?QHT-lər haqqında? qanununun müzakirəsi iyunun 30-na qaldı

img

19-06-2009 [09:12]


Milli Məclisin bugünkü iclasının ikinci hissəsində deputatlar uzun müddətdir gərgin müzakirələrə səbəb olan qanun layihələrini müzakirə ediblər. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov bildirib ki, ?Dini etiqad azadlığı haqqında? qanunun 8-ci maddəsinə təklif edilən ?islam dini ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur? dəyişikliyi düzgündür: ?Konstitusiyaya görə, din dövlətdən ayrıdır, amma bu heç bir halda dövlətin dindən ayrı olması kimi qəbul olunmur. Təklif olunan əlavə və dəyişikliklər dini etiqad azadlığına toxunmur. İbadət yerlərinə rəhbər şəxslərin təyin olunması məsələsi də dövlət orqanı ilə QMİ arasında münasibətləri tənzimləyir?. 21-ci maddəyə təklif olunan ?İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər? cümləsinə gəlincə, Ə.Hüseynov deyib ki, bu, cəmiyyətdə müzakirə və mübahisələrə səbəb olub: ?Amma düzəliş dini təhsilin inkişafına səbəb olacaq və heç bir halda insanların başqa ölkədə dini təhsil almaq hüquqlarını məhdudulaşdırmır. Vətəndaşlar yenə də təhsil almaqda azaddırlar?. QHT qanununa əlavə və dəyişikliklər barədə danışan komitə sədri deyib ki, bu layihə birləşmək azadlığını məhdudlaşdırmır, əksinə, birləşmək azadlığından sui-istifadələrin qarşısını almağa yönəlib. Müzakirələr zamanı deputat Aydın Mirzəzadə bildirib ki, QHT-lərə yardım formasında Azərbaycana 20 milyon dollara yaxın pul gəlib, amma bu pulların hansı mənbələrdən gəldiyi və hara xərcləndiyi məlum deyil. A.Mirzəzadə ?bu sahədə şəffaflıq yaradacağı üçün? təklifləri dəstəkləyib. Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, ?Dini etiqad azadlıq haqqında? qanuna dəyişikliyin tərəfdarıdır. Dini ayinləri ancaq Azərbaycanda təhsil alan şəxslərin icra etməsi ilə bağlı məqama toxunan deputat bildirib ki, bu hüquq Qafqaz Müsəlmanları İdarəsinin lisenziyası əsasında xaricdə təhsil alan şəxslərə də verilməlidir. Q. Həsənquliyev QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən əlavə və dəyişiklərdən danışaraq deyib ki, layihəni qəbul etməyə tələsmək lazım deyil: ?Ölkənin əksər QHT-ləri bunun əleyhinədir. Bu sənəd müzakirələrdən sonra payızda qəbul oluna bilər?. Deputat İqbal Ağazadə xaricdə təhsil alanlara dini mərasimlərin aparılmasında qadağa qoyulmasının insan hüquqlarının pozulması olduğunu deyib: O bildirib ki ki, Qafqaz Müsəlmanları İdarəsi bir QHT-dir, məscidlər isə dövlətin balansındadır: ?Necə olur ki, dövlətin balansında olan məscidə QHT rəhbər təyin edir? Əgər icmalar dövlət komitəsində qeydiyyatdan keçirsə, ona rəhbəri də icma üzvləri seçməlidir?. İ.Ağazadə QHT qanununa əlavə və dəyişikliklərin müzakirədən çıxarılmasını təklif edib və bunu həmin layihənin həm yerli, həm beynəlxalq qanunvericiliyə zidd olması ilə əsaslandırıb: ?QHT qanunuda yazılıb ki, 3 nəfər birləşib təşkilat yarada bilər, indi isə deyirsiniz ki, ölkənin ən azı üçdə birində QHT-nin filialı olmalıdır. Bu, hansı məntiqdir??. Oqtay Əsədov deputatın çıxışına ?sənin Azərbaycanın mənfeyinə uyğun bir cümlən olsaydı, təkliflərinə ikiəlli səs verərdim? deyə münasibət bildirib. Deputat Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmi mövqeyini açıqlayıb. Onun sözlərinə görə, şura ekspertləri təklifləri 3 qrupa ayıraraq təhlil edib - texniki xarakterli, qanunvericiliyin təkmilləşdirilməsinə yönələn və QHT sektorunda narazılıqlar və problemlər yarada bilən təkliflər. A.Quliyev şuranın ?QHT-nin nizamnamə fondu ən azı 50 min manat olmalıdır? şərtini dəstəklədiyini deyib. QHT-lərin Azərbaycan ərazisinin üçdə birində fililalının olması təklifinə gəlincə, o, bu , şərtin yumşaldılmasını, ?üçdə bir? yerinə, ?10 ərazi vahidi? sözünün yazılmasını istəyib. Deputat ?Ləğv olunan QHT-nin təsisiçisi 5 il ərzində yeni QHT təsis edə bilməz? tələbində də müddətin 2 il göstərilməsini, məcburi dövlət reyestrinə daxil edilmə, eləcə də qeydiyyatdan keçəndən sonra 30 gün ərzində üzvlərin reyestrinin aparılması və 15 gün müddətində icra orqanına təqdim olunması tələblərinin çıxarılmasını təklif edib. A.Quliyev 12.4-cü maddədə göstərilən ?Adı əhalini yanılda bilən, habelə dövlət qeydiyyatına alınmış digər qeyri-hökumət təşkilatı ilə eyni ada malik olan qeyri-hökumət təşkilatlarının yaradılmasına yol verilmir? tələbindən ?adı əhalini yanılda bilən? ifadəsinin çıxarılmasını istəyib. Xarici QHT-lərin fəaliyyəti ilə bağlı məsələdə isə iki yanaşma təklif edib. Deputat bildirib ki, dövlətin maliyyələşdirdiyi xarici QHT-lər üçün müqavilə tələbi olmalıdır, dövlətin maliyyələşdirmədiyi QHT-lər üçünsə tələb qoyulmamalıdır. Bu çıxışdan sonra iclasın vaxtı başa çatıb. Oqtay Əsədov müzakirələrin ayın 30-da davam etdiriləcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA