30-04-2009 [03:14]
[b]?Tarixə nəzər salanda görürəm ki, Vanqa, Nostradamus da həmişə pis hadisələri proqnozlaşdırıblar, gələcəklə bağlı yaxşı şeylər çox azdır?[/b]
Zirəddin Rzayev! Belə yaşda ölkəmizdən kənarda bu qədər populyarlıq qazanan həmyerlimiz çox deyil. Azərbaycanda olduğu qısa müddət ərzində demək olar ki, aparıcı qəzet və agentliklər, ən çox baxılan verilişlər ondan bəhs etdi, hətta Moskvaya qayıdandan sonra da bəhs etməkdədir. Son vaxtlar bir neçə qəzetə eyni məzmunlu məktub yazan parapsixoloq yenidən gündəmə gəldi. Ona görə də qərara gəldik ki, Zirəddin Rzayevlə geniş müsahibə alaq. Ona bizi maraqlandıran bütün sualları verdik, o da öz növbəsində uşaqlara xas sadəliklə, səmimiyyətlə bizə cavab verdi.
[b]- Gəlin, əvvəlcə hər şeyə qısaca ekskurs edək. Rusiyanın məşhur TNT telekanalında şöhrət qazandınız, milyonlar tərəfindən tanındınız. Bütün bunlardan sonra Azərbaycana gəldiniz. Maraqlıdır, vətənə gəlməzdən əvvəl nə düşünürdünüz, gələndən sonra nələr gördünüz?[/b]
- Açığı, Azərbaycana gələndə müqəddəs yerləri ziyarət etmək fikrim vardı. İstəyirdim ki, ruhən Tanrıma bir addım da yaxınlaşam. Ancaq gəlişimin ilk günlərində ATV-dən Aysel adlı bir qız zəng vurub məni verilişə dəvət etdi. Bununla da qalmaqallar başlandı - məni o yana dartdılar, bu yana dartdılar. Üstəlik, qohumlar, tanışlar, vəzifəli adamlar da mənə dinclik vermədilər. Bircə vaxt tapıb ?Mirmövsüm Ağa?nı və Şəmkirdəki ?Sonabəyim Anna?nı ziyarət edə bildim. Ondan sonra qayıtdım Rusiyaya.
[b]- Siz gedəndən sonra ölkəmizin az qala bütün təbəqələrində qütbləşmə baş verdi. KİV-də və ayrı-ayrı məkanlarda sizə ikili münasibət yarandı. Hətta bu qarşıdurma indi də davam edir.[/b]
- Bakıda psixologiya fakültəsində təhsil alanda əməkdar müəllim, psixologiya elmləri doktoru, professor Ramiz Məmmədzadə konfliktologiyadan bizə dərs keçirdi. O, həmişə deyirdi ki, konflikt olmayan yerdə inkişaf yoxdur. Tarixə nəzər salanda da görürük ki, hətta peyğəmbərlərdən, övliyalardan tutmuş şairlərə, mənəviyyat adamlarına qədər hamısına münasibət birmənalı olmayıb. Tərəflərini saxlayan da olub, onlara qarşı çıxanlar da. Ən bariz nümunə gözümüzün önündədir: İmam Hüseyn (ə) ali bir şəxsiyyət, məqamı yüksək olan bir mübariz olsa da, onun qanını tökdülər, Həzrət Əli (ə) kimi insanları namaz üstündə şəhid etdilər. Məgər imamlarımız buna layiq idimi? Xeyr. Söhbət yenə gəlib psixologiyaya çıxır. Baş verənləri hər kəs öz arşını ilə ölçür - kimin qəlbi təmizdir, təmiz fikirləşir, kimin ki qəlbi çirkindir, onun da fikri çirkindir. Ona görə də mən bunu normal hal kimi qarşılayıram. Bu gün Vanqa kimi böyük bir potensiala malik fenomen haqqında da müəyyən kitablarda, mətbuat səhifələrində, internetdə qərəzli münasibət bildirənlər heç də az deyil. Amma Vanqa yenə fenomendir.
Bu gün dünyanın hər yerində konflikt var və davam edir, hətta prezident haqqında da artıq-əskik söhbətlərə, yazılara, böhtanlara rast gəlirik, həmçinin gerçəkləri də yazanlar az deyil. Bu, normal qarşılanmalıdır. Ancaq söhbət kütlədən gedirsə, bilirəm ki, xalqın böyük çoxluğu mənim tərəfimədir. Məhz bununla təsəlli tapıram və özümü xoşbəxt hiss edirəm.
[b]- Amma efir və mətbuat hücumları vaxtı sizə böhtan atanlardan qurtulmaq üçün şeir vasitəsilə Həzrət Əlidən (ə) kömək ummusunuz. Şeirdə nə qədər səmimi olduğunuz görünsə də, acizliyiniz də nəzərdən qaçmır. Axı siz ekstrasenssiniz, güclü olmalısınız. Etiraf edin ki, gərgin anlarda da çılğınlığınız görünür. Amma İlahi Nurdan qidalanan insanlar təmkinli olmalıdır.[/b]
- Çılğınlıq məsələsinə gəlincə, sizinlə razıyam. Sizə bildirim ki, mən Əqrəb bürcündənəm və bu bürc digərlərindən daha enerjili, daha güclüdür.
[b]- Üstəlik, ?Əqrəb? ağ magiyanın, ?Oğlaq? isə qara magiyanın simvoludur.
[/b]
- (gülür) Elədir, bilirəm. Bütün bunlar bürcümdən irəli gəlir. Mən həmişə demişəm ki, bəsirəti açıq adamlarda həmişə çatışmamazlıq olur, əslində buna çatışmamazlıq da deməzdim. Başa düşürəm, Allah adamı - namaz qılıb, oruc tutan, dinə qulluq edən bəndə səbrli olmalıdır, bu, ən başlıca meyardır. Vallah, mən də səbrli insanam, sadəcə, haqsızlığa qarşı çox sərtəm. Bir dəfə bir qadın əsəbiləşərkən nəyə bənzədiyimi soruşanda "özümü kobra kimi hiss edirəm" dedim. Qayıtdı ki, ay Zirəddin, axı səndə kobradan əsər-əlamət yoxdur, özünü uşaq kimi aparırsan, çox sadəsən. Sözümün canı odur ki, haqsızlığa qarşı olduqca səbrsizəm. Bir dəfə Həzrət Əli (ə) qılıncını çıxarıb hansısa bir kafiri cəhənnəmə göndərmək məqamında kafir onun üzünə tüpürdü. Bu zaman Həzrət Əli (ə) qılıncını yerə qoydu. Kafir onu niyə öldürmədiyini soruşanda, Əli Əleyhissəlam dedi ki, tüpürəndən sonra səni öldürməyim özümə görə sayıla bilərdi, mənsə Allah yolunda savaşıram...
Həmişə məni təhqir edən, mənə qərəzli mövqe nümayiş etdirən insanlara qarşı səbrli ola bilərəm, amma kim ki Tanrının mənə verdiyi bu gücə qarşı böhtan atır, artıq səbrimi cilovlaya bilmir və burada da qəbahət görmürəm.
[b]- Azərbaycanda ekstrasensorikanın təməlini qoyan Etibar Elkini "Bitva ekstrasensov" yarışmasına qədər tanıyırdınızmı?[/b]
- Onun adı gələndə vücudum titrəyir, ətim ürpəşir (bir qədər düşünüb, dərin köks ötürür). Mən Etibar Elkini 6-cı, 7-ci siniflərdə oxuyandan qiyabi tanıyırdım. Məndə "Allaha yaxın adamlar" adlı bir kitab vardı, orada rəhmətlik Etibar ağa haqqında geniş yazı vardı. Hələ o vaxtlardan haqqında oxuyub ona böyük maraq göstərirdim. Öz-özümə deyirdim, ilahi, necə ola bilər ki, ətrafımızda bu cür insan var və o, belə möcüzələr, kəramətlər törədir, insanlara şəfa verir, doğru yol göstərir, dərin elmi var. Amma böyüdükcə dərk elədim ki, E.Elkin kim imiş, E.Elkin şəxsiyyəti nə demək imiş? Mən bunu dərk elədim. Çox təəssüflənirəm ki, Etibar ağanın yanında olmamışam, onunla münasibət qura bilməmişəm. Bunu düşünəndə mənə çox ağrı verir. O böyük insanla şəxsən tanış olmağım mənim üçün çox böyük xoşbəxtlik olardı. Heyf!
Sizə bir hadisəni də danışmaq istəyirəm. Rusiyada vəzifə başında olan adamlardan biri "Bitva ekstrasensov" verilişindən sonra məni görüşə çağırdı. Vaxt tapa bilmədiyim üçün görüşə gedə bilmədim. O, çalışdığım mərkəzin sahibinə zəng vurub "Çox xahiş edirəm, məni Zirəddin Rzayevlə görüşdürəsiniz" dedi. Məni onun yanına apardılar. O adamın bütün dünya ilə əlaqəsi var, maddi cəhətdən çox üstündür, hər yerə əli çatır. Tanış olan zaman dedi ki, "Sən Azərbaycandan olan ikinci ekstrasenssən ki, səni özümə məsləhətçi götürürəm". Dedim, bəs birincisi kimdir? Etibar Elkinin adını çəkdi: "Ona qarşı o qədər bağlılığım var idi ki, Azərbaycandakı dostlarımdan xahiş etdim, onun qəbrinin torpağından gətirsinlər və bu gün o torpağı otağıma qoymuşam ki, onun hənirtisini, nəfəsini yanımda hiss edim. Mən onunla təsəlli tapıram. Sən də onun yerlisisən, artıq səninlə görüşəndə, səndən məsləhət alanda, dostluq edəndə rahatlıq tapıram ki, E.Elkinin yerini bir dolduran var". Həmin adam Etibar ağa haqqında o qədər müsbət fikirlər söylədi ki, mən onu hər dəfə xatırlayanda az qalıram ağlayam, ətim ürpəşir. O, mənə dedi ki, bu gün biz artıq üç dostuq: E.Elkin, sən və mən.
[b]- Səbuhi Rəhimlinin "Çal-çağır şou"da haqqınızda dediyi fikirlərə münasibətiniz necədir?[/b]
- Mən o verilişə baxa bilmədim, amma anam mənə bu barədə ətraflı danışdı. Dedi ki, iştirakçılar arasında yalnız Səbuhi Rəhimli sənin fenomen şəxsiyyət olduğunu söylədi. Amma o, bir nüansa görə Səbuhi müəllimdən incidiyini də bildirdi. Dedi ki, o, öz savadı ilə Rəşid Mahmudovu yerində otuzdura bildiyi halda, acizlik göstərdi, müfəssəl danışmadı. Səbuhi Rəhimli mənim efirdən bir qıza neqativ sözlər deməyimi də düzgün qarşılamadığını söyləyib. Açığı, mən orada başqa cür deyə də bilməzdim, əgər yalandan təsəlli versəydim, sabahkı gün bəlli insanlar əleyhimə çıxacaqdı. Ona görə bunu deməyə məcbur idim. Amma əslinə qalsa, bir psixoloq kimi onun fikirlərini dəstəkləyirəm. Anama da dedim ki, Səbuhi müəllim doğru söyləyib. Axı özünütəlqin insanı öldürə də bilər, yaşada da. Məsələn, yanıma sağalmaz xəstələr gələndə, onları bir bəhanə ilə çölə çıxarır, qohum-əqrabasına məsələnin əsl mahiyyətini deyirəm.
[b]- Verilişdən söz düşmüşkən, mikrofondan səs çıxarmağınız barədə söz-söhbətlər hələ də səngimək bilmir. "Çal-çağır şou" verilişində falçı Sevinc dedi ki, səs çıxarmaq bir şou idi, səs Zirəddinin üzüyə qoyduğu aparatdan gəlirdi.[/b]
- (qəhqəhə ilə gülür) Sevincin "güclü" görücü olmağı elə buradan görünür. Mən üzüksüz də bu qabiliyyəti göstərə bilərəm, dediklərim, gördüklərim, doğulmağım, hətta bürcüm də ekstrasens olduğumu təsdiqləyir, anamın yuxuları da doğulmamışdan qabaq haqqımda xəbər verib. Buna Allah şahiddir. Şəmkirdə olan qonşularım şahiddir ki, hələ 1997-ci ildən Allahın verdiyi güclə nələr göstərmişəm. İnanmayanlar buyurub qonşularımızdan, məhəlləmizdən soruşa bilərlər, bu sözüm jurnalistlərə də aiddir. Yüzlərlə xəstə olub ki, yorğanın arasında, ölümcül vəziyyətdə gətiriblər və bir seansımdan sonra ayaqyalın çıxıb gedib evinə.
Bu gün az yaşım da olsa, MDB dövlətləri içərisində tanınmışam, dünyanın hər yerindən qəbuluma adamlar gəlir. Amma Azərbaycanda adımdan istifadə edib gündəmdə qalmaq istəyənlər var, onlar özlərini mənə qarşı qaldırmaqla mənim mərtəbəmə qalxmaq istəyirlər, bu da mümkün məsələ deyil. Demirəm ki, mən çox yüksəkdəyəm, əstəğfürullah. Ən yüksəkdə olan Tanrıdır və mənə gücü də Tanrı verib. Səmimi deyim, bəzən başqa bir sahədə olmaq barədə fikirləşirəm, qərəzli münasibətlərdən, stresslərdən, yuxusuz gecələrdən kənarda qalmaq istəyirəm. Tarixə nəzər salanda görürəm ki, Vanqa, Nostradamus da həmişə pis hadisələri proqnozlaşdırıblar, gələcəklə bağlı yaxşı şeylər çox azdır. Onlar gələcəyə aid neqativ hadisələr daha çox söyləmişlər - dünya müharibələri, qətllər, ölümlər, istefalar... Bu gün mənim də öngörmələrim əsasən pis hadisələrlə bağlıdır, ona görə də stresslər yaşayıram. Belə həyat tərzi mənim üçün xoş deyil. Elə Moskvaya tibb təhsili almağa gəlməyimin səbəbi də bu sahəni atmağımla bağlı idi. Tibb Universitetinə daxil oldum və dostlarım məndən xəbərsiz TNT kanalına zəng vurub məni məcburi qaydada yarışmaya qatdılar. Verilişə getdim, bəyənildim və qəbul olundum.
Azərbaycanlı olduğuma görə təəssüf ki, yarışmada məni çox incitdilər, dediklərimin çoxunu kəsdilər. Hətta Sergey Yeseninin ölümü ilə bağlı dedim ki, bu, intihara oxşayır, əslində isə onu öldürüblər. Amma verilişdə fikirlərim belə səsləndirildi: "S.Yeseninin ölümü intihara oxşayır". Jurnalistlərə onu da demişdim ki, bu qətlin üstünü açmaq üçün mənə bir həftə vaxt lazımdır. Təəssüf ki, televiziyada bu sözlərimi ümumiyyətlə vermədilər.
[b]- Danışığınızda özündənrazılıq elementlərini sezmək o qədər də çətin deyil. "Ayna" qəzetinə son müsahibənizdə də "Gənc olmağıma baxmayaraq, kamiləm", "Məni təhqir edib tənqid atəşinə tutanlar mənim məşhurluğumdan bəhrələnib gündəmdə qalmaq istəyirlər" və bu kimi digər fikirlər səsləndirmisiniz. Sizcə bu, təkəbbür deyil?[/b]
- Çox yaxşı sualdır. Səmimi deyirəm, gərək oxucular bu sözləri kimlərinsə acığına dediyimi başa düşsünlər. Mən çox sadə insanam. Əqrəb bürcü olduğuma görə, bəzən kimlərisə sancmalıyam ki, onlar öz yerlərində otursunlar. Əgər durduğum yerdə "mən məşhuram", "məni bütün dünya tanıyır", "mən kamiləm" desəm, əlbəttə ki, bu, təkəbbür olardı. Mən bunu sadəcə olaraq, rəqiblərimə acıq getsin deyə, söyləyirəm. Heç vaxt belə sözləri mömin qardaşlarımın arasında demərəm. Şeytan da mələk idi və Allaha ibadət edirdi, elə ilk dəfə bu mələk məhz təkəbbür üstündə Cənnətdən qovuldu. Təkəbbür ən böyük günahlardandır. Bunu bir müsəlman kimi deyirəm, amma yenə də təkrarlayıram, bunu rəqiblərimə qarşı demişəm.
[b]- Mətbuata ünvanladığınız yazıda rəqiblərinizə qarşı çox sərt mövqe nümayiş etdirmisiniz.[/b]
- Həmin məqaləni ona görə özüm yazdım ki, bütün emosiyalarımı, hisslərimi bölüşdürüm. Yaxın vaxtlarda daha bir məqalə hazırlayıb saytıma qoyacağam və rəqiblərimi düşündürən bütün suallara orada cavab tapılacaq. Bəzən dindarlar da mənə irad bildirirlər ki, bu, şeytana qulluqdur, Zirəddinə cinlər informasiya verir və s. Daha dərk etmirlər ki, mən İxlas surəsini oxumadan heç bir işə başlamıram. Bu surə mənə təskinlik, təsəlli verir. Rəşid Mahmudov da, Nadir İsmayılov da dedilər ki, guya dediklərim yalnız ruhi xəstələrin dediyinə uyğun gəlir. Tamaşaçılar adama baxanda kimin xəstə, kimin sağlam olduğunu onsuz da bilirlər. Bundan sonra qoy nə deyirlər-desinlər. Belə şeylər karyerama təsir edə bilməz, əksinə, bu gün məni ən yüksək klinikaya - Rusiya Dövlət Tibb Akademiyasına psixoloq-həkim kimi dəvət ediblər. Təbii ki, bu, onların çalışdığı vəzifədən qat-qat yüksəkdir. Təkcə elmi dərəcəm yoxdur, onu da inşallah gələcək göstərər.
[b]- Azərbaycanı falçılar ordusu başına götürüb. Sizcə, niyə onlara qarşı loyal münasibət göstərən bəzi dindarlar məhz sizi hədəf seçiblər? Halbuki 90-cı illərin sonlarından onlara qarşı Etibar Elkin və silahdaşları mübarizə aparmış, onları zərərsizləşdirməyin mexanizmini əlaqədar təşkilatlara bildirmişdilər.[/b]
- Yalnız ayıq və savadlı insanlar anlayır ki, onlar hamını aldatmaqla, haram pul qazanmaqla məşğuldur. Onlar din pərdəsi altında çirkin vasitələrdən istifadə edir, "görücü", "baxıcı" adı altında təhlükə törədirlər. Fikir verin, onların yanına kimlər gedir: aşağı səviyyəli, savadsız, avam insanlar. Ona görə də belələrinə qarşı müqavimət yox səviyyəsindədir. Bu günlərdə yanıma Prezident Aparatından bir nəfər gəlmişdi, bu barədə ona da dedim.
[b]- Onu da dedinizmi ki, mətbuatda sizin ermənilərlə iş birliyi qurmağınız haqqında hədyanlar dolaşır?[/b]
- Yaralı yerimə toxundunuz. Həmin qəzetlər yazıb ki, guya mən 2006-cı ildən Rusiyadayam və ermənilərlə dostluq münasibəti qurmuşam, rus xüsusi xidmət orqanlarının agentiyəm, hətta xəlvətcə İrəvana da getmişəm. Ən dəhşətli böhtan odur ki, guya mən Bakıda satanist qrup yaratmışam və tez-tez onlarla görüşürəm. Əgər mən DİN-dən kimliyimi 2008-ci ildə almışamsa, 2006-cı ildə Rusiyada necə ola bilərdim? Necə oldu ki, bundan MTN-in xəbəri olmadı, amma hansısa birisi bu "faktı" ortaya çıxartdı? Mənim anam, həyat yoldaşım, qızım, bütün ailəm Azərbaycandadır. Mən öz Vətənimi satmışamsa, demək ailəmi də onlarla bərabər satmışam ermənilərə. Azərbaycanda Mirmövsüm Ağa kimi, Hökumə xanım, Rəhimə xanım, Əli qədəmgahı kimi yüzlərlə müqəddəs yerlər var. Belə çıxır ki, mən onları da Vətənimlə birgə satmışam. Bununla onlar mənə "binamus" dedilər. Bax, bunu sinirə bilmirəm. Bu səbəbdən mən bir qədər çılğınlıq edib "Yeni Müsavat"da ağzıma gələni demişdim. Əslində mənə nə N.İsmayılovun, nə də R.Mahmudovun sözləri guya İrəvana getməyim barədə deyilənlər qədər təsir etməmişdi.
[b]- Müsahibələrinizin birində vətəndaşlıqdan çıxacağınızı da bildirmişdiniz. Bu da çılğın vaxtınıza düşmüşdü, yoxsa?[/b]
- Əksinə, fikrim var ki, Azərbaycanda dövlət səviyyəsində fəaliyyət göstərim. İnstitutu qurtardıqdan dərhal sonra diplom alıb Azərbaycanda fəaliyyət göstərəcəyəm. Rusiya vətəndaşlığını qəbul etməyə gəlincə, bu gün Rusiyada bizim gözəl alimlərimiz var ki, onların hamısı ilə bir əhatədəyik, söhbətlərimiz, müzakirələrimiz olur. O alimlər Rusiya vətəndaşlığın qəbul etsələr də, vətənlərini tərk etsələr də, rus mədəniyyətini qəbul etməyiblər. Mən Rusiya vətəndaşlığını qəbul etsəm də, milli-mənəvi dəyərlərimi heç vaxt mənəviyyatımdan, daxilimdən ata bilmərəm, atmaq fikrim də yoxdur. Yəni, insan paltarını dəyişə bilər, mənəviyyatını isə heç vaxt. Ola bilər ki, vətəndaşlığımı dəyişəm, amma türk olduğumu, mentalitetimizi heç vaxt dəyişə bilmərəm.
[b]- Maraqlıdır, astrologiyaya münasibətiniz necədir?
[/b]
- Öncəgörən, bəsirətli bir insan kimi astrologiyaya münasibətim çox gözəldir. Bu elm bir həqiqətdir. Bəzən yanıma gələn insanların simasına baxıb onun hansı bürcdən olduğunu da deyə bilirəm. Azərbaycanda olanda Səbuhi Rəhimlinin kitablarını, "Qoroskop" qəzetini həmişə oxuyurdum. Bakıda psixologiyadan bizə dərs keçəndə deyirdilər ki, insan şəxsiyyəti üç şərtlə formalaşır: təlim-tərbiyə, genetik xüsusiyyətlər və ətraf mühit. Amma həmişə müəllimlə mübahisə edirdim ki, buraya astrologiyanı da salmaq lazımdır. Çünki o üçü təbii olaraq qəbul olunsa da, insanın formalaşmasında doğulduğu bürc də ciddi rol oynayır. Təəssüf ki, təşəbbüsümə birmənalı yanaşılmadı, çünki astrologiyaya inanan da var, inanmayan da. Necə ki, bu gün məni qəbul edənlər də var, etməyənlər də. Astrologiya elmi bizə dədə-babadan gəlib çatır, bunu mənbələr də, tarix də göstərir.
Hətta Həzrət Əli (ə) deyirdi ki, nə qədər mən sizin aranızda sağam, məndən bilmədiklərinizi soruşun, həqiqətən də bu sinəm elmlərlə doludur və mən göylərin yollarını yerdəkindən yaxşı bilirəm. İmam Əli (ə) səfərə çıxmamışdan qabaq barmağına hansısa daşdan olan üzük taxarmış. Həmin daş kosmosla, astrologiya ilə bağlı olub ki, bu da enerji balansını tənzimləyir. Bu elm haqqında Quranda ayələr var, eləcə də bütün dinlər astrologiyaya müsbət münasibət bildiriblər.
[b]- Rusiyadakı müsəlmanların sizə münasibəti necədir?[/b]
- Rusiyadakı bir məscidin axundu (o, həm də fəlsəfə elmləri doktoru, akademikdir) ilə söhbət edəndə, ona Quranı ərəbcə oxudum və dini mütaliələr etdik. Bir neçə fakt vardı ki, Allah-təala mənə imkan verdi onları deyim və bundan sonra o, möhkəm inandı mənə. Duydu ki, məndə şeytani güc yoxdur və bir cümə namazında xütbəsini mənə həsr etdi. Dedi ki, bu adama qiymət vermək lazımdır: "O, burda bizim millətimizi, mənəvi dəyərlərimizi, Azərbaycanımızı, İslamı təbliğ edir". Mən öz saytımda (www.rhainomenon.com) Quranın möcüzələri, ölüm və surələr haqqında rus dilində təbliğat aparıram. Hətta mənə irad bildirənlər də var ki, gəlib öz dinini Rusiyada təbliğ edir, rusları yoldan çıxarıb müsəlmanlığa dəvət edir. Demək istəyirəm ki, Qiyamətdə hərə öz əməlinə görə cavab verəcək, heç kəs tanımadığı insan haqqında böhtan, təhqir söyləyə bilməz, onları günahlandıra bilməz.
[b]Söhbətləşdi: Xədicə QAÇAYQIZI[/b]