"Mənə bir məmur göstərin ki, onun haqqında hamı müsbət fikirdə olsun"

img

24-05-2009 [05:18]


[b]Fəzail Ağamalı: "Baş prokurorun və ombudsmanın səlahiyyət müddətindən məhdudiyyətin götürülməsi demokratiyaya zidd deyil" [/b] Bir qrup deputat insan hüquqları üzrə müvəkkil və baş prokurorun səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin götürülməsi təklifi ilə çıxış edib. Artıq məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə edilərək, plenar iclasın müzakirəsinə göndərilib. Hakimiyyət nümayəndələri ombudsmana və baş prokurora məhdudiyyətsiz səlahiyyət verilməsini müsbət qarşılasa da, müxalifət bunu demokratiyaya ziddi addım kimi dəyərləndirir. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilə də bu mövzuda söhbətləşdik. - Hesab edirəm ki, ombudsman seçilən şəxs özünün fiziki və intellektual imkanları ilə bu vəzifəni davamlı olaraq, yerinə yetirməyə qadirdirsə və cəmiyyətdə yetərincə nüfuz sahibidirsə, insanlar arasında ombudsman kimi qəbul edilirsə, onun iki dəfədən də artıq ombudsman seçilməsi normal hal kimi qəbul olunmalıdır. Yəni mən bu dəyişikliyə müsbət yanaşıram. Əgər bu xarakterli dəyişiklik respublika prokuroruna da aid edilsə, prokuror haqqında da qanuna əlavə və dəyişikliklər edilərsə, mən müsbət münasibətimi bildirəcəyəm. [b]- Fəzail müəllim, bir şəxsin məhdudiyyətsiz bir vəzifədə qalması demokratik prinsiplərə zidd deyilmi? [/b] - Bilirsiniz ki, icra strukturlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin vəzifəyə təyinatı prezidentin müstəsna səlahiyyətinə daxildir. Bu mənada düşünürəm ki, bu məsələlərdə demokratik prinsiplərin pozulmasından söhbət belə gedə bilməz. Əgər respublikanın baş prokuroru ölkə prezidentinin etimadını doğruldursa, vəzifəsinin öhdəsindən layiqincə gəlirsə, fiziki və intelektual imkanları onun bundan sonra da həmin vəzifəni icra etməyə şərait yaradırsa, ölkə prezidenti bundan sonra onunla birgə işləmək istəyirsə, burada heç bir problem olmamalıdır. Yəni prezident öz səlahiyyətindən istifadə edib onu növbəti dəfə həmin vəzifəyə təyin edə bilər. Ombudsmana gəldikdə isə nəzərə almaq lazımdır ki, bu, Azərbaycanda yeni bir institutdur. Ombudsman da özününü bütün parametrlərinə görə həmin vəzifəni davam etdirmək imkanına malikdirsə, nədən o, bu seçkilərdə iştirak etməsin və bir daha seçilərək, öz töhfələrini verməsin? Burada pis heç nə yoxdur. [b]- Məsələ ondadır ki, respublika prokuroru Zakir Qaralovun fəaliyyətindən xeyli narazılıq var, Elmira Sülyemanovanın da fəaliyyətinə münasibət birmənalı deyil. Bu mənada onlara bundan sonra da vəzifə səlahiyyəti vermək nə qədər önəmlidir? [/b] - Siz mənə bir məmur göstərin ki, onun fəaliyyəti ideal olsun və onun haqqında hamı müsbət fikirdə olsun. Elə bir məmur varmı ki, ona münasibət birmənalı olsun? Əlbəttə ki, yoxdur. Respublika prokuroru kifayət qədər ciddi vəzifədir. Bu vəzifənin yerinə yetirilməsində çoxlarının, yəni cinayət aləmində, qanunların pozulmasında bu və ya digər formada iştirak edən insanlar onlara qarşı qanun tətbiq edəndə prokurorluqdan da, prokurordan da narazı qalırlar. Mənim yadıma gəlmir ki, nə vaxtsa, ölkənin baş prokuroruna, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə birmənalı müsbət münasibət olsun. Özü də bu, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində belədir. Əgər bir şəxs prokuror kimi işinin öhdəsindən gəlirsə, rəhbərlik etdiyi orqanın fəaliyyətini koordinasiya etməyi bacarırsa, qalıb işləyə bilər. Bir də ki, bu məsələ prezidentin səlahiyyətindədir. Ona görə də məsələləri Zakir Qaralovla, ya da Elmira Sülyenmanova ilə fərdiləşdirmək düzgün deyil. Əslinə qalanda, bu şəxslərin hər ikisi öz səlahiyyətlərini məsuliyyətlə və layiqincə yerinə yetirirlər. [b]- ADP sədri Sərdar Cəlaloğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu dəyişiklikləri demokratiyaya hücum kimi dəyərləndirib. Bu barədə nə deyə bilərsiniz? [/b] - Mən məsələlərə Sərdar Cəlaloğlu kimi münasibət bəsləmirəm. Baş prokurorun və ombudsmanın səlahiyyət müddətindən məhdudiyyətin götürülməsi demokratiyaya zidd deyil. Çünki bu vəzifələr seçki yolu ilə deyil, dövlət başçısı tərəfindən təyin olunur. İkincisi, ombudsmanlıq üçün üç nəfərin adı Milli Məclisə təqdim olunur və onların üçündən biri seçilir. Milli Məclis ölkə prezidentinin təqdim etdiyi hansı namizədə üstünlük verərək etimad göstərərsə, artıq o, seçilmiş hesab olunur. Burada demokratik prinsiplərin pozulmasından, Sərdar Cəlaloğlunun dediyi kimi, demokratiyaya zərbə vurulmasından söhbət gedə bilməz. [b]- Ancaq məhdudiyyətsiz səlahiyyət müddəti mənfi tendensiyadır. Ona qalsa, Fəzail Ağamalı da Ana Vətən Partiyasının məhdudiyyətsiz sədri olmalıdır? [/b] - Bizim partiyanın nizamnaməsində belə bir məhdudiyyət yoxdur. Bəzi partiyalarda bu məhdudiyyət var, bəzilərində yox. Düşünürəm ki, hər bir partiyanın bu məsələylə bağlı öz mövqeyi, söykəndiyi arqumentlər var. Məhdudiyyətin olmaması o demək deyil ki, həmin partiyanın sədri ömrünün son gününə qədər rəhbərlikdə qalacaq. İstənilən zaman ya özü istədiyi təqdirdə sədrlikdən gedə bilər, ya da qurultay onun səlahiyyətlərinə xitam verər və yeni şəxsi sədr seçə bilər. Yəni məhdudiyyətin qoyulub-qoyulmaması demokratiyanın pozulması anlamına gəlmir, yaxud məhdudiyyətin olması demokratiyaya xidmət deyil. Bütövlükdə demokratiyanı müəyyənləşdirən xalqdır. Əgər xalq prezident, parlament və bələdiyyə seçkilərində öz iradəsini ortaya qoya bilirsə, seçkilər onun iradəsinə uyğun olaraq, ədalətli, demokratik, azad keçirsə, deməli, burada demokratiya var. Bu gün Azərbaycandakı vəziyyət dediklərimlə tamamiylə uyğun gəlir. Ona görə də Sərdar Cəlaloğlu kimi siyasətçilərin narahatlıq keçirmələri yersiz görünür. [b]- Mövzunu bir qədər dəyişək. Bildiyiniz kimi, qarşıdan bələdiyyə seçkiləri gəlir. Ana Vətən Partiyası seçkilərlə bağlı nə düşünür? [/b] - Biz hələ mart ayının əvvəllərində partiyanın Mərkəzi Şurasının iclasını keçirərək, bələdiyyə seçkilərini müzakirə etmişik. Həmin toplantıda budəfəki bələdiyyə seçkilərində iştirak etməklə bağlı ilkin qərar vermişik. Bununla bağlı partiyanın Seçki Qərargahının rəhbəri kimi təşkilati məsələlər üzrə müavin Etibar Quliyevə Mərkəzi Şuranın xüsusi bir tapşırığı oldu. Həmin tapşırıqlara uyğun olaraq, Etibar Quliyev rayon və şəhər təşkilatları ilə əlaqələrini yekunlaşdırmaq üzrədir. Hazırda hansı dairələrdə namizədlə çıxış etməyimizi planlaşdırırıq, demək olar ki, bu istiqamətdəki işlər də yekunlaşmaq üzrədir. İndi bələdiyyələrin birləşdirilməsi, sayının azaldılması ilə bağlı müzakirələr getdiyi üçün yekun qərarımızı verməmişik. Yəqin ki, sentyabr-oktyabr ayında hər şey məlum olacaq, biz də bütün hazırlıq işlərini başa çatdırıb, namizədlər siyahımızı təsdiqləyəcəyik. [b]- Yeni Azərbaycan Partiyasına hansısa formada dəstək vermək niyyətiniz varmı? [/b] - Biz bütün seçkilərdə Yeni Azərbaycan Partiyası ilə məsləhətləşmələr apırırıq. Əlbəttə ki, bu dəfə də məsləhətləşmələrə ehtiyac olacaq. Çalışacağıq YAP-la elə ortaq məxrəc tapaq ki, daha çox seçilmək şansı olan bələdiyyələrdə YAP öndə olsun, biz də onlara dəstək verək. Düşünürəm ki, belə bir razılığın əldə olunması üçün hər hansı problem olmayacaq. [b]- Müxalifətin aparıcı qüvvələri seçkiyə birgə getməyi qərarlaşdırıb. Opponentlərinizin birgə seçki mübarizəsinin perspektivini necə görürsünüz? [/b] - Onlar kifayət qədər zəifləyiblər. Hesab edirəm ki, həmin qüvvələrin bələdiyyə seçkilərinə birgə getməsi də onlara hər hansı uğur vəd etmir. Baxın, prezident seçkilərində ümumiyyətlə, iştirak etmirlər, parlament seçkilərində qalib gəlib mandat qazana bilmirlər, iştirak edən də küsüb gedib evində oturur. Beləliklə də xalqın etimadını getdikcə itirirlər. Xalq da ondan üz döndərəni təbii olaraq, heç vaxt dəstəkləmir. Yalnız bəyanatlarla deyil, əməli işlərlə xidmət etməyi xalq daha yüksək qiymətləndirir. Azərbaycan xalqına indiki müxalifətin radikal qanadının əməlləri bəllidir. Xalq radikal müxalifətin güclənməsində maraqlı deyil. Mən düşünmürəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində onlar ciddi uğura imza atacaqlar. Təbii ki, müxalifətin digər qanadlarının seçkilərdə iştirak edib müəyyən uğur əldə etmək imkanları var. [b]- Deyirsiniz ki, müxalifət zəifləyib, xalqdan dəstəyi yoxdur, bəs hakimiyyət necə? [/b] - Hakimiyyət gücldür. 2008-ci il prezident seçkilərində İlham Əliyevin Azərbaycan xalqının böyük əksəriyyətinin səsini alması bunun göstəricisidir. Mənə elə gəlir ki, hakimiyyətin xalq tərəfindən dəstəklənməsini sübut edən başqa bir vasitəyə ehtiyac yoxdur. [b]- Müxalifət isə iddia edir ki, Azərbaycanda bu günə kimi keçirilən seçkilər saxtalaşdırıldığına görə nəticələr də, formalaşan hakimiyyət də qeyri-legitimdir... [/b] - Müxalifət çox şey deyə bilər. Onların dedikləri fikirlər artıq köhnə bayatıdır. Azərbaycan xalqı müxalifətin bu cür fikirlərinə istehza ilə yanaşır. Onlar xalqı seçkiləri boykot etməyə çağırdılar, amma xalq əksinə, seçkilərə daha fəal qatılmaqla və İlham Əliyevə səs verməklə, müxalifətin özünü boykot etdi. Çox təəssüf ki, bundan nəticə çıxarmayan radikal müxalifət Konstitusiya dəyişiklikləri ilə bağlı referendumda da eyni taktikanı irəli sürdü, Azərbaycan xalqı bir daha onlara öz yerini göstərdi və dəstəkləmədiklərini birmənalı şəkildə nümayiş etdirdi. Mənə belə gəlir ki, radikal müxalifət baş verən proseslərdən nəticə çıxarmalıdır. Həm Azərbaycan xalqının iradəsinə zidd getməyi, həm də iqtidara böhtanlar atmağı dayandırmalıdır. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA