Məhkəmə Gültəkin Hacıbəylinin iddiasını rədd edib

img

02-12-2014 [12:38]


Sabiq deputatın keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransında səsləndirdiyi ifadələrdən imtina edib

Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş deputat, Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Bu barədə "Azadlıq” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, dünən keçirilən prosesdə hakim Azər Tağıyev Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

Qəzet yazır: "Mahmud Mehdiyev ötən il mayın 17-də hakimiyyətin sifarişi ilə mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylini ən ağır cinayətlərdə ittiham etmişdi. O, həmçinin Gültəkin Hacıbəylini təhqir etməkdən də çəkinməmişdi”.

Qəzetin məlumatına görə, həmin mətbuat konfransı hakimiyyətin nəzarətində olan bütün KIV-lərdə işıqlandırılmışdı: "Gültəkin Hacıbəyli hələ ötən il Mahmud Mehdiyevlə bağlı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Lakin onun şikayəti icraata götürülməmişdi. Bu il yenidən məhkəməyə müraciət edən Gültəkin Hacıbəylinin şikayəti icraata götürülərək baxılması üçün Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevə verilib. Yeri gəlmişkən, bir müddət əvvəl hakim Azər Tağıyev vəkil Əlayif Həsənova qarşı absurd şikayəti təmin etmişdi”.

Qəzet daha sonra yazır: "Dünənki prosesdə Azər Tağıyev xüsusi ittihamçının onlarla sübutunu görməzdən gələrək Mahmud Mehdiyevin əməlində cinayət tərkibinin olmadığı qərarına gəlib. Hakim iddia edib ki, KIV-lərdə Mahmud Mehdiyevin adından dərc edilənlərin məhz onun səsləndirdiyi sübut olunmayıb. Mahmud Mehdiyev özü də prosesdə iddia edib ki, Gültəkin Hacıbəylinin ünvanına səsləndirilən ittiham və təhqirlər jurnalistlərin uydurmasıdır. O, mətbuat konfransında bu ittiham və təhqirləri səsləndirməyib, jurnalistlər onları özlərindən yazıblar, yazılanlar heç onun üslubuna da uyğun deyil. Beləliklə, hakimiyyət Mahmud Mehdiyevi qorumaq üçün məsuliyyəti media mənsublarının üzərinə atıb. Bir məqamı da qeyd edək ki, Mahmud Mehdiyev Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin təşkil etdiyi kampaniyada fəallıq göstərdiyinə görə qovulduğu prokurorluq orqanlarına müstəntiq vəzifəsinə təyinat alıb, insan alveri cinayəti törətmiş bacısı Aynur Mehdiyeva isə 8 il yarım azadlıqdan məhrumetmə cəzasının əvəzinə bir il şərti cəza ilə azadlıqda saxlanılıb”.

Gültəkin Hacıbəyli "Azadlıq”a açıqlamasında şikayətinin təmin olunmaması barədə məlumatı təsdiqləyib. O, sonrakı addımlarla bağlı bunları deyib: "Düzü, başqa qərar gözləmirdim. Adama "mətbuat konfransı keçir, şərlə, böhtan at, ağzına gələni danış, əvəzində sənə vəzifə verəcəyik” deyəndən sonra barəsində ittiham hökmü çıxarıb yenicə təyin etdikləri prokurorluq orqanından qova bilməzdilər. Lakin məsuliyyətdən də qaça bilməyəcəklər. Hökmü alan kimi dərhal apelyasiya şikayəti verib ardınca Avropa Məhkəməsinə göndərəcəyik. Eldəniz Quliyevə, Əlayif Həsənova saxta ittihamla hökm oxuyan, məni isə dövlətin məhkəmə qərarı ilə insan alverçisi kimi tanıdığı qadının və həmin bu "şanlı müstəntiqin” saxta şikayəti ilə təqib edən məhkəmə bütün ölkənin gözü qarşısında baş vermiş bu rüsvayçı fakta bəraət verməklə diffamasiyanın Azərbaycanda yalnız və yalnız siyasi təqib aləti olduğunu sübut etdi. Eyni zamanda hakimiyyət Mahmud Mehdiyevin dili ilə mənə dediklərinin hamısının böhtan və yalan olduğunu etiraf etdi. Əgər hakimiyyət öz əxlaq və mənəviyyat ortağı Mahmud Mehdiyevi qorumaq üçün bizi medianın üzərinə istiqamətləndirirsə, böhtan və təhqirlərin mənbəyi kimi Mahmud Mehdiyev yox, KIV-lər göstərilirsə, o zaman barəmdə bu böhtan və təhqirləri dərc edən media orqanlarının rəhbərləri barədə xüsusi ittiham qaydasında şikayətlər verəcəyik. Bu mənim yox, hakimiyyətin seçimidir. Hakimiyyət bugünkü (dünənki - red.) absurd və həyasız addımı ilə mənə başqa yol qoymadı”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA