31-05-2009 [04:15]
Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov 18 mart referendumu ərəfəsində yaradılan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatından uzaqlaşandan sonra siyasi proseslərdən də bir qədər uzaq düşüb. Adətən müxalifət düşərgəsində ortaq mövqedə duran E.Namazovun qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı da hər hansı qərarı yoxdur. Ölkədəki ictimai-siyasi proseslərlə bağlı fikirlərini bizimlə bölüşən ANİF prezidenti ilə söhbətə hazırda hansı mövqedə dayanması və hansı müstəvidə mübarizə aparmaq fikrində olması barədə sualla başladıq.
- Bildiyiniz kimi, tutduğum vəzifədən istefa verəndən sonra mən, müstəqil ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başladım. Müstəqil fəaliyyətə başlayandan sonra adətən heç bir bloka daxil olmurdum. Bilirsiniz ki, bu son 10 ildə müxtəlif mərhələlərdə, müxtəlif koalisiyalar, bloklar yaranırdı. 2000, 2003, 2005-də müəyyən bloklar yaradıldı. Mən həmin dövrlərdə müxalifət qüvvələrinin yaratdığı hər hansı blokda təmsil olunmamışam. Yalnız bir dəfə, 2005-ci il parlament seçkiləri ərəfəsində həmkarlarımla bir yerdə "Yeni Siyasət" Blokunu yaratdıq. Blokun yaranması əvvəldən planlaşdırılmış addım deyildi. Biz güman edirdik ki, bütün demokratik düşərgə seçkilərə vahid bir blokda gedəcək. Bu barədə yarım ilə yaxın müzakirələr də aparılırdı, güman edirdik ki, hamının fikirləri eynidir. Ancaq seçkilərə beş ay qalmış üç partiya ayrıca öz bölokunu elan etdi. Bəlli oldu ki, demokratik düşərgənin vahid siyahısı olmayacaq. Ona görə də həmin dövrdə "Yeni Siyasət" Blokunu yaratdıq və seçkilərə qatıldıq. Seçkilər bitəndən sonra həmin blok öz fəaliyyətini dayandırdı. Bu, yeganə hal idi ki, mən hansısa rəsmi bloka daxil olmuşdum. Təəccüblü hal deyil ki, mən indi də hansısa bloka daxil deyiləm. Ona görə ki, hansısa bloka daxil olmaq üçün çox ciddi əsaslar lazımdır. Vahid blokla birləşmək qarşılıqlı öhdəlik, məsuliyyət, razılaşdırılmış fəaliyyət plan deməkdir.
[b]- Bloklardan kənarda qalmağınız bu məsuliyyəti üzərinizə götürmək istəməməyinizlə bağlı deyil ki?[/b]
- Mən heç bir çətinlik çəkmirəm. Sadəcə olaraq, əvvəlki illərdə onlarla belə qurumlar yaranırdı və bir müddətdən sonra onlar ya dağılırdı, ya da hər hansı nəticəyə nail olmurdular. Məni narahat edən o məqamdır ki, əvvəlki illərdə baş verən proseslərdən sığortalanmışıqmı? Nəyə görə, əvvəlki qurumların fəaliyyəti heç bir nəticə vermədi? Nə etmək lazımdır ki, yenidən belə bir hal baş verməsin və cəmiyyətə müəyyən ümidlər verəndən sonra həmin ümidlər puç olmasın?
[b]- Həmin sualların cavabını tapmısınızmı? [/b]
- Hesab edirəm ki, bu suallara konkret cavab tapmamış, təqribən eyni iştirakçıları olan, eyni şüarları irəli sürən qurumlara daxil olmaq şəxsən mənim üçün çətindir. Şəxsən mən indi heç bir bloka daxil deyiləm və fəaliyyətimi müstəqil şəkildə davam etdirirəm. Əməkdaşlıq etdiyimiz bütün qüvvələrlə müzakirələrimizi aparırıq. Hesab edirik ki, bizim kifayət qədər vaxtımız var ki, düzgün qərarlar qəbul edək. Bu, medalın bir tərəfidir.
