Iranda seçkisonrası gərginlik davam edir

img

18-06-2009 [10:57]


İranda on minlərlə adam yenidən Tehran küçələrinə çıxaraq prezident seçkisinin nəticələrinə etiraz edib. BBC-nin yaydığı xəbərə görə, müxalifət tərəfdarları çərşənbə günü Tehranın mərkəzində toplaşıblar. Bəzi məlumatlara görə, nümayişdə 70-100 min, digər xəbərlərə əsasən 150 min insan iştirak edib. Müxalifət bu gün də izdihamlı nümayiş keçirməyi planlaşdırır. Bugünkü aksiya ilə həm də son günlər toqquşmalarda öldürülən etirazçıların xatirəsi anılacaq. Məlumatlara əsasən, nümayişçilər səssiz aksiya keçirərək, hakimiyyət dairələrinə zorakı tədbir üçün əsas vermək istəmirlər. Mir Hüseyn Müsəvi bildirib ki, əgər ona efir vaxtı verilsə o, küçə aksiyalarından əl çəkə bilər. Musəvinin tərəfdarları sırasına ABŞ-da yaşayan tanınmış iranlı müğənni Ququş da qoşulub. O, öz fanatlarını Musəvini dəstəkləməyə çağırıb. Musəvi tərəfdarları arasına idmançılar da qoşulub. İran-Cənubi Koreya futbol matçı öncəsi yüzlərlə iranlı bir araya gəlib. Dünya çempionatının seçmə qrup mərhələsində 6 İran futbolçusu öz vətənlərində baş tutan seçkilərə etiraz əlaməti olaraq meydançaya qollarında və biləklərində yaşıl sarğı ilə çıxıblar. Onların bu addımla Mir Hüseyn Musəviyə dəstək nümayiş etdirdikləri bildirilir. Etiraz mitinqləri İranla yanaşı, dünyanın bir sıra ölkələrində də keçirilir. Rəsmi Tehran isə Amerikanı İrandakı vəziyyəti gərginləşdirməkdə günahlandırıb. Rəsmi Tehranın bu etirazı Ağ evin maraqlarını İranda qoruyan İsveçrənin səfirinə təqdim olunub. Ağ ev isə İslam Respublikasının ittihamları ilə razılaşmayıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli bildirib ki, İranda baş verən hadisələrə Vaşinqtonun heç bir aidiyyatı yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA