Dəmiryolçular piket keçirdilər- FOTOLAR

img

26-01-2015 [14:43]


Yanvarın 26-da bir qrup dəmiryolçu Bakıda piket keçirib. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan dəmiryolçuların tələbi sosial xarakterli olub. 

Aksiyada əlliyə yaxın qatar bələdçisi iştirak edib. Onlar rəhbərliklə görüş və 5 ay əvvəlki müraciətlərinə cavab tələb ediblər. 

Musavat.com-a danışan dəmiryolçular bildiriblər ki, onlar 2001-ci ildən başlayaraq, məvaciblərinin bir hissəsini, ezamiyyət və məzuniyyət pullarını, yol pullarını və sair ödənişlərini ala bilmirlər və ümumiyyətlə, maaşları azdır, onların tələbatını ödəmir. Bundan başqa, dəmiryolçular səsini çıxaran, şikayət edən iş yoldaşlarının işdən çıxarılmasına etiraz etdiklərini bildiriblər.

Polislər aksiyanın davam etməsinə imkan verməyiblər. Eyni zamanda, səhmdar cəmiyyətin rəhbərliyi şikayətçilərin nümayəndələrini görüşə çağırıb. 

Onlar bildiriblər ki, əvvəllər 450 manat maaş aldıqları halda, artıq bu məbləğ azaldılaraq, 240 manata endirilib. Etirazçıların sözlərinə görə, onlar beş ay əvvəl Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova yeddi bənddən ibarət yazılı müraciət edərək, ondan sosial problemlərinin həllini istəyiblər. 

"Bizə cavab verən yoxdur. Bir neçə gün öncə rəhbərliyə müraciət etdik, bizə dedilər ki, müraciətiniz itib. Ona görə də, buraya yığışmışıq ki, tələblərimizi təkrarlayaq”,- deyə piketçilər bildiriblər.

Dəmiryolçu Təranə Hümbətova bildirib ki, 25 ildir işləyir və bu müddətdə maaşları daim az, iş şəraitləri isə ağır olub: "Əsas problem odur ki, yeni işçilərə yüksək əməkhaqqı verilir, təxminən 500 manat... Bizə isə 150-200 manat əməkhaqqı verilir. Bununla necə dolanmaq olar? Bu, qanunsuzluqdur, ayrı-seçkilikdir. İllərdir ki, ev növbəsindəyəm, ancaq hələ də kirayədə yaşayıram. Mən bu ölkədən imtina etmək qərarına gəlmişəm”. 

Qeyd edək ki, toplaşanlardan bir neçəsi ölkə vətəndaşlığından imtina etmək istədiklərini vurğuladı: "Biz sığınacaq istəyirik”.

Piketdə işdən çıxarılanlar, keçmiş dəmiryolçular da iştirak ediblər və illərdir ki, onlara çatacaq pulları tələb ediblər. 

Hüseynov Firqəçi bildirib ki, 2009-cu ildə işdən çıxrılsa da, indiyədək onun ezamiyyət xərcləri ödənilmir:"Otuz il burada can qoymuşam. Dəmiryolunda baş verən qanunsuzluqlardan şikayət etdiyim üçün məni işdən çıxarıblar, həm də qanunsuz olaraq çıxarılmışam. İndiyədək də əməkhaqqımı ala bilmirəm”.

Maarif İsayev isə qeyd edib ki, 1990-cı ildən Bakı Vaqon Deposunda bələdçi işləyib: "Pulumuzu vaxtlı-vaxtında vermirlər. 2006-cı ildə bələdçi qadınlar işə götürüləndən sonra maaş ayrı-seçkiliyi oldu. Onlara 450-500 manat, bizə 120-150 manat pul verirlər. Hazırda camaatın bura yığılması bu məbləğ fərqinin tələbidir. Səbəbləri izah etsinlər və maaşları artırsınlar. Bu işlərin başında duran Sərnişin Birliyinin rəisi Əliyar Muradovdur”. 

Onun sözlərinə görə, təqaüdə çıxdıqdan sonra işdən kənarlaşdırılıb: "Ailədə bircə mən işləyirdim, yoldaşım şəkər xəstəsi, oğlum ikinci qrup əlildir. Ancaq ildə beş yüz manat rüşvət müqabilində bir illik işləməyə icazə verilir, həmçini onların öz yaxınlarına təqaüd yaşından sonra da işləmək olar. Bunları yazıb, yol rəisinə qədər hamıya müraciət etmişəm. Ancaq heç bir effekti olmayıb. Dövlət başçısına da teleqram vurmuşam, məktub yazmışam, nəticəni hələ də gözləyirəm”.

Şikayətçilər bildirirlər ki, narazı məqamlardan biri də yüzlərlə dəmiryolçunun mənzil növbəsində gözləməsidir: "Bizdə 25-30 il mənzil növbəsində duranlar var, hələ də deyirlər ki, gözləyin”. 

Keçmiş dəmiryolçu Mələk Əliyeva isə bildirib ki, indiki nəqliyyat naziri Ziya Məmmədovla bağlı illər öncə prokurorluğa edilən müraciətin də nəticəsini tələb edirlər: "Onun haqqında ümumi yığılmış 500 səhifəlik material Baş Prokurorluğa göndərilib. Ancaq cinayət işi açılmayıb, iş bağlanıb. Ziya Məmmədovun haqqında cinayət işi açmadılar. Halbuki onun etdiyi cinayət əməllərindən bütün hüquq-mühafizə orqanlarının xəbəri var idi. Biz həmin materialların aqibətini tələb edirik. Dəmiryolu iflic vəziyyətindədir, inkişaf etmir. Dəmiryolçuların isə haqqı yeyilir. Bununla bağlı neçə iş məhkəmədədir”. 

Sonda isə məlum oldu ki, dəmiryolçuların rəhbərliklə görüşü nəticəsiz qalıb. Arif Əsgərov onlarla görüşməyib. 

Qurumdan bir neçə əməkdaşla görüşən dəmiryolçulara isə vəd verilib ki, pulları qaytarılacaq, həmçinin onlara yeni vaqonlar veriləcək. 

Narazı dəmiryolçular isə bildiriblər ki, yaxın bir ay müddətində qaldırdıqları problemlərə baxan olmasa, onlar Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin, həmçinin Prezident Adminstrasiyasının qarşısında aksiyalar keçirəcəklər. Onlar həmçinin dövlət başçısı İlham Əliyevə növbəti müraciət ünvanlamağı qərara alıblar.

Röya RƏFİYEVA
Fotolar müəllifindir.








Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA