Mübariz Əhmədoğlu: "SSRi dağılandan sonra iran ilk dəfə məğlubiyyətlə üzləzdi"

img

02-07-2009 [03:38]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) iyun ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Müstəqil İnformasiya (mia.az) Agentliyinin xəbərinə görə, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu deyib ki, ötən ay dünyanın gündəmində dayanan əsas məsələ İranda keçirilən prezident seçkiləri olub. Politoloqun sözlərinə görə, qanlı toqquşma ilə nəticələnən seçki kampaniyası bəzi mühüm nəticələr çıxarmağa əsas verir: "Prezident seçkiləri İranda ictimai şüuru dəyişdi. Bundan sonra İranda gənclərin və qadınların fəaliyyətini tamamilə məhdudlaşdırmaq mümkün olmayacaq. Gənclərin və qadınların ehtiyacları qismən də olsa ödənilməsə, İranda İslam dəyərlərinə kifayət qədər ciddi təhlükə yarana bilər. Digər mühüm bir nəticə isə odur ki, İranda dini liderlər arasında hakimiyyətin yenidən bölüşdürülməsi uğrunda mübarizə gedir". SİTM sədri ötən ay Mərkəzi Asiya regionunda baş verən hadisələri də təhlil edib: "ABŞ Qırğızıstandakı "Manas" hərbi bazasına yenidən sahib çıxdı. Yeni formatda hərbi baza sözü ötürücü (tranzit) baza sözü ilə əvəzləndi. Rusiyanın səriştəsizliyi və diqqətsizliyi də bu məsələdə müəyyən qədər rol oynadı. Mərkəzi Asiya dövlətəlrinə hərbi yardımı artıran ABŞ bu layihə üçün 178 milyon dollar vəsait xərclədi. Rusiyanın Qırğızıstandakı ABŞ hərbçilərini qovmaq uğrunda başlatdığı mübarizə Pentaqonun qələbəsi ilə başa çatdı. İndi ABŞ Mərkəzi Asiya regionunda nəinki Rusiya, hətta Çinlə də mübarizə aparmağa hazırlaşır". Mübariz Əhmədoğlu Cənubi Qafqaz regionundan danışarkən Ermənistanın yürütdüyü beynəlxalq və regional siyasətə münasibət bildirib. Onun sözlərinə görə, rəsmi Yerevanın Rusiya və Qərb siyasəti ciddi ziddiyyətlərlə müşayiət olunur: "Rusiyanın forpostu hesab olunan Ermənistan Suriya və İranın maraqlarını Cənubi Qafqaz regionuna daşımaqla Rusiyanın regional siyasətinə kifayət qədər böyük təhlükə yaradır". Azərbaycana gəlincə, politoloq İsrail prezidenti Şimon Peresin ölkəmizə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Azərbaycan və İsrail kiçik dövlətlər olsalar da, ödkələrimiz arasında mal dövriyyəsi 3,6 milyard dollardır. İsrail prezidentinin Azərbaycana səfəri ərəfəsində ölkənin daxilində yaradılmış ajiotajın əsas mənbəyi İran faktorudur. Peresin ölkəmizə səfərinə rəsmi Bakının razılıq verməsinə iki prizmadan yanaşmaq mümkündür. Birincisi, Azərbaycan yaxın tarixdəki ayrı-ayrı adıdmları ilə həm ABŞ-a, həm də Rusiyaya sübut edə bildi ki, Azərbaycan müstəqil siyasət aparır və bu dövlətlər onun müstəqil siyasət aparmasına mane ola bilməzlər. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqların aktiv fazasında Azərbaycan Türkiyə ilə də analoji qaydada davrandı. Rəsmi Bakı bu addımı ilə Türkiyəyə də Azərbaycanın daxili işlərinə qarışa bilməyəcəyinə dair mesaj verdi. Ona görə də İrana qarşı da belə bir "təzyiq" kampaniyasının həyata keçirilməsi gözlənilən idi. İkinci önəmli məqam isə odur ki, son vaxtlar İranda antiazərbaycan siyasəti daha da güclənib. Bu isə rəsmi Bakıya İrana qarşı adekvat addımlar atmağa əsas verir. Hesab edirəm ki, Azərbaycanın zamanında və doğru qərarlar qəbul etməsi nəticəsində İran SSRİ dağılandan sonra ilk dəfə məğlubiyyətlə üzləşdi. Təbii ki, mövcud vəziyyətin yaranmasına görə məsuliyyət İranın üzərinə düşür". Sonda SİTM sədri ötən ay Gürcüstanda baş verən ictimai-siyasi prosesləri də təhlil edib. Bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası uzun və ciddi müzakirələr aparmasına baxmayaraq, gürcü-abxaz münaqişəsi ilə bağlı sənəd qəbul edə bilmədi. Nəticədə BMT Baş katibi gürcü-abxaz münaqişə zonasındakı BMT missiyasının ləğv edilməsi ilə bağlı qərar qəbul etdi: "Gürcüstanda BMT missiyasınnı başa çatmasını faciə hesab edirlər. Amma onu da başa düşürlər ki, BMT TŞ-nin qətnaməsi Rusiyanın arzuladığı formada qəbul olunsaydı, vəziyyət daha acınacaqlı şəkil alacaqdı".

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA