Kəmalə Qaramollayeva tələsmir

img

07-04-2009 [01:17]


[b]Gənc müğənni həmkarlarından seçilməyə çalışır [/b] "Azəri star-2004" yarışmasında həm ifası, həm də yaddaqalan soyadı ilə diqqət çəkən Kəmalə Qaramollayeva bugünədək 3 klip çəkdirsə də, hələ ki, adıçəkilən müsabiqəyə onunla bərabər qatılan bəzi həmkarlarından az tanınır. ATV telekanalının "El içində" proqramına çıxan gənc müğənninin "mən də istəsəm, əyri yollara əl ataraq populyar olaram" deməsi çoxları tərəfindən birmənalı qarşılanmadı. O, nisbətən yaşlı həmkarları tərəfindən düzgün anlaşılmamasını bir daha vurğuladı: "Kimsəyə sirr deyil ki, sənətdə sponsorsuz irəli getmək çətin məsələdir. Sponsorum olsaydı, daha çox tanınardım. Amma buna ehtiyacım yoxdur. Sənətdə hər şeyə öz zəhmətimlə nail olmaq istəyirəm. Hara tələsirəm, cəmi 20 yaşım var. Mənim üçün təhsil almağım daha əhəmiyyətlidir. Hazırda Mədəniyyət və İncəsənət Universitetində oxuyuram. Son 4 il ərzində caz-pop musiqisi üzrə bəstəkar Vaqif Gərayzadədən, muğam üzrə isə xanəndə Qəzənfər Abbasovdan dərs almışam. Bir sözlə, öz işimə ciddi yanaşıram və daim üzərimdə çalışıram. Çox istərdim ki, gördüyüm işlər tarixdə qalsın. Bunun üçün keyfiyyətli layihələr təqdim etmək lazımdır, amma bu, asan deyil. Məncə, gündə efirə çıxanlar keyfiyyətli iş göstərə bilməz. Müsabiqələrdə çox gənclər iştirak edib, amma sənətdə qalanlar az olub. Bəziləri elə bilir ki, 1 klip çəkdirməklə ulduz olacaqlar. "Mən meqastaram" deyənlər sönüb gedirlər. Gərək, sənəti düşünəsən, tarixə də belələri düşür". Sırf estrada janrında oxusa da, ciddi mətnli mahnıları sevdiyini deyən K.Qaramollayeva özünü hər yöndən göstərməyə çalışdığını bildirdi: "Brilliant Dadaşova, Nisə Qasımova kimi müğənniləri özümə örnək bilib sənətə gəlmişəm. Muğamı öyrənməklə yanaşı, səhnədə rəqs etməyə, performans göstərməyə çalışıram. Həyatda ciddi insan olsam da, səhnədə ağır olmağın tərəfdarı deyiləm. Sənətin mentalitetə dəxli yoxdur. Bizdə yeniliyi çətin qəbul edirlər. Amma zamanın tələblərini düşünməyənlər geridə qalırlar. Hazırda maraqlı bir layihə üzərində işlədiyim üçün digər işlərimi bir qədər dondurmuşam. Bəzi həmkarlarım kimi mahnıya, klipə, alboma layihə demirəm. Albomuma isə sırf özümə aid, yəni müəllif mahnılarından ibarət mahnıları daxil edəcəyəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA