məsələlər də vardır ki, onlar həmişə onun diqqət mərkəzində olmuşdur. Bu baxımdan ara-sıra Rusiya ilə müəyyən mövqe razılaşmaları olsa da, Qərbin bölgədəki maraqlardan vaz keçməsi real görünmür. [b]- Dünyada enerji daşıyıcılarının qiymtinin ucuzlaşdığı bir vaxtda Tarif Şurası Azərbaycanda əhaliyə satılan qazın qiymətini 2 dəfə qaldırdı. Bunu necə qiymətləndirmək olar? [/b] - Tarif Şurasının bu addımı çox böyük ehtimalla bazar konyunkturu üzərindən hesablanmış bir addımdır. Təbii ki, qiymətlər bazar vasitəsilə tənzimlənməlidir və qiymət siyasətinə cavabdeh olan qurumlar da yalnız qiymət dəyişmələrinin qeydiyyatını aparmalıdır. Qabaqcıl ölkələrdə də qiymətlərin dövlət tərəfindən müəyyənləşdirilmiş bəlli hədləri olur. Həmin ölkələrdə bu addım bazarın diqtəsi altında atılır. Bəlkə də buna görə mən, adını çəkdiyiniz qurum tərəfindən qiymətlərin 2 dəfə qaldırılmasını bir qədər direktiv xarakterli addım kimi dəyərləndirərdim. [b]- Neftin qiyməti ilə bağlı ilin əvvəlində verdiyiniz proqnoz özünü doğrultdu. Bəs, bu ilin sonunda neftin bir barrelinin təxminən neçə dollar olacağını proqnozlaşdırırsınız? [/b] - Əgər bu temp davam edərsə, 72-76 ABŞ dolları olacaqdır. Amma bəzi sıçrayışlar da (irəli və ya geriyə) istisna deyildir. [b]- Neftin qiymətinin artması Azərbaycan iqtidarının güclənməsinə səbəb ola bilərmi? [/b] - Neft qiymətlərinin artması həmiş iqtidarların güclənməsi deməkdir. Lakin inkişaf etməyən ölkələrdə neftin qiymətlərinin aşağı olması da iqtidarlara elə bir ciddi mənfi təsir göstərmir. Yox, əgər biz iqtidarla dövlətçilik arasındakı əlaqədən danışmaq istəyiriksə, burada vəziyyət bir az başqa mənzərə alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA