07-06-2009 [06:06]
Son dövrlər Azərbaycan Ordusunda baş verənlər cəmiyyətdə narahatlıq yaradıb. Xüsusilə də son aylarda ard-arda əsgər ölümü, kütləvi zəhərlənmə və digər neqativ halların artması ordu ilə bağlı müxtəlif mənfi fikirlərin ortaya çıxmasına səbəb olub. Müsahibimiz, Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə ordu ilə bağlı mənfi rəyin yaradılmasının əleyhinədir:
- İş burasındadır ki, dediyiniz hadisələrin hamısı olub. Ancaq Azərbaycanda bu hadisələrə qiymət verərkən, belə hadisələrin yalnız bizim ordumuzda baş verdiyini vurğulamağa çalışırlar. Ordu quruculuğu, hərb sistemlə tanış insanlar bir qayda olaraq, dünya ordularında baş verən hadisələrin faizlərini mütləq nəzərə almalıdırlar.
Ordu spesifik bir yerdir, yəni daim hərbiçilərin üzərinə psixoloji, fiziki gərginlik düşür. Ölkə müharibə vəziyyətində olduqda isə bu gərginlik bir neçə dəfə artır. Nəzərə alsaq ki, ordu vaxtaşırı yenilənir, Azərbaycanda ildə dörd dəfə çağırış olur və müxtəlif mühitdən insanlar gəlir, ona görə də bu mühitin mürəkkəbliyini nəzərə almamaq olmur. Sadaladığınız hadisələr isə bütün dünya ordularında baş verir. Mən deyərdim ki, belə hadisələr ən az Azərbaycan Ordusunda olur. Əsgərlərin bir-biri ilə nizamnamədən kənar münasibəti, odlu silahdan təyinatı üzrə istifadə etməmə, qidadan funksional pozuntu - bunlar hər yerdə baş verir. Daima həm ordu rəhbərliyi, həm də dövlətlər çalışırlar ki, bu halları minimuma endirsinlər. Azərbaycanda da bunun üçün lazımi addımlar atılır. İş burasındadır ki, bəzi ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə, orduda baş verən hadisələri işıqlandırmaq ya qadağandır, ya da minimal şəkildə məlumat verilir.
[b]- Bəs, Azərbaycanda necə? [/b]
- Azərbaycanda orduda baş verən proseslərin mətbuatda işıqlandırılmasına hər hansı qadağa yoxdur. Mən deyərdim ki, hansısa xırda detal belə, bütün ictimaiyyətin nəzərinə çatdırılır. Əlbəttə, məqsəd problemsiz ordunun yaradılmasıdır. Bu günlərdə Naxçıvanda bir əsgərin komandirini və əsgər yoldaşını güllələməsi bəzi mətbuat orqaları tərəfindən yoxlanılmadan nizamnamədən kənar münasibətlərin nəticəsi kimi verildi. Əclində isə araşdıranda məlum oldu ki, həmin əsgər onları kənar şəxslər kimi qəbul etmiş və bu səbəbdən hadisə baş verib.
[b]- Seyfəli poliqonunda bir əsgərin 5 nəfəri güllələməsi isə nizamnamədən kənar münasibətlərin nəticəsi idi... [/b]
- Təbii ki, bu, heç bir əndazəyə sığmayan məsələdir. Bu məsələ ciddi araşdırılır, bununla bağlı təhqiqat aparılır, günahkarlar cəzalandırılacaq. Bunun baş verməməsi üçün maksimum addımlar atılır və atılacaq.
[b]- Qaraheybətdəki hərbi hissədə baş verən kütləvi zəhərlənmə ilə bağlı nə deyə bilərsiniz?[/b]
- Bu hadisəni zəhərlənmə kimi qiymətləndirmək olmaz. Mən özüm informasiyanı ilk növbədə mətbuatdan aldım. Ordu rəhbərliyi ilə əlaqə saxladım, məndə ora getmək, vəziyyətlə tanış olmaq istəyi baş qaldırdı. Bir qrup jurnalistlə orda oldum. Məlum oldu ki, cəmiyyəti şoka salan hadisə əslində həmin miqyasda deyil, ümumiyyətlə, həmin hadisənin özü baş verməyib. Söhbət 164 deyil, 6 nəfərin mədə soyuqlamasından gedir. Bu da araşdırılır.
[b]- Fakt odur ki, xəstəxanaya 164 əsgər gətirilib və ilkin müayinədən sonra 158-i hərbi hissəyə qaytarılıb... [/b]
- [i](Sözümüzü kəsərək)[/i] İş burasındadır ki, zəhərlənmə ya var, ya yoxdur. Mən özüm 35 il bundan əvvəl ali məktəbə qəbul olarkən, dəmir yolunun yeməkxanasında balıqdan zəhərlənərək, bir həftə keçmiş "Semaşko" xəstəxanasında yatmışam. Zəhərlənmənin, xüsusiylə də balıqdan zəhərlənmənin nə demək olduğunu mən öz orqanizmim vasitəsiylə bilirəm. Yəni zəhərlənmə varsa, həmin adam mütləq yatmalıdır. Orduda belə bir təlimat var ki, əgər şəxsin heyətin bir qismində narahatlıq hiss edilirsə, mütləq hamısı müayinədən keçməlidir. Çünki bunlar birgə yaşayırlar və həmin narahatlıqdan birdəfəlik yaxa qurtarmaq lazımdır. Bu baxımdan, təyinata uyğun olaraq, əsgərlərin hamısını xəstəxanaya apardılar. Dedilər ki, əsgərlər nəyə görə saat 11-də getdilər, 5-də qayıtdılar. İş burasındadır ki, bunların Bakıya gəlməsi, onların hamısının yoxlanılması uzun bir prosesdir. Sağlam olanları qruplaşdırıb geri qaytardılar. Təbii ki, yenə də son sözü təhqiqat deyəcək. Mən nə həkim, nə də müstəntiq olmaq fikirində deyiləm. Ümumən götürəndə isə ayrı-ayrı yerlərdə baş vermiş hadisələri birləşdirib ordu haqqında aşağı fikir yaratmağın əleyhinəyəm. Hesab edirəm, ordu elə bir yerdir ki, orada iqtidar-müxalifət söhbəti yoxdur. Hamımız ordunun daha da güclənməsində maraqlı olmalıyıq.
[b]- Aydın müəllim, Siz hərbi hissəyə getdiniz, əsgərlərin vəziyyəti, qidalanması ilə yaxından tanış oldunuz. Amma həmkarınız Qüdrət Həsənquliyev deyir ki, bəzi deputatlar hərbi hissələrə gedərkən, orada əvvəlcədən hazırlıqlar görülür və ona görə də sonradan "hər şey yaxşıdır" bəyanatı verilir... [/b]
- Qüdrət Həsənquliyevin belə bir fikirinə rast gəlməmişəm. Amma biz hərbi hissələrə "hər şey qaydasındadır" bəyanatını vermək üçün getmirik. Biz hərbi hissələrə bir daha ordu ilə tanış olmaq, əsgərlərimizə, zabitlərimizə mənəvi dəstək vermək və ordu ilə bir yerdə olduğumuzu göstərmək üçün gedirik. Bir də ki, biz ordunu yoxlayan orqan deyilik, bundan ötrü dövlət qurumları var və öz vəzifələrinin öhdəsindən kifayət qədər yaxşı gəlirlər. Bizim məqsədimiz isə ictimaiyyət nümayəndələrinin, ziyalıların onlarla birgə olduğunu göstərməkdir.
[b]- Başqa bir məsələyə keçmək istərdim. Milli Məclis ombudsmanın və baş prokurorun səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin götürülməsi məsələsini müzakirə edir. Müxalifət isə referendumdan sonra bu iki posta da kimlərinsə ömürlük sahiblənməsinə etiraz edir. Siz bu barədə nə düşünürsünüz? [/b]
- Bizim müxalifətçi həmkarlarımız populizmlə məşğuldur. Soruşmaq gərəkdir, harada deyilib ki, vəzifələr ömürlük olacaq. Hansı bir dəyişiklikdə məhz ömürlük, yaxud kiminsə adının yazılması şəklində göstərilir. Sadəcə olaraq, məhdudiyyət götürülür. Əgər bir insan o vəzifənin öhdəsindən layiqincə gəlirsə, niyə onun potensialından uzun müddət istifadə olunmasın? Yox, əgər insan layiq buna deyilsə, bir müddətdən sonra onun yerinə başqasını təyin etmək olar. Mən həm ombudsman, həm baş prokurorla bağlı edilən dəyişiklikləri düzgün sayıram. İnsanları, sadəcə olaraq, vaxtı çatdığına görə vəzifədən uzaqlaşdırmaq metodologiyası düzgün deyil. Onsuz da hər şey seçki yolu ilədir. Bu gün Azərbaycanda cəmiyyət mətbuat vasitəsi ilə məlumatlanır. İstənilən problem qəzet səhifələrində, internetdə geniş müzakirə edilir. Bu baxımdan, çatışmazlıqlar baş verdikdə, o, cəmiyyətin müzakirəsində olacaq. Bəzən bu sahədə Avropanı misal gətirirlər, amma orada siyasi sistem bir qədər başqa cür qurulub. Yəni icra hakimiyyəti dövlət başçısında deyil, baş nazirdə olduğuna görə fərqli vəziyyət olur. Bir çox Avropa ölklərində də prokurorla bağlı məhdudiyyət yoxdur. Ombudsmanla bağlı bir sıra ölkələrdə məhdudiyyət var, bəzilərində isə yoxdur. Mən, hardansa nümunə göstərməyin əleyhinəyəm. Biz özümüz hesab etməliyik ki, bu, bizə lazımdırmı? Hazırda hesab edirik ki, bu, bizə xeyir gətirə bilər. Ancaq opponentlərimizin işin mahiyyəti üzrə danışmaq əvəzinə, hər şeyi populizmə çevirmək metodunu başa düşə bilmirəm.
[b]- Qanuna görə ombudsmanın səlahiyyət müddəti iyulun 2-də başa çatır və prezident bu vaxta 30 gün qalmış yeni namizədlərin adlarını Milli Məclisə təqdim etməlidir. Yəni prezident iyunun 2-də yeni namizədlərin adlarını parlamentə təqdim etməliydi, ancaq hələki bu, baş verməyib. Necə düşünürsünüz, Sizcə, bu qanun pozuntusu deyilmi? [/b]
- Mən, Milli Məclisin hüquq komitəsində olmadığıma görə, bu məsələnin həlli vəziyyəti ilə tanış deyiləm. Belə də isə parlament üzvü kimi, əlbəttə ki, biz dövlət başçısından bu məsələylə bağlı təqdimatları gözləyirik.
[b]- Elmira Süleymanovanın adı da təqdimatda olarsa, Siz ona səs verəcəksinizmi? [/b]
- İş burasındadır ki, hələki köhnə qanun qüvvədədir, o qanuna görə hörmətli Elmira xanım iki dəfə seçilə bilməz. Əgər onun namizədliyi veriləcəksə, yəqin ki, hüquqşünaslar bunu hansısa hüquq normaları ilə izah etməyə çalışacaqlar. Əgər hüquq normaları Konstitusiyaya uyğun olacaqsa və üç namizəddən biri Elmira xanım olacaqsa, mən ona səs verərdim. Mən dəfələrlə Elmira xanımın birinci ombudsman dönəmində Azərbaycanda müsbət və nüfuzlu ombudsman təsisatının yaradılmasında böyük rolunu qeyd etmişəm. Elmira xanımın təcrübəsi və gördüyü işlər ondan sonra gələcək insanlara müəyyən çətinliklər yaradacaq. Yəni ondan sonra gələn Elmira xanımdan pis işləyə bilməz. Yaxşı işləmək üçünsə, daha çox çalışmaq lazımdır.
[b]- Belə məhdudiyyətlərin götürülməsi digər vəzifələrə də şamil oluna bilərmi? Məsələn, hakimlərlə bağlı da analoji addımın atılması mümkündürmü? [/b]
- Təəssüf ki, mən dövlət quruculuğu məsələləri ilə bağlı, o cümlədən məhkəmələr üzrə mütəxəssis deyiləm. Ona görə də bu barədə bir söz deyə bilmərəm.
[b]- Milli Məclisin son iclaslarında müxalifətçi millət vəkilləri ilə rəhbərlik arasında qarşıdurmalar yarandı. Hətta təhqiramiz ifadələr də səsləndi. Bu kimi halları necə dəyərləndirirsiniz? [/b]
- Ara-sıra belə hadisələrin baş verməsinə təəssüf edirəm. Amma qeyd etməliyəm ki, belə hallar çox az-az baş verir. Ümumilikdə götürəndə, parlamentin yüksək adının qorunmasının tərəfdarıyam.
[b]- Ancaq bir məsələ var ki, parlament rəhbərliyi bəzən müxalifətçi deputatlara qarşı aşağılayıcı münasibət sərgiləyir... [/b]
- Mən bu fikirləri bölüşmürəm.
[b]- Aydın müləlim, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının hazırlıq işləri nə yerdədir? [/b]
- Artıq bələdiyyə seçkilərinə yarım il qalıb. Partiya daxilində hazırlıq gedir. Düzdür, mən hazırlıq işində iştirak etmirəm, amma ümumən məlumatım var ki, partiyamız bələdiyyələrdə YAP üzvlərinin çoxluq təşkil etməsinə çalışırlar. Çalışacağıq ki, YAP üzvləri, sonra partiyamızla əməkdaşlıq edən və siyasətimizi bölüşən bitərəflər bələdiyyələrdə çoxluq təşkil etsinlər.
[b]- Müxalifət isə hakimiyyətin onlara normal şərait yaratmamasından şikayətlənir. Bəziləri də haqlı olaraq, onlara qərargahın verilməməsindən narızılıq edirlər... [/b]
- Müxalifət qərargah əldə etməkdənsə, qərargah haqqında danışmağı daha çox xoşlayır. Yəni bu gün Əmlak Komitəsinə müraciət etməklə, qərargah üçün yer almaq olar. Necə ki, sədrləri parlament üzvü olan partiyaların bir qismi yerlə təmin olunub. İş burasındadır ki, müxalifət partiyaları ancaq şəhərin mərkəzində, onların istədiyi yerdə qərargah almağa çalışırlar. Bu baxımdan, onların istəkləri yerinə yetirilə bilmir. Müxalifət partiyalarına dəfələrlə şəhərin müxtəlif yerlərində qərargah təklif olunub, ancaq onlar imtina ediblər.
[b]- Onların da iddialarını haqlı saymaq olar ki, niyə hakim Yeni Azərbaycan Partiyasının şəhərin mərkəzində qərargahı olur, amma müxalifətin yox...[/b]
- Məncə, partyanın gücü, nüfuzu heç də onun harada olması ilə ölçülmür. Məgər Yeni Azərbaycan Partiyası yarananda, yüz minlərlə insan Heydər Əliyevin adı ətrafında birləşəndə onun qərargahı var idi? Biz də isə müxalifət partiyaları ancaq qərargah söhbətini mövzu kimi ortaya atmağa daha çox önəm verirlər.