[b]- Bəs, medalın o biri tərəfi nədir? [/b]
- Medalın o biri tərəfi hazırda Azərbaycanda əsas təhlükənin hansı sahədə cəmləşməsini müəyyənləşdirməkdir. Uzun illərdir hesab edirdim ki, Azərbaycanın xarici siyasətində Qarabağ problemindən başqa hansısa ciddi və birbaşa ölkəyə təhlükə törədən məsələ yoxdur. Ancaq son illərdə, xüsusən də Gürcüstan-Rusiya müharibəsindən və dünyada iqtisadi böhran başlayandan sonra Azərbaycana təkcə daxildən yox, xaricdən də təhlükələrin artıdığı qənaətinə gəldim. Mən əminəm ki, Neft Akademiyasında baş verən hadisə, ondan əvvəlki dövlərdəki terror aktları, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi, Qarabağ problemi, beynəlxalq aləmdə ciddi proseslər başlaması təsadüfi deyil. Hesab edirəm ki, demokratik düşərgənin hər bir nümayəndəsi öz imkanları çərçivəsində çalışmalıdır ki, həm daxili, həm xarici təhlükələrlə bağlı öz mövqeyini ortaya qoysun.
[b]- Xarici təhlükələrdən danışırsınız, məgər ölkə daxilindəki problemlər həll olunubmu? [/b]
- Xeyr. Mən demirəm ki, ölkə daxilindəki problemlər səngiyib. Hətta deyərdim ki, bir qədər də pisləşib. Son vaxtlar sosial-iqtisadi durumda baş verən dəyişikliklər onu göstərir ki, daxili problemlərimiz daha da çoxalıb. Nisbətən yumşaq geopolitik əhatə son bir neçə ildə ciddi tranformasiyaya uğrayıb və indi həm xarici, həm də daxili təhlükələr bizim üçün eyni dərəcədə aktualdır. Bu mənada bizim fəaliyyətimiz həm ölkənin daxilində, həm də xaricində gedən proseslərlə bağlıdır. Təsadüfi deyil ki, son üç ayda mənim bir neçə xarici səfərlərim olub və həmin səfərlər zamanı Minsk Qurupunun və digər beynəlxalq qurumların nümayəndələri ilə görüşmüşük. Çalışırıq ki, həm ölkənin daxilində, həm xaricində gedən proseslərlə bağlı aydın mövqe formalaşdıraq.
[b]- Eldar müəllim, əvvəlcə ölkədaxili siyasətə nəzər yetirək. Qarşıdan bələdiyyə seçkiləri gəlir, Siz və ətrafınızda olanlar bu seçkidə hansı formada iştirak etməyi düşünürsünüz? [/b]
- Biz bələdiyyə seçkilərini çox vacib proses hesab edirik. Çünki bütün inkişaf etmiş və demokratik ölkələrdə hər şey aşağılardan başlayır. Demokratikləşmə də aşağılardan, yəni bələdiyyələrdən və bələdiyyə seçkilərindən başlamalıdır. Düzdür, burada ciddi problem var və bu, cəmiyyətin bələdiyyə seçkilərində fəallıq göstərməsinə mane olur.
Birinci problem odur ki, insanlar artıq seçki institutlarına inanmırlar. Onlar artıq inanmırlar ki, seçkiyə gəlib səs verəndə öz istədikləri namizədi bələdiyyələrdə, parlamentdə, yaxud prezident kürsüsündə görəcəklər. Yəni çox təəssüf ki, seçki institutlarına inamsızlıq cəmiyyətimizdə güclənib.
İkinci amil odur ki, bələdiyyələrin özlərinin statusu istədiyimiz kimi deyil. Bələdiyyələrin səlahiyyətləri, maliyyə məsələləri dünya standartlarından xeyli aşağıdır. Bu mənada bələdiyyə seçkilərinə cəmiyyətin münasibətinin soyuq olacağını düşünürəm. Amma buna baxmayaraq, siyasi xadimlər gərək məsələyə bu cür münasibət bəsləməsinlər, vəziyyəti düzəltməyə çalışsınlar. Bu mənada bələdiyyə seçkilərində biz mütləq öz müttəfiqlərimizlə iştirak edəcəyik.
[b]- Seçkidə iştirakınız hansı formada reallaşacaq? [/b]
- Bizimlə əməkdaşlıq edən, eyni mövqedən çıxış edən qüvvələrin əksəriyyəti tanınmış ziyalılardır, böyük dövlətçilik təcrübəsinə malik olan insanlardır. Təbii ki, onların namizəd kimi bələdiyyə seçkilərinə qatılması o qədər də inandırıcı deyil, heç buna lüzum da yoxdur. Mövqeyimiz ondan ibərətdir ki, bələdiyyə seçkilərinə qatılan təşkilatlara dəstək verək. Xüsusən də gənclər təşkilatlarına, bölgələrdə fəal olan ictimai qurumlara yardım edə bilərik.
[b]- Müxalifətin aparıcı qüvvələri bir araya gəlib və seçkiyə vahid siyahı ilə getmək istəyir. Siz isə hazırda kənardasınız, onların bu seçkidə şansını necə qiymətləndirirsiniz? [/b]
- Sizin sualınızı iki hissəsi var. Birinci tərəfi demokratik düşərgənin fəaliyyətinin nə dərəcədə uğurlu qurulması, ikinci tərəfi isə müxalifətin fəaliyyətindən asılı olmayan məsələlərdir. Çünki adətən seçkilərin nəticələri əvvəlcədən bəlli olur. Bu vəziyyəti dəyişməyə demokratik düşərgənin gücü kifayət etməyib. Ona görə də indi hansısa bloka, yaxud hansısa partiyanın fəaliyyətinə qiymət vermək çox çətindir. Ona görə ki, hətta onların fəaliyyəti çox uğurlu olsa da, bir çox hallarda seçkilərin nəticələrinə öz təsirini göstərmir. Mənə elə gəlir ki, bu məsələyə bir qədər geniş anlamda baxmaq lazımdır. Aydınlaşdırmaq lazımdır ki, nəyə görə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə nail ola bilmirik. Bunun üçün fərqi yoxdur, qarşıdan bələdiyyə, parlament, yaxud prezident seçkiləri gəlir. Müəyyənləşdirmək lazımdır ki, burada əsas mübarizə hakimiyyətlə müxalifət, yoxsa hakimiyyətlə vətəndaş cəmiyyəti arasında gedir. Beynəlxalq amillərin rolu bu məsələdə nə dərəcədədir? Ölkənin düşdüyü sosial-iqtisadi durum hakimiyyətin siyasətinə hansı təsir göstərir və bu durum getdikcə pisləşsə hansı vəziyyət yaranacaq? Yəni suallar çoxdur. Onların ətrafında çox ciddi düşünməyə dəyər.
[b]- Məsələ ondadır ki, bu günə kimi müxalifətlə iqtidar arasındakı mübarizədə həmişə müxalifət aciz qalır. Bax, bunu nə ilə əlaqələndirmək olar? [/b]
- Mənim dediklərim də bu məsələlərlə bağlıdır. Qeyd etdiyim sulları üzərində düşünmək lazımdır.
[b]- Bəs, özünüz o sualların cavabını tapmamısınızmı? [/b]
- Yenə də deyirəm, o sualların dəqiq cavabını müəyyənləşdirmədən hansısa bir institusional qurumların formalaşması mənim üçün məqbul deyildi. Nəyə görə bu sualları tam cavablandırmırıq? Ona görə ki, məsələ yalnız keçmişdə baş vermiş hadisələri təhlil etməkdən ibarət deyil. Ölkənin həm daxilində, həm xaricində çox böyük dəyişikliklər baş verir. Siz fikir verin, son vaxtlar hakimiyyəti ən çox narahat edən məsələ gənclərlə, dindarlarla bağlı gedən proseslərdir. Hətta məsələ o dərəcəyə gəlib çatıb ki, sovet döründən bu günə kimi olmayan qadağaların şahidi oluruq. Hakimiyyət indi "son zəng" tədbirlərini də ləğv etməyi qərarlaşdırıb. Bunu başqa bir məntiqlə izah etmək olmaz.
Eyni zamanda bizim geopolitik əhatəmizdə də ciddi dəyişikliklər baş verir. Yəni hazırkı situasiya olduqca qarışıqdır. Bu mənada mən keçmişdə baş verənləri təhlil etmək və qeyd olunan sualların cavablarını səsləndirmək istəmirəm. Ola bilsin ki, bu cavablar artıq çoxdan var. Söhbət ondan gedir ki, biz bunu tarix üçün yox, hansısa addımları müəyyənləşdirmək üçün ediriksə, onda son dövrlərdə baş verən yeni prosesləri, yeni münasibətləri də təhlil etməliyik.
Onu da nəzərə çatdırım ki, bu proseslər elə də sadə proseslər deyil.
[b]Zaur ƏHMƏD [/b]