"2015-Qarabağ probleminin həlli istiqamətində ciddi addımların atıldığı il kimi də yadda qala bilər"

img

09-12-2014 [17:28]


Bələdiyyə seçkilərinə bir neçə həftə qalca da, siyasi düşərgədə seçki ab-havası lazımi səviyyədə deyil. Müxalifət partiyalarının bir hissəsi seçki prosesini kənardan izləsə də, bəzi partiyalar artıq seçki kampaniyasına başlayıblar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətə elə bu mövzudan başladıq.

- Bizim 250 nəfərdən artıq nümayəndəmizin namizədliyi qeydə alınıb. Onların seçkidə uğur qazanması üçün əlimizdən gələni edəcəyik. Onu da deyim ki, bu gün cəmiyyətdə bələdiyyələrə maraq azdır. Bunun da səbəbi bələdiyyələrin statusunun aşağı olması ilə bağlıdır. Bu institut bizim siyasi, idarəçilik sistemində uğursuz yer tutur. Bu vəziyyəti dəyişmək üçün bələdiyyələrin statusunun artırılmasına böyük ehtiyac var.
- Bu seçki həm də növbəti parlament seçkilərinə hazırlıq kimi dəyərləndirilir. Bu baxımdan, bələdiyyə seçkilərində aktiv iştirak vacib deyilmi?
- Partiya bütün seçkilərdə iştirak etməlidir ki, formada olsun. Təbliğat işinin qurulması, təşkilati işlər hər zaman partiyanın formada qalmasına kömək etməlidir. Ona görə də biz prezident, parlament və bələdiyyə seçkilərində iştirak edirik...
- Namizədliyini irəli sürmüş nümayəndələrinizə hər hansı maneə varmı?
- İndiyə kimi ciddi qanun pozuntularının olması ilə bağlı şikayətlər almamışıq. Bir-iki yerdə problem yaranmışdı, MSK-ya müraciət ediləndən sonra həllini tapıb. Yəni, xüsusi təzyiqlər, hansısa namizədin qeydə alınmaması kimi hallar baş verməyib.
- Əvvəlki seçkilərdə partiyalar əməkdaşlıq edirdilər, amma bələdiyyə seçkilərində deyəsən, buna da ehtiyac qalmayıb?
- Biz bu variantdan istifadə etsək də, özünü doğrultmadı. Ona görə də bu seçkidə belə bir təşəbbüs olmadı. Bir də ki, bələdiyyə seçkilərində buna ehtiyac yaranmır.
- Qüdrət bəy, müxalifət düşərgəsindəki partiyalar hazırda enerjilərini seçkidən çox, daxili mübarizəyə sərf edirlər. İsa Qəmbərin Müsavat başqanlığından getməsi də bu prosesə təkan verdi...
- Mən hələ uzun illər bundan öncə bəyan edirdim ki, Azərbaycandakı problemlərin bir çoxuna görə iqtidarı məsul tutmaq doğru deyil. Hər bir xalqın öz inkişaf indeksi, mentaliteti, orda formalaşmış ənənələr və dünya görüşü var. Ona görə də bir çox problemlərin həlli zamana bağlı olan məsələdir. Bunu yuxarıdan islahatlar yolu ilə qısaltmaq da olar. Amma gərək, xalq da inkişaf yolu keçsin.
O vaxt İsa Qəmbər yenidən başqan olmayacağını bəyan edəndə, mən dedim ki, bu, partiyada ciddi daxili təlatümlərə gətirib çıxaracaq. Çünki Müsavat bir şəxs ətrafında yaranmış partiyadır. Amma görünür, İsa Qəmbər öz partiya üzvlərinin siyasi yetkinliyinə qədərindən artıq güvəndi və düşündü ki, bu, partiya daxilində kataklizmlərə yol aça bilməz.
Birincisi, bəlli oldu ki, bu partiyada tam demokratik seçkini keçirmək mümkün olmadı.
İkincisi, tərəflərin nəticələrə yanaşması və heç kimin bir addım geri atmaması partiyanı dağıtdı.
Bunu da zəruri edən səbəblər var idi. O səbəblərdən biri də ondan ibarət idi ki, Müsavatda sədrliyə iddialıların hər biri iqtidarla bu və ya digər formada əməkdaşlıq edirdilər. Ona görə də iqtidar yaranmış situasiyadan istifadə edərək onların hər hansı birinin geri çəkilməsinə imkan vermədi. Demokratiyadan danışan, azlığın fikrinin nəzərə almamağa görə İlham Əliyevi ittiham edən Arif Hacılı yenidən seçkiyə getmədi. Bunlar ölkədə keçirilən seçkilərin nəticəsini tanımayaraq, iqtidardan tələb edirdilər ki, yenidən seçki keçirsin. İndi isə özləri belə vəziyyətlə üzləşiblər, amma yenidən seçki keçirmək istəmirlər. Bütün bunlar nəticə etibarı ilə belə bir vəziyyətin yaranmasına səbəb oldu.
Burda mentalitet faktoru da var. Çoxları bunu qəbul eləmək istəməsə də, amma bu, reallıqdır.
Sizə son günlər aktual olan bir nümunə gətirim. Bildiyiniz kimi, ABŞ-da polislər altı uşaq atasını boğub öldürüblər. Bundan əvvəl də bir qaradərili gənci polis güllələmişdi. ABŞ-da belə hadisələr baş verəndən irqçilik özünü qabarıq şəkildə göstərir. Bununla bağlı mitinqlər keçirilir. Mitinqləri izlədim, burda etiraz edənlərin hamısı qaradərililərdir. Ağdərililər bu mitinqlərə qoşulmurlar. Halbuki bu, insanlığa zidd hadisədir və qaradərilinin haqsız yerə öldürülməsinə hamının etiraz etməsi lazımdır. Hətta Prezident Barak Obama da məcbur olub bəyan elədi ki, ABŞ-da irqçiliyin kökləri var və bu, insanların şüuruna oturub. Ona görə də qanunlar qarşısında vətəndaşların bərabərliyini bəyan etsələr də, bu, insanların gündəlik həyatında yaşayır. Bütün bunlar irqçiliyin insanların şüurunda kök salmasını göstərir. Amerika cəmiyyəti artıq bundan xilas ola bilmir. Ağdərili ilə qaradərilinin qarışığından törəyən Obama da etiraf elədi ki, ölkədəki bəzi problemlər mentalitetdən qaynaqlanır.
Biz bəzən avropalılara deyəndə ki, Azərbaycandakı bir çox problemlər təkcə hökumətin yürütdüyü siyasətlə bağlı deyil, həm də mentalitet məsələsidir, bunu qəbul eləmirlər. İndi Amerikada da mentalitet məsələsinin nə qədər önə çıxdığının şahidi oluruq. İsa bəy də Azərbaycan reallığını nəzərə alıb varisini seçməli idi. İnanmıram ki, İsa Qəmbər iddialıların hər ikisinin hakimiyyətlə əlaqəsindən xəbərsiz olsun.
- Müsavatın bu şəkildə zəifləməsi müxalifət düşərgəsində Əli Kərimlinin önə çıxması üçün münbit şərait yarada bilərmi?
- Əli Kərimlinin bu prosesdə önə çıxması ilə bağlı iddialara gəlincə, deyim ki, hakimiyyət üçün onun radikal müxalifət təisilçisi qalması daha sərfəlidir. Çünki onunla necə davranmağın qaydalarını bilirlər. Həm də iqtidarın özü demədən Əli Kərimli hakimiyyətin maraqlarına uyğun olan addımlar atır. Məsələn, bir müddət əvvəl siyasi məhbuslarla bağlı keçirilən mitinqin özü hakimiyyətin marağında idi. Çünki bununla hakimiyyət Qərbə də göstərdi ki, ölkədə sərbəst toplaşmaq azadlığı var.
Bilirsiniz, Əbülfəz Elçibəy Əli Kərimli barədə deyirdi ki, o, 70 yaşında da uşaq kimi olacaq. Onda, tələbəlik zamanı hansı çılğınlıq, emossionallıq var idisə, bu, indi də dəyişmədən qalır. İqtidarda kifayət qədər idarəetmə təcrübəsi olan adamlar var və onlar da bunu görürlər.
- Amma Əli Kərimlinin müxalifətdəki əsas rəqibi olan Müsavat indi iki yerə parçalanıb. Bu proses hansısa formada Əli Kərimlinin xeyrinə işləyə bilər?
- Əli Kərimlinin xeyrinə heç nə işləməyəcək. Ona görə ki, əhalinin böyük hissəsi Əli Kərimlinin xarakterini və keçdiyi yolu bilir. İstənilən siyasətçi uğur qazanmaq üçün cəmiyyətin öndəgedən kəsiminin dəstəyini qazanmalıdır. Bu kəsim isə artıq Əli Kərimlinin kimliyini yaxşı bilir.
Əli Kərimlinin ətrafına nəzər yetirin. Elçibəyin dövründə partiyanın İdarə Heyətində olan 19 nəfərdən heç biri orada qalmayıb. Bu insanların hamısı dönük çıxmadı ki? İndi də ətrafına mesaj verir ki, kim məndən ayrılsa, dönük elan ediləcək. Yəni, insanları şantaj eləməklə ətrafında saxlamağın özü ən böyük vicdansızlıq, ədalətsizlikdir. Ona görə deyirəm ki, istəyirsən, lap Müsavat 50 yerə parçalansın, onun Əli Kərimliyə xeyri olmayacaq. Müsavatdan çıxan bircə nəfər samballı adam Əli Kərimlinin yanına gedibmi? Yox. Deməli, onun perspektivinə inanmırlar.
- Bəs, BAXCP-nin Müsavatda bir-birinə rəqib olan tərəflərin hansı ilə əməkdaşlığını mümkün sayırsınız?
- Mən, ümummilli məsələlərdə Arif Hacılı ilə də, Qubad İbadoğlu ilə də birgə olmağı mümkün sayıram. Bizim tərəfimizdən hər hansı bir problem görmürəm. Qalan məsələlərdə hər partiyanın öz prinsipləri var, ona uyğun addımlar atılacaq.
Onu da deyim ki, con 14 il ərzində cəmiyyətdə dəyişikliklər baş verib. Bir vaxtlar mənə ittiham səsləndirənlərin özləri bir-birini ittiham etməyə başlayıblar. O zaman da mən görürdüm ki, özündə güc və cəsarət tapıb müəyyən addım atmaq lazımdır.
MSK-da katib olanda xaricilərlə daha çox təmasda olmaq imkanı əldə elədim, onların böyük qisminin si-yasi riyakarlığını gördüm. Hələ o vaxtdan fərqindəydim ki, siyasi maarifləndirmə yolu ilə Azərbaycanda sabitliyi qoruyub saxlamaq, bununla da cəmiyyəti yeni bir dönəmə hazırlamaq lazımdır.
Hakimiyyətə gəlmək siyasi partiyanın əsas məqsədlərindən biridir, amma ən önəmli məqsəd ölkənin inkişafına xidmət etməkdir. Ona görə də sərt ritorikadan imtina edilməli, bütün məsələlərdə iqtidarı ittiham etmək siyasətindən əl çəkmək lazımdır. Radikallıq, öz tərəfdarlarını böyük məhrumiyyətlərlə üz-üzə qoymaq demokratik proseslərin inkişafına qətiyyən töhfə verməyəcək. Zaman keçdikcə çoxsaylı siyasətçilər bizim haqlı olduğumuzu gördülər və öz mövqelərində dəyişiklik elədilər. Bu gün radikallıq edənlər ya iqtidar tərəfindən qovulmuş adamlardır, ya da vaxtiylə hakimiyyətlə əməkdaşlıq edib, amma vicdanlı olmadıqları üçün Əli Kərimli kimi rədd olunublar. Yəni, bunlar zorən müxalifətçi olublar. Hesab edirəm ki, radikal müxalifətçilik Azərbaycan siyasətində özünü doğrultmayıb, doğrultmayacaq da.
- Bəy, 2014-cü il sona çatır. Bu ili necə qiymətləndirir və 2015-ci ildən nə gözləyirsiniz?
- 2014-cü ili xarakterizə etsək, demək olar ki, ölkədə sabitlik olub. Bu mənada, ölkədə müəyyən iqtisadi irəliləyişlər baş verib. Bu, neft gəlirləri hesabına olsa da, iqtisadiyyatımız inkişaf edib. Bu müddət ərzində müəyyən infrastruktur layihələri həyata keçirilib, istehsal və emal müəssisələri yaradılıb. Təbii ki, biz bunları yetərli hesab eləmirik, amma müəyyən inkişaf göz qabağındadır. Biz İslam dünyasının bir hissəsiyik, İraqda, Suriyada baş verənləri də görürük. Ən böyük uğursuzluğumuz isə torpaqlarımızın daha bir il işğal altında qalmasıdır.
- Bəs, 2015-ci ildən gözləntiləriniz nədir?
- Ümid edirəm ki, gələn il müsbət mənada yadda qalacaq. Qarşıdan parlament seçkiləri gəlir, ilk Avropa Olimpiya oyunlarının keçirildiyi il olacaq. Arzu edirəm ki, hər kəs bu böyük tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini versin. Çalışmalıyıq ki, Avropa oyunlarından istifadə edərək Azərbaycanı yaxşı mənada beynəlxalq arenaya təqdim edək. Burada təkcə şəhərin gözəlliyini göstərmək yox, vətəndaşların yüksək mədəniyyətə sahib olmasını, bütün müsbət keyfiyyətlərini nümayiş etdirmək lazımdır. Bu, Azərbaycanın tanıdılması üçün böyük şansdır.
2015 - Qarabağ probleminin həlli istiqamətində ciddi addımların atıldığı il kimi də yadda qala bilər. Yaranmış beynəlxalq şərait göstərir ki, Azərbaycan daha çevik olsa, prosesi öz xeyrinə dəyişməyi bacarar.
Bilirsiniz ki, hazırda Rusiya ilə Amerika arasında ciddi rəqabət, qarşıdurma var. Bu qarşıdurmadan istifadə edib, Rusiya ilə müəyyən danışıqlar aparmaq yolu ilə Qarabağ probleminin həlli istiqamətində ciddi addımların atılmasına nail ola bilərik.
- Parlament seçkiləri ilə bağlı gözləntiləriniz nədir?
- Əvvəlki seçkilərlə müqayisədə daha şəffaf, daha açıq bir seçki keçirilməsini və partiyamızını daha yaxşı nəticələr əldə eləməsini gözləyirəm.
- Necə düşünürsünüz, gələn il Azərbaycanda siyasi məhbus probleminə nöqtə qoyulacaqmı?
- Mən mətbuatda da, Milli Məclisdə də fikrimi bildirərkən demişəm ki, bu adamları azad etmək lazımdır. Onları siyasi məhbus hesab edən beynəlxalq təşkilatların haqlı və ya haqsız olmasından asılı olmayaraq, bu addım atılmalıdır. Ən azı ölkənin maraqları naminə buna getmək olar.
"Eurovision"da çalışdılar ki, həmin tədbirdən Azərbaycanın əleyhinə istifadə eləsinlər. İndi də Avropa Olimpiya oyunları ərəfəsində kimlərsə siyasi məhbus məsələsindən istifadə edib, Azərbaycana qarşı böyük bir kampaniya başlatmaq istəyirlər. Biz imkan verməməliyik ki, bu tədbirə kölgə salınsın. Hesab edirəm ki, hökumətimiz bu barədə düşünməli və ciddi qərarlar qəbul etməlidir.
- Müxalifətin bir hissəsi hər şeyi neftlə bağlayır və gələn ilin iqtisadi baxımdan Azərbaycan üçün çox çətin olacağını iddia edir...
- Azərbaycanın valyuta ehtiyatı var, hər hansı bir problem olsa belə, ciddi sosial sarsıntılardan yaxa qurtara biləcəyik. Amma gələcək baxımından, problemlər mümkündür. Xsusiylə də iqtisadiyyatın indiki formada idarə edilməsindən imtina olunmalıdır. Ümumiyyətlə, dövlət çalışmalıdır ki, iqtisadiyyatın idarə edilməsindən geri çəkilsin. Sadəcə, maliyyə tənzimləmələri ilə iqtisadiyyata nəzarət etsə, daha yaxşıdır. Digər tərəfdən, bütün sahələr üzrə islahatlar aparılmalı, bir sıra dövlət obyektləri özəlləşdirilməlidir. Bundan sonra ölkədəki iqtisadi problemləri həll eləmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA