Müsavat Partiyasının mitinqi başa çatdı- Yenilənib (FOTOLAR)

img

14-12-2014 [15:16]


Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə "Siyasi məhbuslara azadlıq!” şüarı altında bu gün mitinq keçirir. 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavata göndərdiyi məktubda partiyanın müraciətinin araşdırıldığı və mitinqə razılıq verildiyi bildirilib. 

***

Müsavat Partiyasının Bakıda, Məhsul stadionunda mitinqi başlayıb. Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə "Siyasi məhbuslara azadlıq!” şüarı altında keçirilən mitinqi Müsavatın başqan müavini Səxavət Soltanlı giriş sözü ilə açıb. O, bildirib ki, mitinqin məqsədi həbs edilmiş siyasi məhbusların azadlığıdır. Meydandakılar onun çıxışına "Azadlıq!” şüarları ilə dəstək verib. 

Daha sonra mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib və sonra çıxış üçün söz Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə verilib.

İsa Qəmbər İnsan Haqları Gününün tarixindən danışaraq bildirib ki, ölkədə həbs edilən siyasi məhbusların azadlığa çıxması üçün davamlı mübarizə aparılmalıdır: "Həbsdə olanların sayı-hesabı yoxdur. O adamları həbs edirlər ki, onlar haqqı-ədaləti deyirlər. Onların hamısına qarşı hakimiyyət total bir mübarizə aparır”.

Azərbaycanda dəyişikliyin labüd olduğunu bildirən İ.Qəmbər deyib ki, amma bu, öz-özünə olmayacaq: "Bunun üçün fədakarlıq lazımdır, mübarizə aparmaq lazımdır”.

Həbsdə olan müsavatçılar Sirac və Fərəc Kərimli qardaşlarının atası Raqif Kərimli də mitinqdə çıxış edib. O, bildirib ki, azadlıq uğrunda mübarizə davam etməlidir. Həbsə olanlara əfvlə bağlı təzyiqlər olunduğunu deyən R.Kərimli qeyd edib ki, azadlığı sədəqə kimi verməzlər: "O insanların günahı yoxdur, niyə əfv istəməlidirlər ki?”. 

Aksiyada Güneyli Azərbaycan mühacirlərinin müraciəti də səsləndirilib. Müraciətdə bildirilir ki, güneyli mühacirlər 20 ildən artıqdır ki, Azərbaycanda yaşasalar da, hüquqlarını tələb edə bilmirlər: "Burada bizim hüquqlarımız tam şəkildə tapdalanır. Biz hüquqlarımızın bərpasını istəyirik”.

Müsavat başqanı Arif Hacılı isə çıxışında bildirib ki, ölkədə azadlıq istəyənlər, siyasi məhbusların olmasına etiraz edənlər bu meydanda olan insanlarla məhdudlaşmır: "Azərbaycan xalqının mütləq əksəriyyəti bunu istəyir. Amma Azərbaycanda avtoritar hakimiyyətin apardığı siyasət, repressiya tədbirləri bu gün Azərbaycan xalqının öz sözünü, öz səsini var gücü ilə səsləndirməsinə imkan vermir”.

O, cəmiyyətin bu günkü rejimlə barışmadığını da vurğulayıb: "Cəmiyyətdə müqavimət davam edir. Xalqımız demokratik cəmiyyətdə yaşamağa layiqdir. Demokratik cəmiyyət qurmağa da qadirdir. Bizim mübarizəmiz əbədidir!”.

Daha sonra mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ölkədəki siyasi məhbuslara qeyd-şərtsiz azadlıq tələb edilib. Sonda isə "Koroğlu” üvertürası ilə mitinq yekunlaşdırılıb.

Röya
Fotolar müəllifindir




















Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA