Hakimlikdən qovulan Babək Quliyev danızdı

img

13-03-2009 [03:48]


"Faktları varsa, hüquq-mühafizə orqanlarına təqdim etsinlər" FİFA referisi baş verənləri özünə qarşı qərəz hesab edir İki FİFA referisinin hakimlikdən uzaqlaşdırılması hələ də əsas müzakirə mövzusudur. Etiraf edək ki, mətbuatda gedən məlumatlar birtərəflidir və cəzaya məruz qalan hakimlərin hüquqlarının pozulması ilə müşaiyət olunur. Bir tərəfdən rəsmilər araşdırmalar getdiyini bildirir, digər tərəfdən də onların 3 il müddətinə hakimlikdən uzaqlaşdırıldığı söylənilir. Araşdırmalar bitmədən hansısa şəxsi ağır cinayətdə ittiham etmək nə hüquqi, nə də mənəvi baxımdan düzgün deyil. Elə Fanat.az-a açıqlama verən ?günahkar? hakimlərdən biri- Babək Quliyev də bu qənaətdədir: "Bu hadisəni özümə qarşı qərəz hesab edirəm. Mənim karyeramı ləkələməyə cəhd edirlər. Bu ədalətsizlikdir?. FİFA referisi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşdüyünü bildirdi: "Hadisə baş verəndən sonra Ramin müəllimlə görüşmüşəm. Ondan əlində olan faktları göstərməsini istədim. Amma göstərmədi. Məncə, əllərində heç bir fakt yoxdur. Çünki özümə inanıram. Bu hadisə Premyer-Liqanın son turundan sonra baş verib. Həmin turda mən "Bakı" - "Qarabağ" oyununu idarə etmişəm. Eşitmişəm ki, məni bu oyuna görə günahlandırırlar. Guya "Qarabağ"la anlaşmışam. Başa düşə bilmirəm ki, məğlub olan komanda ilə necə anlaşmaq olar?" Babək bəy AFFA-ya edilən anonim zəngə görə cəzalandırıldığını dedi: "Onların əlində mənə qarşı heç bir fakt yoxdur. Kasetin olması boş söhbətdir. Belə bir kasset varsa, hamıya göstərsinlər. Eşitdiyimə görə bizi AFFA-ya edilən anonim zəngə görə cəzalandırıblar. Kimsə zəng edərək, bizim rüşvət aldığımızı deyib". FİFA referisi faktların Daxili İşlər Nazirliyinə təqdim edilməsini istəyir: "Hansısa məlumatı araşdırmaq onların hüququdur. Buna səlahiyyətləri var. Etiraz etmirəm. Amma ittiham olunan tərəf kimi məni də dinləməlidirlər. Əgər əllərində faktları varsa, hüquq-mühafizə orqanlarına təqdim etsinlər. Qoy məsələni onlar da araşdırsın. Axı söhbət ağır cinayətdən gedir. Mən özümə arxayınam və bilirəm ki, obyektiv araşdırma olsa günahsız olduğum üzə çıxacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA