Saytı nazir, yoxsa polis rəisi dağıtdırıb? - Elməddin Muradlıdan ittiham

img

29-01-2015 [20:11]


"Avtosfer.az”in redaktoru Elməddin Muradlı saytına olunan hücumdan danışıb. 

O, bildirib ki, sayta hücum  səhər saatlarında baş verib: "Haqqımda etikadan kənar bir şəkil yerləşdirib, yazı da yerləşdiriblər. Haqqımda yazılanlar çox biabırçı da olsa, diqqətlə oxudum. Mətn çox səliqəli, dilimizin qrammatikasına uyğun səlis cümlələrlə yazılıb. Kimsə savadlı bir insandır. Amma çox təəssüflər olsun ki, savadını mənasız işlərə sərf edib.

Dəqiq bilmirəm kimdir, amma aciz adamlardı, öz maraqlarını həyata keçiriblər.

Son vaxtlar Nəqliyyat Nazirliyi ilə bağlı bir neçə sərt yazılarımız olub. Salyan rayon Yol Polisinin şöbə rəisi ilə bağlı materialımız olub. Amma inanmıram ki, hansısa yol polisinin rəisi saytla mübarizə aparsın. Çox arzu edirəm ki, nəqliyyat sahəsinin əməkdaşlarının burda rolu olmasın. Şübhələrim oradandır”.

Elməddin Muradlının sözlərinə görə, hazırda texniki işçilər saytın bərpa olunması istiqamətində işləyir: "Yanvarın 13-nə qədər olan bazanı saxlaya bilmişik. Təəssüflər olsun ki, digər materiallar saytdan silinib. Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinə də müraciət etməyi düşünürəm. Mətbuat Şurası bu işdə bizə mənəvi dəstək versə, şad olardıq. Bu, mətbuata qarşı atılan sərt addımdır. "Avtosfer.az” saytını gözdən salmağa çalışırlar. Yazdıqlarından da belə başa düşdüm ki, bu sayt onları ciddi narahat edir.

Ortaya çıxıb normal söhbət edib, hansısa məsələni yoluna qoymaq mümkün idi. Bu işin qanuni adı kiber cinayətkarlıqdır. Amma mənəvi əxlaqsızlıq da var. Kimsə öz çirkin əməllərini ört-basdr etmək üçün əməllərindən yazan bir saytı dağıtmağa çalışır. "Avtosfer.az” saytı heç kimə qarşı qərəzli olmayıb, bundan sonra da olmayacaq”(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR