Noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısında hakimiyyət-müxalifət dialoqu ilə bağlı təşəbbüs irəli sürülməsi son günlərin aktual siyasi hadisələrindən biridir. Məlumat üçün bildirək ki, Mərkəzə daxil partiyalardan dördünün (KXCP, ADP, ALDP, AXP) rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər.
Əli Həsənovun məsələyə münasibəti gecikməyib. Belə ki, Əli Həsənov müsavat.com-a açıqlamasında bildirib ki, təşəbbüsə hörmətlə yanaşırlar: "Hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır. Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq”.
Milli Şuraya və AXCP-yə daxil olan bəzi siyasilər isə partiyaların Əli Həsənovla görüş təşəbbüsünə mənfi münasibət sərgilməkdədirlər. Onlar belə bir təşəbbüsdə bulunanları hakimiyyətə yaxınlaşmaqda ittiham edirlər. Məsələn, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli özünün facebook səhifəsində məsələyə belə münasibət bildirib: "15 partiya görüş üçün Əli Həsənova müraciət etdi. Dərhal da cavab gəldi. Təklif müsbət qarşılanıb. Nə gözəl anlaşdılar! Maşallah! Bizə də sevinmək qalır. Allah daha da mehriban etsin. Bir də ki, hökumətimizin şəffaflıq rejiminə keçməsi çox sevindiricidir. Əvvəl Ramiz Mehdiyev ”azad" mətbuatı yığıb ona rəhbər tapşırıqlarını verdi. İndi isə Əli Həsənov partiyalara YAP rəhbərliyinin təlimatlarını çatdıracaq. Belə funksional əməkdaşlığı mən şəxsən çox bəyənirəm. Partiyalara qarşıdan gələn parlament seçkisində bu əməkdaşlığın bəhrəsini görməyi arzulayıram".
Əli Həsənovun partiyaların görüş təşəbbüsünə verdiyi reaksiyaya təşəbbüs müəlliflərindən olan AXP sədri Pənah Hüseynin münasibətini öyrəndik. Pənah Hüseyn dedi ki, Əli Həsənovun partiya sədrlərinin onunla görüş təşəbbüsünə ümumi reaksiyasını pozitiv dəyərləndirmək, müsbət qarşılamaq olar.
"Görüş üçün rəsmi müraciət nə vaxt olacaq” sualına P.Hüseyn belə cavab verdi: "Müraciətin rəsmən edilməsinə gəldikdə bu, müvafiq formada edilib və bu ətrafda ilkin müzakirə də artıq olub. Görüşə müraciət dörd partiyanın sədri tərəfindən edilsə də əvvəldən məsələ İnsan Haqları və Demokratiya Mərkəzində əməkdaşlıq edən partiyaların da diqqətinə çatdırılıb. Qeyd elədiyim ilkin müzakirələr barədə də həmin partiyalar məlumatlandırılacaq”.
"Görüşün harada keçirilməsini istəyirsiniz” sualına isə cavabında P.Hüseyn bildirdi ki, görüşün müddəti, yeri, forması ola bilsin ki, həm də formatı görüş istənilən tərəflə müzakirələr davam edəcəksə həmin müzakirə gedişində dəqiqləşəcək.
Görüşdən gözləntilərə, müzakirə ediləcək məsələlərə gəlincə, AXP sədri vurğuladı ki, bəzi ilkin, ideyalar, təkliflər səslənib: "Kifayət qədər maraq doğuran ideyalar, təkliflərdir. Mən bu görüş təşəbbüsünün əhəmiyyətinin nə şişirdilib qeyri-real gözləntilər yaradılmasının, nə də onun əhəmiyyətinin aşağı salınmasının tərəfdarıyam. İndiki mərhələdə yalnız onu demək olar ki, kifayət qədər ciddi proses də başlaya bilər, hər şey indiki də kimi də qala bilər.
Hansı məsələlərin müzakirə edilməsinin nəzərdə tutulmasına gəlincə, bu məsələləri DİHM- in sədri kimi KXCP sədri Mirmahmud Mirəlioğlu kooordinasiya edir: "Onun sözləri ilə desəm, işlər yaxşı gedəcəksə, təkliflər paketi də masaya qoyular. Vaxtından əvvəl bu barədə danışmaq doğru olmaz. Lakin Əli Həsənovun mətbuata açıqlamasının hərfi həm də onun münasibətinin ruhuna adekvatdırsa, mən istərdim ki, belə olsun, o halda yuxarıda qeyd elədiyim kimi kifayət qədər ciddi proses başlaya bilər və bizim təkliflərimizin xarakteri və tutumu da həmin prosesin ciddilik dərəcəsinə uyğun olar. Ancaq əlbəttə ki, görüş istənibsə, hazır təkliflər paketinin ən azı layihəsi də var”.
"Müxalifət düşərgəsindəki opponentləriniz bu təşəbbüsün məqsədinin mandat alveri olduğunu iddia etməyə başlayıblar. Bu barədə nə deyə bilərsiniz” sualına isə P.Hüseynin cavabı belə oldu: "Biz addımımızın birmənalı qarşılanmayacağını bilirik və belə reaksiyalar da gözləniləndir. Gəlin qəbul edək ki, hakimiyyət yetkilisi ilə görüş təşəbbüsü kifayət qədər ziddiyyətli məsələdir və odur ki, mənfi reaksiyalara da təbii baxmaq lazımdır. Baxmayaraq ki, bu reaksiyalar içində səmimi olan da var, qərəzdən irəli gələn də. Siyasətdə ictimai rəylə hesablaşmaq olduqca mühüm cəhətdir. Lakin düzgün hesab etdiyin yolla getməyə iradənin olması və bunun ortaya qoyulması ondan az əhəmiyyətli deyil, məsələn, mənim üçün daha əhəmiyyətlidir. ”Mandat "ittihamı”na gəldikdə isə bu, ucuz şantajdan başqa bir şey deyil. Bu cür xırda şeylərin təkzibinə, yaxud özünə bəraətə vaxt itirməyə ehtiyac belə yoxdur".