Nazim ibrahimovun karyerasına təhlükə yaranıb

img

19-04-2009 [03:43]


[b]Yarıtmaz fəaliyyətinə görə komitə sədrinin tənbeh edildiyi bildirilir [/b] Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair xəbərlərin yayılması Azərbaycanın siyasi gündəminin aparıcı mövzularından biri olaraq qalmaqdadır. Son günlər Bakıda AKP iqtidarının əleyhinə çoxsaylı aksiyaların keçirilməsi iki ölkə arasındakı münasibətləri bir qədər də gərginləşdirib. Üç gün öncə Azərbaycan pyataxtında Türkiyənin müxalifət partiyalarını təmsil edən millət vəkillərinin iştirakı ilə konfransın keçirilməsi qarşılıqlı ittihamları daha da sərtləşdirib. Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın yaranmış vəziyyətdən ciddi şəkildə narahat olduğu, hətta Azərbaycan rəsmiləri ilə təmasa girdiyi bildirilir. Qeyd edək ki, hakimiyyət təmsilçiləri ciddi-cəhdlə bu prosesdən kənarda qalmağa çalışırlar. Hətta YAP türkiyəli millət vəkillərinin iştirakı ilə Bakıda təşkil olunan müzakirələrə qatılmaqdan imtina etmişdi. Amma son anda hakim partiyanın bu konfransda icraçı katibin müavini səviyyəsində təmsil olunmasına qərar verildi. AKP iqtidarının əleyhinə təşkil olunan digər tədbirlərdə isə əsasən, QHT təmsilçiləri və elmi-yaradıcı birliklərin nümayəndələri fəallıq göstərirlər. Amma prosesin hakimiyyətin ən yuxarı eşelonu tərəfindən idarə olunması heç kimə sirr deyil. Aldığımız məlumatlara görə, bu kampaniyada passiv iştirak edən bəzi yüksək rütbəli məmurların adı artıq "qara siyahı"ya daxil edilib. Bu barədə qəzetimizə informasiya verən şəxsin sözlərinə görə, hakimiyyət sahiblərinin ən çox narazı qaldığı məmurlardan biri də Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Mənbə deyib ki, N.İbrahimovun idarə etdiyi qurumun son vaxtlar göstərdiyi fəaliyyət hakimiyyət dairələrində narazılıqla qarşılanıb. Onun sözlərinə görə, Diasporlarla İş üzrə Dövlət Komitəsi ona tapşırılan vəzifənin öhdəsindən gələ bilməyib: "Nazim İbrahimova Azərbaycan hökumətindən maliyyə dəstəyi alan diaspora təşkilatlarının xətti ilə Türkiyədə, Almaniyada və başqa Avropa ölkələrində sərhədlərin açılmasının əleyhinə etiraz aksiyalarının keçirilməsi tapşırılmışdı. Hakimiyyət daha çox Azərbaycanın hüdudlarından kənarda tədbirlərin keçirilməsində maraqlı idi. Amma həmin komitə bu aksiyaları təşkil edə bilmədi. Nazim İbrahimovun siyasi hakimiyyət üçün xüsusi əhəmiyyət daşıyan bu mühüm kampaniyadan kənarda qalması onun karyerası üçün ciddi problemlər yaradıb". Mənbə deyib ki, N.İbrahimov özünü sığortalamaq üçün günahı müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarının üzərinə atmaq istəyib. Amma onun bu arqumenti ciddi sayılmayıb və tənbeh olunub. Müsahibimiz həmin komitə ilə əlaqəli fəaliyyət göstərən əksər təşkilatların da problemlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsindən bu təşkilatlara ayrılan vəsait kəskin şəkildə azaldıla bilər. A.CABBARLI

Digər xəbərlər
SON XƏBƏRLƏR