Qarabağ Bloku prezidentə müraciət etdi

img

12-03-2015 [20:17]


Ümid Partiyasının Mərkəzi qərargahında Qarabağ Bloku Növbəti toplantısını keçirib. 

Ümid Partiyasından Mia.az-a daxil olan məlumata görə, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər müzakirə olunub.

Blok üzvləri son dövrlər ölkədə radikal islamçı fəaliyyətin artmasına və bu istiqamətdə hüquq mühafizə orqanlarının apardığı əməliyyatlara münasibət bildiriblər. Qeyd olunub ki, Azərbaycan hakimiyyətinin siyasi institutları sıxışdırması, insanların narazılığını ifadə etməsi üçün  başqa yer saxlamaması nəticədə ölkədə dini radikal qrupların təşəkkül tapmasına səbəb olur. Hakimiyyət siyasi institutların fəaliyyətinin genişlənməsinə imkan yaratmalıdır ki, narazılıq başqa yönə istiqamət almasın, kortəbii olmasın, siyasi institutlar tərəfindən idarə olunan prosesə çevrilsin. İnsanlar siyasi institutlar , seçki yolu ilə fikirlərini ifadə edə bilməlidir ki, narazılar da həmin prosesə qoşularaq sözlərini deyə bilsinlər.

Tədbir iştirakçıları Rusiyada qətlə yetirilən müxalifət lideri Boris Nemçovun  ölümündə islam izinin axtarılmasından da narahat olduqlarını bildiriblər. Qeyd olunub ki, Nemçovun ölümündə müsəlman izi axtarmaq və bunu islama qarşı çevirmək cəhdləri uğursuz  cəhdlərdir. Bu həm istintaqı və ictimaiyyəti  aldatmaqdır, həm də bəzən dünyanın özündə  islama qarşı yanlış və sərt mövqeyin güclənməsidir. Dünya bu qətli dinlərarası mübarizə hesab etməməli, Putinin bu gün Nemçovun qatilləri adı ilə tutduğu insanlara sahib çıxmalı, gerçək  qatillərin tapılması istiqamətində səylər artırılmalıdır. Qərb dövlətləri nəzərə almalıdır ki, Rusiya bu istiqamətdə bütün ətraf dövlətlər üçün təhlükədir.

Blok üzvləri növbəti dəfə ölkədə olan siyasi məhbus probleminə də toxunublar. Qeyd olunub ki, həbsdə olan siyasi məhbuslar arasında səhhətində ciddi problemlər olan şəxslər var ki, həbsdə qalmaq onların həyatı üçün təhlükədir. Ölkədə barış və dialoqun, qarşılıqlı etimadın yaranması üçün  amnistiya verilməli və bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Dünyada və regionda baş verən siyasi proseslər, bu il ölkədə I Avropa Oyunlarının və parlament seçkilərinin  keçiriləcəyini də nəzərə alsaq siyasi məhbusların həbsdən azad olunması beynəlxalq təzyiqlərin və ölkədəki gərginliyin azalmasına gətirib çıxara bilər. Bloku üzvləri Novruz bayramı ərəfəsində amnistiya verilməsi ilə bağlı Prezidentə  və Milli Məclisə müraciət ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA