AiDP sədri deputatları sərt tənqid edib

img

02-06-2009 [03:10]


?Milli Məclisin üzvləri Siyavuş Novruzov, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Pənah Hüseyn ölkənin ictimai-siyasi həyatında, eləcə də seçildikləri ərazidə özlərini göstərmək üçün indi də din sahəsinə əl atıb bu sahəni yaxşı bildiklərini, mütəxəsis olduqlarını gözə soxmağa çalışırlar?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə açıqlama verərkən deyib. Adları çəkilən deputatların məscidlərin sökülməsi və bağlanması ilə bağlı olaylara qarşı çıxmadıqlarını xatırladan AİDP sədrinin sözlərinə görə, adları qeyd olunan şəxslər şeyxülislamın fəaliyyətinə qaranlıq salmaq, dindarlara haqsız hücumlar etmək, onların halal-haram məsələsinə qarışmaq lazım gələndə göstərdikləri operativliyi son günlərdə Goranboydakı Həzrət Əli məscidinin sökülməsinə göstərmədilər. AİDP sədrinin fikrincə, xalqın sözçülərinin, siyasi partiya rəhbərlərinin bu məsələdə gözləmə mövqeyində durması qeydiyyatsız damğası vurulan yüzlərlə məscidin sökülməsinə rəvac vermək kimi qiymətləndirilməlidir: ?Hesab edirəm ki, istər deputatların, istərsə də partiya liderlərinin, təmsilcilərinin məscidlərin bağlanması və sökülməsinə qarşı hərəkətsizliyi onlara başucalığı gətirməyəcək. Məscidlərin sökülməsi davam etdirlsə onlar da bu prosesin iştirakçılarından biri sayılacaqlar?. T.Abbaslını narahat edən məqamlardan biri də KXCP sədri Mirmahmud Mirəlioğlunun Azərbaycanda yerli-dibli İslamın olmaması haqda fikir bildirməsidir: ?Ən pisi isə odur ki, yuxarıda qeyd etdiyim kimi yüksək tribunada, parlamentdə oturan şəxslərin öz bildiklərini din kimi təqdim etməsidir. Millət vəkili İqbal Ağazadə yüksək tribunadan etdiyi odlu-alovlu, məntiqsiz çıxışında təklif edir ki, uşaqların kiçik yaşlarından dinlə məşğul olması düzgün deyil. O deyir ki, övladlarımız həddi-buluğa, yəni 18-20 yaşa çatdıqdan sonra dinlə məşğul ola bilərlər. Kökündən yanlış fikirdir?. AİDP sədri millət vəkili Fazil Mustafanı da tənqid edib: ?Müxalifət düşərgəsində olduğu dövrdə ağsaqqalıq cəhdi alınmayan bu şəxs parlamentdə özünü şəriət bilcisi kimi təqdim etməyə çalışır. Mollaların səviyyəsini yoxlamaq üçün test keçirməyi təklif edir. Eləcədə məclislərdə verilən ehsana nəzarət edilməsini, eyni zamanda məclislərdə mollaların ayələri ərəbcə deyil, Azərbaycan dilində oxumasını təklif etməsi də yanlış fikirlərdir. Məncə bu fikirlər hüzr yerlərinə kölgə salmaq niyyəti güdür?. Qüdrət Həsənquliyevin, Sabir Rüstəmxanlının da dinə əvvəldən müxalifətçilik etdiyini deyən AİDP sədri hesab edir ki, bu açıqlamaların əksəriyyətinin özlərini müxalifətçi kimi təqdim edənlərin dilindən səslənməsi qəribə olmaqla bərabər xoşagəliməz hal kimi cəmiyyətin dindar təbəqəsinin ruhiyyəsində dövlətçiliyə, ziyalılara, parlamentə, siyasətçilərə qarşı nifrət və düqmənçilik hissi yaratmaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA