Eldar Mahmudovun nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən sensasion həbslərin sahibkarlardan yalnız qanunsuz pul tələb edilməsi ilə deyil, əsasən gizli dinləmələrlə bağlı olduğu bir daha təsdiqlənib. Belə ki, gizli dinləmələrlə bağlı MTN-in az qala "qulağı” kimi işləyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də şok həbslər başlayıb.
Mia.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da oktyabrın 26-da axşam həbs olunub. Onun evində və bağında axtarış aparılıb. Verilən məlumata görə, V.Zeynalovun həbsi Beytulla Hüseynovla əlaqəlidir.
Qeyd edək ki, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. B.Hüseynovun qardaşı, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Xeyrulla Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar da təsdiqlənib. İcra hakimiyyətindən "Trend”ə yalnız onu bildiriblər ki, X.Hüseynovun işinə oktyabrın 26-da xitam verilib.
Nazirlikdəki həbslə bağlı "Yeni Müsavat”a daxil olan xəbərlərdə deyilir ki, oktyabrın 26-da axşam Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyində xüsusi əməliyyat keçirib. Nazir Əli Abbasov əməliyyat zamanı nazirliyə çağırılıb. Elə oradan da nazirliyin aparat rəhbəri Vidadi Zeynalov həbs olunaraq aparılıb.
Xəbərdə o da deyilir ki, V.Zeynalovun Vahid adlı qardaşı MTN-də şöbə rəisidir. Həbs edilən aparat rəhbəri isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla yeznə-qayındır.
MTN-in "qara qutusu” nə ifadə verib?
İstintaqdan məlumatlı şəxsin verdiyi məlumata görə, MTN-dəki və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslər birbaşa məhz dövlət vəzifəlilərinin qanunsuz dinlənilməsi ilə bağlıdır. Bilgili mənbəmiz iddia edib ki, indi "MTN işi” üzrə iki istintaq aparılır.
Sahibkarlardan qanunsuz xərac alınması və onların incidilməsi ilə bağlı istintaq Respublika Prokurorluğunun nəzarətindədir. Qanunsuz dinləmələrlə bağlı istintaq isə birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır və oraya prokurorluğun müstəntiqləri belə müdaxilə etmək səlahiyyətində deyil. Bu iş tam olaraq Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubovun icraatındadır və ifadələrin alınmasında son dərəcə məxfilik qorunur.
Əsas istintaq hərəkətlərinin isə MTN-in Monitorinq Mərkəzinin rəisi general-mayor Teymur Quliyevin ətrafında aparıldığı dəqiqdir. 45 yaşlı general T.Quliyev həbs edilənlər arasında sabiq nazirə ən yaxın kadr sayılır. O, DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində E.Mahmudovun rəhbərliyi altında işləyib. E.Mahmudovun vəzifəyə təyinatından sonra o da MTN-ə gətirilib. Onun MTN-in "qara qutusu” hesab edilən Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinatı E.Mahmudovun ona hədsiz güvəndiyini təsdiqləyir. Ehtimal edilir ki, sabiq nazirin bundan sonrakı taleyini də daha çox T.Quliyevin verdiyi ifadələr müəyyənləşdirəcək.
Həbs edilənlər təkadamlıq kameralarda saxlanılır
Məlumat var ki, həbs edilənlərin hamısı ilk gündəm təkadamlıq kameralara yerləşdirilib, onlara vəkilin ancaq dövlət tərəfindən ayrılmasına izin verilib. Bu addım isə istintaq sirrinin qorunması üçün atılıb. Həbs edilənlər barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham verilib. Elan olunmuş ittihamlarda diqqətçəkən maddələrdən biri 308.2-dir. Bu maddə əsasən, seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub. Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.
Qaynağımızın "seçkiyə aid olan hansısa proses və ya namizədlərdən kiminsə danışıqlarının dinlənilməsi olub ki, bu ittiham verilib” deyərək, istintaq barədə ən sensasion məlumatını açıqlayıb. "Artıq tam dəqiqləşib ki, MTN-dəki qrup Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu da dinləyib. MSK sədrinin telefon danışıqları uzun müddət nəzarətdə olub” deyə, mənbə bildirib. Qaynağımız M.Pənahovun dinlənilməsinin hansısa deputatlığa namizədin şantaj olunması və ya hansısa namizəddən pul qoparmaq niyyəti güddüyünü inandırıcı hesab etmir. MSK sədrinin 2013-cü il prezident seçkilərində də dinlənilməsi şübhələri var.
Seçkilərlə bağlı toplanmış gizli danışıqların MTN üçün niyə bu qədər əhəmiyyətli olduğu barədə isə ancaq ehtimal irəli sürmək olar. Məsələn, bu telefon danışıqlarının hansısa Qərb ölkələrinin birinin telekanalı üzərindən yayılması və ya müxalifətə ötürülməsi hakimiyyətə çox ciddi zərbə ola bilərdi. MTN-də əməliyyatın və həbslərin ilk olaraq Monitorinq Mərkəzindən başlaması da təsadüf deyil. Monitorinq Mərkəzinin dərhal möhürlənməsi oradan hansısa materialların çıxarılması və ya məhv edilməsini əngəlləmək üçün edilib. MTN-dən nələr çıxarılıb, nələrin harada saxlanıldığını isə istintaq müəyyən etməlidir.
Azərbaycandan uzaqda yaşasa da, hakimiyyətdəki kompromatların toplanması və telefonların gizli dinlənilməsindən məlumatlı olduğu şübhə doğurmayan eks-spiker Rəsul Quliyev MTN-dəki həbslərin birbaşa gizli dinləmələrlə bağlı olduğunu deyib. Eks-spikerin dediklərindən: "Telefonlara qulaq asmaq həmişə çox gözlənilməz effekt verir. Kiminsə telefonuna qulaq asırsan və birdən elə adamın adı ortaya çıxır ki, həm qulaq asan, həm də qulaq asmağa komanda verən şoka düşür. Telefonlara qulaq asanlar həmişə belə gözlənilməz hadisələrlə rastlaşır. Aydındır ki, telefona qulaq asanlar hətta Mahmudovun icazəsi olmadan təsadüfən qulaq asma orbitasına düşmüş varlıları şantaj etməklə pul yığıblar. Və çox ehtimal bu işlə artıq azı 5-6 ildir məşğul olurlar. Bu yolla ”qazanılmış" puldan azğınlaşıblar. Düşünürəm ki, Mahmudov prezidentin yanında olanda, onun adamları başda çox inandığı mühafizəçi olmaqla, vətəndaşlara qulaq asma departamentini, nazirin və bəzi generalların kabinetlərini möhürləyiblər və orada axtarışa başlayıblar. Arxivdən də sənədlər çıxarılıb və bir neçə gün ərzində işıq üzü görməməli sənədlər kompromat xarakterli materiallar götürülüb, bəlkə də artıq yandırılıb".
Göründüyü kimi, eks-spikerin dedikləri ilə mənbənin söylədikləri və yeni həbslər arasında bağlantılar var.