“Azərbaycanda “ana müxalifət” küçə müxalifəti səviyyəsindədir”

img

08-12-2014 [13:17]


Bir vaxtlar Azərbaycan müxalifəti arasında "ana müxalifət” partiyası olmaq uğrunda mübarizə gedirdi. Hətta son zamanlara qədər Müsavat və AXCP-nin "ana müxalifət” olmasını qəbul edənlər də vardı. Lakin bu gün ölkənin aparıcı müxalifət partiyaları arasında çəkişmələrin getdiyi bir vaxtda onlar nüfuzlarını itirməyə doğru gedir. Xüsusilə, 2013-cü il prezident seçkilərindən sonra partiyaların ana müxalifət kimi tanınması aktuallığını itirdi.

Azərbaycanda yeni ana müxalifət formalaşa bilərmi?

ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a bununla bağlı fikirlərini bölüşüb: "Əvvəlcə hansı partiyaya "ana müxalifət” deyildiyini təyin edək. Elmi şəkildə yanaşsaq, politologiyada ana müxalifət çoxpartiyalı siyasi sistemdə mövcud olur, parlamentdə təmsil olunan müxalifət partiyaları içərisində ən çox mandata malik partiyaya verilən addır. Məsələn, bu gün parlamentdə 5 müxalifət partiyası var, onların içində ən çox deputat hansı partiyanındırsa, o ana müxalifətdir. Azərbaycanda demokratik seçki keçirilmədiyinə görə cəmiyyətdəki müxalif qüvələrin real nisbəti parlamentdə əks olunmur. Ona görə də klassik mənada "ana müxalifət” anlayışını təyin edə bilmərik. Azərbaycan reallığında "ana müxalifət” bu günə qədər küçə müxalifəti səviyyəsində qalır”.

Sərdar Cəlaloğlu partiyasının "ana müxalifət” ola bilməsi ehtimalları barədə belə deyib: "ADP ideologiyasına görə "ana müxalifət” ola bilər. Biz həm islamçıların, həm solçuların, həm də sağçıların lazım olanda hüquqlarını müdafiə edirik. Çalışırıq ki, onlar cəmiyyətdə özlərinə layiq yer tutsunlar. Cəmiyyətdə baş verən proseslərdə iştirak etsinlər. İndiki reallıqda maliyyə imkanlarımızın aşağı olması, parlamentdən kənar qalmağımız say baxımından "ana müxalifət” olmağımıza imkan vermir. Ona görə də "ana müxalifət” adına iddia edə bilmərik. İdeologiyamız buna imkan versə də, real obyektiv şərtlər buna imkan vermir. Azərbaycanda doğrudan da partiyaların fəaliyyətinə normal şərait yaradılarsa, biz "ana müxalifət” kimi formalaşa bilərik. Buna sübut olaraq 1996-2005-ci illərdə ADP-nın həqiqətən də cəmiyyətdə "ana müxalifət” funksiyasını yerinə yetirməsidir. 10 il ərzində bütün müxalifətdən daha ciddi və geniş mübarizə aparmışıq. Bizim partiya ilin qəhrəman partiyası elan olunub. Beynəlxalq təşkilatlarda tanınıb və sairə. Sonrakı dövrdə baş verənlər ADP-nin "ana müxalifət” statusunu itirdi. Konkret olaraq demək istəyirəm ki, yenidən şərait yaradılarsa, biz parlamentdə də, cəmiyyətdə də "ana müxalifət” rolunu üzərimizə götürə bilərik. Çünki bizim ideologiyamız buna imkan verir. Amma Azərbaycandakı bəzi partiyalar "ana müxalifət” ola bilməz. Çünki onlar faşist ideologiyasını, kommunist ideologiyasını, cinsi ideologiyanı müdafiə edirlər. Bu da onların "ana müxalifət” olmaq şanslarını heçə endirir. O tip partiyalar təkpartiyalı sistem uğrunda mübarizə aparır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA