Əhəd Abıyev: ?Bu gün Azərbaycanda müxalifət yoxdur?

img

23-07-2009 [04:55]


?Milli Məclisdə elə müxalifətçi deputat var ki, zalda başqa cür danışır, foyeyə çıxanda iqtidar nümayəndələrinin üzündən öpür? Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçisi, deputat Əhəd Abıyev Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. [b]- Əhəd müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların prinsipləri açıqlanandan sonra müxalifət etiraz etməyə başlayıb. Opponentləriniz hakimiyyətin təslimçi sülhə getdiyini düşünür. Bu barədə nə deyə bilərsiniz?[/b] - Prezidentin mövqeyi nədən ibarətdirsə, xalqın da mövqeyi elə olmalıdır. Prezident xalq tərəfindən seçilib, Azərbaycan dövlətinin də qarantıdır. İndi kimsə ağzına gələni deyəcəksə, kimsə də senzurasız danışacaqsa, biz onlara reaksiya verməliyik? Belə fikirlərin hamısı əsassızdır. [b]- Yəni müxalifətin ittihamları ilə razlaşmırsınız?[/b] - Qətiyyən razı deyiləm. Deyilənlərin hamısı əsassız və mənası olmayan sözlərdir. Bu günə kimi müxalifət bizim başımıza oyun açıb, onların vurduğu yaraları sağaltmaq olmur. [b]- Nəyi nəzərdə tutursunuz?[/b] - O vaxt ölkədə özbaşınalıq yaratdılar, hakimiyyətsizlik oldu. Gədə-güdə, təsadüfi adamlar gəldi hakimiyyətə. Dövlətçilikdən, idarəçilikdən xəbəri olmayanlar hakimiyyəti ələ alandan sonra biabırçı vəziyyət yaratdılar. Başladılar bir-birinə ?bəy? deməyə. Elə ona görə də torpaqlarımızın bir hissəsi getdi. Az qalmışdılar İranı da Azərbaycana düşmən eləyələr. Çeçenistanla elə vəziyyət yaratmışdılar ki, az qaldı qarşıdurma olsun. İndi şükür Allaha, sabitlikdir, əminamanlıqdır. Ən əsası da günü-gündən inkişaf edirik. Bu gün Azərbaycanda gedən inkişaf dünyanın heç bir yerində yoxdur. Bir məsələni də nəzərə çatdırım ki, əgər İlham Əliyev İranın da prezidenti olsaydı, orda bu qarşıdurma olmayacaqdı. Necə ki, bizdə ədalət, sabitlik var, orda da sabitlik olardı. Amma elə adamlar var ki, qərəzli mövqedən çıxış edirlər. [b]- Lakin müxalifət iddia edir ki, İranda demokratiya Azərbaycandan daha yaxşıdır, heç olmasa, insanlar meydana çıxıb sözlərini deyə bilirlər?[/b] - İranda necə demokratiya olar bilər ki, qarşıdurma, insan tələfatı, aclıq, səfalət orda hökm sürür? Əslində ordakılar Azərbaycanda yaşamaq istəyirlər. Əgər orda vəziyyət yaxşıdırsa, niyə qaçıb başqa ölkələrə sığınırlar? Yəni bunların hamısı boş söhbətlərdir. Ümumiyyətlə, siz müxalifət deyəndə kimi nəzərdə tutursunuz? [b]- Müsavat, AXCP, ADP, ALP və digərlərini?[/b] - Şəxsən mən, Əhəd Abıyev Azərbaycanda müxalifət görmürəm, bizdə müxalifət yoxdur. Bu gün ?özəlləşmiş?, gündüz müxalifət, gecə ələbaxanlar var. Onlara müxalifət demək olmaz. [b]- Bəlkə bir qədər konkretlərşdirək? [/b] - Milli Məclisdə elə müxalifətçi deputat var ki, zalda başqa cür danışır, foyeyə çıxanda iqtidar nümayəndələrinin üzündən öpür. [b]- Milli Məclisdə müxalifəti təmsil edən beş-altı deputat var. İqtidar nümayəndələrinin üzündən öpənlər kimlərdir, mümkündürsə, deyin?[/b] - Sən bağça uşağı ilə danışmırsan ki... Üç çağırış Milli Məclisin deputatı ilə danışırsan, Məgər özün bilmirsən ki, onlar kimdir? Hamı yaxşı bilir ki, Qeyri-Hökumət Təşkilatlarından tutmuş partiya rəhbərlərinə kimi bunların hamısı geydirmədir, yalnız adı müxalifətdir. Ona görə də hamı kimin hansı mənsəbə qulluq etdiyini yaxşı bilir. [b]- Əhəd müəlim, qarşıdan bələdiyyə seçkiləri gəlir. Gözləntiləriniz nədən ibarətdir?[/b] - Qarşıdan gələn bələdiyyə seçkiləri çox yüksək səviyyədə keçəçəcək. İqtidar da, müxalifət də seçkiyə gedəcək. Çünki bu gün ölkədə lazım olan şərait var. Yəni kimin nufuzu, hörməti varsa, o da seçiləcək. Hökumətin özündə də belə bir fikir var ki, kim işi bacarırsa, seçicilər arasında hörməti varsa, şəffaf, ədalətli yolla seçiləcəksə, o adam seçkiyə getsin. Bu, hökumətə başucalığı gətirəcək. Ona görə də seçki tam sərbəst və ədalətli keçəcək. Bu gün kimlərsə, qərəzli danışırsa, fərziyyələr söyləyirsə, səhv eləyir. Mənə elə gəlir ki, bələdiyyə seçkisi çox yüksək səviyyədə keçəcək. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu seçkiyə tam hazırdır. [b]- Bəs müxalifət?[/b] - Müxalifətdəkilər də dostlarımızdır, kənar adamlar deyil ki? Onlardan kim məsləhət bilinsə, həmin şəxs keçəcək. [b]- Bayaq deyirdiniz ki, Azərbaycanda müxalifət yoxdur?[/b] - Mən onlara düşmən demirəm. Bu gün senzurasız danışan müxalifət yoxdur. 3-4 nəfəri çıxmaq şərti ilə bu gün mənim üçün Azərbaycanda müxalifət yoxdur. Onların bəziləri pozulmuş, şərəf və ləyaqətini itirmiş adamlardır. Onlarla necə dostluq edə bilərəm? Mənim üçün Azərbaycanı sevən adamlar dost ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA