21-11-2014 [18:31]
Onu dostları və ətrafdakıları Basarkeçər, "Zod dəliqanlısı" kimi qəbul edir. O, özünü elə bizlərə də pafoslu, çılğın bir siyasətçi olaraq tanıdıb.
Bu şəxs biologiya üzrə elmlər namizədi, komsomoldan müstəqil Azərbaycanın balıqçılıq üzrə naziri vəzifəsinə qədər yüksəlib. Biləcəksiniz ki, o, tarixə həm də nazirlikdən "gülməli maddə” ilə həbsə gedən və azadlığa çıxıb, onu həbsxanaya atdıran adamdan elə dörd divar arasında intiqam alan siyasətçi kimi də düşüb. Hafta.az-ın "Polit–10” layihəsinin ilk qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.
Onu daha yaxından tanımağa çalışdıq. Görünməyən, gizləyib göstərmədiyi xasiyyətlərini sizlər üçün aşkarlamağa cəhd etdik.
Bizi otağında səmimi qarşıladı. Suallarımızın həm siyasətdən, həm də şəxsi həyatdan olacağını dedim. Razılaşdı. İlk olaraq bir "xoruzquyruğu” çaya qonaq etdi... və başladıq...
- Uşaqlıq dostları arasında "çılğın Basarkeçər dəliqanlısı” kimi tanınan Hafiz Hacıyev uşaqlığından 58 yaşına nə gətirə bilib?
- Açığını deyim, mənim uşaqlığımla indiki vaxtım arasında elə bir dəyişiklik olmayıb. Bunu mənə elə valideynlərim də deyir. Amma təəssüflər olsun ki, azğın ermənilər bizim ata-baba torpaqlarımızı işğal edəndən sonra bizim varımız, dövlətimiz, ev-eşiyimiz hamısı qaldı Ermənistanda. Heç bir bir şey götürə bilmədik. Heç uşaqlıq şəkillərim, o dövrü xatırladacaq hər hansı bir əşyam belə yoxdur. Oradan mənə yaşadığım günləri xatırlamaq qalır. Bu bizim üçün çox əzizdir. Çox təəssüf ki, biz Qərbi Azərbaycanı da əldə saxlaya bilmədik. Erməni işğalçıları o yerlərin hamısını bizi köçürərək yenidən işğal etdi. Bu gün də biz o yerləri unutmamağa çalışırıq. Hətta Müasir Müsavat Partiyası nəzdində Qərbi azərbaycanlıların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Biz o insanları vaxtaşırı toplayırıq. Həmin günləri xatırlayırıq. Yada salırıq. Hərdən də kövrəlirik. Bilirsiniz, çox çətindir. Yurdsuz-yuvasız yaşamaq, öz doğulduğun evə gedə bilməmək həsrəti çox ağrı-acılıdır. O zamankı ölkə rəhbəri Vəzirovun səhv siyasəti ucbatından o torpaqlar əldən getdi. 1988-də Vedidən, Basarkeçərdən zorla qovulanlar Dağlıq Qarabağda yerləşdirilsəydi, bu gün Qarabağ da getməzdi. Bunu da Vəzirov etdi. Hamısı Moskvanın oyunları idi.
- Hafiz Hacıyevin Qərbi Azərbaycanla bağlı heç vaxt unutmayacağı uşaqlıq və ya gənclik xatirəsi varmı?
-Olmağına çoxdur. Nə bilim, hansı birini deyim?! Biz Göyçədə olanda erməni uşaqları ilə tez-tez dalaşardıq. Heydər Əliyevin politbürodakı şəklini göstərib acıq verirdik. Deyirdik ki, "baxın, Azərbaycan oğludureee!”. Onların da uşaqlı-böyüklü Heydər Əliyevi görməyə gözləri yox idi, qıcıqlanırdılar.
- Hafiz Hacıyevin ilk məhəbbəti kim olub? Yoxsa uşaqların anasından qorxduğu üçün açıqlamaq istəmir?
- (Gülür). Yox, mən də sevmişəm, ilk məhəbbətim olub. 23 yaşından Kommunist Partiyasında səlahiyyətli vəzifələrdə işləmişəm. O məktəb də ən böyük siyasi məktəblərdən biridir. Qorxurduq, sevdiyimizi açıq-açığa büruzə verə bilmirdik. Sevsək də, bu, qapalı olub. O zaman da partiya işləri başımızı elə qatmışdı ki, bir vaxt da ayılıb gördük ki, daha içimizdə sevgi alovu o qədər də qalmayıb. Artıq bizim üçün kiminlə evlənməyimizin fərqi yox idi. Həm də bizim o bölgənin bir xüsusiyyəti var. Ata-ana deyən olur. Onlar kimi deyirdilər, onunla da evlənirdin. Şükür Allaha, indi ailəm, uşaqlarım... Evlənəni var, ərə gedəni var. Özüm ailəyə çox vaxt ayıra bilmirəm. 14 ildir partiya sədriyəm. Bu müddətdə onların üzlərini ancaq axşamdan-axşama görürəm.
- Hafiz bəy, nə zamansa dəlilik etmək istəmisinizmi və hansı formada?
-Bəli olub. Qərbi Azərbaycandan didərgin düşəndən sonra Dilqəm Əsgərov, Şahbaz Quliyev kimi dostlarımı başıma yığıb doğulduğum Zod kəndinə getmək istəmişəm. Mənim babamın qəbri də ordadır. Çalışmışıq gizli gedək ki, heç kim bilməsin. Amma hansı yola əl atmışıqsa, alınmayıb. Deyə bilmərəm ki, indi başıma bir dəstə yığıb, gedib erməniyə əsir düşəcəyəm. Bu ağılsızlıq olardı. Amma bizim Moskvada yaşayan dostlarımız oradakı ermənilərə bizim oraların şəklini çəkdirirlər. Biz də baxırıq. Elə bir dəyişiklik yoxdur. Onsuz da elə bir erməni də yaşamır orada. Hamısı köçüb gedirlər.
- Deyirlər siyasilərin hobbiləri də fərqli olur. Sizin xüsusi maraq dairənizdə olan əlavə vaxt sərf etdiyiniz nələr var? Nədir hobbiniz?
- Mənim elə bir hobbim yoxdur. Amma boş zamanlarda siyasi proqramlara baxıram. Xarici siyasi xəbərləri izləyirəm. Bir də ki, gündə bir-iki saat səhər və axşamlar idmanla məşğul oluram.
- Bəs kitab oxumaqla aranız necədir?
-Sözün düzü, altı-yeddi aydır heç nə oxuya bilməmişəm. Buna heç vaxtımız da yoxdur. Çünki partiya işi çox ağırdır. Ora-bura qaçırsan. Yük sənin çiynində olduğu üçün məsuliyyəti də sən daşıyırsan. Ona görə bu aralar partiyamızın başı çox qarışıqdır. Üstəlik partiyanın kargüzarlıq işlərini görən, bütün yükü çiynində daşıyan Təranə xanım qəflətən vəfat etdi. Ondan sonra partiyada işlər daha da ağırlaşıb. Məktubatın dostu idi. Əlindən hər iş gəlirdi. İndi təzə adam hazırlamaq da vaxt alacaq. Ona görə də hələ oxumağa imkan edə bilmirəm. Həm də elə bil yorulmuşam. Cəmiyyətdə bəzi üzdəniraqları, ikiüzlülükləri görəndə oxumağa həvəs də qalmır.
-Siyasətçi və biologiya üzrə elmlər namizədi... Elmlə siyasət bir- birini necə tamamlayır?
- Bəli, mən namizədliyi 1988-ci ildə "Leninqradda” (indiki Sankt-Peterburq) müdafiə etmişəm. Müdafiə sahəm balıqçılıq üzrə olub. Əlbəttə tutuşur. Əgər mən o zaman bu sahəni yaxşı bilməsəydim, balıqçılıq üzrə nazir də işləyə bilməzdim. Məhz mən nazir olanda 55 ton qara kürü ixrac etmişik. Bu rekord rəqəmdir və elmin mənə bəxş etdiyi böyük uğurdur.
- Həyatınızda ən yadda qalan hədiyyəni sizə kim təqdim edib?
- Əbülfəz Elçibəy. O, məni nazir təyin edən gün bir qələm bağışladı. Dedi ki, bütün sənədlərə bu qələmlə qol çəkərsən. Hələ də saxlayıram o qələmi. Baxıram, kövrəlirəm. Nazir olduğum günləri xatırlayıram. Bəydən mənə yadigardır da...
- Hafiz bəy, niyə məhz Əbülfəz Elçibəy ...amma Qəmbərov İsa, Kərimov Əli?
- Bu bir alçaltma vasitəsidir. Bunlar – Qəmbərov İsa da, Kərimov Əli də satqın insanlardır. Bu ölkədən xaricə "danos” ötürənlərdir. Onlar o adları (İsa, Əli- T.T) doğrultmayıblar. Ona görə də o adamların adlarını bu cür çağırıram. Elçibəyi öldürənlər də bunlar oldu. Kərimov Əlinin ad günündə aşın içinə zəhər qatdılar. Bunu o zəhəri hazırlayan qadın məhkəmə ifadəsində də təsdiqləyib. Hələ hakimiyyətdə ikən bunlar nazirləri zorla öz yaratdıqları partiyaya dəvət edirdilər. "Xalq cəbhəsi” vardı da, nəyə lazım idi "Müsavat” və ya o biri, bu biri?.. Bəlkə də bunlara həsr etdiyim mübarizə mənim nüfuzuma zərbə vurur. Çoxları bəlkə də deyir ki, Hafiz müəllim niyə belə edir? Amma mən həmin adamlar haqqında sona qədər mübarizə aparıb, onların iç üzünü açacağam. Bu mənim Vətən qarşısında borcumdur. Onlar kirlənmiş insanlardır. Elçibəyi devirmək ideyasını da ilk dəfə Qəmbərov İsa verib. Mən və Pənah Hüseynov bunun şahidiyik. Soruşsanız, Pənah Hüseynov əgər qərəzli danışmasa, hər şeyi tarixinə, saatına kimi deyəcək.
-Nə vaxtsa, zamanını gözləyib sizi incitmiş adamdan qisas almısınızmı?
-1993-cü ildə "üsyançı polkovnik” deyə biri peyda oldu. Həmin vaxt nazir idim. O, məndən rüşvət tələb etdi. Mən də rüşvət alıb-verən adam olmamışam, elə nazir olanda da. Məni 167–ci - "Prezidentə yaltaqlanmaq maddəsi ilə" həbs etdirdi. Güya mən Elçibəyə yaltaqlanmışam. O, prezident, mən də nazir. Elçibəyə "kəllə atası" deyildim ki? Həmin adam sonradan dövlət çevrilişinə cəhd edib, azadlıqdan məhrum oldu. Mən isə azadlığa çıxıb həbsxanaya-onun yanına getdim. Ondan heyfimi çıxdım. Özü də fiziki olaraq. Sürəti elə günə qoydum ki, qışqırtısı oraları götürmüşdü.
- Hansı günü həyatınızın ən ağır günü hesab edirsiniz?
-Heydər Əliyevin, Elçibəyin və bizim Təranə Ramazanlının ölümü məni çox sarsıdıb. Bu üç ölümlə heç zaman barışa bilməmişəm. Amma Allaha qurban olum. Ölüm haqdır. Heydər Əliyevin cənazəsi Bakıya gətiriləndə mən dedim ki, ilahi, bu cür şəxsiyyət də ölə bilərmi? Amma nə edəsən?!. Təranə xanım bizim partiyanın bir çox yükünü çiynində daşıyıb. Dünən də (20 noyabr 2014 – T.T) onun cümə axşamı idi. Ora getmişdik. Başdaşı, qəbir işləri ilə də mən maraqlanıram. Müasir Müsavat üçün əvəzsiz bir insan idi.
-Elə bir sirriniz varmı ki, ilk dəfə "Polit-10”a açıqlamaq istərdiniz?
- Elə bir sirr... (düşünür). Bəli var... Bunu indiyə qədər heç yerdə deməmişəm. İlk dəfə "Polit-10”a açıqlayıram; 1987-88-ci illər idi. Heydər Əliyev Moskvada "politbürodan” – işdən çıxarılmışdı. Azərbaycanın da ağır vaxtları idi. Mən qorxa-qorxa, çəkinə-çəkinə ulu öndərin Moskvadakı evinə ziyarətə getmişdim. Çünki "danos” yazanlar çox idi. Heydər Əliyev onda Andropovla alt-üst mərtəbə qoşusu idi. Heydər Əliyevin yaşadığı bina "İskra” qəzetinin redaksiyasının arxasında yerləşirdi. Getdim, görüşdüm. O, ölkədəki vəziyyətin ağırlığını və gələcəkdə baş verənləri görürdü. Bizə təlimatlar verirdi ki, belə etsəniz daha yaxşı olar, bu cür etməsəniz vəziyyəti yaxşıya doğru dəyişə bilərsiniz. Biz də gəlib onları edirdik. O vaxt Heydər Əliyevin əleyhinə çıxanlar, onun haqqında Moskvaya qalaq-qalaq "danos" yazanlar indi hakimiyyətdə təmsil olunurlar. Ancaq mən hər zaman xalqın bu cür dəyanətli oğlunu müdafiə etsəm də, səsimi çıxarmamışam. Çünki sidq ürəklə etmişəm. Amma bu haqsızlıqları görəndə ürəyim götürmür. Mən hər zaman ulu öndərin yolunda, onun qurduğu dövlətin yolunda öz canımı da verməyə hazıram. Düşünürəm ki, o zaman Heydər Əliyev gəlməsəydi, Azərbaycan indi harada olardı!?
- Hafiz bəy, son olaraq Hafta.az arzunuz, tövsiyəniz...
- Bildiyim qədərilə Hafta.azsaytı "Həftə içi" qəzetinin online əlavəsidir. Sizdə siyasi xəbərlər digər saytlara nisbətən daha aktivdir. Bu nəzərə çarpır. Sizə uğurlar, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Sağ olun.
-Siz sağ olun.
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM