Araz Elsəs: "Mən bütöv Azərbaycan dəlisiyəm"

img

17-05-2009 [05:05]


Bu günlərdə Araz Elsəsin yolu yenə Bakıya düşmüşdü. Millətin dərdi ilə yanıb-qovrulan müğənni bu dəfə vətənə əliboş gəlmədi. Yerli sənətçilər disk, kaset çıxarmaq, klip ekranlaşdırmaq üçün Avropaya üz tutduqları halda, o, məhz "Qarabağ" adlı klipini Bakıda təqdim etdi. "Reytinq"in redaksiyasında qonaq olan və "Qarabağ" deyə hayqıran müğənni məmləkətin belə bir bağırtıya ehtiyac duyduğunu da bildirdi. - İş birliyi qurduğum bütün musiqiçilər Bakıdadır. Digər tərəfdən, onlar mənim dilimi, ifamı avropalılardan daha tez qavrayırlar. Avropalılar içimdəki duyğularımdan, ruhumdan xəbərsizdir. Onlar hardan bilsin ki, Araz Elsəs nə istəyir? Sadəcə, robot kimi dinləyirlər. Qarabağa aid olan klipimdə sızlamaq, ağlamaq deyil, "Qarabağ" deyə bir hayqırtı var. Bağırtı bütün insanların canına, qanına hopmalıdır. Döyüş ruhunda, rok üstündə yazılmış bir mahnıdır. Mahnılarımını çoxu hayqırtıdır, bağırtıdır. Bu saat məmləkətin bağırtıya ehtiyacı var. [b]- Bəs, məmləkət bağırtıya ehtiyac duyduğu halda niyə az-az görünürsünüz?[/b] - Açığını deyim ki, insanlarla görüşü çox arzulayırdım. Əhməd Şəfəqin konserti də bir bahənə oldu. Sabir Rüstəmxanlı xahiş etdi ki, onların tədbirinə qatılım. Mən də fürsəti əldən vermədim, bir neçə mahnı oxudum. Bir-iki mahnı ilə iş bitmir. Mənə geniş meydan lazımdır. [b]- O zaman nəyi gözləyirsiniz? [/b] - Bircə səbəb var. Uzaqdayam, gəlib-getmək olmur. İşlərin də sayı-hesabı yox. Problemlər çoxdur. Bir deyil, iki deyil, başdan aşır. Bunlar zamanla çözüləcək. Gəlin dərdlərdən danışmayaq, sevindirici işlərdən danışaq ki, xoşgün olaq. Onsuz da bədbinlik bizimlə doğulub, onu qovsaq da gedən deyil. [b]- Sizi daha çox mərhum prezident Əbülfəz Elçibəyə bağlayırlar. Sirr deyilsə, bu bağlılığın kökündə nə dayanır? [/b] - Ədəbi və mənəvi bağlılıq. Mahnılarımı dinləyən hər kəs bilir ki, hamısı Azərbaycanla, azadlıqla bağlıdır. Elə bir mahnım yoxdur ki, orada Azərbaycan dərdi əks olunmasın. Mən bütöv Azərbaycanın dəlisiyəm, gecəm-gündüzüm ona bağlıdır. Dünya və güney azərbaycanlılar, türk dünyasının kökü... Arazın o tayı, bu tayı, bir sözlə, kimdə birlik düşüncəsi varsa, biz onunlayıq. Biz birik, bir kök, bir budağıq. Bizi ölüm də ayıra bilmir. [b]- Azərbaycana son gəlişiniz nə vaxt olub? [/b] - Yanvarda. [b]- Bakıya tərəf üz tutanda nə hiss edirsiniz? [/b] - Ancaq dəyişiklik. Hər şey dəyişir. Hər dəfə yeniliklərlə qarşılaşıram. Binalar tikilir, yollar çəkilir, hər yer abadlaşır. Amma nə olsun, məgər bununla iş bitir? [b]- Nədən narazısınız? [/b] - Özümüzdən, cəmiyyətdən... Köklü dəyişiklik başqa şeydir. Azərbaycan isə bundan çox-çox uzaqdır. Bunlar elə başa düşür ki, yeni binaların tikilməsi, yaxud da rənglənməsi dəyişməkdir. Yox, insanlar öz içlərindən, özü də köklü şəkildə dəyişməlidir. Bina deyil ki, sökəsən, yerində başqasını tikəsən. İnsanların düşüncə tərzi, zamana və dünyaya baxışı dəyişməlidir. Bunun üçün zaman lazımdır. Bu isə 3-5 ilin işi deyil. Bunun üçün illər, bəlkə də əsrlər keçəcək. Sovet qanunları beynimizdə oturub bizi didir. İnsanlara bir şey vermədən sən ondan necə və hansı haqla nəyisə tələb edə bilərsən? Buna sənin haqqın yoxdur. Birlikdə əkib, zamanla əkdiyin meyvənin barını yeməlisən. Gəlin görək bu, Azərbaycanda varmı? Hər kəs özü üçün əkməyə çalışır. [b]- Arzuladığınız cəmiyyət və axtardığınız dəyişiklik baş versəydi, yaşamaq üçün Bakını seçərdiniz? [/b] - Mən Avropanı yaxşı yaşamaq üçün seçmişəm, onun süni parıltısına da aldanmamışam. Azərbaycanın ən pis və çətin vəziyyətində millətimlə birgə olmuşam. Torpaqdan 4 əlli yapışmışam ki, vətən, mən səni sevirəm, səndən ayrılıb getmək istəmirəm. Hara getsəm də fikrim, ürəyim buradadır. Ən önəmlisi isə mən istəyərək buradan ketməmişəm. Mən Azərbaycanda yaşamaq istəyirəm. Bura mənə ilham verir, küçədə gəzirəm, insanların yaşamına baxıram, onların dərdinə acıyıram, lazım gəldikdə isə ağlayıram. Yaradıcı adam bu hisslərlə alovlanmalı, ona yeni ruh gəlməlidi. Bunu hiss etmədən yaradıcılıq ola bilməz. Amma qəribçilik... [b]- Qəribliyin yaradıcılığınızda rolu nə qədərdir? [/b] - Qəriblik adamı üzür. Son yazdığım bir mahnı var - "Sevgili yurdum", bu, həsrət nəğməsidir. Qürbətdə yaşamayan, vətən üçün burunun ucu göynəməyən insan mənim nə hiss etdiyimi hardan başa düşəcək? Qəriblik dərddir, kədərdir, göz yaşıdır. Bəzən çətinliklər güc gəlir adama. Yüz adamla görüşürsən, yenə də vətən yadan çıxmır. Necə də çıxsın, vətən vətəndir. Çətinliklərə sinə gəlmək, tənqid etmək, həqiqətləri yazıb insanları qaranlıq nöqtələrdən xilas etmək lazımdı. Baş götürüb qərib ölkəyə getməklə iş bitmir. Azərbaycan, iqtidar, müxalifət hamısı mənimdir. Reallıqları, həqiqəti gizlətməyin nə mənası? Bu gün bütün xalq bir həqiqəti dərk etməlidir. Millətçilik deyilən bir məvhum var. Onun keşməkeşli yolu sevgidən keçir. Milləti sevmək lazımdır, özü də təpədən dırnağa qədər. Millətin savadlısı da, savadsızı da, məni sevən də, sevməyən də mənimdir. [b]- Millətçilik sevgisi görməyənlər Avropaya sığınır. Ümumiyyətlə, Avropadan baxanda Azərbaycan necə görünür?[/b] - Azərbaycan geniş mədəniyyətə malikdir. Bunu hamı yaxşı bilir. Güclü musiqimiz var. Beşindən gendəyiksə, beşindən öndəyik. Amma bununla iş bitmir. İstərdim ki, Azərbaycanda mədəniyyət saz üstündə nizamlansın. Saz bizim kökümüzdür. Yaxşı muğam ifaçılarımız var. Təəssüflər olsun ki, əsl musiqinin kökünü yaddan çıxarıblar. Musiqimizin kökünə varanda 200 il yada düşmür. Sadıqcan tarı dizindən sinəsinə qaldırdı. Muğamlar oxunur yorulanda xalq, aşıq mahnısı ifa edilir. Saz insana yeni ruh gətirir, yorğunluq yaddan çıxır. Biz türkük, ruhumuzla at çapmışıq. At minən xalqın ritmi olmalıdır. Mən arzu edirəm bu ritm bizim ruhumuzda daha çox işlənsin. Təəssüflər olsun ki, mən hazırda Azərbaycan musiqisində ritm, ruh görmürəm. Millətin həvəsdən düşməsi, sabaha nikbin baxması, fəal olmaması məni incidir. Bizim musiqimiz özümüzə, ruhumuza uyğun olmalıdır. Bu isə yoxdur. Olanlarımız isə çox aşağı və həddindən artıq səviyyəsizdir. Hamı belə kökə malik olan musiqini səviyyəsiz göstərmək istəyir. Bizdə meydan, azadlıq əldən alınır, Türkiyədə isə bu getdikcə milliləlişr, günü-gündən inkişafa doğru gedir. Azərbaycan musiqisinin əsl kökü ozan üstündədir. Muğamımız, operamız var. Bəs sazın, zurnanın tarixi nə zamandır? Musiqişünaslar bunu analiz edib üzə çıxarmalıdı. Yeri qazanda 8 min il bundan əvvəldən qalmış sazın nişanələri tapılıb. Buna dəyər vermək lazımdır. Hanı o dəyər? Niyə yoxdur? Bu sazı unutmaqdan irəli gəlir. İranda muğam konsetləri keçirilir. Nəyə görə bizim orkestləri orada çalmağa qoymurlar? Nəyə görə orada "Koroğlu üverturası" çalınmır? Çünki o üverturadakı hayqırtı milləti silkələyəcək, titrədəcək. At minən türkün musiqisində atın ayaq səsləri canlanmalıdır. Bütün bunlar bizim zurnamızdadır. Zurna çalındığı zaman insan həyacansız olumur. "Humayın" muğamı da həmçinin, hər şeyi unudursan. Sanki bu saat döyüş meydanındasan, sənə savaş lazımdır, 20 faiz torpağın gedib. Şərqdə Opera bizə məxsusdur. Amma baxın görün, nə gündəyik. Bizsə çox cılız işlərlə məşğuluq. Gəlin, bu cılızlıqdan özümüzü xilas edək, böyüyək. Hündür binalar tikməklə böyümək olmur. Beyin, düşüncə cılızdırsa, yüz dəfə dəyiş, nə mənası?.. [b]- Bizi cılızlığa aparan yol hardan keçir? [/b] - Çox şeylərdən, çox yollardan. İstəməzdim onu açıqlayam. [b]- Bəlkə az da olsa, açıqlayasınız? [/b] - Özümüz özümüzlə çarpışırıq. Ayağımızın altını qazmaqdan ləzzət alırıq. Cılız şeylərdən xoşumuz gəlir. Öyrəncəliyik axı. Cılız şeylərə dəyər veririk. Çox ucuz şeylərlə razılaşırıq, yalandan tərif deyirik. Elə evimizi yıxan da budur. Dəyərli işlər yaddan çıxır, mənəviyyatımızı itiririk, özü də bu barədə düşünmək belə istəmirik. Milləti "xəstəlik" bürüyüb, hamı birinci olmaq istəyir. Neynirsiniz o birinciliyi? Əyilərək, sınaraq, sındırılaraq əldə olunan birincilik kimə lazımdır? Sənəti olan insanın başından basırıq. Ən pis cəhətimizsə insanlara öləndən sonra dəyər verməkdi. Xeyir-şər məclislərinin qəhrəmanları var. Gözləyirlər ki, birinə nəsə olsun, gəlib yeyib, içib, danışıb şeir desinlər. Bu, cılızlıq deyilmi? Bizə təqid lazımdır. Amma biz tənqid eşidəndə dəli oluruq. Düşürük əl-ayağa ki, sən niyə məni tənqid edibsən. Axı sən tənqiddən niyə qorxursan? Bizim bir bədbəxtliyimiz də var. Çox danışırıq, amma iş görmürük. [b]- Niyə? [/b] - Bunu bir nəfərin, bir partiyanın, yaxud da bir təşkilatın boynuna atmayaq. Bütöv cəmlikdən, məmləkətdən söhbət gedir, azad şəxs, azad cəmiyyət yaradaq. Gəlin görək biz azad insanlarıqmı? Hanı qan bahasına əldə olunan AZADLIQ!? Qazandığınız AZADLIĞI əlinizdən itirmisiniz. Kimisə ittiham etməyə dəyməz, günah hamımızdadır. Milləti sevmək lazımdır. Göstər mənə o sevgini. Bizdə insan sevgisi yoxdur. İnsanlara fərq qoyurlar. Amma söz düşdəndə millətçilikdən danışırlar. Allahın toyuğunu da tumarlayırsan, yavaş-yavaş sənə öyrəşir. Heyvan heyvanlığı ilə sevgiyə ehtiyac duyur, insanlarsa manqurtlaşır. Hamı deyir ki, baş verənlərə görəsən, filan ölkənin münasibəti necədir? Sən onun münasibətini neynirsən, lazımi məqamda sözünü de, rəyini bildir. Qarabağ bizimdir. Təbii ki, öncə bizim mövqeyimiz nəzərə alınmalıdır. Bizsə bunu başqlarının öhdəsinə buraxırıq. Budur AZADLIQ!? Biz niyə qərarı özgələrdən gözləməliyik? Ayaq üstə durmaq gözəl bir şeydir, amma dura biləsən, əyilməyəsən. İndi öz qəddinə görə ayaq üstə duran çətin tapılsın, hamı əyilir. [b]- Araz bəy, özünüz demiş, gəl xoş şeylərdən danışaq. Yaradıcılığınızdan danışın... [/b] - Oxuduğum mahnılar özümə məxsusdur. Bütün bəstələrim saz üstündə yazılıb. Bəzilərini isə dostlarım yazır, mən də üstündə işləyirəm. [b]- Sirr deyilsə, Sizi yandırıb yaxan nədir?[/b] - Dərd. Mən dərdli adamam. Məgər bu hiss olunmur? [b]- Hər bir dərdin məlhəmi var. [/b] - Mənim dərdimin məlhəmi yoxdur. Vətəndən uzaq qürbətdə yaşamağım məni öldürəcək. Qəfil xəstə düşdüm, başımın üstündə kim duracaq, nə olacaq? Millətçiyəm, millətin dərdi məni üzür. Torpağım düşmən tapdağındadır. Bəlkə bu çoxlarının vecinə deyil. Bu qədər dərdi olan millət də düşüklük edər!? Allah heç kəsi yurdundan ayrı salmasın. [b]- Araz Elsəs millət, vətən dərdindən əziyyət çəkir. Ancaq elə xalq artistləri var ki, ancaq dövlətdən nəsə qoparmaq məqsədi güdürlər... [/b] - Dərdə düçar olmayan adam onun ağrısını hardan biləcək? Allah heç kəsi yurdundan didərgin salmasın. Yurdan didərgin düşməyən adam bunu bilməyəcək. Təssəvür edin ki, sürgünə getmisən, vətən üçün göynəyirsən. Nə zaman ki, görsəm sizlər, məmləkət, millət dərdsizdir, o zaman sürgün başa çatacaq. Gəlin, buna ümüd edək. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA