Zəminə Dünyamalıyeva: ?Akif Şahbazov istefa vermək istəməsə də, buna məcbur edildi?

img

24-06-2009 [03:50]


Xəbər verdiyimiz kimi, eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov dünən keçirilən İdarə Heyətinin iclasında istefa verməsi bərədə qərarını açıqlayıb. Qeyd edək ki, son üç ay ərzində Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva Akif Şahbazovun sədr kimi səlahiyyətlərini yerinə yetirmədiyini bəyan edərək, onun istefasını tələb edirdi. Partiya sədrinin istefasından sonrakı vəziyyətlə bağlı Zəminə Dünyamalıyeva Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. [b]- Zəminə xanım, Akif Şahbazovun istefasını necə qarşıladınız?[/b] - Çox normal qəbul edirəm. Neçə aydır ki, mən bu istiqamətdə zəhmət çəkirəm. Sizcə, adam öz zəhmətinin bəhrəsini görəndə necə olur? Ona görə də vəziyyət yaxşıdır. [b]- Akif Şahbazov neçə vaxt idi ki, Sizin tənqidlərinizə qarşı dirəniş göstərirdi, necə oldu istefa verdi?[/b] - Bu hadisə elə belə baş vermədi. Akif Şahbazov istefa vermək istəməsə də, buna məcbur edildi. Doğrusu, Akif Şahbazov bu addımı atmağa məhkum idi. Onun fəaliyyətsizliyi və bu fəaliyyətsizliyi partiya üzvlərinin qəbul etməməsi Akif Şahbazovu məhkum etdi ki, istefaya getsin. [b]- Ancaq istefasının səbəblərini açıqlayarkən, Rəsul Quliyevin ölkəyə qayıtmasının təmin olunması missiyasını yerinə yetirə bilmədiyi üçün belə bir addım atdığını bildirib?[/b] - Bu, çox səhv fikirdir. Birincisi, Akif Şahbazov kimdir ki, belə bir işi yerinə yetirə bilsin. O, Azərbaycanın prezidenti deyildi ki, üzərinə elə bir missiya götürürdü. Bu missiyanı o adam üzərinə götürə bilər ki, heç olmasa, bu işi həll etmək üçün onun 50-50-yə şansı olsun. Azərbaycanda heç bir partiya sədrinin bu missiyanı üzərinə götürmək imkanı yoxdur. Hətta o vaxt Akif Şahbazov deyəndə ki, mən Rəsul Quliyevin qayıdışı üçün layihə hazırlamışam, mən onun qarşısına çıxdım dedim ki, bu iş sənlik deyil. Üç aydır partiyada gedən proseslər onu göstərir ki, Akif Şahbazovun istefası bu məsələ ilə bağlı deyil. Ancaq mən istəyərdim ki, o, üç ay bundan qabaq istefa verəydi. Rəsul Quliyev kimi nəhəng siyasətçini Akif Şahbazov kimi birisi ölkəyə qaytara bilməzdi. Belə anormal fikirlər də yalnız ondan çıxar. Lakin səbəbindən asılı olmayaraq, Akif Şahbazovun istefası demokratiyanın göstəricisidir. Yəni zorla da olsa, ona demokratiyanın nə olduğunu göstərdik. [b]- Bəs, bunu Zəminə Dünyamalıyevanın qələbəsi kimi qəbul etmək olarmı?[/b] - Məsələni bu cür qiymətləndirmək istəməzdim. Deyərdim ki, ACP-də demokratik düşüncəli insanların çoxluğu Akif Şahbazovu istefaya göndərdi. [b]- Sədrin istefasından sonra Rəsul Quliyevlə əlaqə saxlamısınızmı?[/b] - Hələlik Rəsul müəllimlə danışmamışam. Mənə elə gəlir ki, buna ehtiyac da yoxdur. Çünki Rəsul Quliyev özü qeyd etmişdi ki, partiya rəhbərliyində dəyişiklik olmalıdır. Ondan öncə də Akif Şahbazov demişdi ki, Rəsul Quliyev istəsə, mən partiya sədrliyindən gedərəm. [b]- Ola bilərmi ki, Akif Şahbazovun istefası Rəsul Quliyevin tələbi ilə reallaşıb?[/b] - Mən bu barədə dəqiq bir söz deyə bilmərəm. Amma Akif Şahbazovun mətbuata istefa ilə bağlı verdiyi açıqlamadan belə məntiq çıxır. [b]- Necə düşünürsünüz, bundan sonra ACP-ni dirçəltmək mümkün olacaqmı? [/b] - Məlum olduğu kimi, Akif Şahbazov İdarə Heyətinin iclasında istefa qərarını açıqlayıb. Ancaq istefanın qəbulu İdarə Heyətinin səlahiyyətində deyil. Ali Məclis çağırılmalıdır və onun istefası orada müzakirə olunub qəbul edilə bilər. Əgər kimsə sədrlik missiyasını boynuna götürəcəksə və bu missiyanı layiqincə yerinə yetirə biləcəksə, partiyanın ayağa durmasına böyük şans var. [b]- Sədrlik missiyasını öz üzərinizə götürmək fikriniz varmı?[/b] - Bu günə qədər yox. Məsələ burasındadır ki, partiya sədri olmaq hər şey olmaq demək deyil. Bunun üçün sən problemləri həll etmək gücünə malik olmalısan. O da təkcə məndən asılı deyil. İndi bu məsələ Məclisdə müzakirə olunacaq, hansı qərar veriləcəksə, ona hörmətlə yanaşacağıq. Mənim sədr olmağıma gəlincə isə gəlin, bu barədə danışmağa tələsməyək.

Digər xəbərlər
SON XƏBƏRLƏR