“Əgər bu gün hakimiyyətə yaltaqlansaydım, bu dəqiqə hər hansısa bir vəzifə sahibi olardı...”

img

16-12-2014 [16:48]



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müsahibə verib:

-Hafiz bəy baxmayaraq ki, sizin mütəmadi olaraq, müxalifəti tənqid etmənizlə bağlı fikrlərə rast gəlinirdi, son zamanlarsa sizin dünya siyasəti, regionda olan hadisələrə münasibətləriniz mətbuatda geniş yer almaqdadır. Sizin siyasi baxışınızın dəyişməsi nə ilə əlaqədardır?

-Mən buna siyasi baxış deməzdim. Çünki mən siyasətçiyəm və ömrümün 30-35 ilini bu yola sərf etmişəm. Mən bütün günü oturub Azərbaycanı xaricə keçi qiymətinə satan bəzi müxalifət nümayəndələrindən danışmalı deyiləm axı.. Bu gün həmin adamların əsl siması artıq hamıya məlumdur. Ona görə də, Azərbaycana bu gün xarici dövlətlərin siyasətinə də münasibət bildirməlidir. Məni bir çox adamlar müxalifətin bir çox xəyanətkar nümayəndələrini ittiham etməkdə günahlandırır. Halbuki onlar xaricə gedib Azərbaycan haqqında olmazın fikirlər söyləyirlər, Azərbaycanın adına qara yaxırlar, Azərbaycana qarşı xarici müxtəlif sanksilar tətbiq etməyə dəvət edirlər. Mən bunları deməməliyəm bəs? Hafiz Hacıyev Azərbaycanı dağıdanları izləyib səssiz qalmalıdır? Mənə də bu cür mövqeyimə görə, basqılar olur. Çünki onlar Azərbaycanı poliqona çevirmək niyyətindədirlər. Mən nə qədər sağam və siyasətdəyəmsə, buna yol verməyəcəyəm. Ona görə də, daim xalqımın yanında olmaqla və dövlətimə dəstək olmaqla həm xarici qüvvələrə, həm də daxildəki bu cür xəyanətkarlara qarşı mübarizə aparacağam. Hafiz Hacıyevin dünyada baş verən bütün proseslərə və Azərbaycanın üstünə gələn xarici qüvvələrin bütün neqativ hallarını qabardaraq demək bir siyasətçi kimi mənim borcumdur, deyə düşünürəm.

-Bu günlərdə Ayaz Mütəllibov hakimiyyətdən ona vəzifə təklifi gözlədiyini bildirib. Sizcə Ayaz Mütəllibovun fəaliyyətini nəzərə alaraq, indiki hakimiyyət ona vəzifə verərmi?

-Hesab edirəm ki, bu gün Azərbaycanda eks prezident kimi Ayaz Mütəllibov üçün hər bir şərait yaradılıb. Ona vəzifədən də böyük şərait verilib. 20 ildən sonra onu vətənə qaytardılar. Məncə vəzifəni Ayaz Mütəllibov özü də istəməz. Amma bu özlərini müxalifət adlandıran və milləti istəməyən qüvvələrin firki ola bilər. Onlar Ayaz Müttəlibov da başda olmaqla, bir sıra keçmişdə hakimiyyətdə olan şəxsləri ətraflarına toplamaqda maraqlıdırlar. Ayaz Mütəllibov isə düşünürəm ki, çox ağıllı adamdır. Böyük ehtimalla Ayaz Mütəllibov onlara çox yaxşı cavab da verib. Sadəcə bu cavabı həmin qüvvələr istədikləri şəkildə mətbuata yaymaqla Ayaz Mütəlluibovla hakimiyyət arasında ədavət yaratmaq niyyətindədirlər. Mən Ayaz Müttəlibovla uzun müddət bir yerdə işləmişəm, QosPlanın sədri olanda da, onunla işləmişəm və mən Ayaz Mütəllibovun təcrübəsinə və baxış nöqtəsinə bələdəm. O milləti istəməyən AXCP kimi özlərini müxalifət adlandıranların təxribatına uymayacaq.

-Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla müxalif partiya sədrlərinin görüşü keçirildi. Sizin bu cür görüşlərin keçirilməsi ənənəsinə münasibətiniz necədir?

- Azərbaycanda Heydər Əliyevin hakimiyyəti dövründə belə iqtidar- müxalifət dialoq şəraiti həmişə olub. Lakin müxalifətdə olan bir sıra radikal mövqeli şəxslərin iddiaları ücbatından bir müddət bu dialoq şəraitinə kölgə salmışdılar. Bəzən deyirlər ki, Hafiz Hacıyev hakimiyyətə yaltaqlanır...Mən düzünü deyirəmsə, niyə görə bunu yaltaqlıq kimi qələmə verirlər? Əgər Hafiz Hacıyev bu gün hakimiyyətə yaltaqlansaydı, bu dəqiqə hər hansısa bir vəzifə sahibi olardı... Bu cür iqtidar-müxalifət dialoqları çox müsbət bir haldır. Baxmayaraq ki, AXCP başqanı Əli Kərimli o görüşə qatılmıya-qatılmaya görüşün təxribat olduğunu iddia edir. Nə üçün gedib iqtidar müxalifət partiyalarının görüşündə iştirak etmədi? Çünki hərhansısa xaricdə bir institut rektoru ona həmin tədbirə qatılamamaqla bağlı təlimat vermişdi... O zaman təlimatla oturub-duran bir şəxsin ağzına gələni danışmağa ixtiyarı da olmamalıdır. Mənim bir sıra AXCP nümayəndələri ilə çox yaxşı münasibətim var. Dünən onlarla söhbət edərkən belə, Kərimov Əlinin fəaliyyətinin düzgün olmadığını deyirdilər. Bir az əvvəl də qeyd eddim ki, iqtidar-müxalifət dialoqlarının keçirilməsi çox yaxşı haldır. Bu proses daha intesiv hal almalıdır. Azərbaycanda milli müxalifət var və o milli müxalifətin başında mən dururuam. Ona görə də, bu cür dialoqları keçirərkən, ora dəvət edilən və həmin tədbirdə iştirak edən bir sıra müxalifcikləri ora yaraşdırmaq olmaz. Bunu nəzərə almaq lazımdır. Orada öznünü müxalifət adlandırıb, siyasi alver edən və heç bir nüfuzu olmayan kəslər orada iştirak etməklə iqtidar müxalifət dialoqunu nüfuzdan sala bilər. Əli Həsənov da böyük və dünya görmüş siyasətçidir və növbəti görüşlərdə bütün bunları nəzərə alacağına inanıram.

-Dekabrın 23-də MSK rəsmən bələdiyyə seçkilərinin keçiriləcəyini elan etdi. Sizin partiyadan məlum oldugu kimi 300 dən artıq namizədliyini irəli sürən şəxslə yanaşı digər partiyalar da öz namizədlərini irəli sürüb. Digər tərəfdən mətbuatda yayılan informasiyalara görə, bələdiyyə sədrliyinin qiyməti 8-10 min manat arasında dəyişir. Eks nazir, partiya sədri, üç dəfə prezidentliyə namizəd və uzaq görən bir siyasətçi kimi bu cür haqqesabların qarşısını necə almaq mümkündür və Müasir Müsavat Partiyasının rüşvətxorluqla mübarizə kimi konsepsiyası varmı?

-Müasri Müsavat Partiyası həmişə dövlət siyasətinin və Cənab Prezidentin apardığı siyasətin yanında olub. Bizim özümüzün də, bir partiya olaraq xüsusi konsepsiyamız var. Bunu mən zaman-zaman mətbuata da açıqlayıram. Amma əfsuslar olsun ki, bir sıra məmurların gözləri doymaq bilmir və onlar prezidentin hümanistliyindən istifadə edərək, onun apardığı siyasətə qarşı çıxmağa cəhdlər edirlər. Mən adamlar tanıyıram ki, böyük vəzifələrdə olmasına baxmayaraq, axşam evə gedəndə pul aparmasa, arvad onu evə buraxmır. Bu gün elə adamlar var ki, vəzifəyə gələn günün səhəri villa tikdirirlər, oğluna 600 minlik maşın alırlar, gəlinə nələr-nələr alırlar və yaxud oğlunu boşatdırıb cavan artist alıb, xaricdə təm-təraqlı həyat sürürlər. Bütün bunlar xalqın gözü qarşısında baş veririr. Cənab Prezidentimiz buna qarşı qəti olaraq, öz mövqeyini və iradəsini ortaya qoyub. Mən inanıram ki, o bu qətiyyətli mövqeyi ilə bütün bunlara son qoyacaq. Bələdiyyə seçkilərinə gəlincə isə, bəli bizim partiyadan 300 nəfər namziədlərimiz qeydiyyatdan keçib. Partiyamızın 32 nəfəri müşahidəçi qismində MSK da qeydiyyatdan keçib. Amma bu gün etiraf edim ki, bələdiyyəyə maraq azdır. Çünki icra hakimləri hər şeyi özləri idarə etmək istəyirlər. Amma sizin dediklərinizdə həqiqət var. Bizim də qulaqlarımıza çatır ki, bu cür harınlamış məmurlar elə bir qələt edir ki, 100 nəfər Qəmbərov İsa yığıla onu bu dövlətə edə bilməz. Bunu etiraf etmək lazımdır və tez bir zamanda aradan qaldırmaq lazımdır.

-Türkiyə İŞİD-lə və Suriya böhranından dolayı hazırda Britaniya, İsrail və İran üçbucağı arasında qalıb. Sizcə bu durum Azərbaycana təsir edəcəkmi?

-Türkiyəni bu gün gözü götürməyən dövlətlər var. Dünənə qədər Türkiyə borc alan dövlət idisə, bu gün artıq olduqca nüfuzlu və borc verən dövlətə çevrilib. Bu da, bir çox xarici dövlətləri, o cümlədən İsrail və Britaniyanı narahat edir. Qeyd edim ki, mən İran, İsrail və Böyük Britaniya üçbucağını qəbul etmirəm. İran Türkiyə münasibətləri, hesab edirəm ki, rəsmi Ankaranın Bəşər Əsədin hakimiyyətdən getməsi tələbinə görə gərginləşməkdədir. Çünki daha əvvəl hamı Türkiyənin Suriyaya, sonra isə İŞİD-ə yardım etdiyini iddia edirdi. Amma Türkiyə cəsarətlə bütün bunların yanlış olduğunu sübut etdi... Hesab edirəm ki, bu gün hər kəs İŞİD-ə və Suriyaya kimin yardım etdiyinin fərqindədir. Hər kəs həmin layihələrin kimin layihəsi olduğunyu da, çox gözəl bilir. Sadəcə gündən-günə güclənən Türkiyənin böyük Osmanlı İmperiyası tək dünyanı fəth etməsindən ehtiyyat edən siyasi qüvvələr var. Ona görə də, bütün bu layihələri Türkiyə üzərindən aparmaqla bunda maraqlı olan siyasi dairələr bir güllə ilə iki dövşan vurmaq niyyətindədirlər. Əlbəttə Türkiyədə baş verən hər bir hadisənin Azərbaycana da yansıması qaçılmazdır. Dünən Türkiyədə əsən küləyin, sabah Azərbaycanda da, əsəcəyini güman etmək olar... Çünki biz bir millət, iki dövlətik.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA