Xalq artisti Zümrüd Məmmədova: "Səlahiyyət sahibləri mənə cavab verməlidir"

img

31-05-2009 [04:58]


İncəsənət Universitetinin Muğam kafedrasının dosenti, İncəsənət Gimnaziyasının Muğam şöbəsinin müəllimi, xalq artisti Zümrüd Məmmədovanın sorağı daha çox cəbhə bölgələrindən gəlir. Maraqlıdır, onu Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Nümunəvi Nəfəsli Alətlər Orkestrinə aparan səbəb nədir? - Sırf təsadüfdür. Mən həmişə muğam və xalq mahnıları oxumuşam. Günlərin birində Sevda Həmidqızı bir mahnı gətirdi: "Bu gün əsgərəm". Baxdım ki, bu mahnı kişi ifaçısı üçündü. Dedim ki, mən bunu necə oxuyum? Sevda xanım qayıtdı ki, "niyə bizim qızlarımız belə mahnılar oxumasın? Müharibə gedən ölkədir, hər dəqiqənin bir hökmü var. Bizim Koroğlumuz, Həcərimiz olub, Tomric ananın nəvələriyik. Belə bir vətəndə niyə də igidləri ruhlandıran mahnılar oxumasın?" Nəsə... Getdik studiyaya. Dedilər ki, "Bu gün əsgərəm" adlı mahnı yaxşı olar ki, Xalq Çalğı Alətləri Ansamblı ilə deyil, Nəfəsli Alətlər Orkesrti ilə lentə alınsın. Orkestrin rəhbəri Yusif Axundzadə mahnını lentə aldırdı. Mahnı yazılar-yazılmaz hərbi komissarlıqdan xəbər gəldi ki, səni işə götürürük. Amma mənim işə girməyimə narazı olanlar da var idi. [b]- Narazılığın kökündə nə dayanırdı? [/b] - Deyirdilər ki, bizdə heç vaxt qadın müğənni olmayıb. Məni işə dəvət edənlər isə israrlı idilər. Onlar narazılara dedilər ki, bəlkə bu qərarı mahnıya qulaq asandan sonra verəsiniz. Onlar mahnıya qulaq asandan sonra fikirlərini dəyişdilər. Dedilər ki, gərək Zümrüd xanım çoxdan bizdə işləyəydi. Bu cür mahnılar bizim əsgərlərimiz üçün mənəvi qidadır. O vaxtdan bu günə kimi Müdafiə Nazirliyində işləyirəm. [b]- Amma hansısa səbəbdən hərbi vətənpərvərlik mövzusuna müraciət edənlərin sayı azdır... [/b] - Müğənnilər bu mövzudan qaçır. Şəxsən mənim ifamda 50-dən yuxarı hərbi vətənpərvərlik mövzusunda yazılmış mahnı var. Hamısı da gözəl şairlərin sözlərinə tanınmış bəstəkarlar tərəfindən bəstələnib. Qızım İlahə İsrafilova Bülbül adına orta musiqi məktəbinin 10-cu sinif şagirdidi. Həm pianoçu, həm bəstəkar, həm də muğam şöbəsinin tələbəsidir. Tanınmış ustad Qəzənfər Abbasovdan dərs alır. Üç fakültəni birdən oxuyur. O, 5 marş yazıb. "Müqəddəs vətən" bəyənilən mahnılardan biridir. Parteturası yazılıb, xor hissələri də hazırdır. [b]- Şəmistan Əlizamanlı da bu mövzuda oxudu, ürəklərə yol tapdı, amma indi oxumur... [/b] - Şəmistan Əlizamanlı ilə iş bitmir. Gərək, bizim bütün sənət adamları repertuarlarında bu mövzuya yer versinlər. Amma oxumurlar. Bunun isə bir səbəbi var. [b]- Səbəb nədir?[/b] - Çünki hərbi vətənpərvərlik ruhunda yazılmış mahnılar pul gətirmir, toylarada işə yaramır. Üstəlik, belə mahnıları efirlərdə nümayiş etdirmirlər. Bundan başqa, mənim bir mahnım var: "Azərbaycan, bir də Heydər". Gözəl əsərdir. Təəssüflər olsun ki, bu mahnını efirdə səsləndirmirlər. Mən qapıları döymürəm, kimlərəsə yalvarmıram. Mahnı Ulu öndərin 85 illik yubileyinə həsr edilmişdi. Yubiley ərəfəsində bütün rayonlarda tədbir keçirildi, amma nə bu mahnını, nə də belə bir əsərin sahibini yada salan olmadı. [b]- Söhbət AzTV-dən və Musiqili Verilişlər Departamentinin rəhbəri Nadir Axundovdan gedir? [/b] - 35 ildir bu sənətdəyəm. Əsərlərimi yaxına buraxmayan AzTV-də can qoymuşam. Amma görək, onların təşkil etdiyi tədbirlərdə kimlər oxudu? Həmin adam bilir ki, belə bir əsər var. Qoy onlar mənə cavab versinlər ki, bu mahnını niyə yaxına buraxmadılar? Mən ad çəkmək istəmirəm. Bu işlərə kim baxırsa, söz ona deyilir. Səlahiyyət sahibləri mənə cavab verməlidir. Açığı, bu, mənə çox müəmmalı gəldi. Mən xalq artisti kimi Musiqili Verilişlər Redaksiyasına iradımı bildirirəm. "Space" radiosunda bu mahnı gün ərzində dəfələrlə səsləndi. Mahnının üç dildə-Azərbaycan, ingilis və rus dilində albomu çıxıb. Prezident Administrasiyasına qədər yayımlanıb. Əslində, bu mahnı böyük bir kantatadır. "Vətənə sevgi" qrupunun da bu işdə zəhməti var. [b]- Bu mahnı Müdafiə Nazirliyinin istəyi ilə yazılıb? [/b] - Kantatanın bəstəkarı Seyran Əliyev, sözləri isə Şahməmməd Şahməmmədovundu. Musiqi mərhum prezident Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözləri ilə başlayır. Təsəvvür edin ki, belə bir əsərə dövlətin vəzifə başında oturanları tərəfindən biganəlik oldu. [b]- Xalq artisti Ağadadaş Ağayevin ifasında "Xalq Heydər söyləyəcək" mahnısı Heydər Əliyevə həsr edilmiş mahnıların şahıdır - sözü ilə razılaşırsınız? [/b] - Bu mahnıların sayı nə qədər çox olsa, rəqabət bir o qədər güclü olar. Ağadadaş Ağayev də bizimdir. Olsun, amma bir məsələ var ki, Ulu öndərin ad günündə ancaq belə mahnılar səslənməlidir. Təəssüflər olsun ki, telekanalların musiqi verilişləri redaksiyasının başında oturanlar belə mahnıları qoyub, həmin ərəfədə şou-biznes mahnıları və meyxana səsləndirdilər. Şou-biznes nüməyəndələri toy mahnılarını məhz həmin yubileydə oxudu. Toy mahnıları hara, Heydər Əliyevin yubleyi hara? Hamı mənə dedi ki, bu mahnı yubileydə niyə səslənmədi? Haqsızlıq göz qabağındadır. Bəlkə səhv edirəm? Səhv edirəmsə, bu meydan, bu da şeytan... Mən şəxsiyyətimə qiymət verən adamam. Heç vaxt dövlət əhəmiyyəti daşımayan tədbirə getmərəm. Bu gün hər tərəfdə gənclərə yaşıl işıq yandırılıb. Gənclər də bundan bəhrələnməlidir. Bu gün onlar dövlət tədbirindən kənarda qalmamalıdır. Elə ustadlarımız var ki, tələbəsinə qısqanclıqla yanaşır, bildiyini öyrətmir. Seyid Şuşinski, Nəriman Əliyevdən bildiyimiz nə varsa, hamısı gənclərə öyrədilməlidir. Bu gün muğam ifaçılarının 90 faizi Nəriman Əliyevin sinifində dərs alıb. İndisə vəziyyət gərgindir. Səsi və sənəti olan sənətçi efirə çıxa bilmir. Çünki hamısı maliyyə tələb edir. [b]- Müğənni Mətanət Əsədova da Sizinlə həmrəydir. O deyir ki, sənəti olanlar təmannasız şəkildə efirlərin maraq dairəsində olmalıdır... [/b] - Mətanət düz deyir. Sənətlə şou-biznes eyni olmalı deyil. Düzdür, şou-biznesdə bizim ümidverici müğənnilərimiz var. İndi sənət arxa planda, şou-biznes isə efirdədir. Bizi niyə unudurlar? Qocalmamışıq, qarımamışıq, əvvəlki təravətlə oxuyuruq. [b]- Telekanalların keçirdiyi müsabiqələrin münsiflər heyətində oturmaq üçün çalışanlar da çoxdur. Sizi isə heç bir heyətdə görmürük. Niyə? [/b] - Muğam ifaçısı olduğum üçün yalnız "Muğam-star" müsabiqəsində otura bilərəm. "Muğam-star"ın münsiflər heyətində əyləşmək üçün yüzlərlə muğam ifaçısı var. Heyətdə isə 4-5-i oturub. Elə ustadlarımız var ki, orada oturmur. Bəyəm, orada oturanların hamısı muğam ustadlarıdır? Ustadlar çoxdur. Amma onlar seçilib, onlar idarə edir. Məsələn, elə götürək xalq artisti Alim Qasımovu. O, dünya şöhrətli xanəndədir. Alim Qasımovu o heyətdə görən varmı? [b]- Münsif üzvü olmaqdan zövq alan muğam ifaçılarının hansından zəif, hansından güclüsünüz? [/b] - Bununla razılaşmıram. Nə zəif var, nə də güclü... Biz hamımız tanınmış ustadlardan dərs almışıq. Mərhum Nəriman Əliyevin dərs dediyi tələbələrin sorağı uzaqdan gəlir. Ağaxan Adullayev, Səkinə İsmayılova, Zümrüd Məmmədova, Qəndab Quliyeva, Gülyanaq və Gülyaz Məmmədova, Qəzənfər Abbasov və Vahid Abdullayev... Hər birimiz Azərbaycanı təbliğ etmişik. Muğam bir dəryadır. Biz isə ondan bir damla götürə bilirik. Ən böyük ustadlarımız heç vaxt mənəm-mənəm deməyib. Həmişə öyrənməyə çalışıb. Hər oxunuşda yeni bir nəfəs, yeni bir boğaz gəlir. Zəif, güclü məsələsi estradadadır. Mərhum Hacıbaba Hüseynov heç vaxt mənəm-mənəm deməyib. İstər indi, istərsədə bizdən əvvəl bu sənətin daşıyıcıları heç vaxt sinəsinə döyməyiblər. Əlibaba Məmmədov, Səkinə İsmayılova, Arif Babayev və ən nəhayət, dünya şöhrətli Alim Qasımov heç vaxt deməyib ki, mən bu sənətin lideriyəm, məndən yoxdur. [b]- Deyilənə görə, Siz həm də vaxtiylə "İpək yolu" festivalının iştirakçısı olmusunuz.[/b] - 1989-cu ildə Yaponiyada belə bilə festival keçirildi. O vaxt bu festival hələ məşhurlaşmamışdı. Məhz bununla bağlı yaponlar Bakıya gəldi. Onlar indiki Heydər Əliyev Sarayında müsabiqələr keçirdi. Mərhum İslam Rzayev, Habil Əliyev, Ramiz Quliyev, rəqqasələrdən Təranə Muradovanı, 4 nəfər rəqqası və məni seçdilər. Biz iki aydan çox Yaponiyanın 28 şəhərində möhtəşəm konsert proqramı ilə çıxış etdik. Hələ Azərbaycan incəsənətində belə bir qastrol səfəri olmayıb. O vaxt "Tayota" maşınlarını Azərbaycana məhz bu adları çəkilən sənətçilər gətirdilər. Yaponlar bizim disklərimizi çıxarıb dünyaya yaydılar. Kameranı birinci biz gətirdik. İndi deyim ki, məndən yoxdur? [b]- Yeni səfərlər gözlənilirmi? [/b] - Əvvəlcədən demək mənə düşmür. Elələri var ki, ortada heç nə yoxdur, amma açıqlamalar verir. Səfər baş tutmayanda isə hamı onu yalançı adlandırır. Elə mən özüm də... [b]Bahar RÜSTƏMLİ [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA