03-05-2009 [02:52]
[b]Leyla Əliyeva: "Avrovizion"da iştirak edən xanımlar həddən artıq gözəl olmalıdırlar ki, milyonlarla tamaşaçının diqqətini cəlb edə bilsinlər" [/b]
"Avrovizion" beynəlxalq musiqi yarışmasına iki həftədən də az vaxt qalır. Bu vaxtdan yararlanan Aysel-Araş cütlüyü təbliğat kampaniyası kimi promokonsertlərə deyil, "Always" mahnısına ekranlaşdırılmış klipin nümayişinə üstünlük verdi. Nədənsə cütlük Rusiyaya daha çox meyl etdi. Görəsən, bu, sözügedən yarışmanın Rusiyada keçirilməsindən irəli gəlir, yoxsa... "Avrovizion" yarışmasının Azərbaycan nümayəndə heyətinin üzvü Leyla Əliyeva ilə söhbətimiz də elə bu barədədir:
- Ötən il "Avrovizion" müsabiqəsinin təmsilçiləri Avropanın bir çox ölkələrində promokonsert proqramı ilə çıxışlar etdilər. Amma bu il biz, tamamilə başqa yol seçdik. İstədik ki, klipimiz müsabiqəyə qatılan ölkələrin aparıcı telekanallarında nümayiş olunsun. Çünki televiziya daha geniş auditoriyaya malikdir. İfaçı hər hansı konsert salonuna gedib orda çıxış edə bilər. Konsert zamanı 500 tamaşaçı seyr edəcəksə, televiziya vasitəsilə onun klipinin təqdim olunması daha geniş aiditoriya ilə ünsiyyətdə olmaq imkanı yaradır. Aysellə Araşın klipi isə müsabiqəyə qatılan ölkələrin 39-da nümayiş olunur.
[b]- Necə oldu ki, heç kimin tanımadığı Aysel "Avrovizion"un seçim turunda qəfildən ortaya çıxıb "mən də varam" dedi?[/b]
- Oktyabr ayında İctimai Televiziyanın böyük studiyasında daxili qapalı kastinq keçirildi. Kastinqdə Azərbaycanın ifaçıları münsiflər heyəti qarşısında çıxışlar etdi. Onların arasında gənclərlə yanaşı, tanınmayan başqa ifaçılar da vardı. Aysel Teymurzadə onlardan çox seçilirdi.
[b]- Ayselin fərqli xüsusiyyəti nədə idi? [/b]
- İddialı olmasında. Bundan başqa onun səhnə görünüşü, səs imkanları da nəzərə alanmışdı. Təbii ki, bunlar münsiflər heyətinin dəqqətindən yayına bilməzdi. Bunları nəzərə alan heyət onu bu mötəbər yarışmaya layiq bildi. Seçilən ifaçının müəyyən huququ var. O, məşhur bir ifaçını özünə duet yoldaşı seçə bilər. Aysel də Araşı seçdi. Ələlxüsus da ona görə ki, Araş öz mahnısını-"Always"i təqdim etmişdi.
[b]- Bu cütlükdə ilk addımı kim atıb. Yəni, duet təklifi Araşdan gəlib, yoxsa Ayseldən? [/b]
- Aysel mahnını dinləyəndən sonra Araşla oxumağa ravzılıq verdi. Ayselin seçimindən sonra mahnı üçün elan verdik. Mahnının qəbulu prosesində isə sırf azərbaycanlı olmaq vacib şərt deyil. Həmin arada bizə Amerikadan, Türkiyədən və başqa ölkələrdən mahnılar göndərdilər. Münsiflər heyətinin son qərarı isə "Always" mahnısı oldu.
[b]- Münsiflər heyətində kimlər təmsil olunur? [/b]
- Münsiflər heyətinin sədri İsmayıl Ömərovdur. Üzvlər xalq artisti Fərhad Bədəlbəyli, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, musiqişünas Lalə Kazımovadır. Gənclər və idman, mədəniyyət və turizm nazirliklərinin nümayəndələri də münsiflər heyətində təmsil olunurlar.
[b]- Deyilənə görə, 7 nəfərlik nümayəndə heyətini bir "dirijor" idarə edir. Doğrudurmu? [/b]
- Heç kim yekun qərara müdaxilə etməyib. Ayselin sağında və solunda heç bir rəqib görünmürdü. O, bundan əvvəl "Yeni ulduz" yarışmasında iştirak etmişdi. Amma nədənsə həmin müsabiqədə uğur qazana bilməmişdi. Görünür, üzərində çox işləyib. Rəqsləri də gözəldir. Ümumiyyətlə, bu müsabiqədə iştirak edən xanımlar həddən artıq parlaq görünməlidir ki, neçə milyonluq aidditoriyanın diqqətini özünə cəlb edə bilsin.
[b]- Sözünüzdən belə çıxır ki, müsabiqədə gözəllik əsas şərtlərdən biridir...[/b]
- Bəli. Səhnəyə çıxan hər bir xanımın gözəl görünüşü olmalıdır. Əlbəttə, bu gözəllik müsabiqəsi deyil. Serbiyalı Mariya əsla gözəl xanım deyildi. Amma o, Serbiyaya qalibiyyət gətirdi. Burada birinci növbədə səs imkanları önə çəkilir. Ayseldə də bu imkanlar kifayət qədərdir.
[b]- Bəzi musiqişünaslar və bəstəkarlar mətbuata açıqlamalarında bildiriblər ki, Ayselin səs imkanları məhduddur və o, ifa etdiyi mahnıda Araşın kölgəsində qalır. [/b]
- Biz bu fikirlərlə razı deyilik. Aysel seçim turunda bizə bir neçə mahnı təqdim etdi. Düzdür, onlar yeni mahnı deyildi. Sadəcə, Aysel həmin mahnılarda özünün bütün səs imkanlarını göstərə bildi. Çox fərqli jarnlardan ibarət olan bu mahnılar müğənnidən rəngarəng səs diapozonu tələb edir. Aysel xalq mahnıları da oxuya bilir. O, heç də Araşın kölgəsində qalmayıb. Ayselin konsert verdiyi ölkələrdə Araş məşhur müğənni imici qazanıb. Amma buna baxmayaraq, hamı Ayselə tərəf axışır. Ona görə yox ki, o, gözəgəlimlidir, qəşəngdir. Ona görə ki, onun səs imkanları var. Bir insan hamının xoşuna gələ bilməz. Gəlsə belə bu anormal hal hesab edilər. Bizim tez-tez verilişlərimiz olur və ora çox istedadlı musiqi mütəxəssisləri, bəstəkarlar dəvət olunur. Onlar Aysel barəsində yüksək fikirlər söyləyirlər. O ki, qaldı bəstəkarların bəzi neqativ çıxışlarına, biz özümüz də bundan xəbərdarıq. Mahnının təqdim olunması üçün kifayət qədər böyük vaxt intervalı qoyulmuşdu. Əvvəlcədən deyilmişdi ki, heç bir bəstəkara şəxsən müraciət olunmayacaq. Bütün bəstəkarlar müasir tələblərə cavab verən mahnılarını bizə təqdim edib, özlərini sınaya bilərdilər. Beynəlxalq müsabiqədə 42 ölkə iştirak edir, bu sırada biz də varıq. Burada söhbət məndən, səndən deyil, Azərbaycanın təmsilçiliyindən gedir. Hər bir insan öz ambissiyalarını kənara qoymağı bacarmalıdır.
[b]- Niyə "Avrovizion" yarışmasının seçim turu Azərbaycanda qapalı aparılır?[/b]
- SMS vasitəsilə canlı efirdə müğənni seçmək bizdə dəbdir. Bu, heç də yaxşı tendensiya deyil. "Avrovizion" isə çox məsuliyyətli bir müsabiqədir. Unutmayaq ki, səsvermədə iştirak edənlər heç də peşəkar musiqiçilər deyillər. "Avrovizion"un amalını və prinsipini dərinliyi ilə dərk etməyənlərin seçimi necə ola bilər? Əlbəttə, biz bütün insanların fikirlərinə hörmətlə yanaşırıq. Belə qərara gəldik ki, "Avrovizion"u SMS yarışmasına çevirməyək. Biz çalışdıq ki, Azərbaycanı peşəkar musiqiçilərin liyiq bildiyi sənətçi təmsil etsin. Ötən il biz bu addımı atdıq və 10-luğa düşdük.
Düzdür, bu müsabiqənin özündə SMS-dən istifadə olunur. Amma bu il müsabiqənin təşkilat komitəsi qərar verib ki, səsvermə tək SMS-lə bağlı olmayacaq. 50 faiz SMS-dən gələn səslər, 50 faiz isə peşəkar münsiflər rəyi olacaq. Görürsünüzmü, artıq Avropa da peşəkar rəyinə qayıdır. Demək olar ki, peşəkar rəyi SMS-lə bərabər hüquqda olacaq.
[b]- Fərhad Bədəlbəyli iddia edir ki, "Avrovizion" siyasi müsabiqədir. Bəlkə elə Araşın Ayselə birgə oxuması da siyasi məsələdir? [/b]
- Burada nə siyasət ola bilər? Siyasi münasibətlər və Avropanın hazırkı siyasi mənzərəsi yalnız səsvermə günü bilinəcək. Bu zaman siyasi deyil, daha çox coğrafi münasibətlər əsas götürülür. Araş əslən azərbaycanldır. Bunu hamı bilir. Araşın özü də dəfələrlə deyib ki, Azərbaycanı təmsil etməkdən qürur duyur. Burda heç bir siyasətdən söhbət gedə bilməz. Bir məqamı qeyd etmək istəyirəm. Norveç ifaçısı əslən Belarusdandır. Belarus prezidenti "əgər Norveç ifaçısı qalib gəlsə, mən ona ev bağışlayacam" deyib. Bu müsabiqədə artıq vətəndaşlıq prinsiplərinə riyayət olunmur. Hadisə özü Belçikada yaşayır. Amma Türkiyəni təmsil edir. Bu normal bir şeydir.
[b]- "Yeni ulduz" layihəsinin təşkilatçılarından olan Oqtay Əliyev mətbuata açıqlamasında "3-4 mahnı oxuyan, "Yeni ulduz"da 4 həftə tab gətirə bilməyən Aysel "Avrovizion" kimi beynəlxalq müsabiqəyə necə seçildi. Belə bir ifaçı ölkəni necə təmsil edə bilər?" deyib...[/b]
- Bu fikirlə qətiyyən razı deyiləm. Ola bilsin, həmin vaxt çox gənc olub, səs imkanları yerində olmayıb. Həmin vaxtdan bir neçə il keçir. İstəməzdim ki, Ayselin istər keçmişi, istərsə də hər hansı bir müsabiqəyə qatıldığı dövrdəki uğursuzluqları barədə açıqlamalar verək. Ən azı ona görə ki, bu açıqlamalar Azərbaycana xeyir gətirmir. Baxın, o, hansı səhnələrdə çıxış edir. Bu Aysellə yanaşı Azərabycanın uğurudur. Unutmayaq ki, Aysel bir il ABŞ kimi dövlətdə təhsil alıb.
[b]- Yarışmada mahnı nəyə görə məhz ingilis dilində oxunmalıdı? Mariya Serbiya dilində oxudu və birinciliyi əldə etdi. Niyə Aysel mahnısını öz ana dilimizdə oxumur?[/b]
- Bu il müsabiqədə mahnını öz dilində ifa edəcək müğənnilər var. Estoniya, İsrail də belə ölkələrin siyahısındadır. İngilis dili beynəlxalq dildir. Müsabiqədə illərin təcrübəsi də çox vacibdir. Biz də Fransa, Türkiyə, Almaniya kimi uzun illər bu müsabiqədə iştirk etsəydik, öz doğma dilimizdə oxuya bilərdik. Amma müsabiqədə iştirak edən ölkələrin ingilis dilinin seçməsi daha məqsədəuyğundur.
[b]Bahar RÜSTƏMLİ[/b]