"Sərhəddi açmaq istəyənlər meyitimin üstündən keçməlidirlər"

img

14-04-2009 [06:30]


[b]Nurəddin Araz: "Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi iğdırlılar Türkiyə-Ermənistan sərhəddinin açılmasına imkan verməyəcəklər" [/b] Son günlər Türkiyə-Azərbaycan münasibətlərində bir qədər soyuqluq yaranıb. Rəsmi Ankaranın Ermənistan rəhbərliyi ilə təmasları gücləndirməsi Azərbaycanda böyük rezonans doğurub. Aprelin 24-də Türkiyə-Ermənistan sərhəddinin açılacağı ilə bağlı xəbərlərin intensivləşməsi ölkələrimiz arasındakı gərginliyi daha da artırıb. Türkiyə Ermənistanla sərhədləri açacaqmı? İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Arazla söhbətdə gündəmdə olan bu və digər suallara aydınlıq gətirməyə çalışdıq. [b]- Nurəddin bəy, martın 29-da Türkiyədə keçirilən bələdiyyə seçkiləri hələ də müxtəlif kontekstlərdən müzakirə olunur. Siz seçkinin nəticələrini necə dəyərləndirirsiniz? [/b] - Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası qələbə qazandı və əksər şəhərlərdə AKP-nin namizədləri bələdiyyə başqanı oldu. Bu, gözlənilən bir nəticə idi. Bələdiyyə seçkilərində mən də baş nazirin təklifi ilə AKP-dən namizəd oldum. Müasir seçki texnologiyalarından yararlanaraq, fəal təbliğat kampaniyası apardıq. İğdıra iş, aş, hüzur və xidmət vəd etdik. Doqquz namizəd arasında iki əsas rəqibim vardı. Təəssüf ki, hər iki alternativim sivil mübarizədən çox, savaş əhval-ruhiyyəsi üzərində köklənmişdi. Onların bütün bəyanatları qarşıdurma yaratmağa hesablanmışdı. Amma biz bu provakasiyalara uymadıq. Məni və silahdaşlarımı İğdırın gələcək inkişafı, gənc nəslin taleyi düşündürür. İğdırı daha da inkişaf etdirmək üçün xalqa önəmli mesajlar, vədlər verdik. Ancaq seçkinin nəticəsi heç də ürəkaçan olmadı. İstanbuldan, Ankaradan, hətta xaricdən gələn qardaşlarımız başqa bir partiyanın namizədini dəstəklədilər. İğdırda yaşayan həmvətənlərim isə mənə dəstək oldular. Seçki bir növ qardaşların mübarizəsi, savaşı şəraitində keçdi. Təəssüf ki, bəzi rəqiblərimiz mollaları evlərə göndərib, müqəddəs kitabımız Qurandan özlərinin təbliğatları üçün istifadə etdilər. Belə hərəkətlər mənim və əqidədaşlarımın əxlaq anlayışına ziddir. Biz daha çox İğdırda sabitliyin pozulmaması, insanların dinc, qarşılıqlı anlaşma şəraitində yaşaması üçün çalışırdıq. Ümid edirəm ki, iğdırlılar bundan sonra da təxribatlara uymayacaq, xaosun yaranmasına imkan verməyəcəklər. Mən, İğdır əhalisinin həmişə olduğu kimi, yenə bir-birilərinə dəstək verməsini arzu edirəm. Yəqin ki, insanlar növəti seçkilərdə eyni xətaya yol verməzlər. Türkiyə demokratik ölkədir. Biz növbəti parlament və bələdiyyə seçkilərində də iştirak edəcəyik. Hələ deməyə sözümüz çoxdur. Biz İğdırın xoş günlərində də, ağır günlərində də yenə bir yerdə olacağıq. İğdır əhalisi hələ şokdan oyanmayıb. Mənə elə gəlir ki, insanlar beş-altı ay sonra nə qədər böyük səhvə yol verdiklərini daha yaxşı anlayacaqlar. [b]- PKK-ya simpatiya bəsləyən DTP namizədinin İğdırın bələdiyyə başqanı seçilməsi Azərbaycanda da müəyyən narahatlıq yaratdı. Hətta bəzi ekspertlər PKK-nın Ermənistan sərhədlərinə çatıdığını bildirdilər. Siz necə, bu qənaəti bölüşürsünüzmü? [/b] - Təbii ki, hadisələr bundan sonra əvvəlki axarı ilə davam etməyəcək. Biz İğdırda səlahiyyət sahibi olanda üzərimizə düşən vəzifələri canla-başla yerinə yetirməyə çalışırdıq. Azərbaycana qarşı xüsusi münasibət sərgiləyirdik. Amma indi bu siyasəti davam etdirəcək şəxs yoxdur. Meydana çıxanların mövqeyi isə ortadadır. Təsadüfi deyil ki, Türkiyənin dövlət naziri Cəmil Çiçək də bir müddət öncə ölkənin bəzi şəhərlərində DTP namizədlərinin qalib gəlməsini sərt təpki ilə qarşılamışdı. Mən həm azərbaycanlı ekspertlərin, həm də dövlət naziri Cəmil Çiçəyin narahatlığını bölüşürəm. Ancaq ayıq-sayıq olsaq, bizi gözləyən bütün təhlükələrin qarşısını ala bilərik. Ona görə də iğdırlılar siyasətçilərə, yəni onu təmsil edən, düşünən insanlara etibar etməlidirlər. Nurəddin Araz digərləri kimi 1980-ci illərdən başlanan və 2000-ci ilə qədər davam edən terror hadisələri zamanı İğdırı tərk etməyib, torpağımız, elimiz, xalqımıza bağlı qalıb, onlara dəstək verib. Amma elə adamlar var ki, onlar çətin gündə İğdırı tərk ediblər. Sakit həyat arxasınca qaçan bu insanlar İğdıra ancaq seçkidən-seçkiyə gəlirlər. Gəldikəri zaman da həmişə bizə müxalifət olmağa, arxadan vurmağa, bizi yox etməyə çalışırlar. ?ə üçün? Çünki ?urəddin Araz burada bir qaladır və bu qala məhv edilmədikcə, onların İğdırda öz şəxsi maraqlarını həyata keçirməsi mümkün deyil. Bu adamlar mənim Azərbaycanla bağlı gördüyüm işləri qısqandıqları üçün ən müxtəlif vasitələrlə meydanı daraltmağa başladılar. Hətta xarici donor təşkilatları da bu prosesə qoşuldu. İğdıra ayaq açan "emisar"ların səyi nəticəsində DTP Ermənistan sərhəddinə gəlib çatdı. [b]- Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müzakirələr daha intensiv xarakter alıb. Sabiq başqan bu mövzuda nə düşünür? [/b] - Mən, əslən Qərbi Azərbaycandanam. Babam ötən əsrin 80-ci illərində Göyçədən İğdıra köçüb. Onlar Araz sahillərində Göyçəli adlı kənd salıblar. Mən, Göyçəli kəndində doğulmuşam. Ağlım kəsəndən babamın, nənəmin ermənilərin vəhşiliyindən bəhs edən söhbətlərini dinləmişəm. İğdırlılar ermənilərin xislətinə yaxşı bələddir. Biz sərhədlərin açılmasına qəti şəkildə etiraz edirik. Mən, 10 il əvvəl bu məsələyə necə münasibət bəsləyirdimsə, indi də eyni mövqedə qalıram. Erməni ordusu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyənə kimi Türkiyə sərhədləri açmamalıdır. Hələ 10 il əvvəl demişdim ki, Ermənistanla sərhəddi açmaq istəyən adamlar mənim meyitimin üstündən keçməlidirlər. İğdırlılar Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi sərhədlərin açılmasına imkan verməyəcəklər. [b]- Siyasi fəaliyyətinizi davam etdirəcəksinizmi? Gələcək planlarınız nədən ibarətdir? [/b] - Nurəddin Araz anadan siyasətçi doğulmayıb. Mən, bələdiyyə başqanı olmazdan əvvəl maarif müdiri işləmişəm. Bütün həyatımı İğıdırın tərəqqisinə, insanların rahat, xoşbəxt yaşamasına həsr etmişəm. Bundan sonra da İğdırın inkişafı üçün çalışacağam. [b]Seymur VERDİZADƏ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR