Qarabağ ermənilərinin nazı ilə oynamağa məcburuq

img

12-07-2009 [05:34]


[b]Politoloq Elxan Mehdiyev azərbaycanlıların Dağlıq Qarabağa səfərlərini alqışlayır [/b] İyulun 17-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti dəfə görüş keçiriləcək. Görüşdən əvvəl isə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakının mövqeyində heç bir dəyişikliyin olmayacağını bildirib. Ermənistan prezidenti Serj Sərkisyan da analoji mövqedən çıxış edib. Tərəflərin səsləndirdiyi bəyanatları şərh edən bəzi ekspertlər görüşün formal xarakter daşıyacağını bildirirlər. Politoloq Elxan Mehdiyevlə də bu mövzuda söhbətləşdik: - Burada yalnız intensiv görüşlərdən söhbət gedir. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur. Məncə, xarici işlər naziri Elmar Məmmədyarov danışıqlar prosesində iştirak etdiyi üçün onun səsləndirdiyi bəyanatlara daha çox diqqət yetirmək lazımdır. Ermənistan da öz mövqeyindən geri çəkilmək istəmir. Qarşı tərəf ənənəvi siyasətə üstünlük verməklə vaxt qazanmaq istəyir. Məsələ elə bir müstəviyə gətirilib ki, heç kim Ermənistana təzyiq etmir. Əksinə, rəsmi Yerevanı konstruktiv mövqe nümayiş etdirdiyi üçün tərifləyirlər. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə son çıxışında bildirdi ki, Azərbaycan prezidentinin müharibədən danışmaması təqdir olunmalıdır. Əgər Ermənistan öz mövqeyində korrektələr etməsə, iyulun 17-də Moskvada keçiriləcək görüş formal xarakter daşıyacaq. Amma Rusiya prezidentinin vasitəçilik missiyası ilə çıxış etdiyini də nəzərdən qaçırmamalıyıq. Moskva çalışır ki, münaqişənin həllində müsbət nəticəyə nail olsun. - Bəzi diplomatlar isə münaqişənin həllində müəyyən irəliləyişlərə nail olmağın mümkünlüyünü bildirirlər. Sizcə, nikbin olmağa əsas varmı? - Mən nikbin bəyanatları bölüşmürəm. Bəlkə də bu bəyanatlarla çıxış edən adamların danışıqlar prosesindən xəbərləri yoxdur. Tərəflər arasında çox ciddi problemlər var. Biz hər zaman danışıqlar prosesinə ümidlə yanaşırıq. Amma gəlin, reallıq hissimizi itirməyək. Son 15 ildə danışıqlar prosesində heç bir irəliləyiş əldə edilməyib. Çünki meydanda təkik. Bizi neftimizə görə sayırlar. Bütün böyük dövlətlər münaqişənin həllinin uzadılmasında maraqlıdırlar. Çünki onların Azərbaycanda öz maraqları var. Ermənistan bu prosesi öz xeyrinə çevirə bilir. - Bir neçə gün öncə azərbaycanlı ziyalılardan ibarət heyət işğal altında olan əraziyə səfər etdilər. Bəzi müşahidəçilər bu səfərin Azərbaycanın əleyhinə olduğunu iddia edirlər. Siz bu barədə nə düşünürsünüz? - Məncə, bu cür səfərlər tez-tez təşkil edilməlidir. Belə səfərlərin zərərdən çox xeyri var. Elə şərait yaradılmalıdır ki, Dağlıq Qarabağa hər kəs səfər edə bilsin. Biz bu səfərlərimizlə ermənilərə Dağlıq Qarabağın bizim olduğunu bir xatırlatmış olarıq. Ona görə də bu ideyanı alqışlamaq lazımdır. Azərbaycan nümayəndə heyətinin işğal olunmuş ərazilərimizə getməsi milli maraqlarımıza zidd deyil. - Tərkibində rəsmi şəxslərin də olduğu nümayəndə heyətinin Dağlıq Qarabağa səfər etməsi və seperatçı rejimin rəhbəri ilə görüşməsi bu "qurumun" danışıqlar prosesində tərəf kimi iştirakına zəmin yaratmır ki? - Yox, bu qətiyyən belə deyil. Biz onlara seperatçı desək də, faktiki olaraq, həmin ərazinin sahibi onlardır. Onların nazı ilə oynamağa məcburuq. Düzdür, erməni lobbisi qondarma respublikanı dünyada tanınmasına çalışır. Ancaq heç bir dövlət onların oyuncaq qurumunu tanımır. Dağlıq Qarabağda yaşayan ermənilərin danışıqlar prosesində iştirakına normal yanaşmaq lazımdır. Təbii ki, Dağlıq Qarabağ azərbaycanlıları da danışıqlarda tərəf kimi iştirak etməlidir. Amma indiki halda onların danışıqlar prosesinə qoşulması heç nəyi dəyişmir. İndiki mərhələdə işğalın aradan qalıdırlması ilə bağlı danışıqlar gedir. Hesab edirəm ki, status və Dağlıq Qarabağın gələcəyi ilə bağlı bütün məsələlərdə həm erməni, həm də azərbaycanlı icamalarının rəhbərləri iştirak etməlidirlər. - ABŞ-dan olan həmsədr Metyu Brayza Moskvada keçiriləcək görüşdə heç bir çərçivə sazişinin imzalanmayacağını bildirib... - Meytu Brayzanı nə Ermənistanda, nə də Azərbaycanda ciddi adam kimi qəbul edirlər. Onu həmişə yalan bəyanatlar verməkdə suçlayırlar. Bu baxımdan, onun həm optimist, həm də pessimist fikirlərinə şərh vermək çox çətindir. Amma çərçivə sazişinin yaxın günlərdə imzalanması da real deyil. Tərəflər buna razılıq versələr, çərçivə sazişi növbəti görüşlərdə imzalana bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA