14-06-2009 [05:56]
[b]"Xalqın bu günə düşməsində, siyasətçilərə inanmamasında müxalifətin iqtidardan çox rolu var. Xalqı həmişə aldadıblar, xalq ayağa qalxanda, aparıb xalqın başını divara çırpıblar" [/b]
Sağ təmayüllü siyasi partiyalar kimi, solçular da qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştiraka hazırlaşır. Artıq bir neçə kommunist partiyası vahid blokda birləşərək, birgə mübarizə barədə qərar veriblər. Sol təmayüllü Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) isə bu birliklərdən kənarda qalıb. ASDP həmsədri Araz Əlizadə həmin birlikləri perspektivsiz sayır:
- Bizim heç kimə, heç bir qüvvəyə qoşulmaq fikrimiz yoxdur. Kommunist partiyaları blok yaradır, özləri bilər. Onlara müvəfəqiyyət arzulayırıq. Ancaq onlarla bir blokda olmaq fikrimiz yoxdur.
[b]- Niyə bloklardan kənarda qalırsınız? [/b]
- Azərbaycan siyasətçilərinin bloklaşma, birlik yaratmaq üçün siyasi mədəniyyəti yoxdur. Biz dəfələrlə bunu sınaqdan keçirmişik və bilirik ki, Azərbaycanda əməkdaşlıq etməli hər hansı bir qüvvə yoxdur. Ona görə də heç bir birliyə qoşulmuruq.
[b]- Bu günə qədər sağ təmayüllülərlə bir yerdə olmusunuz, indi isə solçuların birliyi yaranır...[/b]
- Xeyr. Vaxtiylə bizim təşəbbüslə "Sosialist Azərbaycanı" bloku yaranmışdı. Həmin bloka iki Kommunist Partiyası və biz daxil idik, amma sonra elə bizim təşəbbüslə o bloku buraxdıq.
[b]- Vaxtiylə Azərbaycançı Qüvvələr Birliyində (AQB) də təmsil olunurdunuz...[/b]
- (Tələsik) Azərbaycançı Qüvvələr Birliyinin çox gözəl gələcəyi ola bilərdi. Təəssüflər olsun ki, alınmadı.
[b]- AQB-nin yenidən bərpası mümkündürmü? [/b]
- Xeyr. Mənə elə gəlir ki, bu, qeyri-mümkündür. Çünki bir çaya iki dəfə girmək mümkünsüzdür. O baxımdan, Azərbaycançı qüvvələrin yenidən formalaşacağına inanmıram.
[b]- Ancaq İslam Partiyası AQB-ni yenidən dirçəltmək istəyirdi... [/b]
- Allah işlərini avand eləsin! Qoy, yaratsınlar. Biz qərara gəlmişik ki, heç bir blokda olmayaq. Ona görə də Azərbaycançı qüvvələr yenidən yaradılsa belə, ASDP orada təmsil olunmayacaq.
[b]- Araz müəllim, bəzi mətbu orqanlarda belə fikirlər sələnirdi ki, hazırda hakimiyyətyönlü mövqeyə keçən Tahir Kərimli Sizi hakimiyyətlə calaşdırmağa çalışır. Bu barədə nə deyə bilərsiniz?[/b]
- Bunların hamısı boş-boş söhbətlərdir. Dediyiniz məsələ ilə bağlı heç kimlə hər hansı danışıq aparmamışıq. Yəqin ki, bizim buna ehtiyacımız da yoxdur.
[b]- Yəni eks-prezident, ASDP-nin həmsədri Ayaz Mütəllibovun ölkəyə qayıda bilməsi üçün hakimiyyətlə münasibətləri normallaşdırmaq istərsiniz... [/b]
- (Sözümüzü kəsərək) Sosial Demokrat Partiyasının həmişə öz mövqeyi olub. Biz artıq 20 ildir ki, yeni yolu tutub gedirik. İndiyədək bir dəfə də olmayıb ki, yolumuzu dəyişək. Hesab edirəm ki, bundan sonra da bu yolumuza davam edəcəyik.
[b]- Ümümiyyətlə, Sizin mövqeyiniz nədən ibarətdir? [/b]
- Bizim mövqeyimiz konstruktiv müxalifət mövqeyidir. İqtidarın düzgün, ağıllı işlərini dəstəkləmək, səhlərini ona göstərmək konstruktiv müxalifətin vəzifəsidir. Biz də bu vəzifəni yerinə yetiririk.
[b]- Axı, Azərbaycan hakimiyyəti konstruktiv müxalifəti qəbul etmir. [/b]
- O ayrı məsələdir. Hesab edirəm ki, hakimiyyətin bu cür davranması müxalifətin öz günahıdır. Müxalifət güclü olmalıdır ki, hakimiyyət onunla hesablaşsın. Hakimiyyət zəif müxalifətlə nəyə görə hesablaşmalıdır?
[b]- Sizcə, müxalifət niyə güclü ola bilmir? [/b]
- Artıq Azərbaycan siyasətində siyasi romantizm dövrü bitib. Həmin dövr 80-ci illərin sonu 90-cı illərin əvvəllərində idi. O dövr bitib, indi siyasi fəaliyyəti aparmaq üçün maddi imkanlar olmalıdır. Bu gün maddi imkan ancaq hakimiyyətyönlü qüvvələrin əlindədir. Ona görə də müxalifət zəifdir. Sağ müxalifətin bədbəxtliyi ondadır ki, 89-cu ildən bu yana daim xalqı aldadıblar, yalan deyiblər, ancaq bir dəfə də tövbə etməyiblər.
[b]- Yaxşı, müxalifət bu vəziyyətdən çıxmaq üçün nə etməlidir? [/b]
- Mən bir daha deyirəm ki, zəifik, amma əlimizdən gələni edirik.
[b]- Hələlik ortada bir şey yoxdur, konkret olaraq, Araz Əlizadə nə edir? [/b]
- Hər halda xalq arasında az-çox nüfuzumuz var. İnsanlarla görüşürük, təbliğatımızı aparırıq, sözün düzünü onlara deyirik. Lakin nə edək ki, zəifik? Axı bu gün güclü partiya yaratmaq üçün yaxşı maddi imkanlar olmalıdır.
[b]- Maddi imkanları cəlb etmək üçün də müxalifət perspektiv vəd etməlidir... [/b]
- Bir şeyi deyim ki, Azərbaycanda heç kəs maddi imkanları öz təşkilatına cəlb edə bilməyəcək. Xaricdən isə maddi imkanlar almaq qanunaziddir.
[b]- Bəs, partiyaların dövlətdən maliyyələşməsi necə?[/b]
- Onların hamısı boş şeylərdir. Dünyada ancaq parlamentə düşən partiyalar dövlətdən maliyyələşir. Parlamentə də hansı qüvvələrin düşdüyünü yaxşı bilirsiniz.
[b]- Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı ASDP hansı işləri görür? [/b]
- Bələdiyyə seçkilərində bizim namizədlər iştirak edəcək. Amma biz bunu mərkəzləşdirilmiş qaydada həyata keçirməyəcəyik. Kim özündə seçkilərdə iştirak etmək gücünü görürsə, o da prosesə qatılacaq. Çünki maddi imkanlar yoxdur ki, mərkəzləşdirilmiş şəkildə öz namizədlərimizə yardım edək.
[b]- Ümumiyyətlə, seçkidən nə gözləyirsiniz? [/b]
- Yeni heç nə gözləmirəm.
[b]- Müxalifət iddia edir ki, seçkilərin nəticələri saxtalaşdırılacaq, hakimiyyət öz namizədlərinin qalib gəldiyini elan edəcək... [/b]
- Azərbaycanda bu günə kimi keçirilən seçkilər necə keçirilibsə, qarşıdan gələn bələdiyyə seçkiləri də elə keçiriləcək. Bir şeyi də deyim ki, artıq seçkilərdə saxtalaşdırma olmur. Bu saxtalaşdırmaya zərurət də yoxdur. Çünki seçicilər məmnuniyyətlə öz səslərini satırlar. Kim o səsləri ala biləcəksə, o da seçiləcək.
[b]- Sizcə, bu tendensiyanın yaranmasında kim təqsirlidir? [/b]
- Bu vəziyyətin yaranmasında həm müxalifət, həm iqtidar günahkardır. Hər ikisinin günahları bərabərdir, yəni 50/50-yədir.
Müxalifət o qədər zəif oldu ki, hakimiyyət onunla hesablaşmır. Əgər müxalifət güclü olsaydı, hakimiyyət elə şərit yaratmazdı ki, insanlar öz səslərini satsınlar.
[b]- Siz 2008-ci il prezident seçkilərində İlham Əliyevi dəstəklədiniz, bələdiyyə seçkilərində necə, hakimiyyətə dəstək verəcəksinizmi? [/b]
- Öncə onu deyim ki, mən 2008-ci il prezident seçkilərində heç kəsi dəstəkləməmişdim. Sadəcə olaraq, mən demişdim ki, budəfəki prezident seçkilərinin favoriti İlham Əliyevdir və o, qalib gələcək. İndi bu, o demək deyil ki, mən onu dəstəkləmişəm. Məgər həqiqəti demək, kimisə dəstəkləmək anlamına gəlir?
Mən proqnoz vermişəm və demişəm ki, nəticə İlham Əliyevin qələbəsi ilə olacaq. Yəni mən həqiqəti demişəm. Daha bəzi namizədlər kimi xalqı aldatmamışam ki, mən gələcəm, qalib olacam. Əgər bilirsən ki, qalib gəlməyəcəksən, niyə xalqı aldadırsan? Qaldı ki, bizim tərəfdarlarımızın kimə səs verməsinə, biz əvvəlcədən partiyada elan etmişdik ki, kim hansı namizədə istəsə, ona səs verə bilər. Əgər siz dediyiniz kimi olsaydı, Araz Əlizadə partiyanın rəhbəri kimi çıxıb deyərdi ki, Sosial Demokrat Partiyası İlham Əliyevi dəstəkləyir, hamı ona səs versin.
[b]- Hər halda nəticələrdən sonra təbrik məktubu göndərdiniz... [/b]
- Göndərdik. Mədəni ölkələrdə də belədir. Əgər sən qarşı tərəfin qalib gəldiyini qəbul edirsənsə, mütləq təbrik məktubu göndərirsən. Biz də belə elədik.
[b]- Mədəni ölkələrdə hakimiyyət də müxalifətə hörmətlə yanaşır... [/b]
- Mən görmədim ki, 2008-ci il seçkilərində prezidentliyə namizədlərə qarşı hansısa hörmətsizlik olsun.
[b]- Mən müxalifəti nəzərdə tuturam... [/b]
- Niyə ki? Müxalifətdən İqbal Ağazadə var idi, ikinci yeri tutdu. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu var idi, onların hansınasa qarşı hörmətsizlik olub? Yəni hakimiyyətin hörmətsizliyini görməmişəm.
[b]- Hakimiyyət Sizə hansı hörməti göstərib? [/b]
- Vallah, mənim üçün ən böyük hörmət olardı ki, Qarabağı azad etsinlər.
[b]- Bəs, Ayaz Mütəllibovun ölkəyə qayıdışının təmin edilməsi necə? [/b]
- Ayaz Mütəllibovun ölkəyə qayıtması Sosial Demokrat Partiyasının həmsədri olub-olmamasından asılı olmayaraq, Azərbaycanın şərəf məsələsidir. Hələlik mən bu istiqamətdə müsbət addım görmürəm. Bu da Azərbaycana müsbət mənada heç nə gətirmir.
[b]- Müxalifətin budəfəki seçkilərdə perspektivini necə görürsünüz? [/b]
- Əvvəlki seçkilərdə nəticə necə olubsa, elə də olacaq. Yəni müxalifət məğlub olacaq. Müxalifətin qalib gəlmək üçün heç bir gücü yoxdur. Çünki artıq cəmiyyət onlara inanmır.
[b]- Son dövrlər hakimiyyəti kənarda qoyub, nədənsə müxalifəti tənqid edirsiniz. Bu nə ilə bağlıdır? [/b]
- Niyə ki? Mən deyirəm ki, Azərbaycan iqtidarının xarici siyasətini dəstəkləyirəm, daxili siyasətindən isə narazıyam. Bu gün ölkədə korrupsiya tüğyan edir, sosial ədalət yoxdur, əhalinin 7-8 faizi qudurğan həyat tərzi keçirir, qalanları isə yoxsulluq həddindədir. Bunlar tənqid deyil, bəs nədir?
[b]- Onda bu hakimiyyətin dəyişməsi üçün xalq niyə hər hansı bir addım atmır? [/b]
- Bəli. Bu gün xalq bu hakimiyyətdən narızıdır. Xalqı zorla nəyəsə məcbur etmək olmaz. Xalq özü dərk edəndə ki, o xalqdır, onda öz mövqeyini ortaya qoyacaq. Əgər xalq hələ indiyə qədər özünü xalq kimi dərk etməyibsə və həmişə deyibsə ki, məndən heç nə asılı deyil, nəsə edə bilmərəm, o xalq elə bu cür həyata da layiqdir.
[b]- Bəlkə xalqın öndə gedəsi, onu istiqamətləndirəsi müxalifəti olmadığı üçün bu vəziyyətdədir? [/b]
- Bəli. Mən həmişə ona görə müxalifəti tənqid edirəm. Çünki xalqın bu günə düşməsində, siyasətçilərə inanmamasında müxalifətin iqtidardan çox rolu var. Xalqı həmişə aldadıblar, xalq ayağa qalxanda, aparıb xalqın başını divara çırpıblar. Həmişə də deyiblər ki, düz eləmişik. Bax, Azərbaycanın indki vəziyyətinin yeganə şərhi budur.
[b]Zaur ƏHMƏD [/b]