14-06-2009 [06:04]
[b]"Azərbaycanda iqtidardan başqa heç bir siyasi qüvvənin fəaliyyətinə imkan verilmir" [/b]
İsrail prezidenti Şimon Peresin Azərbaycana nəzərdə tutulan səfəri ölkəmizdəki islam təmayüllü təşkilatların etirazına səbəb olub. Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Hacıağa Nuri isə "Reytinq"ə müsahibəsində deyib ki, İsrail prezidentinin Azərbaycana gəlməsi müsəlman ölkəsi olaraq, bizim İslma dünyasında nüfuzdan düşməmizə səbəb olacaq:
- Bildiyiniz kimi, sionist, irqçi İrail rejiminin prezidenti bütün ömrünü məzlum Fələstin xalqının qanının tökülməsinə, ərazilərinin işğalına həsr etmiş adamdır. Ən sonuncu faciəli cinayətləri isə 22 günlük Qəzza hadisələri oldu. Hətta müharibədə qadağan olunmuş silahlardan istifadə etməklə, minlərlə insanı, yüzlərlə körpəni məhv ediblər. Bunun tutarlı cavabını həm Fələstin xalqı, həm də Türkiyənin qəhrəman baş naziri Rəcəb Tayyib Ərdoğan verib. O, Davos sammitində çox düzgün qeyd etdi ki, siz insan öldürməyi çox yaxşı bilirsiniz, sizin əliniz məzlumların, körpələrin, qadınların qanına bulaşıb.
Eyni zamanda Azərbaycan da Fələstindən sonra işğala məruz qalmış ölkədir. İndi işğalçı ölkənin prezidentinin Azərbaycana gəlməsi və bu günə qədər də Ermənistanı işğalçı kimi tanımaması bizə heç bir başucalığı gətirməz. Ona görə də hesab edirik ki, İsrailin prezidenti Azərbaycana gəlməməlidir.
[b]- Hakimiyyət nümayəndələri isə bu cür çıxışlara baxmayaraq, səfərin reallaşacağını deyir... [/b]
- Bizim iradlarımız elə hakimiyyətə ünvanlanıb. Özü də buna etiraz edən bir mən deyiləm, əksər müsəlmanlar da narazılığını bildirir. Biz indidən hökumətə xatırladırıq ki, bu tarixi bir səhvdir və buna yol vermək olmaz. Çünki onlar bir gün tarix qarşısında məsuliyyət daşıyacaqlar. Belə bir şəxsin Azərbaycana gəlməsi tariximiz üçün ləkədir.
Bu gün Azərbaycan İslam dünyasından başqa beynəlxalq təşkilatlarda lazımi səviyyədə müdafiə olunmur. İsrailin özü Azərbaycanın ərazi bütövlüyünə bitərəf mövqe bildirir. İsrail işğal olunmuş ərazilərimizdə nə qədər şirkətlərə malikdir, onlar ermənilərlə dostluq əlaqəsindədirlər. Amerikada erməni lobbisi yəhudi lobbisi ilə müştərək hərəkət edir. Bu günə kimi yəhudi lobbisi Azərbaycanın tapdalanmış hüququnu müdafiə etməyib. Ona görə də hakimiyyətə mesaj veririk ki, bu, olduqca səhv addımdır.
[b]- Bu istiqamətdə hansısa etiraz aksiyaları keçirmək niyyətiniz varmı? [/b]
- Əlbəttə ki, qeyri-hökumət təşkilatları, siyasi pariyalar, ictimai təşkilatlar belə bir aksiya keçirsələr, mən də bir vətəndaş kimi onların sırasına qoşulacağam. Amma indi Azərbaycanda bu cür etiraz aksiyalarının keçirilməsinə imkan verilmir. Yadınızdadırsa, Qəzzadakı 22 günlük faciə baş verəndə dünyanın hər yerində məzlum Fələstin xalqına dəstək olaraq etiraz aksiyaları, nümayişlər keçirildiyi halda, Azərbaycanda buna etiraz edənləri zindanlara saldılar, cəzalandırdılar. İndi İsrail prezidentinin Azərbaycana gələməsinə qarşı etiraz aksiyalarının keçirilməsinə imkan veriləcək-verilməyəcək bilmirəm. Amma hər halda Azərbaycan xalqı öz etirazını bildirib. Qərar vermək isə hakimiyyətin əlindədir.
[b]- Əvvəllər rəhbəri olduğunuz İslam Partiyasının son dövrlər fəaliyyəti görünmür. Bunu nə ilə əlaqələndirirsiniz? [/b]
- Azərbaycanda iqtidardan başqa digər mövqeli partiyalara lazımi şərait yaradılmır. İslam Partiyası milli adət- ənənəni, mənəvi, islami əxlaqi dəyərləri təbliğ edən bir təşkilatdır. Amma partiyanın fəaliyyətinə maneçiliklər törədilir. Partiya qeydiyyata alınmır, failiyyətinə lazımi şərait yaradılmır. Qeyd etdiyim kimi, Azərbaycanda iqtidardan başqa heç bir siyasi qüvvənin fəaliyyətinə imkan verilmir. Bir misal göstərin ki, hansısa partiya iqtidara yaxın olmasın, amma onun normal fəaliyyətinə imkan yaradılsın. Bu baxımdan, İslam Partiyasının imkanları daha da məhdudlaşdırılıb. İndi onlar öz imkanları çərçivəsində fəaliyyət göstərməyə çalışırlar. Bu məmləkətdə isə başqa cür fəaliyyət göstərmək mümkün deyil.
[b]- Niyə ki, Sizin sədr olduğunuz dönəmdə İslam Partiyası siyasi qüvvə kimi ortada idi, amma indi varlığı hiss olunmur...[/b]
- İslam Partiyasında olan gənclər savadlıdır. Hələ bir az cavandırlar, yaxın gələcəkdə onların da fəaliyyəti güclənər. Amma gərək, partiya üçün normal şərait yaradılsın.
İslam Partiyası heç vaxt öz əqidəsindən, yolundan dönməyib. Hər zaman ali baş komandanın əmrinə hazırdırlar ki, Qarabağ uğrunda müharibədə öndə getsinlər. Sadəcə olaraq, Azərbaycanda bu şərait yoxdur. Düşünürəm ki, şərait yaranan kimi, İslam Partiyası da fəaliyyətini gücləndirəcək.
[b]- Hacı, artıq İranda prezident seçkiləri başa çatıb. Nəticələrlə bağlı Sizin də mövqeyinizi öyrənmək istərdik. [/b]
- Mən öncə qəzetiniz vasitəsi ilə ilə dost, qardaş İran xalqını təbrik edirəm. İranda hətta Qərb demokratiyasından da demokratik seçki keçirildi. Bu seçkilərdə namizədlərə kifayət qədər normal şərait yaradıldı. Əsas odur ki, seçkidə iştirak edən 4 namizədin hər biri İslam inqilabında kifayət qədər tanınmış şəxsiyyətlər və xidməti olan insanlardır.
İranda çox millət, xalq yaşayır, namizədlərin hərəsi də bir milləti təmsil edirdi. Təbii ki, seçki prosesində hər bir ölkədəki kimi, orada da bəzi çatışmazlıqlar oldu və ən nəhayət, İran xalqı öz seçimini etdi. Mən də hesab edirəm ki, doktor Əhmədinejadın qələbə çalması onun dörd illik fəaliyyətinin nəticəsi idi.