Müsavat hökuməti kənd təsərrüfatındakı böhranı aradan qaldırmağa çağırıb

img

06-07-2009 [06:51]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclas gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Müsavat Qadınlar Təşkilatının ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib. Yığıncağın sentyabr ayının üçüncü ongünlüyündə keçirilməsi haqqında qərar qəbul edilib. Yaxın bir il üçün partiyanın fəaliyyət xətti haqqında geniş müzakirələr aparılıb, cəmiyyətlə əlaqələrin daha da gücləndirilməsi yönündə təkliflər səsləndirilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ilkin olaraq son bir həftə ərzində baş vermiş İsrail prezidenti Şimon Peresin, Rusiya Federasiyası prezidenti Dmitri Medvedyevin, Polşa prezidenti Lex Kaçinskinin Bakıya və ABŞ prezidenti Barak Obamanın Moskvaya rəsmi səfərləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bu səfərlərin Azərbaycan üçün əhəmiyyəti dəyərləndirilib. Avropa Birliyinin ?Şərq tərəfdaşlığı? proqramının icrasının dayandırılması haqqında İsveçin Baş Nazirinin dedikləri ilə əlaqədar Avropa Birliyindən bu məsələyə aydınlıq gətirilməsi istənilib. Çinin Urumçi şəhərində uyğurlarla hökumət qüvvələri arasında baş vermiş qarşıdurma haqqında fikir mübadiləsi aparılıb. Hökumətin qeyri-adekvat güc tətbiq etməsi nəticəsində yüzlərlə adamın öldürülməsi və yaralanması qətiyyətlə pislənilib, beynəlxalq təşkilatların bu ölkədə insan haqlarına əməl olunmadığını diqqətdə saxlamalı olduğu bildirirlib. İstehlakçılara verilən qazın pərakəndə satış qiymətinin iki dəfədən çox qaldırılması müzakirə edilib. Partiyanın bəyanatında bildirildiyi kimi, bunun sadə vətəndaşlara qarşı soyğunçuluq olduğu və korrupsioner məmurlar tərəfindən talanan büdcəni doldurmaq üçün düşünüldüyü qeyd edilib. Kənd təsərrüfatı məhsullarının dövlət satınalmalarının qeyri-şəffaflığı və monopolistlərin maraqları ilə uzlaşdırılması kəskin tənqid olunub və bu barədə ayrıca bəyanat qəbul edilib. Ölkənin kənd təsərrüfatında yaranmış ağır vəziyyət hakimiyyətin aqrar siyasətində ciddi boşluqların olduğunu ortaya çıxarır. Bu, kənd təsərrüfatı məhsullarının alış qiymətləri ilə bağlı qeyri-peşəkar və etinasız münasibətlərdə özünü daha qabarıq biruzə verir. Belə ki, taxıl məhsullarının dövlət tədarükü ilə əlaqədar əvvəlcədən taxıl əkənlərə yüksək qiymətlər vəd edilsə də, bu gün keyfiyyəti bəhanə edərək yerli buğda növlərinin satın alınmasından imtina edilir. Taxılın bazar qiymətlərinə ciddi surətdə təsir göstərən bu vəziyyət istehsal edilən məhsulun maya dəyərindən də aşağı qiymətdə tələbin formalaşmasına gətirib çıxarır. Texniki vasitələrin azlığı, onların icarəsinin yüksək olması da vəziyyəti ağırlaşdırır. Nəticə etibarilə, taxıl istehsalı sahəsində gələcəkdə böhranlı bir vəziyyətin bünövrəsi indidən qoyulmuş olur. Belə vəziyyət illərdir ki, kartof və digər tərəvəz məhsullarının istehsali və satışında da müşahidə edilməkdədir.Respublika miqyasinda kənd təsərrüfatı məhsullarının satın alınması və tədarükünün yox dərəcəsində olması bu məhsulların alışı və satışının inhisarçı dairələrin nəzarətinə keçməsi üçün şərait yaradır. Nəticədə istehsalçı diktə altında, özü də gəlirsiz işləməyə məcbur edilir. Kənd təsərrüfatına kreditlərin ayrılmasını da qeyri-qənaətbəxş hesab etmək olar. Cüzi miqdarda ayrilan kreditlər ?şapka? və digər qeyri-qanuni əməllər hesabına astarı üzündən baha başa gəlir.İnsanlar ayaqda qalmaq üçün son qəpiklərini də xərcləməyə məcbur edilirlər. Elə bu səbəbdən Azərbaycanın kənd təsərrüfatı elm tutumlu texnologiyalar və səmərəli əkinçilik mədəniyyəti yolu ilə inkişaf edə bilmir. Müsavat Partiyası hakimiyyəti aqrar bölməyə bu cür ögey münasibətə son qoymağa, kənd əməyinə layiqincə qiymət verməyə və bu bölmədə yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq üçün təsirli tədbirlər görməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA