"Qoy Azərbaycanın bədxahları bilsinlər ki..."-Məhəmməd Nooyev

img

20-11-2014 [19:45]


Azərbaycan yüksək milli və dini dözümlülüyü, mütərəqqi tarixi ənənələri və beynəlxalq birlik tərəfindən təsdiq olunan tolerantlıq mühiti ilə seçilən nümunəvi ölkələr sırasındadır. Milli və dini dözümlülük Azərbaycanın dövlət siyasətinin tərkib hissələrindən biridir.

Milli.Az-ın müsahibi Azərbaycanda yaşayan avar xalqının nümayəndəsi, Avar-Azərbaycan İctimai Birliyinin sədri, YAP-ın Səbail rayon təşkilatı Siyasi Şurasının üzvü, ölkənin şimal-qərb bölgəsinin nüfuzlu şəxslərindən biri olan Məhəmməd Nooyevdir.

- Məhəmməd müəllim, milli və dini dözümlülük barədə bir ziyalı olaraq sizin fikirlərinizi bilmək maraqlı olardı. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, sabitlik və sosial rifah, demokratik azadlıqların təmin olunması avarların həyatında necə əks olunur?

- Cəmiyyətdə inkişaf və rifahın təmin edilməsi üçün əsas mühüm şərtlərdən biri sabitlik amilidir. Sabitlik olmasa, ölkə heç nə əldə edə bilməz. Bir anlıq gözünüzün önünə ötən əsrin 90-cı illərinin əvvəllərindəki xaosu, özbaşınalığı gətirin... Əgər bu vəziyyət bir az da davam etsəydi, bugünkü dövlətdən belə danışmaq olmazdı. Hesab edirəm ki, bütün bunlara görə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə borcludur. O zaman Azərbaycanı fəlakətdən Heydər Əliyev qurtardı və ölkəmizə uzunmüddətli sabitlik gətirdi. İnkişaf, iri miqyaslı layihələr, sazişlər, islahatlar isə sabitlikdən sonra mümkün idi. Bütün bu məsələlərdə sonrakı mərhələdə uğurlu həllini tapdı.
İnsanlar həmin dövrü yaxşı xatırlayırlar. Hər yerdə milli məsələlər müzakirə olunur, bilərəkdən və bilməyərəkdən hadisələr gərginləşdirilirdi. Hər an partlayış baş verə bilərdi. Ancaq Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra azərbaycançılıq ideyasını cəmiyyət həyatının aparıcı prinsipi kimi müəyyənləşdirdi. Çünki Ermənistan istisna olmaqla dünyada mono-etnik ölkə yoxdur. Bir dövlətdə yaşayan hər bir xalqın, etnik azlıqların hüquqları var və onlar qorunmalıdır. Heydər Əliyev bu məqamı gözəl bilirdi, çünki o, uzaqgörən siyasətçi idi.
Avarlar da ölkə vətəndaşı olaraq bütün çətinlikləri digər xalqlarla bərabər dəf etməyə çalışmış, heç vaxt ayrı-seçkilik istəməmiş, istəmir və istəməyəcəklər. Təbii ki, bütün dövlətlərdə sabitliyi pozmaq istəyən qara qüvvələr olur. Lakin biz avarlar bütün imkanlarımız ilə ölkə rəhbərliyinin sabitlik kursunu dəstəkləyirik. Çünki biz bir ailəyik, Azərbaycanda sabitlik, əmin-amanlıq burda yaşayan hər bir xalqa, hər bir vətəndaşa hava, su kimi lazımdır.
Bir daha təkrar edirəm, Heydər Əliyev uzaqgörənliyi sabitliyin əsasını qoyaraq bizi sülh və inkişaf yoluna çıxardı.
- Azərbaycandakı tolerantlıq mühitini xarakterizə edən cəhətlərdən biri də ölkədə yaşayan azsaylı xalqların ana dilində təhsil hüququnun təmin edilməsidir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan tarixən bir çox xalqların mehriban yaşadığı bir məkan olub. Çirkin məqsədlərlə ortaya atılmış erməni məsələsini kənara qoysaq, Azərbaycanda milli, etnik, dini zəmində münaqişə heç zaman olmayıb. Azərbaycan analoqu olmayan tolerant ölkədir. Bu, dünya üçün çox gözəl modeldir. Balakən və Zaqatalada avarların kompakt yaşadığı kənd məktəblərində həftədə iki saat avar dili fənni tədris olunur. Bu da avar yeniyetmələrin öz dilini öyrənməsinə və yazıb yaratmasına şərait yaradır.
Sözsüz ki, əsrlər boyu bu məkanda ortaq ünsiyyət dili Azərbaycan dili olub. Bu gün də Azərbaycanın dövlət dili olan Azərbaycan dili bütün vətəndaşlar arasında ünsiyyətə, dostluğa imkan yaradır. Bunu keçmişdə də, indi də ölkəmizə səyahət edən alimlər, səyyahlar da qeyd etmişlər: "Avropada fransız dilini bilməklə çox rahat gəzmək mümkün olduğu kimi, Qafqazda da Azərbaycan dilini bilməklə maneəsiz hərəkət etmək olar”.
Bununla bərabər hər bir xalq öz ana dilini qorumalıdır. Azərbaycanda bu məsələdə heç bir problem yoxdur. Mənim mənsub olduğum avar xalqı da avar musiqisini, rəqslərini, folklorunu və təbii ki ana dilini qoruyur. Azərbaycan dövləti bu işi dəstəkləyir, yardım edir, xüsusi diqqətdə saxlayır.
- Qonşu Ermənistandan fərqli olaraq Azərbaycan dövləti çoxmillətliliyi təhlükə deyil, mədəni zənginlik və multikulturalizmin başlıca şərti hesab edir. Azərbaycanda yaşayan avarların Azərbaycan mədəniyyətinə verdiyi töhfələr barədə fikirlərinizi bilmək istərdik.
- Əslində, çoxmillətlilik rəngarəng bir gücdür. Bədxah qonşularımız "Ermənistan ancaq ermənilər üçündür” şüarını rəhbər tutmaqla, tayfa psixologiyası ilə bu ölkədə yaşayan bütün xalqların nümayəndələrini pərən-pərən saldılar. Bədnam erməni şovinistləri anlamırlar ki, bu gün ağdərili Amerikada qara dərili prezident seçilir. Hətta Roma Papasının qara dərili olması da istisna deyil. Buna görə də həm də milli və dini tolerantlıq baxımından Azərbaycanla Ermənistan heç bir halda müqayisə oluna bilməz.
Avar xalqının nümayəndələri, avar gəncləri Azərbaycanda, cəmiyyət həyatının bütün sahələrində öz potensialını tam realizə etmək imkanına malikdirlər. Onlar da istər ölkəmizdə, istərsə də xaricdə təhsil alır, Azərbaycanda özəl və dövlət sektorunda uğurla çalışırlar.
Eləcə də digər xalqlar kimi avarların da öz etnik xüsusiyyətlərini, özünəməxsusluğunu qoruyub saxlaması üçün gözəl şərait təmin edilib. Məsələn, Zaqatalada "Hudulki” xalq kollektivi var ki, çox tanınmış bir qrupdur. Balakəndə də "Cahan” rəqs qrupu avarların milli psixologiyasını, mədəniyyətini əks etdirən çox gözəl sənət toplumu kimi tanınır, sevilir.
- Məhəmməd müəllim, Azərbaycan dövləti ölkə ərazisində yaşayan xalqlara həmişə qayğıyla yanaşır və azsaylı xalqların cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl işlər görür. Bu barədə sizin fikrinizi bilmək istərdik.
- Bəli, Azərbaycan dövləti etnik və dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını qoruyur. Ayrı seçkilik etməmək mədəni cəmiyyətlərə, mədəni dövlətlərə xas olan böyük siyasət də hesab oluna bilər.
Azərbaycan humanist ölkədir, azərbaycanlılar kimi, avarlar və digər xalqlar da tam hüquqlu vətəndaşdırlar və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Amma, demək olmaz ki, hər şey ideal şəkildədir. Şübhəsiz ki, qüsursuz cəmiyyət olmur. Bizdəki nöqsanlar daha çox məişət xarakterlidir, şükürlər olsun ki, etnik ayrı-seçkilik zəminində deyil. Təbii ki, avarlar dövlət qurumlarında, daha çox kompakt yaşadıqları Balakən və Zaqatalada tam bərabər şəkildə müxtəlif işlərdə çalışırlar. Həmçinin avar xalqının nümayəndələri ölkə səviyyəsində müxtəlif postlar tuturlar. Mən ancaq bir avar kimi bu prosesin daha əhatəli olmasını arzu edərdim.
- Bu gün cəmiyyətimizdə müşahidə olunan inkişaf avarların həyatına necə təsir edir?
- Hörmətli prezidentimiz Azərbaycanın bütün bölgələri kimi, avarların yaşadığı Zaqatala və Balakənə də ciddi diqqət və qayğı göstərir. Ölkə başçısının bu bölgəyə hər bir səfərində yeniliklər olur. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində avarların kompakt yaşadığı yerlərdə çox böyük abadlıq və quruculuq işləri görülüb. Yeni, müasir tipli məktəblər, uşaq bağçaları inşa edilib, mədəniyyət ocaqları, kitabxanalar təmir və bərpa edilib, səhiyyə ocaqları tikilib, yeni müəssisələr, iş yerləri yaradılıb. Bütün kəndlər qazlaşdırılıb, yol infrastruktu yenidən qurulub. Azərbaycanda milli azlıqlara, o cümlədən, avarlara göstərilən dövlət qayğısına görə hökumətimizə, şəxsən cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk.
Bu gün avar gəncləri təhsildə, idmanda yüksək göstəriciləri ilə fərqlənirlər. Mən uğurlu misallar da çəkə bilərəm: Murad Bazarov, Oloxan Musayev, Rəsul Çunayev, Gözəl Zutova və digərləri dünya səviyyəli idman yarışlarında ən yüksək pillələri fəth etməyə nail olublar. Bu gənclər ölkəmizi dünya səviyyəsində təmsil etmiş, üçrəngli Azərbaycan bayrağını şərəflə göylərə qaldırmışlar. Bütün bunlar çox qürurvericidir.
Bir məqamı da vurğulayım ki, avar gənclərinin hər bir sahədə əldə etdiyi uğurlar Azərbaycanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.
Avar gəncləri ölkəmizin ərazi bötüvlüyü uğrunda, Qarabağda gedən döyüşlərdə əzmlə vuruşmuşlar. Onların arasında şəhidlərimiz də vardır. Bu gün şəhidlərimiz Balakən və Zaqatalada Şəhidlər xiyabanında uyuyurlar. Biz hər bir şəhidin, o cümlədən öz vətənləri uğrunda canlarını qurban vermiş avarların xatirəsini həmişə uca tuturuq. Eyni zamanda, Balakən rayonundan olan Milli Qəhrəman Ramazan Cirinqov da avar xalqının nümayəndəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sonda bir nüansı vurğulamaq yerinə düşər ki, Avar-Azərbaycan İctimai Birliyinin əsas məqsədi Azərbaycanda mövcud olan dini və milli tolerantlıq mühitini dəstəkləmək və onun inkişafına töhfə verməkdir. Biz artıq avar dilində mətbuat orqanı təsis etmək üzərində də düşünürük. İctimai birlik olaraq hər bir avarın, hər bir azərbaycanlının hüquqlarının qorunmasına kömək etmək, uğurlarını yaymaq, problemlərinin həllinə yardımçı olmaq, çiçəklənən Azərbaycanımızın inkişafında və daha da qüdrətlənməsində yaxından iştirak etmək bizim başlıca məramımız və məqsədimizdir. Qoy Azərbaycanın bədxahları bilsinlər ki, biz Azərbaycan vətəndaşı olmağımızla qürur duyuruq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA