31-05-2009 [04:11]
NATO Parlament Assambleyasının iclasından qayıdan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev nəticələrdən razırdır. Deputatın dediyinə görə, bu dəfə Azərbaycan tərəfinin mövqeyi Ermənsitanla müqayisədə qat-qat üstün olub:
- Bu dəfə NATO Parlament Assambleyasında Azərbaycana müsbət münasibət hiss etdim. Bunun səbəblərini araşdıranda gördük ki, Azərbaycan prezidentinin Brüsselə, Praqaya son səfəri və burada aparılan danışıqlar Azərbaycanın imicinə müsbət təsir göstərib. NATO-nun iclaslarına və orada apardığımız söhbətlərə gəlincə, məsələni açıq formada qoyurduq. Rusiyanın tələbi ilə Ermənistanın NATO təlimlərinə qatılmamasını vurğulayırdıq. Əgər Azərbaycan Rusiyanın aqressiv reaksiyasını bilə-bilə bu təlimlərə qatılırsa, o zaman NATO öz siyasətində bunu nəzərə almalıdır. NATO bunu nəzərə almayacaqsa, onda növbəti təlimlərdə Azərbaycan iştirak etməyəcək. Onlar da etiraf edirdilər ki, Ermənistanla Azərbaycana fərq qoyulmalıdır. Biz imkan düşən kimi Azərbaycanın problemlərini gündəmə gətirirdik.
Siyasi Komitənin iclasında Gürcüstan-NATO münasibətləri müzakirə olundu. Qeyd edildi ki, separatçı Osetiya və Abxaziya Gürcüstandan ona görə ayrılır ki, vaxtiylə Gürcüstanın ilk prezidenti millətçi siyasət yürüdüb və bunun nəticəsində qarşıdurmaların, zorakılığın artmasına və bu iki respublikanın oradan ayrılmasına səbəb olub.
[b]- Azərbaycan tərəfi də bu fikirləri bölüşürdü? [/b]
- Yox. Mən söz aldım və bildirdim ki, bu, kökündən yanlış təsəvvürdür. Dedim ki, yaxşı, bəs, Azərbaycanda nə baş verdi ki, Qarabağda separatçı meyllər alovlandı? Yəni burada da millətçilik siyasəti separatizmin baş qaldırmasına səbəb olub? Söhbət ondan gedir ki, Rusiya bu respublikaları öz təsiri altından saxlamaq üçün milli münaqişələri yaradır. Əgər Rusiya müdaxilə etməsə, bu respublikalar qısa müddətə öz ərazi bütövlüklərini bərpa edərlər.
Deyirlər ki, Rusiya Gürcüstanın NATO-ya daxil olmasından narahıtdır. Ancaq artıq Rusiya NATO ilə həmsərhəddir. Burada söhbət ondan gedir ki, demokratik prinsiplərin Rusiya sərhədlərinə yaxınlaşması bu ölkədəki hakim rejimi təhdid etməkdədir. Əgər rusların "qara" deyib aşağıladığı Cənubi Qafqaz xalqları, "xaxol" deyib ələ saldıqları ukraynalılar demokratik cəmiyyət qurursa, bu, rus cəmiyyətinə ciddi təsir edəcək. Mən də birmənalı bildirdim ki, əslində Rusiyanın birbaşa qorxduğu budur. Mən çıxışım zamanı bildirdim ki, Gürcüstanın da, Ukraynanın da NATO-ya üzv olmaması Rusiyanın təsiri ilə bağlıdır. Sonra Gürcüstanın nümayəndələri bizə verdiyimiz dəstəyə görə təşəkkürlərini bildirdilər.
[b]- Bəs, Rusiya tərəfi bunu necə qarşıladı? [/b]
- Mənim çıxışdan dərhal sonra Rusiyanın nümayəndə heyətinin rəhbəri Siyavuş Novruzova yaxınlaşaraq, məndən gileylənib. Yəni öz etirazlarını bildiriblər.
[b]- Amma Azərbaycan hakimiyyəti Rusiya ilə bağlı həssas mövqe nümayiş etdirir... [/b]
- Burada söhbət ölkənin milli maraqlarının müdafiəsindən gedir. Mən müxalifət partiyasının təmsilçisiyəm və hesab edirəm ki, həqiqəti söyləyirəmsə, Rusiya tərəfi bundan narahat olmamalıdır. Fakt odur ki, Rusiyanın dəstəyi olmasaydı, Ermənistan Qarabağı işğal edə bilməzdi. Bu münaqişənin öz həllini tapa bilməməsində də Rusiyanın rolu böyükdür.
[b]- Sizin anti-Rusiya çıxışlarınız növbəti mərhələdə prosesdə iştirakınıza əngəl yaratmayacaq ki? [/b]
- Düşünmürəm ki, onlar belə bir problem yaratsınlar. Əgər yaradacaqlarsa da, bu məni az narahat edir. Mən ölkənin maraqları il bağlı çıxış etməyəcəmsə, onda orada çıxışımın mənası yoxdur. O baxımdan düşnmürəm ki, iqtidar belə bir addım atsın və buna görə məni nümayəndə heyətindən kənarlaşdırsınlar. Çünki bu günə qədər hər Rusiya, həm də İranla bağlı bu tipli çıxışlarım olub.
[b]- Bəs, həmin tədbirə Sizinlə birgə gedən iqtidar nümayəndələri əsasən hansı problemləri qabartdılar? [/b]
- Siyavuş Novruzov çıxışında İranla bağlı tənqidi fikirlər səsləndirdi. Bildirdi ki, İran-Ermənistan münasibətləri sürətlə inkişaf edir və bu da bölgədə sabitliyə xidmət eləmir. Hesab edirəm ki, bizim nümayəndə heyəti bu toplantıda aktiv oldu.
[b]- Tədbirdə iştirak edən iqtidar nümayəndələri çıxışlarında Azərbaycanın NATO-ya üzv olmasını dəstəkləyirdilər, ya yox? [/b]
- Nümayəndə heyətinin rəhbəri kimi vaxtiylə Ziyafət Əsgərov həmin tədbirlərin birində bildirmişdi ki, Azərbaycan da NATO-nun üzvü ola bilər. Hazırda isə, sözün doğrusu, nə Azərbaycanı ora dəvət edən var, nə də Azrbaycanın özü o təşəbbüsdə bulunur. Ona görə ki, Gürcüstanın yaşadığı problemləri görür. Əgər Azərbaycan belə bir istəyini açıq şəkildə ortaya qoyacaqsa, eyni problemlə üzləşəcəyini bilir. Üstəlik, o zaman NATO-dan lazımi dəstəyi ala bilcəkmi, bu da şübhəli məsələdir. Bu baxımdan da hökumət ehtiyatlı siyasət yürüdür. Amma mən əminəm ki, Azərbaycan nə zamansa NATO-ya üzv olacaq.
[b]- NATO-ya üzv olan dövlətlərin nümayəndələri necə, Azərbaycanın bu hərbi ittifaqa üzv olmasında maraqlı görünürdülərmi? [/b]
- Qarabağ problemi həll olunmayana qədər yəqin ki, NATO belə bir istəkdə bulunmayacaq. Onlar bir tərəfdən öz xalqlarını inandırmağa çalışırlar ki, NATO-ya üzvlüklə bağlı Rusiyanın veto hüququ yoxdur. Digər tərəfdən də onlar Rusiyanın kəskin etirazını nəzərə alırlar. Həm də Rusiyadan bir enerji asılılıqları var. Bir də ki, Rusiya Avropanın məhsullarını satmaq üçün böyük bir bazardır. Bu mənada onlar Rusiya ilə münasibətləri maksimum dərəcədə qoruyub saxlamağa çalışırlar.
[b]- NATO-dan söz düşmüşkən, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığı bildirilir. Amma real vəziyyət ondan ibarətdir ki, təlimdə əsgərlərimiz dünyasını dəyişir, hərbi hissədə kütləvi zəhərlənmə hadisəsi oldu... [/b]
- Doğrudur. Baxmayaraq ki, millət vəkilləri hərdən hərbi hissələrə baş çəkir, bəzi QHT-lər monitorinqlər aparır. Məncə, bunlar orduya ictimai nəzarətin olması demək deyil. Hər şeydən öncə orduda şəffaflıq təmin edilməlidir. Burada Milli Məclisin müvafiq komitəsi nəzarət missiyasını yerinə yetirməlidir. Ümumiyyətlə, Milli Məclisin hökumətə nəzarəti zəifdir. Hələ indiyə qədər bir dəfə də görməmişəm ki, müdafiə naziri gəlib hesabat versin. Ordu kənarda saxlanılıb, ona görə də baş verən neqativ hallarla bağlı ictimaiyyət tam məlumat əldə edə bilmir. Bu da hələ ictimaiyyətin bilmədiyi neqativ hallara gətirib çıxarır. Ona görə də hər şey şəffaf olmalı, orduya ayrılan vəsaitin necə xərclənməsi, əsgərlərin necə qidalanması aşkar olmalıdır.
[b]- Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşən zaman Siz tələb etdiniz ki, bu məsələ ciddi araşdırılsın, ordumuza köhnə təyyarə alınıb. Amma hələ də tələbiniz yerinə yetirilməyib... [/b]
- Mən bu gün də o fikirdəyəm ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli mümkünsüzdür. Azərbaycan Ordusu ən azından azərbaycanlıların yaşadıqları işğal olunmuş yerləri azad eləməlidir ki, sonra ermənilər oturub danışıqlar yolu ilə problemi həll etsinlər. Amma indiki məqamda problemin sülh yolu ilə həlli Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini defakto itirməsi ilə nəticələnə bilər. Ona görə də işğal altındakı torpaqlarımızın azad edilməsi yolu güclü ordu quruculuğundan keçir və bu məsələyə kifayət qədər vəsait ayrılmalıdır. Məsələn, Gürcüstanın 32 min ordusu var, büdcədən hərbiyə bir milyard dollar vəsait ayrılır. Azərbaycanda isə milyard yarım vəsait ayrılır. Amma bizim ordumuz Gürcüstan ordusundan ən azı 3 dəfə böyükdür və ayrılan vəsait çox azdır. Əslində biz onlardan üç-dörd dəfə artıq vəsait xərcləməliyik.
[b]- Qüdrət bəy, adətən Milli Məclisdə Sizin təklifləriniz qəbul olunmasa da, ombudsmanla bağlı təklifiniz qəbul edildi...[/b]
- Sözün doğrusu, mənim ombudsmanla bağlı təklifim fərqli idi. Onlar mənim yox, öz təkliflərini qəbul elədilər. Mən təklif etmişdim ki, əgər ən ali seçkili orqan olan prezidentin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət götürülübsə, onda digər seçkili və təyinatlı vəzifələrlə bağlı məhdudiyyətlər də götürülsün. Biz bunu prinsip olaraq, qəbul etmişdik ki, qoy, xalq özü kimi neçə dəfə istəyir, o qədər də seçsin. Əgər hansısa vəzifəli şəxsin işi onun namizədliyini irəli sürən prezidenti, yaxud onu təsdiqləyən Milli Məclisi qane edirsə, qoy, o da işləsin. Özü də mən təkcə ombudsmanı yox, baş prokurorla bağlı məsələni də qaldırmışdım. İndi ombudsmanın səlahiyyət müddətini 7 il müəyyənləşdirdilər. Amma mən bunu düzgün hesab etmirəm. Bəlkə o, yaxış işləmədi, oturub yeddi il gözləməliyik? Ona görə də bunun 5 ilə kimi azaldılmasını təklif edirdim.
[b]- Amma fakt ondan ibarətdir ki, Milli Məclis ombudsmana görə qanune dəyişdi. Bu isə belə rəy formalaşdırıb ki, MM bir şəxsə görə qanun dəyişir...[/b]
- Hesab edirəm ki, bu, xoşagəlməz haldır. Amma biz bunu prinsip kimi qəbul etməliyik. Onsuz da indiki dəyişikliklər ombudsman Elmira Sülyemanovaya şamil oluna bilməyəcək. O mənada ki, Konstitusiyaya görə ombudsmanın fəaliyyət müddətinin bitməsinə 30 gün qalmış yeni namizəd irəli sürülməlidir və 15 gün ərzində Milli Məclis bunu təsdiq etməlidir. Hər halda qanunun şəxslərə görə dəyişdirilməsini doğru saymıram.
[b]- Bir vaxtlar iqtidarı tənqid edirdiniz ki, nazirlər uzun müddət vəzifədə qalırlar. İndi nə düşünürsünüz, Sizcə, məhdudiyyətin ləğvi ilə bağlı təklifiniz bir şəxsin uzun müddət vəzifədə qalmasına yol açmırmı? [/b]
- Mən çıxışımda da söyləmişdim ki, əgər bir nazir 15 il eyni vəzifədə qalırsa, başqa bir şəxs niyə qalmasın? Tutaq ki, daxili işlər naziri üç dəfə eyni vəzifəyə təyin oluna bilirsə, baş prokuror niyə təyin olunmasın? Halbuki bu gün daxili işlər nazirinin səlahiyyəti baş prokurorun səlahiyyətindən böyükdür. Əslində mən məsələni prinsip kimi qoyuram. Söhbət şəxslərdən getmir.
[b]- Reallıq isə odur ki, 15 il daxili işlər naziri vəzifəsində işləyən Ramil Usubovdan ictimaiyyət daha çox narazıdır... [/b]
- Həmişə rotasiya olması fikirdəyəm. Mən demirəm ki, bir kadr beş il işlədi, sonra onu kənara qoymaq lazımdır. Hesab edirəm ki, siyasətçilərin formalaşması üçün 5-10 il vaxt lazımdır ki, yetişmiş, təcrübəli dövlət xadiminə çevrilsinlər. Amma rotasiya mütləq lazımdır. Ona görə ki, bir insan eyni sahədə nə verə bilirsə, artıq onu verir. Ən azından yerdəyişmə olmalıdır. Çünki eyni kadr uzun müddət bir yerdə qalanda artıq orda klanlaşma da gedir. Amma yenə də deyirəm, müddətin götürülməsi kiminsə ömürlük vəzifədə qalması anlamına gəlməməlidir.
[b]- Son vaxtlar parlamentin idarə edilməsindən də müəyyən problemlər nəzərə çarpır. MM rəhbərliyi ilə bəzi deputatlar arasında narazılıq baş verir... [/b]
- Bəzi vaxtlarda Milli Məclisdə millət vəkillərinin hüquqları həqiqətən də pozulur. Bu da onunla bağlıdır ki, əgər millət vəkili müzakirəyə çıxarılan istənilən məsələ ilə bağlı təkid edirsə, ona söz verilməlidir. Hətta çoxluq deyə bilməz ki, məsələ kifayət qədər müzakirə olunub və səsə qoyulsun. Hesab edirəm ki, Milli Məclisin idarə olunmasına baxış dəyişməlidir. Milli Məclis komitələrinin səlahiyyəti artırılmalıdır. Bu da parlamentin üzvlərindən asılıdır. Milli Məclisin idarə olunmasında müxalifət mütləq iştirak etməlidir.
Siz dünyada mənə bir demokratik, yaxud demokratik inkişaf yolu tutmuş dövlət göstərə bilməzsiniz ki, orada parlamentin bütün rəhbərliyi yalnız çoxluqdakı partiyanın üzvlərindən ibarət olsunlar. Artıq bu, kollegial yox, icra orqanı olur. Mənə elə gəlir ki, Milli Məclisin səlahiyyətləri ilə bağlı qanunvericilikdə cidi islahatlar aparılmalıdır. Ümumiyyətlə, ölkədə hüquqi və iqtisadi islahatlar genişləndirilməlidir. Prezident də inaqurasiyasında bildirmişdi ki, hüquqi islahatlar davam etdiriləcək.
Bilirsiniz ki, neft pulları gəldi, iqtisadiyyatda bir az canlanma oldu, amma indi Azərbaycan durğunluq dövrünə qədəm qoyur. Ona görə də ölkədə durğunluq dövrünün qarşısını almaq üçün ciddi islahatlar aparılmalıdır.
[b]- Son olaraq bilmək istərdik ki, partiyanız bələdiyyə seçkiləri ilə bağlı hansı qərarı verəcək? [/b]
- Biz bələdiyyə seçkilərində iştirak edəcəyik. Öz tərəfdarlarımızı da təşviq edirik ki, seçkidə iştirak etsinlər. Bizim üzvlərimizin bələdiyyələrin tərkibində olması bələdiyyələrin fəaliyyətinə bir stimul verə bilər.
Yeri gəlmişkən, onu da söyləyim ki, insanların bələdiyyə seçkilərində iştirak etməyə marağı yoxdur. Bələdiyyələrin heç bir statusu olmadığına, icra sturkturlarının bir əlavəsi olduğuna görə, insanlar bura meyl göstərmirlər. Bu vəziyyəti aradan qaldırmaq üçün islahatlar aparılmalıdır, eyni zamanda bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində lazımi addımlar atılmalıdır. Bakı, Gəncə bələdiyyəsi yaradılmalıdır. Hakimiyyət isə bələdiyyələri birləşdirmək əvəzinə, onlara real səlahiyyət versəydi, daha yaxşı olardı.