Nurəddin Məmmədli:"Azərbaycanda bu gün bir biganəlik, bir nihilizm var"

img

07-06-2009 [06:13]


[b]"Ölkə qanunlarla deyil, saxtakarlıq və zorakılıqla idarə olunduğuna görə siyasi aktivlik yoxdur" [/b] Müxalifət qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşır. Eyni zamanda cəmiyyətin seçkiyə aktiv yanaşmadığını da etiraf edir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli də seçkiyə hazırlaşdıqlarını deyir və prosesdə uğurla çıxış etməyin mümkün olduğunu düşünür: - Hələlik qanun aktiv şəkildə seçki prosesinə qatılmaq imkanı vermir. Amma bununla belə, qanunun yol verdiyi bütün ilkin hazırlıqlar demək olar ki, başa çatmaqdadır. Bütün rayon təşkilatlarımıza bələdiyyə seçkilərində iştirakla bağlı qərarımızın olduğunu bildirmişik. Bildiyiniz kimi, hələ seçkiyə kifayət qədər vaxt qaldığına görə, iki variant üzərində məsləhətləşmələr aparılır. O variantlardan biri seçkiyə "Azadlıq" bloku çərçivəsində qatılmağımızla bağlıdır, digəri isə Qarabağ və Respublika Uğrunda Hərəkat çərçivəsində. Bu formaların hansı birinin seçilməsi isə prinsip etibarı ilə seçki prosesində iştirakla bağlı problem yaratmır. Çünki bələdiyyə üzvü olmaq üçün istənilən sayda namizəd irəli sürülə bilər ki, bu da başqa seçkilərdən fərqli olaraq, vahid namizəd məsələsi ətrafındakı mübahisələrə yol vermir. [b]- Nurəddin bəy, Qarabağ və Respublika Uğrunda Hərəkatın seçkidə iştirakla bağlı bəri başdan qərar verməsində problem var? [/b] - Narazılıq yaradacaq heç nə yoxdur. Bu, parlament seçkisi deyil ki, bir dairədə vahid namizəd üstündə mübahisələr olsun. Hər partiya öz namizədini irəli sürə və seçkidə kim çox səs alsa, o da seçilə bilər. Yəni hər hansı narazılığın ortaya çıxması üçün əsas yoxdur. Təsəvvür edin ki, 15 adam seçilməlidir, hər partiyadan 15 namizəd irəli sürülür, kim çox səs alır, o da seçilir. [b]- Belə olduqda, səslər parçalanmayacaq? [/b] - Səs parçalanması olmayacaq. Bu, tayfa seçkisidir. Biz bilirik ki, hakimiyyətə səs verən də yoxdur. Əslində bu hakimiyyət o qədər nüfuzdan düşüb ki, demokratiya şəraitində onun hansısa seçkidə səs alması mümkünsüzdür. Referendum keçirdilər, 12 faiz adam gəldi. Düzdür, sizin qəzet də dəstək verdi və elə rəy yarandı ki, guya referendum demokratik keçirilib. [b]- Düz demirsiniz, anti-referendum kampaniyası aparan müxalifətçilərin bizim qəzetdə səhifə-səhifə müsahibələri, açıqlamaları dərc olundu...[/b] - Çox sağ olun, yaxşı eləmisiniz. Bundan sonra da davam etdirin. Amma hər halda, səslər parçalanmayacaq. Çünki burada nüfuzlu adam qalib gələcək, hakimiyyətin də belə nüfuzlu adamları yoxdur. [b]- Əli Kərimli müsahibələrinin birində bələdiyyə seçkilərinə ictimaiyyətin marağının az olduğunu bildirib. Bu fikirlə razısınızmı və arqumentləriniz nədən ibarətdir? [/b] - Azərbaycanda bu gün təkcə seçki prosesinə yox, istənilən siyasi prosesə bir biganəlik, bir nihilizm var. Bu ölkə qanunlarla idarə olunmadığına, ayrı-ayrı monopolistlərin, rüşvətxorların, korrupsionerlərin statusu, siyasi proseslərə təsir imkanları qanunlardan yüksəkdə dayandığına, bu ölkə saxtakarlıq və zorakılıqla idarə olunduğuna görə, təbii ki, aktivlik olmayacaq. Bu mənada Əli bəy tamamiylə haqlıdır. Bu gün seçki praktikasının nəzərə alaraq, insanlar hesab edir ki, bələdiyyə seçkisində də hakimiyyətin iradəsinə tabe olmayan, onunla işbirliyinə razılıq verməyən adamların seçilmə şansı çox aşağıdır. Amma bələdiyyə özəl xüsusiyyətlərə malik olan seçkidir. Yəni burada yüzminlərlə insanın şəxsi marağı mübarizənin predmetinə çevrilir və digər seçkilərdən fərqli olaraq, eyni kənddən olan insanlar mübarizə prosesinə qatılırlar. Seçkidə az-çox demokratiyaya əməl olunarsa, müxalifətin qalib gələcəyinə şübhə yoxdur. [b]- Ölkədə aktivliyin olmadığını deyirsiniz və bunu hakimiyyətin siyasəti ilə bağlayırsınız. Burada müxalifətin rolu nə qədərdir? Bəlkə müxalifət cəmiyyəti lazımi səviyyədə aktivləşdirə bilmir? [/b] - Mən xaricilərlə də söhbətimdə bu aspektə çox önəm vermişəm. Bu gün müxalifətin gücünün zəifləməsi haqqındakı fikirlər nisbi yanaşmanın nəticəsidir. Fakt odur ki, bu gün Azərbaycanda bütövlüklə xalq müxalifətçilik ruhundadır. Yəni bu gün milyonlarla manat rüşvət almaq imkanına malik olan məmur da bu rejimdən narazıdır. Məsələn, bu hakimiyyətin Surət Hüseynov, Fərhad Əliyev, Əli İnsanov təcrübəsi var. Rejimə sədaqətlə xidmət edən sonuncu bir nümunə - Hüseyn Abdullayev nümunəsi var. Yəni bu rejimdən razı olmaq mümkün deyil. Söhbət hər hansı bir liderin meydana çıxmasından gedirsə, o lider olmasa belə, hərəkatlar yaranır. Dünya praktikasında elmi tərəfdən sübut olunmuş ənənə var. Əgər hərəkat varsa, o hərəkat öz liderini yetişdirir. [b]- Mən başqa məsələni demək istəyirəm. Gürcüstanda, eləcə də Ermənistanda müxalifət etiraz aksiyaları təşkil edə bilir, hətta zorakılığa baxmayaraq, mübarizəni davam etdirir. Azərbaycan müxalifətinin isə bu əzmini görünmür... [/b] - Hansı zorakılığa qarşı mübarizə aparırlar? Ermənistanda camaat istədiyi vaxt aksiyalarını keçirə bilir. Bəli, seçkilərdən sonra Ermənistanda zorakılıq olmuşdu. Gürcüstanda isə zorakılıq olmayıb. Vətəndaş istədiyi vaxt küçəyə çıxır, etirazını bildirir. Heç də təsadüfi deyil ki, bu gün tam obyektiv olaraq, Ermənistan da, Gürcüstan da demokratik ölkələr kateqoriyasına aid edilir. Azərbaycan isə tamamiylə demokratik olmayan ölkələr sırasındadır. Bu gün biz, neqativ cəhətlərə görə Avropanın və MDB-nin lider ölkəsiyik. Yaxşı, tutaq ki, biz öz hüquqlarımızı müdafiə edə bilmirik, zəif müxalifətik. Mənim qənaətimcə, bu gün jurnalistlərin problemi siyasilərinkindən qat-qat çoxdur. Sizin sıranızdan jurnalist qətlə yetirilib, bunun kim tərəfindən edildiyini hamınız bilirsiniz. Jurnalistlər həbsxanadadır, qəzetlərə reklam verilmir, bütün qəzetlər ayrı-ayrı monopolistlərin əlində cəmləşmiş alətidir. Siz niyə mübarizə apara bilmirsiniz? [b]- Bəy, müxalifət olaraq mübarizə apara bilmirsiniz, sizlərin əvəzinə hakimiyyətə opponentlik edən jurnalistləri ittiham edirsiz... [/b] - Mən ittiham eləmirəm, sənin sualına cavab verirəm ki, bu ölkədə hakimiyyət bu xalqdan nə gözlədiyinin fərqindədir. Bu gün ölkədə istənilən aksiyaya, etiraza qadağa qoyulub. Bunun üçün də heç nədən çəkinmirlər. Kimi istəyirsiniz ittiham edə bilərsiniz, amma sizin ittihamınız Xalq Cəbhəsi Partiyasına aid edilə bilməz. 2003-cü ildən bu yana Xalq Cəbhəsi Partiyası yeganə təşkilatdır ki, 16 siyasi məhbusu var. Digər heç bir təşkilatda siyasi aspektlə həbs olunan yoxdur. Belə çıxır ki, biz fəal olmadığımıza görə bizi türməyə salırlar? [b]- Təkcə AXCP-nin nəzərdə tutmuram, ümumi müxalifəti deyirəm... [/b] - Ümumi müxalifət anlayışı nisbidir. Mən özümüzdən danışa bilərəm. Bir də ki, bir şeyi nəzərə almaq lazımdır, aksiya xalqın həyata keçirdiyi prosesdir. Müxalifətin vəzifəsi isə həmin aksiyanı yönəltmək, ideyasını vermək, şüarını müəyyənləşdirməkdir. Bu gün ölkədə despotik rejim mövcuddur, ölkə feodal qanunları ilə idarə edilir. Ortada kifayət qədər öldürülmüş, maraqları tapdalanmış insanlar var, ona görə də müəyyən keyfiyyət dəyişikliyinə keçmək üçün müxalifət bəzi hallarda fəallıqdan imtina etmək məcburiyyətindədir. [b]- Ancaq belə vəziyyət davamlı xarakter alıb...[/b] - Heç kim təminat verə bilməz ki, bu proses ömürlük davam edəcək. Hətta xalq bu rejimə etinasız yanaşsa belə, rejim özü-özünü "yeməlidir". Çünki bu mürəkkəb sistemlərdə daxili harmoniya prsesinin pozulması gedir. İndiki hakimiyyət artıq özü-özünü "yeməyə" başlayıb. Hətta iş o həddə çatıb ki, artıq prezidentin kabinetinin yanından "juçok" çıxır. Hakimiyyətdəkilər də çox gözəl bilir ki, xalqın ona münasibəti olduqca pisdir. [b]- Hakimiyyət nə qədər öz-özünü "yesə" də, hakimiyyəti saxlamaq məsələsində monolitləşir. Sizcə, monolitliyi saxlaya biləcəklərmi, yoxsa daxili çəkişmələr daha da gərginləşəcək? [/b] - Referendumun keçirilməsinə səbəb hakimiyyət daxilində birinci olmaq uğrunda gedən mübarizə idi. Yeri gəlmişkən deyim ki, bu referendum yeganə məsələydi ki, hakimiyyətdəkilər bunun ətrafında birləşdilər. Çünki hakimiyyətin başqa ələ keçməsi bunlar üçün faciə idi. İndi referendum vasitəsi ilə bu prosesin qarşısını müvəqqəti aldılar. Amma ölkə idarə olunmur. Azərbaycanda özbaşınalıq, anarxiya hökm sürür, artıq korrupsiyanın həddi-hüdudu yoxdur. 9-cu siniflər imtahan verir, rüşvətdən kənar şagirdi təsəvvür etmək mümkün deyil, şantaj edirlər ki, ya rüşvət verməlisən, ya da imtahanda kəsiləcəksən. Yəni bu ölkədə rüşvətsiz doğulmaq, öləndə basdırılmaq, müalicə olunmaq, təhsil almaq, ordudan sağ-salamat qayıtmaq mümkün deyil. Bu da artıq sondur, bundan o yanası yoxdur. Ölkə faktiki olaraq, iki zümrə tərəfindən idarə olunur. O zümrənin birincisi mənəvi, psixoloji, ideloji sahəyə baxan manıslardır, ikincisi isə polislərdir. Bütün dövlət məmurları polisin funksiyasını yerinə yetirir. Nəqliyyat Nazirliyi nömrə sökür, Vergilər Nazirliyi həbs edir, cərimə sanksiyaları verir, Fövqəladə, Ədliyyə nazirlikləri də onun kimi. Vətəndaş bununla necə razılaşa bilər? [b]- Amma bu vəziyyətlə razılaşmayan vətəndaş meydana da çıxmır... [/b] - Bu, siyasi prosesdir. Belə bir prosesin baş verməsi üçün stimul lazımdır. Hələlik o stimul yoxdur, amma heç kim qarantiya verə bilməz ki, bu stimul olmayacaq. İstənilən anda bu stimul yarana bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA