ADP DiN-nə mülki zəxsin rəhbərlik etməsini, polisin sayının azaldılmasını təklif edib

img

25-05-2009 [04:45]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Gürcüstan prezidenti M.Saakaşvilinin Azərbaycana növbəti səfəri müzakirə olunub. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən daxil olub. İdarə Heyəti GUAM-ın üzvü kimi Cənubi Qafqazda eyni siyasi taleyi bölüşən xalqlar kimi və bu regionda ilk narıncı inqilabın baş tutduğu ölkə kimi, eyni zamanda Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə Gürcüstanın fəal iştirakını nəzərə alaraq bu səfərin xüsusi əhəmiyyətli səfər olduğunu diqqətə çatdırıb. Bununla yanaşı toplantı iştirakçıları bu səfərdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq sazişlərin əldə edilməməsindən təəssüfləndiyini bildirib. İH son vaxtlar ayrı-ayrı vəzifəli şəxslərin səlahiyyət müddətinin məhdudlaşdırılmasını aradan qaldıran təkliflərin irəli sürülməsini Azərbaycanda konstitusion demokratiyaya qarşı növbəti hücum kimi dəyərləndirib. Xüsusən baş prokurorun və ombudsmanın səlahiyyət müddətinin uzadılması təşəbbüsünün bu strukturların rəhbərlərinin siyasi hakimiyyətə birbaşa tabe etdirilmə cəhdindən irəli gəldiyi narahatlıqla diqqətə çatdırılıb. İH son vaxtlar polisin nəzdində ictimai şuraların yaradılmasını keçmiş SSRİ-də mövcud olan drujinaların bərpası kimi qiymətləndirir və bunu ölkədə polis rejiminin gücləndirilməsinə cəhd hesab edib. Öz növbəsində ADP İH DİN-nə mülki şəxsin rəhbərlik etməsini, polisin sayının azaldılması və professionallığının artırılmasını, patrul xidmətlərinin Avropa təcrübəsinə uyğun yenidən qurulumasını təklif edib. İH-də İran Azərbaycan münasibətləri ilə bağlı məsələlər də müzakirə obyekti olub. İranın baş qərargah rəisinin İsrail prezidentinin Azərbaycana səfəri ilə əlaqədar səsləndirdiyi bəyanatına münasibət bildirən partiya yetkililəri bunu, Azərbaycanın daxili işlərinə qarışma cəhdi kimi dəyərləndirib. İH üzvləri belə hesab edib ki, Azərbaycana qarşı düşmənçilik siyasəti aparan Ermənistanla sıx əlaqələr fonunda İran rəsmisinin İsrail Azərbaycan əlaqələri haqqında səsləndirdiyi bəyanat səmimi qəbul edilə bilməz. Buna baxmayaraq ADP belə hesab edir ki, Yaxın Şərqdə sülhə mane olan və dinc müsəlmanlara qarşı zaman-zaman hərbi gücdən istifadə etməyə daha çox üstünlük verən İsrailin prezidentinin Azərbaycana səfərini birmənalı təqdir etmək mümkün deyil və bu səfərin Azərbaycanla İslam dövlətləri arasındakı münasibətlərə mənfi təsir edə biləcəyindən Azərbaycan dövlət başçısının bu görüçdən yararlanaraq Yaxın Şərqdəki problemlərin həllində təşəbbüslə çıxış etməsi arzu olunandır. İH-də son vaxtlar əsassız olaraq bir sıra məscidlərin bağlanması və dini azadlıqlarla bağlı işartıları görünən təhlükəli tendensiyaların yaranması da müzakirə obyekti olub. Müzakirələrdə Türkiyə dövləti tərəfindən inşa edilən və daha çox sünnü təriqətindən olan müsəlmanların ibadətə gəldiyi məscidlərin müxtəlif bəhanələrlə bağlanması nəticəsində sünni-şiyə məsələsinin süni şəkildə qabarma ehtimalına və Türkiyə dövləti ilə münasibətlərdə gərginlik yarana biləcəyinə görə narahatlıq ifadə edilib, eyni zamanda Azərbaycanın beynəlxalq hesabatlarda hələlik yeganə müsbət cəhət kimi qiymətləndirilə bilən dini tolerantlığın qorunduğu ölkə imicini itirə biləcəyi də qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA