Müxalifət hökumətin istefasını tələb edir

img

01-07-2009 [05:59]


Tarif Şurasının qərarı ilə əhaliyə verilən təbii qazın qiymətinin iki dəfə qaldırılması ciddi narazılığa səbəb olub. Qərara əsasən təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq, hər 1000 kubmetr təbii qazın qiyməti 47,2 manatdan 100 manata dəyişdirilib. Müxalifət də hökumətin bu addımını qətiyyətlə pisləyir. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hökumətin bu addımının heç bir məntiqi əsası olmadığını bildirib: ?Neftin qiyməti dünya bazarında enəndən sonra Azərbaycanda enerji daşıyıcılarınn qiymətinin aşağı salınmaması onu göstərir ki, hökumət qlobal iqtisada böhranın ağırlığını vətəndaşların üzərinə salmaq istəyir. Ən pisi isə odur ki, böhranla bağlı digər dövlətlər bir sıra sahələrdə qiymətləri aşağı saldığı bir vaxtda Azərbaycan hökuməti əks addımlar atır. Təbii qazın qiymətinin iki dəfə qaldırılması da pisləniləsi addımdır. Hesab edirəm ki, bu, hökumətin öz qüsurlarının xalqdan çıxarmasından başqa bir şey deyil?. Hazırkı hökumətin yarıtmaz fəaliyyət göstərdiyini nəzərə çatdıran ADP sədri bütün bunlara görə hökumətin istefaya getməli olduğunu da vurğulayıb: ?Bu hökumət 15-16 ildə heç bir irəliləyişə nail ola bilməyib. Ancaq qiymətləri qaldırmaq, cərimələri artırmaqla məşğul olan bu hökumət vətəndaşların cibinə girərək, özlərinin büdcəyə vurduşları ziyanı kompensasiya edirlər?. Sərdar Cəlaloğlu onu da deyib ki, qiymət artımı ilə bağlı etiraz aksiyaları keçirilməlidir. Amma ADP sədri onu da qeyd edib ki, cəmiyyətin passiv olduğunu nəzərə alaraq, belə bir aksiyanın kütləvi xarakter alacağına da ümid etmir. Onun sözlərinə görə, əgər cəmiyyət özü təşəbbüs göstərib meydanlara çıxarsa, müxalifət olaraq, öndə olamağa hazırdırlar. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə təbii qazın qiymətinin artırılmasına səbəb kimi göstərilən arqumentlərin əsassız olduğunu deyib. Onun sözlərinə görə, qiymətin artırılmasında israfçılığın qarşısını almaq, daha keyfiyyətli qazla təmin etmək və maya dəyərinə uyğunlaşdırmaqla bağlı arqumentlər gətirmək bəhanədən başqa bir şey deyil: ?Əvvəla israfçılığın qiymət qaldırmağa heç bir aidiyyatı yoxdur. İkincisi, keyfiyyətli qaz təminatı ?Azəriqaz?ın borcudur. ?Azəriqaz? bu borcunun qiymət aşağı da, yuxarı da olsa, layiqincə yerinə yetirməlidir. Maya dəyərinə uyğunlaşdırmaq məsələsinə gələndə, ola bilər ki, qazın maya dəyəri yuxarıdır, amma əhaliyə ucuz satılır. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft-qaz ölkəsidir. Daxili bazarda əhaliyə qazı ucuz satmaq olar. Digər tərəfdən bu, əhalinin haqqıdır. Ona görə də hesab edirəm ki, yanaşma doğru deyil. Bizim əmək haqları da, ümumi yaşayış həddi də Avropa ölkələrindən aşağıdır. Bu səbəbdən də qətiyyən əleyhinəyəm. Xüsusiylə də böhranın hər yerdə qiymətlərin aşağı salma siyasətinə məcbur etdiyi bir vaxtda qiymətlərin qaldırılması görülməmiş hadisədir. Mən başa düşürəm, hökumət böhrandan əziyyət çəkir, amma bunu əhalinin hesabına həll etmək doğru deyil?. Müsavat Partiyasının başqanı İsa Qəmbər mia.az-a bildirib ki, tarif şurasının son qərarını heç bir iqtisadi siyasəti olmayan, səriştəsiz, görməmiş, rüşvətxorluğa qurşanmış, ölkədə hərtərəfli korrupsiya sistemi yaratmış bir hakimiyyətin büdcəni xalqın hesabına doldurmaq cəhdi kimi qiymətləndirib: ?Əslinə qalsa, bu, xalqa qarşı həqarətdir. Çünki istər Azərbaycanın neft-qaz ölkəsi oloduğunu nəzərə alsaq, istər dünyada gedən iqtisadi böhran ərzində enerji qiymətlərinin aşağı düşməsini, istər Azərbaycanda əhalinin vəziyyətinin ağırlığını nəzərə alsaq, qiymətlərin bu şəkildə qaldırılması yolverilməzdir?. Etiraz aksiyalarının keçirilib-keçirilməyəcəyinə gəlincə, İsa bəy bu istiqamətdə məsləhətləşmələrin aparılacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA