Bələdiyyə seçkilərində təbliğat kampaniyası başladı

img

04-12-2014 [20:27]


Dekabrın 23-də Azərbaycanda 4-cü bələdiyyə seçkiləri keçiriləcək. Artıq seçkilərə az müddət vaxt qalıb. Namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatıb. Təbliğat-təşviqat kampaniyasına start verilib. Siyasi partiyaların bu seçkilərə hazırlıqları ilə maraqlandıq.

Müsavat Partiyası bələdiyyə seçkilərində rəsmən iştirak etməsə də, üzvlərinə sərbəstlik verib. Partiyanın seçkilərdəki səlahiyyətli nümayəndəsi, başqan müavini Elman Fəttah Azərbaycan hakimiyyətinin bələdiyyələrlə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini qeyd etdi: "Bələdiyyə seçkiləri ilə bağlı seçkidən əvvəl və sonrakı proseslər, nəticələrlə bağlı hesabat hazırlayacağıq. Toplanan nümunələr onu göstərir ki, hesabat qanun pozuntularını əhatə edəcək. Hakimiyyət 2000-ci ildə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bələdiyyə seçkiləri ilk dəfə sonrakı illərə nisbətən normal keçirilmişdi. Bələdiyyələrin statusları o zaman yüksək idi. Partiyamızın mindən çox üzvü bələdiyyələrdə təmsil olunurdu. Hazırda bu səlahiyyətlər tamamilə məhv edilib. Bütün bunlara baxmayaraq, yenə iqtidar bu seçkiləri saxtakarlıqla keçirmək niyyətindədir. Seçkilərdə üzvlərimizə sərbəstlik verilib. Amma müşahidəçilikdə ciddi iştirak edəcəyik. Çoxlu sayda üzvümüzə bələdiyyəyə namizəd olmasında ciddi əngəllər yaradılıb. Qeydə alınanlar da var”.


Milli Şura da bələdiyyə seçkilərdə iştirakla bağlı üzvlərinə sərbəstlik verib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verdi: "Bildiyimiz kimi, Milli Şura qarşıdan gələn seçkilərdə rəsmən iştirak etmir. Amma iştirak etmək istəyən insanlara da məhdudiyyət qoyulması barədə qərarı yoxdur. Ölkədə seçki abı-havası yoxdur. Bu hakimiyyətin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Hazırda seçki qanunvericiliyi bərbad vəziyyətdədir. Seçki komissiyaları hakimiyyətin tam nəzarəti altındadır. Bələdiyyələrin kifayət qədər səlahiyyətləri məhdudlaşdırılıb. Bu da insanların seçkiyə olan marağının aşağı olmasına səbəbdir”.


Digər siyasi qurumlardan fərqli olaraq, Ümid partiyası bu seçkilərdə aktiv iştirak edir. 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən partiyanın namizədi, qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Tamilla Qulamı baş verən qanun pozuntularından danışdı: "Ümumilikdə bu seçkilərə 4000-dən çox üzvümüz qatılıb. Onlardan 128 nəfərin namizədliyi qeydə alınıb. Üzvlərin namizədliyinin irəli sürülməsində ciddi problemlər yaradıldı. Rayonlar var ki, 30-40 nəfər iddiasını irəli sürməsinə baxmayaraq, 4 nəfərə imza vərəqələri verilib. 61 nəfərin namizədliyi verilən yerlərimiz var ki, 5 nəfərə imza vərəqələri veriblər. Alternativ namizədlərin olmamasına çalışdılar. Həm də siyasi partiyalarda namizədlərin sayı 900-ü keçirsə, həmin namizədlər seçki ərəfəsində bəlli olan müddətə pulsuz efir vaxtından istifadə edə bilirlər. Təəssüflər olsun ki, rayon və şəhərlərin əksəriyyətində bu proses baş verdiyindən partiyamız pulsuz efir vaxtından məhrum oldu. Seçki aktiv vətəndaş deməkdir. Bütün baş verənləri nəzərdən keçirsək, görərik ki, hakimiyyət çalışır ki, vətəndaşlar proseslərə qatılmasın”.


KXCP sədrinin müavini Xəzər Teyyublu hazırlıq işlərinin sürətlə getdiyini söylədi: "Ümumilikdə ölkə üzrə 400 nəfərlə seçkilərə qatılmışdıq. Namizədlərimizə qarşı təzyiqlər oldu. Yerlərdə üzvlərimizə imza vərəqələrinin verilməsində problemlər yaradıldı. Bu vəziyyətdə seçkilərdə iştirak edirik. Mən Nərimanov ərazisindən namizədəm. Qapı-qapı görüşlərə başlamışam. Biz seçkilərdən ədalətli nəticə gözləyirik. Qeydiyyatdan keçən namizədlərimiz yüksək səviyyədə hazırlıq işləri aparırlar. Ümid edirəm ki, səslərimizə qarşı saxtakarlıq olmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA