21-06-2009 [07:55]
[b]"Onlar mənim estetik tələblərimə, rejissor baxışıma cavab vermir. Səhnə isə peşəkar, səviyyəli tamaşalar tələb edir" [/b]
Üç teatrın - Dövlət Gənclər, Gənc Tamaşaçılar və Dövlət Kamera teatrlarının birləşdirilməsi haqqında söz-söhbətdən iki aydan çox vaxt keçir. Amma Gənclər Teatrı ilə Gənc Tamaşaçılar Teatrının "calağı" baş tutsada, Kamera Teatrı hələ də "budaqdan asılı" vəziyyətdə qalıb. Teatra baş rejissor təyin edilən xalq artisti Cənnət Səlimova da bu səbəbdən yeni kollektivə lazımi səviyyədə təqdim olunmayıb. Səbəbini C.Səlimova özü açıqlayır:
- Əslində bu çox qüsurlu bir işdir. Əmr verilib, iki teatr -Dövlət Gənclər və Gənc Tamaşaçılar teatrları birləşib. Teatrın divarlarında hər şey öz əksini tapıb. Şəkillər asılıb, aktyorlar otaqlarla təmin edilib, bir sözlə, bu teatrlar artıq yerləşib. Amma Bakı Kamera Teatrı havadan asılı vəziyyətdədir. Bu teatrın birləşməsi barədə hələ ki, əmr verilməyib. Bakı Kamera Teatrı haqqında isə bir söz deyən yoxdur. Deyirlər ki, guya sənədləri hazırlayırlar. Biz də gözləyirik.
[b]- Yeni vəzifəyə təyin edilərkən, nazir Əbülfəs Qarayevlə görüşünüz baş rejissor təyin olunduğunz teatrda baş tutub, yoxsa... [/b]
- Nazirlikdə. O görüşdən sonra düz iki ay yarımdır ki, biz gözləyirik.
[b]- Deyilənə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Kamera Teatrının Gənc Tamaşaçılar Teatrına birləşməsinin əleyhinədir. Doğrudurmu? [/b]
- Bəli, belə fikir vardı. Hacıbala Abutalıbov dedi ki, siz çox gözəl işləyirsiniz. Bu cür işin qarşısında başqa teatra birləşmək nəyə lazım? Mən də dedim ki, teatr üçün ən vacib olan bir şey var: bina. Bizimsə yerimiz-yurdumuz yoxdur. Təbii ki, onlar da bununla razılaşdı. Açığı, onun Kamera Teatrı üçün şəhərin mərkəzində bina tikməyə imkanı yoxdur. Hətta hazır binalardan otaq da ayıra bilmədi. Odur ki, bizim birləşməmizə razılıq verdi. Dedi ki, etiraz etmirəm, qoy birləşsinlər. Bəlkə belə olsa, onlar üçün daha yaxşı olacaq.
Amma Əmlak Komitəsi və başqa qurumlar var. Ona görə də bu məsələlər uzanacaq. Məsələlər öz həllini tapmayınca, məni Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivinə lazımi təqdim edən yoxdur. Bu cür işləmək isə olmur. Demək olar ki, sanki havadan asılı qalmışam, əlim işə yatmır. Deyəsən, mənim təqdim edilməyim uzun çəkcək. Amma gərək, Kamera Teatrı da birləşsin ki, görüm nə edirəm. İndi gördünüzmü ki, hansı böyük problemlər var?
Teatrın baş rejissoru olmağıma baxma, çox böyük problemlərim var. Bu gün tamaşaçılara nə lazımdır? Necə etmək lazımdır ki, bizim dahi klassika yenidən gündəmə gəlsin? Bu problem deyilsə, bəs nədir? Hansı teatrın repertuarında klassika var?
[b]- Dahi klassika deyəndə kimləri nəzərdə tutursunuz?[/b]
- Mirzə Fətəli Axundovu, Nəcəf bəy Vəzirovu, Hüseyn Cavidi, Əbdürrəhim bəy Haqverdiyevi, Cəfər Cabbarlını və s. Adları çəkilən bu klassiklərin əsərlərindən elə bir səhnə əsəri yaratmaq lazımdır ki, tamaşaçılar böyük məmnuniyyətlə razı qalsınlar. Könüllü şəkildə hamı teatra axışsın. Güclə, zorla tamaşalara getmək nə vaxta kimi davam edəcək? Əsgərləri güclə cərgəyə düzən kimi, tamaşaçıları da teatra gəlməyə məcbur edirlər. Amma mənə nə belə tamaşa, nə də tamaşaçı lazım deyil. Biz bunu düzətməliyik. Bu isə çətin məsələdir.
[b]- Amma əsl rejissor çətinliklərə sinə gəlməyi bacarmalıdı.[/b]
- Mən demirəm ki, bacarmaram. Bu gün bütün teatrların bir problemi var, o da tamaşaçılarla ümumi dil tapmaqdır. Bu, çox vacib prosesdir. Çünki bizim nəslimiz öz keçmişini bilmirsə, dahi klassiklərinə qiymət verməyi bacarmırsa, gələcək naməlumdur. Gənc Tamaşaçılar Teatrı bunun öhdəsindən gəlməlidir.
[b]- KVN-nin pərəstişkarları artdığı bir zamanda paytaxt teatrları tamaşaçı sarıdan əziyyət çəkir. Niyə? [/b]
- Bu düzgün yanaşma deyil. Mən razıyam, KVN-nin tamaşaçıları başından aşır, bütün tamaşalarında zal dolu olur. Həmişə tamaşaları anşlaqla keçir. Amma onlar bu tamaşanı 5 dəfədən artıq nümayiş etdirə bilmirlər. Əgər KVN bir ildən sonra həmin tamaşanın afişasını assa, heç kim gəlməyəcək. Onların bütün tamaşalarının ömrü 5 dəfədir.
Amma Kamera Teatrında elə tamaşalar var ki, 10 ildən yuxarıdır repertuardadır, sevilə-sevilə baxılır. Məsələn, M.F.Axundovun "Hekayəti xırs quldurbasan" tamaşası 10 il, "Şeyx Sənan" 3 il, "Misyo Jordan və Dərviş Məstəli Şah" əsəri 15 ildir ki, repertuardadır. Hər biri anşlaqla keçib. Kamera yegənə teatrdır ki, tamaşaçısı həmişə bol olub. Çünki Kamera Teatrı balaca bir məkandı, 70 nəfər tamaşaçısı olur. Bunu nəzərə aldıqda, bizim teatrların KVN kimi şou bazarına işləyən bir teatrla müqayisəsi düzgün deyil. Bizim öz üstünlüyümüz, onun isə öz üstülüyü var.
Amma mənə elə gəlir ki, tamaşaçılarla canlı əlaqə saxlamaq, ünsiyyət qurmaq lazımdır. Həm də bu gün böyük teatr zallarına elə də ehtiyac yoxdur və mən böyük zalların əleyhinəyəm.
[b]- Nəyə görə? [/b]
- Bizim böyük teatr zallarımız 1000-2500 yerdən ibarətdir. Aktyor pafosla danışmalı və bütün tamaşaçılar onun danışığını eşitməlidir. Bizim belə dahi aktyorlarımız var. Onlar güclü enerjiyə malikdir və zalı ələ almağı bacarırlar. Bizsə orta aktyorlardan söhbət edirik. Məncə, əsl teatr üçün 400-500 nəfərlik zal kifayətdir. Bu artıq elitar sənətdir. İstər KVN, istərsədə şou-biznes müğənniləri üçün sənət başqa meyardır. Onları pul maraqlandırır, bizisə sənət. Həm də biz istəyirik ki, Gənc Tamaşçılar Teatrının adı dəyişdirilsin. Bununla bağlı müzakirələr aparırıq.
[b]- Teatra hansı adları təklif etmisiniz? [/b]
- Baş rejissor kimi mən də Gənc Tamaşaçılar Teatrının adının dəyişdirilməsinin tərəfdarlarındanam. Artıq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə ölkə prezidentinə məruzə edib. Gənc Tamaşaçılar Teatrının adı sovetlərdən qalmadır. Bizim hökumətin sovet dövründə belə teatrlara marağı vardı. Həmişə onları başqaları idarə edib, yaradıcı insan heç vaxt azad olmayıb. Hamını məcbur ediblər ki, danışmasın, qulaq assın. Bu, sırf sovet hökumətinin anlayışı, totalitar təfəkkürün nümunəsidir.
[b]- Bəs, Gənc Tamaşçılar Teatrı necə adlanmalıdır? [/b]
- Müasir Teatr, Yeni Nəsil Teatrı və s. adla.
[b]- Bu adı daşıyacaq teatrda həm də uşaqlar üçün tamaşalar hazırlanacaq? [/b]
- Bəli. Azərbaycan Milli Akademik Teatrının repertuarında uşaqlar üçün 5, Rus Dram Teatrında 10, Muskomediyada 3 adda uşaq tamaşaları var. Bizim teatrda da həmçinin. Burada bütün yaş dövrü üçün tamaşalar qoyulmalıdır. Yaxşı əsər yaxşı tamaşaçı gətirər. Mənim arzum yaratmaqdır. Baba, nənə, nəvə, valideynlər, bir sözlə, bütün ailə tamaşalara baxıb ləzzət almalıdır.
[b]- Ad dəyişmək çətin deyil. Kollektivə qaynayıb-qarışmaq məsələsi də var... [/b]
- Üç teatr bir məkanda birləşirsə, həm də unutmamalıyıq ki, hər bir teatrın öz estetikası var. Mən ümidvaram ki, bu ayrıseçkilik aradan götürüləcək. Çünki hamımız bu torpaqda yaşayır, bu torpağın ağrı-acısını bilirik. Məhz bu məqsəd bizi birləşdirsə, qalib gələcəyik.
[b]- Hətta üç teatrdan bir "futbol komandası" düzətmək... [/b]
- Çox çətin məsələdir. Bir il müddətində bu məsələni həll etmək olamaz. Buna zaman lazımdır. Rəhbərlik etdiyim kollektiv mənim peşə dilimi bilsə də, bu iki teatrın aktyorları bunu bilmir. İlk öncə bundan başlamaq lazımdır.
Aktyor sənətinin metodikası ilə Cənnət Səlimovanın metodikası başqa-başqa şeylərdir. Biri pafosla oynamaq istəyir, digər biri pantomim, başqa birisi isə rol aldığı obrazın həqiqi həyatını yaşamağa çalışır.
[b]- Baş rejissor kimi tamaşa hazırlığına başlamısınızmı?[/b]
- Əvvəlcə dahi klassiklərimizdən başlamaq istəyirəm. Sonra isə dünya klassiklərindən.
[b]- Deyilənə görə, üç teatrın birləşdiyi kollektivdə ilk dəfə ayrıseçkiliyə Siz başlamısınız. Yəni, oturduğunuz kreslonun əvvəlki sahibi, rejissor Loğman Kərimovun quruluş verdiyi bütün tamaşaları teatrın repertuarından çıxarmısınız. Niyə?[/b]
- Əslində, bu Loğman Kərimov məsələsi deyil. Bu teatrın repertuarında iki tamaşaya baxmışam, xoşuma gəlib. Həmin tamaşalar repertuarda qalacaq. Gənclər Teatrından isə heç bir tamaşa repertuara salınmayacaq.
[b]- Yəni, Cənnət Səlimova üçün Gənclər Teatrının repertuarı bu qədər zəifdir?[/b]
- Dövlət Gənclər Teatrının bütün səhnə avadanlıqları başqa teatra bağışlanıb. Paltarlar, səhnə tərtibatı yoxdursa, aktyorlar necə oynaya bilər? Bu teatrın kollektivi çox istedadlıdır. Onların arasında savadlı aktyor heyəti mövcuddur. Həmçinin teatrda böyük zövq var. Bu da teatr sənətində böyük amildir.
Gənc Tamaşaçılar Teatrında isə vəziyyət başqadı. Bu teatrın repertuarındakı tamaşalar zəifdir. Onlar mənim estetik tələblərimə, rejissor baxışıma cavab vermir. Səhnə isə peşəkar, səviyyəli tamaşalar tələb edir. Ona görə də bundan sonra bu səhnədə özfaliyyət qadağandır. Mən buna icazə verməyəcəm. Burda kimlərsə gün keçirib. Amma belə olmaz.
[b]- Kamera və Gənclər Teatrının yaradıcı heyətini peşəkar, Gənc Tamaşaçıları isə qeyri-peşəkar hesab edən baş rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsərlərin rol bölgüsündə də ayrıseçkilik salacağı deyilir. [/b]
- Ancaq bir məqsəd var: bu səhnədə Hüseyn Cavid, Haqverdiyev düzgün səslənsin. Söz vermişəm ki, ilk quruluş verdiyim əsərdə bütün yaradıcı heyət rol almalıdır. Mən, aktyorların istedadlı olub-olmamasını işləyəndə yoxlayıram. Elə aktyor var ki, onu sanki kor ediblər. Başına yeridiblər ki, sən zəif aktyorsan. Mən isə balaca bir epizodla onun dahi olduğunu isbatlamağa hazıram. Əgər kimdə istedad varsa, o mütləq üzə çıxacaq.
O ki qaldı Loğman Kərimova, mənim ona hörmətim var. Gənc rejissordur. Aktyor və rejissor elə bir anlayışdır ki, gərək bu münasibətə heç kəs qarışmasın. Sanki bir ailədir. Hər kəsə münasibət var. Ümumiyyətlə, mən hakim deyiləm. Kimin haqlı, kimin haqsız olduğunu da deyə bilmərəm. Amma bir şeyi deyə bilərəm ki, rejissor böyük və zəngin olmalıdır. Əgər onun içərisində bunlar yoxdursa, deməli, onun quruluş verdiyi əsərlər heç nədir.
[b]- Rəhbəri olduğunuz Kamera Teatrının mənasını hələdə düzgün anlamayanlar var...[/b]
- Bu çox intim teatrdı. Məhdud məkan... Bu ad mənim xoşuma gəlir. Gənc Tamaşaçılar Teatrının 5-ci mərtəbəsində məhz bu teatr üçün zal nəzərdə tutulub. Səhnəsi də müasir avadanlıqla təhciz edilib. Kamera Teatrı orada tamaşalar göstərəcək. Mono-tamaşalar, eksperimental tamaşalar da nümayiş olunacaq.
[b]- Xalq artisti Amaliya Pənahova "Teatrlar haqqında" Qanuna etiraz edərək, deyib ki, teatr hara, prdüser hara? Siz necə düşünürsünüz? [/b]
- Çox heyflər olsun ki, Amaliya Pənahova bunları dərindən bilmir. Prodüser özəl teatrlar üçün çox vacibdir. Bizim çalışdığımız teatr isə dövlətin tabeliyindədir. Belə teatra prodüser nəyə görə lazımdır? İndi prodüser çox axmaq bir şeydir. Bizə pulu kim verir? Nazirlik. Biz kimin qarşısında cavabdehik? Dövlətin. Amaliya xanım qoy cavab versin ki, görüm, prodüser kimə və nəyə görə lazımdır? Tamaşalar dövlətin sifarişi ilə səhnələşdirilir. Dövlətin malını satmaq olar?
[b]- Dövlət Sizə Avropa üslubunda teatr binası təhvil verdi. Bəs, Siz Azərbaycanın teatr sənətini Avropada təmsil edə biləcəksinizmi? [/b]
- Mən buna çalışıram.
[b]- Amma Azərbaycan teatrları Türkiyədən o yana keçə bilmədikləri halda, gürcü həmkarlarınız Londonda "Kral Lir" tamaşasını göstərir. [/b]
- Onların səviyyələri çox yüksəkdir. Bizim onlara çatmağımıza çox var.
[b]Bahar RÜSTƏMLİ [/b]