"Böhrandan çıxmaq üçün heç bir ciddi addım atılmasa, bu, genişmiqyaslı etirazlara gətirib çıxara bilər”.
Bunu "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.
Onun sözlərinə görə, neftin ucuzlaşmasının arxasında daha çox iqtisadi deyil, siyasi amillər durur: "Bu da Rusiya və digər ölkələrə davam edən təzyiqlərlə bağlıdır. Hazırda bu ölkələrlə ABŞ-ın danışıqları gedir. Əlbəttə ki, Amerika öz məqsədlərinə nail olmaqda israrlıdır. Məncə, Rusiya və digər ölkələr güzəştlərə gedəcəklər. Məsələn, bu gün Yaxın Şərq üzrə gedən proseslər, Rusiyanın Suriya, Livan, İraqdan çəkiləsi, PKK məsələsi və Moskvanın Qərblə əməkdaşlığa getməsi məsələsi var. Onlar da bunun müqabilində başqa imtiyazlar istəyirlər. Bütövlükdə, məncə, yaxın zamanlarda onlar bir araya gələ biləcəklər, bu, qaçılmazdır. Qlobal yanaşanda görürük ki, prinsipcə Amerika öz məqsədlərinə nail ola bilir.
İranla münasİbətlər kifayət qədər normallaşıb, artıq Tehran Amerikaya qarşı düşmənçilik münasibətlərində deyil. Venesuela, Kuba ilə bağlı də eyni vəziyyətdir. Türkiyənin özünün artıq bu proseslərə girməsi onu göstərir ki, bölgədə həlledici proseslər başlayıb. Ona görə də Türkiyə hərbi müdaxilələrə start verib. Hansı ki, Ankara həmişə kənarda dayanmağa üstünlük verirdi. Bu, onu göstərir ki, artıq ortada çox maraqlı vəziyyət var və bu, Rusiya ilə əlaqədardır”.
M.Əliyev Ukrayna, Orta Asiya, Çinlə bağlı da kifayət qədər ciddi proseslərin getdiyini vurğuladı: "O ki qaldı Azərbaycanla bağlı vəziyyətə, əlbəttə ki, hakimiyyət ilk növbədə daxili iqtisadi siyasətini dəyişməlidir. Gündəmdə azad iqtisadiyyata gedilməsi məsələsi var. Yəni Azərbaycanın kifayət qədər daxili resursları var ki, onlar işə salınmalıdır. Bu resurslar arasında ən böyüyü insan resursudur. Azərbaycanlılar bütün dünyada sübut edirlər ki, onlar işləməyi bacaran, qurub-yaradan xalqdır. Necə ki, Rusiyada, Ukraynada əksər hallarda bunun şahidi oluruq. Bu mənada potensial çox böyükdür, həmin potensialı işə salmaq gərəkdir”.
Ekspert deyir ki, söhbət Azərbaycanın ehtiyatlarının nə qədər olmasından getmir: "Gürcüstanın heç Azərbaycandakına yaxın ehtiyatları da yoxdur. Lakin yeni bazar prinsiplərinin işə salınması ilə Gürcüstanda kifayət qədər ciddi irəliləyiş baş verdi. Bütün dünyada belədir, əgər o prinsiplər işə salınırsa, inkişaf da olur. Yox, əgər bunun əvəzində nə qədər neft pulu xərclənirsə, mənası yoxdur. Bu gün bizim iqtisadiyyatımız daha çox quyuya su tökməyə bənzəyir. Dövlət bazarı saxlamaq üçün müəyyən qədər vəsaiti dövriyyəyə buraxır. Ancaq bazar özü tənzimləmir, çünki ortada bazarın özü yoxdur. Ona görə də bazar münasibətlərinin yaradılması, kiçik və orta sahibkarlığın real inkişafı, rəqabət mühitinin bərqərar edilməsi lazımdır”.
"Neftin qiymətinin ucuzlaşması müvəqqətidir və payız aylarında qiymətlər qalxmağa başlayacaq. Hesab edirəm ki, neftin qiyməti ən aşağısı 65-70 dollar olacaq. Ancaq qiymətlərin indikindən aşağı düşməsini gözləmirəm”.
M.Əliyev bu addımların atılmasının heç də gec olmadığını düşünür: "Bu addımların atılması heç vaxt gec deyil. Onsuz da bu addımlar bir gün atılmalıdır. Biz qeyri-neft sektorunun inkişafından danışarkən elə bunları nəzərdə tuturduq. Əgər biz ABŞ, Yaponiya iqtisadiyyatını götürsək, onların iqtisadiyyatının böyük hissəsini kiçik və orta sahibkarlar təşkil edir. Ona görə də bu gün bu təbəqəni yaratmaq lazımdır, təbii ki, ölkədə sağlam rəqabəti bərqərar etməklə”.
M.Əliyev ciddi tədbirlər görülməyəcəyi halda ölkədə xoşagəlməz halların yaşanmasını da mümkün saydı: "Ayrı-ayrı partlayışlar da ola bilər. Bu, insanların sosial-iqtisadi durumunun necə olacağından asılıdır. Vətəndaşların vəziyyəti ciddi şəkildə pisləşməyə doğru getsə, əlbəttə ki, bu, mümkündür. Mən düşünmürəm ki, Mingəçevirdə baş verənlər təkcə o gəncin ölümü ilə bağlı idi. Bu, üzdə olan məsələdir, daha çox bəhanə rolunu oynadı. Əslində bunun arxasında çox böyük narazılıq var. Bilirik ki, Mingəçevir vaxtilə inkişaf edən dördüncü şəhər idi, ”energetiklər şəhəri" deyirdilər, fabrikləri var idi. Bu gün tamam başqa vəziyyətdir. O boyda şəhərdə camaatın dolanışıq problemi var, adamlar Rusiyada işləyir, Rusiyada vəziyyətin pisləşməsi də öz təsirini göstərib. Ona görə də bu hadisələr daha çox sosial vəziyyətlə əlaqədardır".
Ekspert bildirdi ki, hazırda iqtidar prosesi izləyir: "Bu, faktdır. Amma əgər Mingəçevirdə belə hadisələr baş verirsə, deməli, iqtidar prosesləri o qədər də yaxşı izləmir, burada problem var, yəni vəziyyəti qiymətləndirə bilmirlər. Müxalifətinsə bu işə qarışmağa ehtiyac yoxdur. Digər tərəfdən, müxalifətin elə bir potensialı da qalmayıb. Məsələn, Türkiyədə görürük ki, müxalifət var, bizdə bu, yoxdur. Digər tərəfdən, müxalifətin ortaya çıxması hakimiyyət üçün bir bəhanə yaradır, deyirlər bunlar qarışdırır, nəsə edirlər. Yəni burdakı proseslər müxalifətsiz də gedir”.
M.Əliyev real vəziyyətdən çıxış yolu kimi konkret təklif verdi: "Sadəcə, hakimiyyət maraqlı olmalıdır ki, ayrı-ayrı şəxsləri işçi qrupuna, yaxud hansısa başqa bir formata salsın, təklifləri bir yerə toplasın. Heç olmasa bu fikirlərin səslənməsi üçün özləri cürbəcür forumlar, konfranslar təşkil edə, mütəxəssisləri ora dəvət edə bilərlər. Yaxud vəziyyətlə bağlı təkliflərin təqdim olunmasını sifariş edə bilərlər. Məndə olan məlumata görə, iqtidarın özü bir islahatlar paketi hazırlayıb. Onun nədən ibarət olduğunu, nə zaman ortalığa çıxarılacağını heç kəs bilmir, ancaq ortada belə bir şey var. Güman ki, iqtidar müstəqil, yaxud müxalif ekspertlərin fikirlərindən də bəhrələnir”.
Həmsöhbətimiz belə bir durumda parlament seçkiləri ilə bağlı riskləri görmədiyini vurğuladı: "Bizdə böhran uzunmüddətlidir. Sadəcə olaraq, böhrandan çıxmaq üçün heç bir ciddi addım atılmasa, vəziyyət pisləşməyə doğru gedəcəksə, onda bu, genişmiqyaslı hansısa etirazlara gətirib çıxara bilər. Çünki orda kütləvi narazılıq olacaq, bu, qaçılmazdır”(Musavat.com).