Mətbuat Şurasının siyahısı narazılıq yaradıb

img

26-04-2009 [03:35]


[b]Müstəqil və müxalifətyönlü KİV-lərin nümayəndələri Müşahidə Şurasına namizədlərin siyahısına düşməyib[/b] Mətbuat Şurası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizədlərin siyahısını tərtib edərək, Prezident Administrasiyasına göndərib. Ancaq bu siyahıda müstəqil və müxalifətyönlü mətbuat orqanlarının nümayəndələri yer almayıblar. Siyahının bu cür tərtib edilməsi narazılığa səbəb olub. Məsələ ilə bağlı açıqlama verən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müşahidə Şurasında təmsil olunması üçün Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət etdiyini bildirdi: "Mən real medianın nümayəndəsi kimi Müşahidə Şurasında təmsil olunmaq istəyirdim. Lakin mənə bildirdilər ki, orada təmsil olunanlar yardımdan məhrum olacaqlar. Sonra məlum oldu ki, belə şey yoxdur və Mətbuat Şurasının sədri Əflatun bəy bunu özündən deyib. Ona görə də Amaşovun cavabından da, tərtib edilmiş siyahıdan da narazıyam". R.Arifoğlu bununla bağlı narazılığının heç bir əhəmiyyət daşımadığını da dedi: "Hamıya məlumdur ki, siyahı "yuxarı"da tərtib olunub. Ona görə də qısa olaraq demək istəyirəm ki, bu cür yanaşma olan yerdə heç nəyə ümid etmirəm". "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov da yeni yaradılan qurumun hakimiyyətə yaxın olduğunu bildirdi: A.Əhmədovun sözlərinə görə, "Azadlıq" qəzetinin nümayəndəsinin bu siyahıda olmaması onları sevindirir: "Ümumiyyətlə, Mətbuat Şurasının tərtib etdiyi siyahıda "Azadlıq" qəzeti nümayəndəsinin olmaması təbii haldır. Çünki "Azadlıq" müxalifət qəzetidir və daim bu hakimiyyətə qarşı mübarizə aparır. Siyahıda Mehman Əliyev istisina olmaqla, bütün qəzetlər və təşkilatlar iqtidaryönümlüdür. Ona görə də biz hansısa formada öz etirazımızı bildirmək niyyətində deyilik". Hakimiyyətə yaxın şəxslərdən birinin "Reytinq"ə verdiyi məlumata görə isə, Mətbuat Şurasının Prezident Administarsiyasına təqdim etdiyi siyahı bəyənilməyib. Mənbə bildirib ki, Müşahidə Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərdən bir neçəsi hakimiyyəti qane etməyib. Bu, onlardan bəzilərinin hakimiyyətin müxtəlif qruplaşmalarına yaxın olması ilə əlaqələndirilir. Ona görə də siyahının yendən tərtib olunması üçün Mətbuat Şurasına qaytarılacağı ehtimal edilir. Qeyd edək ki, Mətbuat Şurasının Prezident Administrasiyasına təqdim etdiyi siyahıda Vüsalə Mahirqızı (APA-nın baş direktoru), Elçin Şıxlı ("Zerkalo" qəzetinin baş redaktoru), Akif Aşırlı ("Şərq" qəzetinin baş redaktoru), Aqil Abbas ("Ədalət" qəzetinin təsisçisi), Rəşad Məcid ("525-ci qəzet"in baş redaktoru), Mehman Əliyev ("Turan" İnformasiya Agentliyinin direktoru), Vüqar Rəhimzadə ("İki sahil" qəzetinin baş redaktoru), Bəxtiyar Sadıqov ("Azərbaycan" qəzetinin baş redaktoru), Aydın Quliyev ("Bakı xəbər" qəzetinin baş redaktoru), Tapdıq Abbas ("Paralel" qəzetinin baş redaktoru), Arif Əliyev ("Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri), Əflatun Amaşov (Mətbuat Şurasının sədri), Umud Rəhimoğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqasının sədri), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Qafar Çaxmaqlı (Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası, Ermənişünaslıq Mərkəzinin rəhbəri), Xalid Niyazov (Müstəqil Jurnalistlər Liqasının sədri), Vüqar Səfərovun ("Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətinin sədri) adları var.

Digər xəbərlər
SON XƏBƏRLƏR