"Akif Məlikov teatrda fironluq etməyi xozlayır"

img

24-05-2009 [06:58]


[b]Şəhriyar Cəfərov: "Opera və Balet Teatrında milli ruh yoxdur. Orada vəzifə başında oturanların əksəriyyəti başqa xalqın nümayəndələridir. Teatrın səviyyəsi isə aşağıdır" [/b] Rəqqas Şəhriyar Cəfərovun geniş təqdimata ehtiyac yoxdur. Həmişə bu ad təqdim ediləndə SSRİ xalq artisti Mahmud Esimbayev yada düşür. Ondan aldığı bilikləri Azərbaycan xalqının gələcəyinə həsr etmək ümidi ilə Bakıya gələn rəqqas 1993-cu ildə Opera və Balet Teatrında işə başlayır. Amma 1999-cu ildə teatrın rəhbəri Akif Məlikovun şəxsi ambisiyasının qurbanına çevrildiyini deyir. Ş.Cəfərov üzləşdiyi bu problemlərlə bağlı maraqlı faktlar açıqladı: - Opera və Balet Teatrının direktoru Akif Məlikov, məni rəhbərlik etdiyi teatrdan şəxsi maraqlarına görə uzaqlaşdırdı. Əslində hər şey "İmpuls" qəzetinə verdiyim müsahibədən başladı. Həmin müsahibədə Opera və Balet Teatrının səhnə arxasında baş verən "əsl teatr tamaşaları"ndan danışmışdım. Tanınmış baletmestr Rəfiqə Axundovanın Akif Məlikov tərəfindən teatrdan necə uzaqlaşdırılması, kollektivin maaşının azlığı, rəhbərliyin təzyiqi və s. problemləri qabartmışdım. Həmin vaxt prezident də teatra gəlməliydi. Dedim, kollektiv ümid edir ki, prezidentin teatra gəlişi bizim maddi vəziyyətimizə kömək edəcək. Teatrda baş verənlərin mətbuat səhifələrinə yol tapması direktoru narahat etdi və bu, onun xoşuna gəlmədi. Müsahibədəki tənqidlərin bir ucu isə Mədəniyyət və Turizm Nazirliyinə yönəlirdi. Bundan sonra başladılar mənə təzyiqlər etməyə. [b]- Nazirliyin bu işdə rolu nə idi? [/b] - İstər Opera və Balet Teatrının direkoru Akif Məlikov, istərsə də sabiq mədəniyyət naziri Polad Bülbüloğlu qarşımda şərt qoydu. [b]- Hansı şərti qoydular? [/b] - Şərt bundan ibarət idi: "Şəhriyar Cəfərov daha bu tearda işləyə bilməz. O, bu mədəniyyət ocağının sirrini açıb". Yəni dedilər ki, ərizəni yaz, get. [b]- Yəqin ki, Siz də Akif Məlikovun əmrini icra etdiniz? [/b] - Yox. Dedim ki, əlinizdən gələni edin, mən heç vaxt ərizə yazıb, işimdən çıxmayacam. Çünki mən haqlıyam, mətbuata da həqiqəti demişəm. Görəndə ki, ərizə yazmıram, məcbur olub başqa yola əl atdılar. Onlar məni guya qanunları pozduğuma görə teatrdan qovdular. Düzdür, mən məhkəmələrə müraciət etdim, təəssüf ki, haqqımı bərpa elətdirə bilmədim. Polad Bülbüloğlu Akif Məlikovun haqsız olduğunu bildiyi halda, onun tərəfini tutdu. Ona görə də əməldə deyil, kağız üzərində uduzdum. Əmək kitabçamda Akif Məlikovun qolu və teatrın möhürü ilə yazıldı ki, peşəkarlıq dərəcəsi yetərli olmadığına görə Şəhriyar Cəfərov işdən xaric edilir. Bu, Akif Məlikovun şəxsi ambisiyasına görə verilən əmrdir. Azərbaycan məhkəmələri isə haqqımı bərpa etmək istəmədi. [b]- Nəyə görə? [/b] - Çünki yuxarıdan tapşırıq belə idi. Bütün bunlardan sonra Akif Məlikov baş verənləri boynundan atdı. Başladı yalandan özünü müdafiə etməyə ki, "mən onu qəzet məqaləsinə görə teatrdan uzaqlaşdırmamışam. Bu onun azad fikirləridir. Sadəcə, hamı bilməlidir ki, Şəhriyar Cəfərov balet truppası üçün yararlı kadr deyil". [b]- Məhkəmədə baletmestr Rəfiqə Axundova Sizi müdafiə etmədi? [/b] - Həmin vaxt Rəfiqə xanım teatrdan uzaqlaşdırılmışdı. Özü də teatrın kollektivindən bərk incimişdi. Onunla bağlı açıqlamalarım nazirlikdə səs-küyə səbəb oldu. Nazirliyin Sevda adlı məsul işçisi məni nazirliyə çağırıb dedi ki, "Sən qəzetdə nələr demisən"? İşi belə görəndə teatrın işçilərinə müraciət etdim. Onlar mənə kömək məqsədiylə izahat verdilər. Açığı, kollektiv istəmirdi ki, mən teatrdan gedim. Akif Məlikov isə bunu bilən kimi onların üstünə şığıdı, işdən çıxarmaqla hədə-qorxu gəldi. Dedi ki, Şəhriyara niyə belə kağız vermisiniz, axı siz kimsiniz? Bütün bu faktlar araşdırılmadı. [b]- Bəs, Musiqili Komediya Teatrında işləriniz niyə düz gətirmədi?[/b] - Rəhmətlik Hacıbaba Bağırovun təşəbbüsü ilə Musiqili Komediya Teatrında əvvəl balet artisti, sonra isə balet məşqiçisi oldum. Onun rəhbərliyi altında bir çox tamaşalar qurdum. O vaxt AzTV-də bir veriliş vardı - "Kinoklub". Hacıbaba Bağırov mahnılar oxuyurdu, mən də ona uyğun rəqslər qururdum. Baletin qızları da orada oynayırdı. Baxdım ki, Bakıda bütün yollarım bağlanıb. Nə geri yol vardı, nə də irəli. Mən ikincini seçdim. Çünki mənə Bakıdan getmək, bu insanlardan uzaqlaşmaq lazım idi. Ona görə də 1999-cu ildə üz tutdum Türkiyəyə. [b]- Sizi İstanbulun Opera və Balet Teatrından Bakıya qaytaran qüvvə nə oldu? [/b] - İstanbulda Opera və Balet Teatrında iki il işlədim. Böyük-böyük baletlərdə baş rolları ifa etdim. Orada Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti də səhnəyə qoyulurdu. "Təlxək" obrazı isə mənə verilmişdi. Hətta təqdimatda özü də iştirak etdi. Təqdimatda türk aktyoru, 2-3-cü tamaşalarda isə mən oynadım. Sonradan maddi problemlər yarandı. Onlar Azərbaycan dövlətinə mənə görə vergi ödəyirdilər. Həmin vergilərin dəyəri artıdığı üçün bunu ödəmək mümkün olmadı və mənə dedilər ki, "biz sənədləri hazırlayacağıq, vergini özün ödəyəcəksən". Ev kirəyəsi, maaş azlığı, bir sözlə, maddi durum məni sıxırdı. Anam isə Bakıda tək idi, gördüm ki, vəziyyət çəninləşir, qayıtdım Bakıya. [b]- Bakı teatrlarında Sizi necə qarşıladılar? [/b] - Təəssüflər olsun ki, hamı məni qısqanır. Mən, Mahmud Esimbayevin tələbəsi olmaqla yanaşı, rəqs sənət dünyasında yeganə savada malik olan şəxsəm. Hər şeyin düzünü deyirəm, nə qorxuram, nə də kimdənsə çəkinirəm. İtiriləsi bir şey yoxdur. Yollar bağlıdır. Hətta bundan ürəyi soyumayanlar mənə yenə də problemlər yaradır. Kənardan isə mənə dəstək verən çoxdur. Dövlət Rəqs Ansamblının kollektivi məni küçədə görəndə qucaqlayıb öpür. Amma bu boyda ansambıl iki saatlıq proqramla, bir dəfə də olsun xarici ölkələrə çıxa bilməyib. [b]- Səbəb nədir? [/b] - Çünki quruluş yoxdur. Xalq artisti Cəmilə Bayramova o ansamblın rəhbəridir. İşini bilən adımdı. Ona da yuxarıdan göstəriş verirlər ki, milli rəqslər qur, amma yeni olsun. Bu isə istər-istəməz Əlibaba Abdullayevin rəqslərini kənarda qoyur. O isə bu rəqsləri xarici ölkələrdə göstəriləsi səviyyədə qura bilmir. [b]- Dövlət Rəqs Ansamblının Avropada iki saatlıq rəqs proqramı ilə çıxış etməsi üçün nə tələb olunur? [/b] - Rəngarəng işıq, lazer effektləri, dekarasiyalar, kostyumlar müasirləşməli, musiqilər yeni oronjiamanda yazılmalıdı. 60-70-ci illərin səviyyəsində xaricdə konsert vermək olmaz. Baxın, Gürcüstan Dövlət Rəqs Ansamblı gəlmişdi, dekarasiyaları göz oxşayırdı. [b]- Qayıdaq başqa məsələyə. Polad Bülbüloğlunun o zamankı əməllərindən Əbülfəs Qarayevi xəbardar etdinizmi? [/b] - Yox. Açığını deyim ki, heç ora getmək fikrim yoxdur. Tutaq ki, müraciət etdim. Əbülfəs Qarayev bəyəm nəyi dəyişəcək? Mədəniyyət və Turizm Nazirliyində vur-çatlasın, çal-oynasındı. Baxma ki, Polad Bülbüloğlu gedib, əvəzinə Əbülfəs Qarayev gəlib. Orada hələdə Polad Bülbüloğlunun "qanun"ları işləyir. Qarayevin gəlişi nəyi dəyişib ki? Köhnə abı-hava kimi köhnə kadrlar da yerindədir. O vaxt dəyişiklikdən söhbət gedərdi ki, Polad Bülbüoğlunun kadrları ondan əvvəl, ya da arxasınca çıxarılaydı. Bu gün nazir müavini Ədalət Vəliyev Polad Bülbüloğlunun yolunu davam etdirir. Kimə kimdən şikayət edəcəksən? Gedib vaxtiylə mənim əksimə olan, haqqı qoyub nahaqqa dəstək verən Ədalət Vəliyevə deyəcəm ki, Akif Məlikov məni teatrda işə götürmür? Axı, mən o teatra qayıtmaq istəmirəm. [b]- Nəyə görə? [/b] - Çünki Opera və Balet Teatrında milli ruh yoxdur. Orada vəzifə başında oturanların əksəriyyəti başqa xalqın nümayəndələridir. Teatrın da səviyyəsi aşağıdır. Opera və Balet Teatrının nümunəvi səviyyəsi yoxdur. Ümumiyyətlə, onlar məni teatrın heç kandarına belə buraxmırlar, ədavət aparırlar. Teatrın rəhbərliyi mənim düzgün danışmağımı həzm edə bilmir. Akif Məlikov teatrda fironluq etməyi xoşlayır. Təəssüflər olsun ki, bunu çox yaxşı bacarır. Heç kəs də bu fironun qarşısına çıxıb, həqiqəti deyə bilmir. Bu gün Opera və Belet Teatrının solistləri "şərtlər" altındadır. Heç kəs televiziya kanallarına ondan icazəsiz çıxa, qəzetlərə müsahibə verə bilməz. Onun bir şüarı var - "Hər şeydən mənim xəbərim olmalıdır". Amma mən onun şüarına qarşı çıxdım. Dedim ki, sənin cəsarətin çatarmı ki, "mənim icazəm olmadan televiziyaya çıxma",- sözünü Fidan Qasımovaya, Qəndab Quliyevaya, Canəli Əkbərova, Səkinə İsmayılovaya deyəsən? Deyə bilməz. Çünki onlar operanın xalq artistləridir. Bəs, mən kiməm? Balet artistiyəm. Gəncəm deyə başımın üstündə hökmranlıq etməlidir? Bəs, Akif Məlikov neylədi? Bütün köhnə ifaçıları oradan uzaqlaşdırdı. Çünki onların başı üzərində hökmranlaq edə bilmirdi. Hərəsi bir şəxsiyyətdir. Teatrın rəhbərliyi deyirsə ki, filan baletdə baş rolu filan aktyor oynasın, vay o teatrın halına! Bu adamın baletdən başı çıxmır və ona görə də balet barəsində fikir yüyürdə bilməz. [b]- "El içində" verilişində Muğam Teatrının direktoru Arif Qazıyev Sizi rejissor işinə qarışmaqda ittiham elədi. Bu məsələyə münasibətiniz necədir? [/b] - Arif Qazıyev bilmir ki, baletmestrlik nədir? Əgər baletmestr həm də rejissor olmasa, o, rəqs qura bilməz. Əlibaba Abdullayev "Bulaq başı" rəqsini necə qurub? Oğlanlar atla çıxıb qayalaqların arxasında gizlənirlər. Qayalıqdan bulaq başına qızlar gəlir. Qız oğlana deyir ki, "əyil dəsmalı götür, mən götürsəm söz olar". Bu, rejissor işidir. Cahangir Cahangirovun musiqisidir. Onlar birlikdə işləyiblər ki, bu rəqs alınıb. Mən ona məsləhət görərdim ki, başı çıxmayan sənət barəsində fikir bildirməsin. [b]- Bəs, Göyçək Fatimə?..[/b] - Fatimənin bu sənətə sadəcə həvəsi var. Peşəkarlıq haqqında danışmaq onun üçün gecdir. Öz üzərində işləyib, təkmilləşməlidir. Amma deməli deyil ki, "mən superəm". Fatimə bütün Azərbaycan rəqslərini hind rəqsləri kimi oynayır. Gözləri qaçır, gülür. Bu, hind rəqslərinin ifadəsidir. Məryəm Süleymanova isə diplomlara baxılarsa, peşəkar sayılır. Amma bu gün onun təqdim etdiyi rəqs nümunəvi səviyyədə deyil. [b]- Məryəm xanımın mənfi cəhəti nədir? [/b] - Saçının qabağındakı "çolka"ları... O, heç vaxt hörük taxmır. Özünü peşəkar adlandıran bu xanım hələ də dərk edə bilmir ki, bizim Azərbaycan rəqslərimiz hörüklərlə oynanmalıdır. O isə qeyri-peşəkar görnüşü ilə Azərbaycanın milli rəqslərinə zidd gedir. Amma peşəkar rəqqasə geyim, yaylıq, baxış və s. nəzərə almalıdır. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA