Zərdüzt Əlizadə: "Metyu Brayza deyir ki, məsələnin həlli yaxındır, amma mənim fikrimcə, ortada məsələnin həlli üçün yaxzı heç nə yoxdur

img

03-05-2009 [02:42]


[b]"Azərbaycan tərəfi ilkin mərhələdə Kəlbəcərin azad olunmasını kənara qoyursa, bu, Azərbaycan diplomatiyasının məğlubiyyətidir" [/b] Mayın 7-də Praqada Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərdə tutulan bu görüşdə bir sıra məqamlarda razılıq əldə olunacağı bildirilir. Məsələylə bağlı fikirlərini bizimlə bölüşən politoloq Zərdüşt Əlizadə isə müsbət nəsə gözləmədiyini deyir: - Yeni heç nə gözləmirəm. İkinci dərəcələi məsələlər razılaşdırılıb. Yenə də əvvəlki kimi əsas mahiyyət daşıyan məsələ razılaşdırılmayıb. İndi Minsk Qrupunun həmsədrləri, böyük dövlətlər çalışırlar ki, tərəfləri elə bir varianta razı salsınlar ki, ikinci dərəcələi məsələlər həyata keçsin, əsas məsələ, yəni Qarabağın mənsubiyyət məsələsi qalsın sonraya. Amma burada elə bir şərtlər qoylur ki, onlar baxır kimə xeyirdir. Hər bir vasitəçi dövlət çalışır ki, gələcəkdə bölgədə əsas oyunçu olsun. Amerika çalışır özü olsun, Rusiya özü, Fransa da çalışır ki, hamiliyində olan Ermənistanın mənafelərini təmin eləsin. İndi Qarabağ danışıqları ilə bağlı çoxlu təfərrüatlar üzə çıxır. Danışıqlarda Türkiyənin rolu artır. Türkiyə çalışır ki, prosesdə rolunu artırsın, kiməsə yaxınlaşsın. Məsələ odur ki, mayın 7-də hansı prezident güzəştə gedəcək. Təbii ki, güzəşt iki tərəfli olmalıdır. Amma Ermənistan prezidentinin sözlərindən belə çıxır ki, Qarabağın Azərbaycana qaytarılması məsələsi türklər demiş "söz konusu" ola bilməz və quru ərazidən əlaqə saxlanmalıdır, yəni ən azı Laçın dəhlizi olmalıdır. Bir də, azərbaycanlılar Qarabağa o vaxt qayıda bilərlər ki, oranı subyekt kimi tanısınlar. [b]- Elə Azərbaycan prezidenti də heç bir güzəştə gedilməyəcəyini bəyan edir... [/b] - Bəli. O da deyir ki, mən güzəştə getməyəcəyəm. Belə olan şəraitdə də hər hansı danışıq nəticə vermir. Metyu Brayza deyir ki, məsələnin həlli yaxındır, amma mənim fikrimcə, ortada məsələnin həlli üçün yaxşı heç nə yoxdur. Nikbinlik üçün də hər hansı əsas görmürəm. [b]- Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin davamlı olaraq, nikbin bəyanatlar verməsi... [/b] - (Sözümüzü kəsərək) Onların vəzifəsi budur. Mütləq nümayiş etdirməlidirlər ki, onlar sürətlə işləyirlər, onların fikrincə, razılıq üçün əsas var, sadəcə, tərəflər tələb olunan siyasi iradəni nümayiş etdirmirlər. [b]- Bəziləri danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsindən çıxarılmasını təklif edir... [/b] - Bu, çox sadəlöhv yanaşmadır. Məsələ ondadır ki, Qarabağ münaqişəsinin açarı tərəflərdədir, Minsk Qrupunun həmsədrlərində deyil. Həmsədrlər münaqişəyə təsir edirlər, amma münaqişənin iştirakçıları Ermənistanla Azərbaycandır. Mən sual vermək istəyirəm: 91-94-cü illərdə Qarabağda gedən müharibədə Fransanın, Amerikanın qoşunları iştirak edirdi? Rus qoşunları da açıq şəkildə iştirak eləmirdi, gah Azərbaycanın, gah Ermənistanın tərəfində çıxış edirdi. Sonra isə kənara çəkilib, silah verməklə təsir etməyə başladılar. Minsk Qrupunu o adamlar ittiham edirlər ki, onlar əsas məsuliyyəti başqalarının üzərinə atmağa çalışırlar. Məsələn, son günlər Azərbaycanda belə bir cəhd var ki, Qarabağla bağlı problemdə məsuliyyəti Türkiyənin üzərinə atsınlar. Türkiyə isə deyir ki, malı-mala qatmayaq. Qarabağ münaqişəsi Azərbaycanla Ermənistanın məsələsidir, Türkiyə-Ermənistan sərhədləri isə bizim məsələdir. [b]- Zərdüşt bəy, danışıqlar zamanı Minsk Qrupunun elə də ciddi təsir imkanının olmadığını, qərarın münaqişə tərəflərinin verdiyini deyirsiniz. Əgər tərəflər də qarşılıqlı olaraq, güzəştə getməyəcəklərini bildirirlərsə, proses nə ilə nəticələnəcək? [/b] - Danışıqlar hər zaman lazımdır. Zaman keçdikcə məlum olur ki, ikinci dünya müharibəsi zamanı müəyyən mərhələdə tərəflər arasında danışıqlar olub. İndi bəlli olub ki, İsveçrənin vasitəçiliyi ilə Ermənistanla Türkiyə arasında gizli danışıqlar aparılıb. Elə hazırda Amerika ilə İran arasında da danışıqlar gedir. Yəni bu, bütün dünya siyasətinin qaçılmaz, labüd tərkib hissəsidir ki, ən kəskin qarşıdurma dövründə belə, danışıqlar aparılsın. Ermənistan bizim torpaqlarımızı işğal edib. Neçə ildir, Ermənistanla danışıqlara gedirik və gedəcəyik də. Bir də ki, biz, Minsk Qrupunun mandatında yazılandan artığını ondan gözləməməliyik. ATƏT Minsk Qrupunun həmsədrlərinə tapşırıq verib; tərəflər arasında danışıqları tənzimləmək, aramsız danışıq prosesini təmin eləmək, müharibənin yenidən alovlanmasına mane olmaq və atəşkəs rejiminə riayət edilməsinə nəzarət etmək. Yazıq Minsk Qrupu bunu edir də. Bütün razılaşma modellərini də hazırlayıb veriblər. Qarabağa müstəqillik verilsin, Azərbaycan razı deyil, Qarabağ Ermənistana birləşdirilsin, Azərbaycan razı deyil. Bütün layihələr verilib. Sadəcə, Ermənistan və Azərbaycan münaqişədən çıxmaq üçün siyasi iradəni, qətiyyəti göstərmir. Bəs, Azərbaycan tərəfi Qarabağı qaytarmaq naminə nə etməlidir, hamı bilir, eləyirmi? Eləmir. Ermənistan indiki ağır vəziyyətdə Qarabağ problemini həll etmək üçün hansı güzəştə getməlidir, hamı bilir, amma eləmir. Hər bir tərəfin özünün daxili və xarici səbəbləri var ki, nə üçün Qarabağ problemini həll etmirlər. Açığı, etiraf etmək lazımdır ki, Qarabağ problemi daxildə və xaricdə siyasi qüvvələrə böyük divident və qazanc gətirən bir münaqişədir. Ona görə də bu problem həll olunmur. [b]- Yəni Azərbaycanla Ermənistandan başqa əksər qüvvələr bu münaqişdən nəsə qazanır?.. [/b] - Niyə ki? Elə Azərbaycanda da, Ermənistanda da kifayət qədər qüvvələr var ki, münaqişədən faydalanır. Hər hakimiyyət xalqının başı altına yasdıq qoyub, qoltuğuna qarpız verib, deyir ki, biz udacağıq. [b]- Mayın 7-dəki görüşdə beş rayonun azad edilməsi ilə bağlı hər hansı bir razılaşma ola bilərmi? [/b] - Ola bilər. Bu rayonlar bizim vətən torpağımızdır, onları əldən verməməliyik. Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam - bu beş rayon. Mən sual verirəm; bəs, Kəlbəcər? Kəlbəcər haqqında BMT-nin xüsusi qətnaməsi olub ki, bu rayon qeyd-şərtsiz azad olunmalıdır. Azərbaycan tərəfi ilkin mərhələdə Kəlbəcərin azad olunmasını kənara qoyursa, bu, Azərbaycan diplomatiyasının məğlubiyyətidir. Mən hələ Laçını demirəm. Ola bilər ki, status məsələsi müəyyənləşəndə Laçın azad olunsun. Amma bu mərhələdə Kəlbəcərin kənara qoyulması erməni diplomatiyasının qələbəsidir. [b]- Qarabağla bağlı danışıqlarda Türkiyənin rolu məsələsinə də toxundunuz. Bu günlərdə gündəmə gələn "Yol Xəritəsi"nə münasibətiniz necədir?[/b] - Mənim "Yol Xəritəsi"nə münasibətim tamamiylə normaldır. Həmişə demişəm ki, məsələyə bir az geniş baxmaq lazımdır. Gərək, təkcə özümüzü yox, başqasını da fikirləşək. Türkiyə dövləti var. İlham Əliyev də bunu dedi ki, bu, Türkiyənin öz işidir, iki dövlət arasındakı münasibətlərə aiddir. Amma Azərbaycan da öz nəticələrini çıxarmalıdır. Hansı nəticəni çıxarar, öz hüququdur. İstəyər qazın qiymətini artırar, istəyər türk camisin bağlayar, bu, Azərbaycanın işidir. Türkiyə də istəsə, sərhədləri açar. "Yol Xəritəsi" o deməkdir ki, Ermənistanla Türkiyə öz aralarındakı münasibətləri normallaşdırmaq üçün razılığa gəlirlər. Azərbaycan isə israr edir ki, Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmağı Qarabağ məsələsinə bağlasın. Axırda deyərlər ki, "arkadaş, Qarabağ Türkiyə ərazisidir, yoxsa Azərbaycan? Get, öz torpağını azad elə də". Düzdür, Türkiyə bunu açıq demir. Amma Azərbaycan tərəfinin israrlarından təngə gəlirlər, bəzi məsələləri açıq şəkildə deyirlər. Özləri deməsələr də, başqaları vasitəsi ilə söyləyirlər. Azərbaycan hakimiyyəti Türkiyəyə etirazını bildirmədi, amma YAP-ın deputatları və media vasitəsi ilə etirazını bildirdi. Türkiyə də Azərbaycana yönələn narazılıqlarını nə Abdulla Gülün, nə də Ərdoğanın dili ilə demədi, türk mətbuatının dili ilə bildirdi. Əmrin, göstərişin hardan gəldiyi bəllidir. Türkiyəninki də, Azərbaycanınkı da hər kəsə məlumdur. [b]- Başqa bir məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Neft Akademiyasında baş verən faciəni necə qiymətləndirirsiniz? [/b] - Hadisə zamanı orda olmamışam. Başqa vətəndaşlar kimi, mətbuatdan, şahidlərin ifadələrindən, jurnalist həmkarlarımdan və camaatın söhbətlərini eşitmişəm. Bu, dünyada analoqu olmayan hadisə deyil. Bilirsiniz ki, bu yaxınlarda Almaniyada, ondan əvvəl Finlandiyada, Amerikada belə hadisələr olub. Yəni hansısa bir adam gəlib günahı olmayan, təsadüfi adamları güllələyib, sonra da özünü öldürüb. İndi eşitdiyimə görə, ikinci adam tapılıb, basqınçının yanın dostunu da həbs ediblər. Hazırda onu dindirirlər. Mən, bu terror aktlarını əsasən onunla bağlayıram ki, hansısa bir adam dünyadan, taleyindən küsüb qisas almaq istəyir. [b]- Yəni baş verən hadisəni terror aktı kimi qiymətləndirirsiniz? [/b] - Hadisəni terror aktı kimi də qiymətləndirmək olar. Qorxutmaq, öldürmək üçün terror edib. Tələb qoymayıb, amma sonradan bəlli olacaq ki, hansı məqsədə görə bu addımı atıb. [b]- Bəs, bu aktın xarici qüvvələr tərəfindən törədilməsi... [/b] - (Tələsik) Heç nə istisna edilmir. Kəşfiyyat orqanlarının ssenarilər var. Məsələn, bir həftə bundan əvvəl şayiə yayıldı ki, İstiqlaliyyət küçəsində - "Gilan" restoranına bomba qoyublar. Ordakı müştəriləri, işləyənləri çıxardılar, polis axtarış apardı, heç nə tapmadı. Amma bu, ictimaiyyətin əminliyini pozur. Sonra da bu terror hadisəsi oldu. Sözüm ondadır ki, heç kəs bu barədə qəti söz deyə bilməz. Mən, Azərbaycanın istintaq orqanlarının işinin keyfiyyətsizliyinə, sifarişli, qərəzli fəaliyyətinə öyrəşmişəm ki, sabah gəlib desələr ki, "tapdıq, filan şeydir", onda da məndə şübhə qalacaq. Neyləyək, elə bir dünyada yaşayırıq ki, orada sabitliyi pozan qeyri-müəyyən qüvvələr var və biz onların mövcudluğu ilə barışmalıyıq. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA